Azərbaycan.-2017.-17 mart.-59.-S.14.

 

Novruz İslam həmrəyliyinin təzahürüdür

 

Ülkər NƏBİYEVA,

Bakı Dövlət Universitetinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti, filologiya elmləri doktoru

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci ilin İslam həmrəyliyi ili elan edilməsi haqqında tarixi sərəncam imzalamışdır. Həmin sərəncamda göstərilir ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub. O, İslam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynayıb. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaradıb. 1435-ci ildən tikilən Şamaxı Cümə məscidi və ölkəmizin muzeylərində saxlanılan qədim əlyazmalar bunun bariz nümunəsidir Prezidentin bu sərəncamı mühüm beynəlxalq və ideoloji mahiyyət daşıyır. İslam həmrəyliyi dünya miqyasında baş verən problemlərin həllinə, müsəlman ölkələri arasında birliyin, əməkdaşlığın daha da möhkəmlənməsinə öz töhfəsini verəcəkdir. May ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları bu baxımdan çox əhəmiyyətlidir. Bu mühüm hadisə bütün müsəlman dövlətlərinin nəinki həmrəylik bayramına, həm də xalqların, ölkələrin birləşməsinin əyani sübutuna çevriləcəkdir.

Azərbaycanda İslamın bərqərar olması milli birliyin və siyasi sabitliyin formalaşmasına müsbət təsirini göstərmişdi. Din tarixində ən humanist və ədalətli olan İslam qanunları və ehkamları insanları düzgün yola dəvət edir, onlarda dürüstlük, halallıq, sülhsevərlik, xeyirxahlıq və s. ali keyfiyyətlərin aşılanmasında əvəzedilməz rol oynayır. Beləliklə də VII əsrdə Azərbaycanda İslamın qəbul edilməsi türk və qeyri-türk etnoslar arasında, onların həyatında ciddi dönüş yaratdı ki, bu da müxtəlif adət-ənənələrin təşəkkülünə, qohumluq əlaqələrinin inkişafına və genişlənməsinə səbəb oldu.

Ümumislam mədəniyyəti İslamı qəbul edən xalqların milli dəyərlərinin zənginləşməsinə və tərəqqisinə böyük təkan verdi. Söz ehtiyatının genişliyi baxımından dünyanın ən zəngin və gözəl dillərindən olan ərəb dili İslam dininin ən mükəmməl qaynağı olan Qurani-Kərimin dilidir.

Xalqımızın erkən mifoloji təsəvvürlərindən bəhrələnən qədim dövr əkinçilik, maldarlıq,  təbiətin yenidən oyanması, yazın gəlişi ilə bağlı görüşlərlə zənginləşən və milli mərasim sistemində əsrlər boyu sabitləşən ən möhtəşəm bayramlardan biri Novruzdur. Bu bayram xalqımızın mənəvi dünyasını əks etdirən, əxlaqi dəyərləri, etik-estetik görüşləri özündə yaşadıb bu günümüzə çatdıran bütöv mədəniyyət kompleksidir.

1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin tarixi əhəmiyyət kəsb edən sərəncamından sonra Novruz ölkəmizdə artıq rəsmi ümummilli bayram səviyyəsində - dövlət bayramı kimi keçirilməyə başladı. Bu, əlbəttə ki, Novruzun beynəlxalq arenada daha da tanınmasına və onun möhtəşəmliyinin dünyaya çatdırılmasına zəmin yaratdı. 2009-cu ildə Azərbaycanın Birinci vitse-prezidenti  Mehriban xanım  Əliyevanın təşəbbüsü ilə Novruz bayramı dünya sferasında öz layiqli yerini aldı - UNESCO-nun dünya xalqlarının qorunan qeyri-maddi mədəni irs siyahısına daxil edildi. 2010-cu ildə isə Birləşmiş Millətlər Təşkilatının Baş məclisi 21 mart tarixini Beynəlxalq Novruz günü elan etdi. Həqiqətən də bu, Azərbaycan dövlətinin və dövlətçiliyinin qürurverici uğuru, böyük nailiyyəti idi.

Novruz bayramı tarixi baxımdan erkən təsəvvürlərlə bağlı olduğuna və çox geniş əraziləri əhatə etdiyinə görə onun konkret yaranma tarixi barədə fikir yürütmək yanlışlıqlara səbəb olar. Amma bu barədə müxtəlif ehtimallar mövcuddur, yəni bu bayramın ibtidai icma quruluşunun müəyyən mərhələsində meydana gəlməsi barədə fikirlər var. Bəzi mənbələrə görə Əhəmənilər dövründə (miladdan əvvəl 558-330) Novruzu keçirmək xalq arasında yayılıb. Bəzi tədqiqatçılar bu bayramın eradan əvvəl III minillikdə Babilistanda keçirilməsi haqqında məlumatlar verirlər.

