Xalq cəbhəsi.-2016.-16/18 aprel.-66.-S.14.

 

Türk kulturoloji milli-mənəvi dəyərləri

 

Vətən mövzusu ənənəvi türk mədəniyyətində ana mövzu olub

 

Maarifə Hacıyeva

professor

 

I yazı

 

Türk mədəniyyətinin qədim bir sahəsi olan saz-söz sənətininin türk milli mədəniyyətin kökündə dayandığını musiqi və folklor araşdırıcıları isbatlayıblar. Türk dünyasının zəngin mədəniyyəti ilə bağlı olan saz-söz sənəti əsrlər boyu türklərin güclü sənət tribunası olub, türk milli-mənəvi dəyərlərinin bir qismi də saz-söz sənətində qorunub yaşayıb. Tarixi qədimlərə söykənən qoruz, bağlama adlanan saz təkmilləşərək cürə sazdan tavar saza, tavar sazdan daha iri saz olan ustad saza, daha doğrusu, üçtellidən on iki telliyə qədər saz növünə dönüşüb. Saz həm də türklərin musiqi mədəniyyətindən xəbər verir. Bu mədəni alətdə onlarla aşıq havasının çalınıb günümüzə qədər gəldiyi təsbit edilib. Aşıq havaları yeni aşıq tərzli şeir növlərinin də yaranmasına səbəb olub. Sazın aşıq ifaçılıq sənətinə verdiyi töhfələr, aşığın ifaçılığında yaranan musiqi rəngarəngliyi, sazın aşıq terminologiyasına məxsus adları, saz-söz sənətində yeni-yeni havaların yaranıb zənginləşməsi, saz-söz sənətində özünə xas geyim-kecim xalqın qədim mədəniyyətindən, etnoqrafiyasından xəbər verir və türklərin milli kimliyində müstəsna rol oynadığını əsaslandırır. Sazın müşayiətilə ortaya çıxan aşıq sənətinin musiqi, şeir, rəqs, aktryorluq və ifaçılığı əhatə etməsi aşıq sənətinin özünəxas özəlliyini ifadə edir.

Aşıq sənəti mədəni və milli dəyərlər baxımından xüsusi bir tarixi missiya daşıyan qaynaqları ilə qədim bir tarixə malikdir. O, mükəmməl bir tarixi mərhələ keçib, ozanlıqdan başlayaraq günümüzə qədər ortaq Türk mədəniyyətini yaşadıb. Qədim əcdadlarımızın yaratdığı ozan aşıq mədəniyyətinin təməli İslam dininin qəbulundan öncə atılıb. İslamiyyətdən əvvəl də, sonra da Türk millətinin səsi olan ozanların yaratdığı mədəniyyət XIII-XIV və hətta XVI əsrə qədər ozan adıyla davam edib, sonrakı mərhələdə ozan məfhumu aşıq məfhumu ilə əvəz olunmağa başlamışdı. Ozana məxsus bütün yaradıcılıq ənənələrinin üzərini yeni məzmunda davam etdirən aşıqlar orta əsrlərin bir çox təriqət görüşlərindən, bütünlükdə isə əzəmətli İslam dəyərlərindən bəhrələnməklə qüdrətli bir mədəniyyət yaradaraq ümumtürk mədəniyyətində əhəmiyyətli bir yerə sahib olublar. Sazlı-sözlü dastan ənənələrinə əsaslanan türk ozan-aşıqlarının Anadolu təkkələrində söylədikləri milli vəznli sadə və səmimi ilahilər xalq tərəfindən rəğbət və ehtiramla qarşılanıb, onlar xalqın gözündə haqq aşığı kimi dəyər qazanıblar. XI əsrdən kütləvi şəkildə Anadoluya gəlməyə başlayan oğuz türkləri arasında əlisazlı ozanlara ordugahlarda, saraylarda bəylər, sultanlar yanında çox böyük ehtiram göstərilib, onlar başa çəkiliblər.

Ozanlar zəfərləri və xalqın ortaq duyğularını dilə gətirən milli heca vəzni ilə yazdıqları şeirlərini əllərində sazları elbəel, yurdbayurd gəzərək çalıb-oxuyan, türk dünyasının ata şairi, Osmanlılar arasında ikitelli adı ilə anılan qoruz isə ata yadigarı olan ən qədim türk sazıdır. XV-XVI əsrə qədər milli türk şeirinin təmsilçiləri olan ozanlar əllərində sazları və heç bir zaman itirmədikləri milli şəxsiyyətləri ilə ümumtürk mədəniyyətini, milli türk şeirini əsrlər boyu yaşadaraq günümüzə gətirən xalq aşıqlarıdır. Onların yaradıcılığında xalq həyatının bütün əlamətləri, xalqın tarixi və mədəniyyəti, milli-mənəvi dəyərləri bütün əlamətləri ilə əks olunub. Bu sənət mahiyyətcə Türk dünyasının şəriksiz ortaq dəyəridir. UNESKO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Komitəsinin 2009-cu il 30 oktyabrda Azərbaycan aşıq sənətini UNESKO-nun qeyri-maddi irs siyahısına daxil etməsi Türk dünyasının şəriksiz ortaq dəyərinin önəmini bir daha vurğulayır və bu sənəti var edən, onu yaşadan, nəsildən-nəslə ötürən aşıqların el sənətkarlarının yaratdıqları poetik irsin mədəniyyətdəki yerinin dərinliyini göstərir.

