Azərbaycan.-2016.-16 aprel.-80.-S.1.

 

İslam platformasında Azərbaycan nümunəsi

 

Prezident İlham Əliyev və rəsmi Bakı İslam-Şərq-ərəb dünyasında
gedən proseslərdə əsas iştirakçılardan birinə çevrilir

 

İxtiyar HÜSEYNLİ

 

Prezidentin uğurlu nəticələrlə əlamətdar olan ABŞ səfərinin ardınca müsəlman dünyasının BMT-si sayılan İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşünü də nailiyyətlərlə başa vurması xarici siyasətimizin son iki həftəlik dinamik fəallığının mühüm göstəricisi oldu. Bir məqamı da xatırladaq ki, Qərb və İslam sivilizasiyasının əsas siyasi istinadları ilə baş tutan əhəmiyyətli görüşlərin arasında Azərbaycanın xarici siyasəti ilə bağlı daha bir vacib proses baş vermişdi. 

Ölkəmizin hərbi üstünlüyünü şərtləndirən məlum hadisələrdə beynəlxalq miqyasda göstərilən çoxsaylı siyasi təşəbbüslərin əsas məğzi Azərbaycanın ərazi bütövlüyünün müzakirə predmeti olmamasının bütün fövqəldövlətlər tərəfindən bir daha bəyanı idi. Bu dəstək rəyləri isə diplomatik arsenalımızı yetərincə gücləndirdi.

 

İslam ölkələri niyə hədəfə çevrilib?

 

47 il öncə dünyanın yenidən bölüşdürülməsi prosesində böyük haqsızlıqlarla üzləşən və daxili qovğalarda təklənib, gücsüzləşən müsəlman ölkələri həmrəyliyin və birgə tərəfdaşlığın yeganə nicat yolu olduğunu anladılar. Bu yönümdə vahid fəaliyyət və müzakirə məkanı axtarışlarının nəticəsi kimi meydana çıxan İslam Əməkdaşlıq Təşkilatı (beş il öncəyədək İKT adlanırdı) nə qədər qəribə səslənsə də, yenə də yarım əsr öncəki vəziyyətə düçar olub. Eyni xarici təsirlərdən qaynaqlanan siyasi təlatümlər, daxili savaşlar, süni məzhəb təfriqələri, qarşılıqlı anlaşılmazlıqlar müsəlman aləmini içdən sarsıdır, zəiflədir, müəyyən hallarda isə hətta marionetə çevirir. 

Sivilizasiyalararası əməkdaşlıq ifadəsinin son onillikdə əsas siyasi trendlərdən biri olmasına baxmayaraq, açıq demək lazımdır ki, bu gün dünyada İslam ölkələrinə qarşı müasir səlib yürüşü aparılır. Ərəb baharı, demokratiya ixracı, sabitliyin təmini adı altında qos-qocaman İslam ölkələri savaşa sürüklənir, dövlətçilik əsasları dağıdılır, on milyonlarla müsəlman qaçqına çevrilərək yad ellərdə dilənçilik edir. 

Əslində, nə baş verdiyini hər kəs bilir! Dünyanın enerji ehtiyatlarının 80 faizinə sahib olan İslam ölkələrinin niyə hədəfə çevrildiyini, bu ekspansiyanı kimin apardığını, onların məqsədlərinin nə olduğunu da anlamayan yoxdur! Bu savaşların domino effekti kimi sabah, birigün bütün müsəlman dövlətlərinin qapısını bir-bir döyəcəyini dərk etmək üçün isə üstün analitik zəkaya malik olmağa ehtiyac yoxdur.

1969-cu ildə səylərimizi birləşdirməsək, məhv olacağıq anlayışı ilə 25 ölkənin Rabatda təsis etdiyi qurumun bu gün artıq 57-yə çatan üzvlərinin İstanbul Sammitində də İslam ölkələrinə qarşı genişmiqyaslı təhdidləri birgə fəaliyyətlə dayandırmağın zamanı çatıb kimi narahat fikirlər əsas gündəm mövzusu idi.

Bu problem Azərbaycan ictimaiyyətinə yaxından məlumdur. Ən azından ölkə rəhbəri son 5-6 ildə bu məsələ ilə bağlı dəfələrlə aydınlaşdırıcı çıxışlar edib, Azərbaycana yönəlmiş məlum təhdid və təsirlərin də məhz İslam ölkələrini neytrallaşdırmaq siyasətinin tərkib hissəsi olduğunu faktlarla təsdiqləyib. Bu baxımdan Azərbaycanın və onun rəhbərinin İƏT-in XIII Sammitindən gözləntiləri böyük idi. İndi əsas məsələ sözdən real işə, vəddən əmələ keçməkdir. Ədalət və sülh üçün birlik və həmrəylik devizi altında keçirilən görüşün əsas qayəsi də İslam dünyasının layiq olduğu ədalətə və sülhə təhlükə yaradan mövcud problemlərin həll edilməsi, risklərin və təhdidlərin qarşısının alınması yollarının tapılması, müsəlman aləmində birlik və həmrəyliyin möhkəmləndirilməsi idi. 