Ümumiyyətlə, Novruz kulturoloji dəyərlər kompleksi olduğuna görə onu tarixən müxtəlif din və təriqət nümayəndələri  dəstəkləmiş, öz bayramları kimi qəbul etmiş, ona müsbət münasibət bildirmişlər. Məsələn, zərdüştilər Novruz ənənələrini daha da zənginləşdirmiş, onun yayılmasına böyük təsir göstərmişlər. İslam din xadimləri də Novruza dərin rəğbətlə yanaşmış, hətta bayram günü Həzrət Əlini xilafət mənsəbinə yüksəltməklə onu, necə deyərlər, bir qədər özününküləşdirmək istəmişlər. Buna nail ola bilmədikdə isə bəzi din xadimləri və hakimlər Novruzu müəyyən dövrlərdə yasaqlamağa təşəbbüslər göstərmişlər.

Mənbələr göstərir ki, vaxtilə Hörmüz adı ilə bağlı bayram keçirilmiş, İslamın bərqərar olmasından sonra isə qadağan edilmişdir. Xəlifə Müaviyənin (661-680) sarayına gələn din xadimləri Bu bayram Hörmüz yox, Novruz (Yeni gün) adlanır və o, yaz, təqvim bayramıdır - deyərək ona münasibət bildirmişlər. Bundan sonra Müaviyə bu bayramın keçirilməsinə şərait yaratmışdır. Həcac ibn Yusifin (661-719) dövründə Novruza yenidən yasaqlar qoyulmuş, nəhayət, Xəlifə Ömər ibn Əbdüləzizin (717-720) hakimiyyəti illərində isə bayrama qarşı olan bütün qadağalara son qoyulmuş və Novruz daha geniş şəkildə təbliğ olunmağa başlamışdır.

Orta əsrlərin görkəmli alimi və mütəfəkkiri Əbu Reyhan Əl-Biruni (973-1051/1052) Novruz və İslam münasibətlərinə dair dəyərli tədqiqatların müəllifidir. O, öz əsərlərində İslamın Novruza münasibətini bildirən məqamlara toxunaraq göstərmişdir ki, ərəb xəlifələri ilk dövrlərdə Novruz bayramı üzərinə  müəyyən qadağalar qoysalar da, Məhəmməd peyğəmbər əleyhissəlam ona yeni bir təravət gətirmişdir. Peyğəmbərimizin bayramla bağlı söylədiyi bir əhvalatdan sonra Novruz İslam dünyasında daha geniş yayılmışdır. Əl-Biruni Əbd əs Səməd ibn Əliyə istinadən belə bir rəvayəti qeyd etmişdir ki, Novruz günü Məhəmməd peyğəmbərə (ə) içərisində halva olan gümüş cam hədiyyə edirlər. Peyğəmbər (ə) Bu nədir? - deyə məlumat istədikdə ona deyirlər ki, Novruz halvasıdır. Peyğəmbər (ə) Novruz nədir? - deyə təkrar soruşduqda isə ona cavab verirlər ki, Novruz böyük el bayramıdır. Bu zaman peyğəmbər (ə) deyir: Bəli, bu həmin gün idi ki, o gün Allah-təala ölüləri təkrarən canlandırmışdır.

Peyğəmbər (ə) həmin gün ona göndərilən gümüş kasadakı Novruz halvasından bir tikə yemiş, qalanını isə öz əshabələrinə paylayaraq demişdir: Qoy həmişə Novruz olsun.

Qeyd etməliyik ki, Qurani-Kərimdə Novruz bayramının adı çəkilməsə də, ümumilikdə müqəddəs kitabda bayram sözünə yalnız bir dəfə rast gəlirik Maidə (Üzərində yemək olan süfrə) surəsinin 114-cü ayəsində deyilir: Məryəm oğlu İsa dedi: Ey Allahım! Ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə endir ki, bizim həm birincimiz, həm də axırıncımız üçün bir bayram və Səndən bir möcüzə olsun. Bizə ruzi ver, Sən ruzi verənlərin ən yaxşısısan!

Maraqlı cəhətlərdən biri budur ki, Novruz çərşənbəsinin əsas qayəsini təşkil edən, dünyanın və insanın yaranmasında bilavasitə iştirak edən dörd müqəddəs varlıq barədə Qurani-Kərimdə də məlumat verilir.