Bu yazıda əsrlər boyunca Anadolu torpaqlarında yetişən müdrik, ağsaqqal, idrak sahibi olan türk aşıqlarının türk mədəniyyəti, türk tarixi, türk etnoqrafiyasındaki yeri, Anadolu aşıqlarının ümumaşıq poeziyasına verdiyi yeni mövzu və məzmunu incələməyə çalışdıq. Bu baxımdan, XIII əsrdə Anadoluda türkün sənət beşiyi başında duran Yunus Əmrədən başlayaraq Pir Sultan, Qaracaoğlan, Aşıq Gövhəri, Dadaloğlu, Aşıq Şenlik, Aşıq Veysəl, Murad Çobanoğlu, Ozan Arifə qədər əsrlərin yetişdirdiyi bir çox türk aşığının yaradıcılığında görülən türk kulturoloyi milli-mənəvi dəyərləri incələməyə cəhd etdik.

Anadolu aşıqlarının saz-söz sənətinin türk dünyasındakı mədəni kimliyinin mühüm rolunu ilk əvvəl onların türkcəni qorumasında gördük. Türk aşıqları əsrlər boyunca xalqın danışdığı türkcəni şeirlərində istifadə edərək milli şeir nümunələri meydana gətiriblər. Bu şeirlərdən istifadə saf türkcəni nəsildən-nəslə ötürərək xalq şeiri dediyimiz zəngin bir xəzinə meydana gətiriblər. Türk millətinin mənəvi dəyərlər toplusu olan arı türkcə əsrlər boyunca türk aşıqlarının şeirlərində yaşadıqları ən böyük sərvətdir. Bu qiymətli sərvətin ən gözəl örnəkləri türk aşıqlarının şeirlərində mövcuddur:

 

Ala gözlərini sevdiyim dilbər,

Mən gözəl görmədim səndən ziyadə.

Bilməm hurimisin, göydənmi endin?

Bu gün gözəlliyin dündən ziyadə.

(Aşıq Qaracaoğlan)

 

Bu gün mən bir bağa girdim

Nə bağ duydu, nə bağbançı,

Gülün şəftalisin derdim

Nə bağ duydu, nə bağbançı,

 

Səhərin dan yeri atdı

Bülbül əlvan-əlvan ötdü.

 

Gövhəri yükünü tutdu,

Nə bağ duydu, nə bağbançı,

(Aşıq Gövhəri)

 

Məmləkətə dasdan oldum

Yarım məni bəyənmədi.

Eşten oldum, dostdan oldum

Yarım məni bəyənmədi.

 

Nə söyləsəm dəli dedi

Meyvə verməz çəlı dedi.

Açma mənə qolu dedi

Yarım məni bəyənmədi.

(Aşıq Veysəl)

 

Türk aşıqlarının zəngin xüsusiyyətlərindən olan milli vəzndə sadə səmimi şeirləri türk mədəniyyətində önəmli yerə sahibdir. XIII əsrdən başlayaraq Anadolu təkkələrində milli vəznlə sadə və səmimi ilahilər yazan Yunus Əmrə, Aşıq Paşa, Əşrəfoğlu Rumi kimi xalq şairləri xalq tərəfindən rəğbət və ehtiramla qarşılanıb. Sonrakı əsrlərdə yetişmiş Aşıq Ömər, Qaracaoğlan, Aşıq Gövhəri, Aşıq Seyrani, Tokatlı Nuri, Dadaloğlu kimi aşıqlar xalq dilinin incəliklərini və gözəlliklərini bütün təravəti ilə şeirə gətirdilər. Onların milli heca vəznində qoşma, varsağı, səmai şəkillərində yazdıqları şeirlərin türk milli mədəniyyətində ayrıca yeri var:

 

 

Buna fələk derlər, fələk

Nə aman bilir, nə dilək.

Axır ömrümüzü həlak,

Etmədən bir dəm sürəlim.

(Qaracaoğlan)

 

Badi-səba mənim xəsbi-halimdən

Varıb nazlı yarə dedin, nə dedi?

 

Cünunu-aşk ilə aşıq-i şeyda

Gəziyor avarə dedin, nə dedi?

(Dərdli)

 

Daşdın yinə, dəli könül,

Sular kimi çağlarmısın?