Şübhəsiz ki, görüşlərin və müzakirələrin ictimaiyyətə açıqlanmayan məqamları məhz bu vacib məsələlərlə, onların aradan qaldırılması vasitələrinin müəyyənləşməsi ilə bağlı oldu. Azərbaycanın bu kontekstdə münasibəti birmənalıdır. Prezident İlham Əliyev sammitdə çıxışında söylədiyi Bu gün dünyada islamofobiya ciddi təhlükələrdən biridir. Biz bu tendensiyanı qətiyyətlə pisləyirik. Əslində, İslam sülh, mərhəmət, dözümlülük, ədalət dinidir. İslamı terrorla eyniləşdirmək isə səhv və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən elə müsəlman ölkələridir - fikri ilə əsl həqiqətin nə olduğunu dəqiqliklə anlatdı və rəsmi Bakının mövqeyini bir daha ifadə etdi.

 

27 ölkə adından danışmaq səlahiyyəti

 

Azərbaycan 25 ildir üzvü olduğu bu təşkilatdan daim böyük dəstək, maddi və mənəvi yardım, birmənalı prinsipial münasibət görüb. Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilat da məhz İƏT-dir. Bu barədə indiyədək 20-dən artıq qətnamə, bəyanat, hüquqi sənəd qəbul edən qurum Xocalıya ədalət kampaniyasının ümumdünya çağırışına çevrilməsinə də böyük töhfə verib. Sammit zamanı təşkilatın Baş katibi İyad bin Amin Mədəni üzv ölkələr adından bir daha bəyan etdi ki, Azərbaycanın beynəlxalq aləmdə tanınan sərhədlərinin və suverenliyinin bərpasını, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü çərçivəsində həllini vacib sayan İƏT problemin nizamlanmasında bundan sonra da ədalətli və qətiyyətli mövqe nümayiş etdirəcək.

Qeyd edək ki, İƏT Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi kimi mühüm bir statusu həmvətənimizə - Leyla Əliyevaya həvalə edən təşkilatın mədəniyyət üzrə koordinasiya orqanı olan ISESCO-nun xoşməramlı səfiri missiyasını da artıq 10 ildir ki, Mehriban Əliyeva layiqincə daşıyır. Hazırda İƏT ölkələrinin Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 15,45 faiz, ixracda 14,07 faiz təşkil edir. İslam İnkişaf Bankı isə ölkəmizdə müxtəlif layihələrin donorudur. Son illər ərzində Bakıda İƏT-ə üzv ölkələrin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirlərinin 10-a yaxın görüşü keçirilib. Bir sözlə, respublikamız qurumla əməkdaşlıqdan çox razıdır, bu münasibətləri yüksək dəyərləndirərək onun daha da inkişafı üçün xüsusi səylər göstərmək niyyətindədir. 

İslam Əməkdaşlıq Təşkilatının, demək olar ki, bütün üzvləri ilə Azərbaycanın səmimi tərəfdaşlıq münasibətləri qurması sammitin gedişində liderlər arasında xoş ovqatın, pozitiv müzakirələrin yaranmasına rəvac verdi. Azərbaycana və onun rəhbərinə olan rəğbətin, etimadın nəticəsi kimi təşkilatın Asiya qrupunda təmsil olunan 27 ölkə adından çıxış etmək səlahiyyəti də məhz Prezident İlham Əliyevə həvalə edildi. Görünən odur ki, Azərbaycan rəhbəri uzun onilliklərdir formalaşan və İslam ölkələri üçün vacib qərarları qəbul edən qeyri-rəsmi nüfuzlu liderlər qrupunun artıq tam hüquqlu üzvüdür. Ən əsası isə mühafizəkar baxışlı birincilər yenilikçi, novator və kreativ İlham Əliyevin liderliyini qəbul etməkdən, onun nüfuzu ilə hesablaşmaqdan heç də narahat deyillər. Bu isə İslam-Şərq-ərəb dünyasında - dünya əhalisinin 25 faizinin yaşadığı bir arealda gedən proseslərdə Azərbaycanın əsas iştirakçılardan birinə çevrilməsinə zəruri təminatdır.

Azərbaycan İslam ölkələri ilə əməkdaşlığı prioritet hesab edir - Prezident bu bəyanatı ilə xarici siyasətimizin uzun müddətdir müəyyənləşən əsas istiqamətini təşkilat üzvlərinin nəzərinə çatdırdı. Əslində, bu ölkələrin liderlərini də səmərəli əməkdaşlıq, etibarlı tərəfdaşlıq barədə bir daha düşünməyə və yeni qərarlar qəbul etməyə çağırdı. Ölkəmizin mütəmadi olaraq mədəniyyətlər və dinlərarası dialoqa öz töhfəsini verdiyini, 10 gün sonra BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna evsahibliyi edəcəyini xatırladan Prezident İlham Əliyev İslam ölkələri arasında həmrəyliyə böyük əhəmiyyətin bir sübutu kimi 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarının Bakıda keçiriləcəyini yada saldı. Azərbaycan Prezidentinin İslam aləmində sülhün və həmrəyliyin möhkəmlənməsinə xidmət edəcək tədbir kimi dəyərləndirdiyi bu oyunlar, şübhəsiz ki, qeyri-rəsmi İslam liderləri sammitinə də çevriləcək. 

Bəli, tarix təkrarlanır. XX əsrdə müsəlman Şərqində dövlət quruculuğu, mədəniyyət, sənaye və digər sahələrdə çox ilklərə sahiblik edən Azərbaycan bu gün sabit demokratikləşmə, səmərəli islahatlar, milli inkişaf modeli yaratmaq kimi nailiyyətlərlə öncül mövqedədir. 

Azərbaycanın bu yeni nümunəsi İslam Əməkdaşlıq Təşkilatının İstanbul Sammititndə daha aydın, daha perspektivli görünürdü...