Dini mənbələrdə və səmavi kitablarda yel -külək dünyanı idarə edən Tanrı hesab olunur, yaxud da Allah tərəfindən göndərilən bir antropomorf kimi təsəvvür edilir. Məsələn, Məhəmməd peyğəmbər əleyhissəlam buyurub ki, Külək Allahın qullarına bir nemətdir. Bəzən insanlara rəhmət, bəzən də əzab gətirir. Külək olduğu zaman ona söyməyin, onun xeyrini istəyin, şərindən də Allaha sığının, başqa sözlə, külək Allahın əmrindəndir. Quranın Əhqaf (Qumsal təpələr) surəsinin 24-cü ayəsində küləyin dağıdıcı gücü ilə bağlı bir əhvalata işarə edilir: Bir zamanlar Allaha şərik qoşan Ad qövmünün yanına Allah Hud peyğəmbəri göndərdi ki, onları düz yola gətirsin, lakin bu alınmayanda Allah Ad qövmünün üzərinə Sarsar deyilən məhvedici bir rüzgar göndərdi, yeddi gecə və səkkiz gün davam edən bu soyuq qasırğa həmin tayfanı yer üzündən sildi.

İslam dinində dörd mələkdən biri Mikayıla təbiət hadisələrini - yağışın yağmasını, küləyin əsməsini, yaşıllığın bitməsini idarə etmək Allah tərəfindən buyrulmuşdur.

Bildiyimiz kimi, bayram anlayışı bolluq, bərəkət, xeyirxahlıq rəmzidir. İslamda Qurban və Fitrdən əlavə cümə günləri və Qədir-Xum da bayram kimi xüsusi mərasimlərə malik mühüm günlər hesab olunur. İslam alimlərinin bəzi kitablarında isə Novruzla bağlı vacib əməllər və dualar öz əksini tapmışdır. Məsələn, Şeyx Abbas Qumminin dörd məsumdan nəql etdiyi duaları topladığı külliyyat Məfatihul-Cinan (Cənnətin açarları) əsərində göstərilir ki, İmam Sadiqin (ə) məlumatına görə Müəlla ibn Xuneysə öyrətdiyi kimi, Novruz bayramı yetişdikdə qüsl alın, ən təmiz paltarlarınızı geyinin, ən xoş ətirlərdən istifadə edin və çalışın həmin gün oruc tutun. Elə ki, şam və xüftən namazlarını və onların nafilələrini qıldın, dörd rükət iki-iki Novruz namazı qılın. Bundan əlavə, Əllamə Məhəmməd Baqir Məclisinin XVIII əsrdə ərəb dilində yazdığı islami-ensiklopedik kitab Biharul-Ənvar (Nurlar dəryaları) və ya tam adı ilə Biharul-ənvaril-camiəti lidurəri əxbaril-əimmətil-əthar (Pak və məsum imamların hədislərindən gövhərləri əhatə edən nurlar dəryaları) və s. dini kitablarda Novruz günündə icra olunacaq ədəb qaydaları barədə məlumat verilmiş, digər islam mənbələrində də bu bayramla bağlı ayrı-ayrı rəvayətlər toplusu təqdim edilmişdir.

Bundan əlavə, İslam şəriət kitablarında digər rəvayətlər də vardır ki, bu mətnlər İslamda Novruz günü barədə müəyyən bilgilərdən xəbər verir. Məsələn, İbn Fəhd Hilli (841 h.q) rəvayəti təqdim edir: İmam Sadiq (ə) buyurur: Novruz günü Allah Rəsulunu (s) Qədir-Xumda (Məkkə-Mədinə arasında yerləşən bir məkanın adıdır. Məkkədən iki yüz kilometr məsafədə yerləşir - Ü.N) müsəlmanlardan möminlərin əmiri Əli (ə) barədə beyət aldığı və müsəlmanların onun vilayətini təsdiq etmələrini istədiyi gündür...

İslam mənbələrinə görə Biharul-ənvarda (Nurlar dəryaları) qeyd olunur ki, Xuneysin oğlu Müəlla deyir ki, Novruz günü İmam Sadiqin (ə) yanına getmişdim. İmam buyurdu: Bu günün qiymətini bilirsənmi?... Buyurdu: Kəbənin Allahına and olsun ki, bu qədim bir adətdir. Dedim: Ey sərvərim! Sizin bunu mənə açıqlamanız əzizlərimizin dirilməsindən və düşmənlərin məhv olmasından daha vacib olar. O zaman buyurdu ki, ey Müəlla! Novruz günü Allahın bəndələrindən Ona pərəstiş edib şərik qoşmaları peyğəmbər (ə) və onların höccətlərinə tərəfdar olmaları üçün əhd-peyman aldığı gündür. Bu, günəşin çıxdığı, küləklərin əsməyə başladığı və torpaqdakı güllərin bəhrələndiyi gündür... Digər bir mənbədə belə rəvayət olunur: Allah-təala buyurmuşdur ki, Novruz günü mənim yanımda əzəmətli və ehtiramlı gündür. Hər bir mömin bu gündə məndən hacət istəsə, onu yerinə yetirəcəm!