Axdın yenə, qanlı yaşım,

Yollarımı bağlarmısın?

(Üunus Əmrə)

 

Ala gözlərinə qurban olduğum,

Üzünə baxmağa doyamadım mən.

İbrət üçün gəlmiş derlər cahana

Nöqtədir bənlərin, sayamadım mən.

(Aşıq Ömər)

 

Göründüğü kimi, xalq arasında danışılan təmiz türkcədən istifadə edərək türk aşıqları türk mədəniyyətini içində yaşadan yetkin əsərlər ərsəyə gətiriblər. Türk aşıqlarının şeirlərində ifadə etdikləri Vətən mövzusu ənənəvi türk mədəniyyətində ana mövzu olub. Türkün daşını, dağını, obasını, yaylasını sevərək tərənnüm edən türk aşıqları bir Vətən dili meydana gətiriblər. Bu dillə türk xalqının həyat tərzi əks olunan dağlar təriflənir, dağın müqəddəsliyi, önəmi göstərilir. Vətənin bir parçası olan hər qarış torpaq, bu torpaqda olan şəhər, qəsəbə, kənd, türk aşıqlarının dilində önəmli milli mədəniyyəti ifadə edir:

 

Kokuyor burnuma Sivralan köyü,

Sərindir dağları, soyuqtur suyu.

Yar məndil göndərmiş yadigar deyü

Gözünün yaşını sil deyü yazmış.

(Aşıq Veysel)

 

Çıxarım Bozok dağına

Avşar eli görünürmü?

Allah bir de, işi iki

Getdi, amma gəlinirmi?

(Dadaloğlu)

 

Dumanlıdır Aladağın alanı

Ortasında sarı çiçək savranı.

İgid durağı da arslan yatağı

Dilbərlərin hər də böylə olamı?

(Dadaloğlu)

 

Türk aşıq şeirində vətən torpağında mövcud dağların adları sevilərək şeirə gətirilir. Bu dağlar vətənin tarixi coğrafiyasının bir parçası kimi tərənnüm edilir. Dadaloğlu şeirlərində Kozan, Çiçək, Aladağ, Çavur dağları, Bozok dağı, Akdağ, Erciyes kimi dağ isimlərini dilə gətirməklə sanki Anadolu coğrafiyasının xəritəsini çəkir:

 

Çıkarım Bozok dağına

Devretdim Akdağı Bozoka düştüm

Axır dağdan gördüm Maraş ilini

Erciyes karşıdan yaman görünür

Səndə bir gümanım var, Çiçək dağı

Dumanlıdır Aladağın dumanı

Gavur dağlarının başı dumanlı

Namlı namlı qar istəsən

O da Çiçək dağında olur...

(Dadaloğlu)

 

Eləcə də Pir Sultanın şeirlərində adı keçən Yıldız dağı, Koroğluda Çamlıbel, Ercisli Emrahda Ağrı dağı, Aşıq Kemali Bülbüldə Mamur dağı, Karadağ kimi dağların adları türk coğrafiyasının bir simvoludur. Eyni zamanda türk mədəniyyətində önəmli yeri olan bir sığnaq və məskəndir.

Koroğluyam arxa verdim dağlara deyən Koroğlu kimi qəhrəmanların qalası da dağlardır. Anadolu aşıqları saz-söz sənətinin türk mədəniyyətində mühüm rolu olmuş qaynaqlarından biri aşıqların yazdıqları Şairnamələrdir. Məlumdur ki, türk saz şeirinin birinci yazılı qaynağı cünglərdir. Digər sözlü qaynaqlar arasında Şairnamələr önəmli yer tutur. Bunlar tarixdə yaşamış şairlər və aşıqlar haqqında məlumat verir, onların türk mədəniyyəti haqqında düşüncələrini əks etdirir.

Prof. Şükrü Elçin Şairnamələri belə qiymətləndirir: Şairnamələr, ümumiyyətlə, xalq şairlərinin tərcümeyi-halına işıq tutan məlumatları içinə alan mənzumələrdir. Bu mənzumələr heca vəzni ilə söylənib və yazılmış əsərlərdir. Şairlərin müasirləri ilə özlərindən əvvəl yaşayan sənətkarların adlarına, sənətlərinə, dövrlərinə, məmləkətlərinə, bağlı olduqları təriqət, zümrə və ya siniflərə dair məlumatlarla bəzənən bu şeirlər bir baxıma divan ədəbiyatının təzkirələrini xatırladır. Şairnamələrdə sözü gedən aşıqlara dair məlumatlar bir yerə gətirildiyində aşiqin yaşadığı dövr, müasirləri və bəzi xüsusiyyətləri haqqında məlumat əldə edilə bilər. Sənətkarlıq baxımından Şairnamələr, ümumiyyətlə, milli heca vəzninin on bir heca ölçüsüylə, nadir hallarda da səkkiz heca ilə yazılır.