Təqdirəlayiq haldır ki, bəşəri və sivil dəyərlərin zirvəsi olan İslam dini minilliklərdən keçib gələn Novruz bayramını yüksək qiymətləndirmiş, ona layiqli dəyər vermişdir. Tarixilik, struktur, ideya və məzmun cəhətdən xalqımızın keçirdiyi digər bayramlarla müqayisə edilməsi mümkün olmayan ulu Novruz İslamın qəbul və pərəstiş etdiyi əziz bayramlarından birinə çevrilmişdir.

Şimal yarımkürəsində astronomik yazın başlanması, yəni gecə ilə gündüzün bərabərləşməsi ilə bağlı keçirilən bahar bayramı bir çox Şərq ölkələrində, o cümlədən İran, Əfqanıstan, Pakistan, Özbəkistan, Tacikistan, Qırğızıstan və s. ölkələrdə də bayram edilir. Şərq xalqları bu bayramı İslamdan əvvəlki dövrlərdə keçirmişlər. Bu bayramın rəmzlərindən biri də yenilənmə, gələcəyə böyük ümidlər bəsləməkdir. Erkən təsəvvürlərə görə, bayram günü hər şey yenilənir, ilk yaz yağışı yağır, ot bitir. Şərq xalqları baharın gəlişini böyük səbirsizliklə gözləyir, evlərində səliqə-sahman yaradır, hazırlıq işləri aparırdılar. Ümumiyyətlə, bugünkü müasir dövrdə Böyük İpək yolu boyunca yerləşən bütün ölkələrdə - Çindən Orta və Ön Asiya ölkələrinədək baharın gəlişi təmtəraqla qeyd olunur. Əfqanlar, farslar və tatarlar, hətta sonuncu çərşənbəni də qeyd edirlər, səməni cücərdib, tonqal qalayırlar. Məsələn, əfqanlar bu bayramı çox təmtəraqla qarşılayır, hətta rəngli bayraqları 9 gün saxlayır, yüksək səviyyədə yaz bayramını keçirirlər.

Novruzla İslamı birləşdirən ən əsas cəhət isə ondan ibarətdir ki, hər iki möhtəşəm qaynaq insanların mənəvi dünyasını zənginləşdirir, onların daxili aləmini paklaşdırır, sıxıntılarını, ümidsizliyini yox edir, qəlblərdə inam hissini tərəqqi və qələbə əhvali-ruhiyyəsini möhkəmləndirir və gələcək nəsillərə ötürür.

Qürurverici haldır ki, bu gün müasir Azərbaycan dünyanın ən nüfuzlu və mötəbər tədbirlərinin keçirildiyi, beynəlxalq əhəmiyyətli problemlərin müzakirə obyektinə çevrildiyi, müxtəlif məzmunlu forumların təşkil olunduğu ölkələrdən biridir.

Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Gənclərinin I Forumunda demişdi: Gənclərimiz dinimizi olduğu kimi öyrənməli, qəbul etməli və ondan istifadə etməlidirlər. Biz heç vaxt imkan verə bilmərik ki, ayrı-ayrı şəxslər, ayrı-ayrı qüvvələr öz şəxsi mənafelərini güdərək İslam dini pərdəsi altında Azərbaycan gənclərinin tərbiyəsini və mənəviyyatını zədələsin.

Ümummilli lider 1994-cü il avqustun 26-da Təzəpir Məscidində Məhəmməd peyğəmbərin mövludu münasibəti ilə keçirilən mərasimdə isə bildirmişdir: İslam dini başqa dinlərə qarşı heç vaxt düşmən olmamışdır. Çünki bu dinlər hamısı Allahdan gəlir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə etiqad edən adamlar da yaşayır. Onlar da Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır. Çalışmalıyıq ki, dini, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları eynihüquqlu olsunlar və onların hamısının birliyini, vəhdətini təşkil edək. Bu da Allah-təalanın buyruğu bizim yolumuzdur.

Təsadüfi deyildir ki, 2009-cu il Bakı İslam Mədəniyyətinin paytaxtı elan olunmuşdur. 2018-ci ildə isə Naxçıvanın İslam Mədəniyyətinin paytaxtı elan olunması qərara alınmışdır. 2009-cu ildə Bakıda İslam Konfransı Təşkilatına üzv olan ölkələrin və həm də Avropa dövlətlərinin mədəniyyət nazirlərinin toplantısı keçirilmişdir.

Azərbaycanda bu istiqamətdə davamlı olaraq aparılan işlər dünya miqyasında təhlükəsizliyin, sülhün, əmin-amanlığın təmin edilməsinə, sivilizasiyalararası dialoqun, İslam həmrəyliyinin, o cümlədən İslam ölkələri ilə siyasi, iqtisadi, mədəni-mənəvi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edən tarixi təşəbbüsdür.