Xalq qəzeti.-2016.-16 aprel.-80.-S.1.

 

Azərbaycan İƏT əməkdaşlığı xarici siyasət kursumuzda prioritet istiqamətlərdəndir

 

Prezident İlham Əliyevə İƏT-in XIII Sammitində 27 ölkənin daxil olduğu Asiya
qrupu adından çıxış etmək etimadının göstərilməsi də bunu təsdiq edir

 

İttifaq MİRZƏBƏYLİ

 

Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyən ədalətli qətnamələrə görə İƏT-ə səmimi minnətdarlığımı bir daha ifadə edirəm. Lakin işğalçı Ermənistan bu qərarlara məhəl qoymur və danışıqlar prosesini pozmaq üçün vaxtaşırı silahlı təxribatlara əl atır. Onlardan biri də aprelin əvvəllərində törədilmişdir. Silahlı hücum nəticəsində Azərbaycan hərbçiləri və mülki şəxslər həlak olmuşlar. Azərbaycan Ordusu Ermənistanın təxribatının qarşısını aldı. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar İƏT qərar qəbul edib ki, xarici işlər nazirləri səviyyəsində kontakt qrupu yaradılsın. Bu qərara görə təşəkkür edirəm.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

İstanbul, 14 aprel 2016-cı il

 

 

Ermənistanın Dağlıq Qarabağda işğalı davam etməkdədir. Biz problemin Birləşmiş Millətlər Təşkilatının münaqişə ilə bağlı qərarlarına uyğun olaraq həllini istəyirik. Azərbaycan dövlətinin beynəlxalq aləmdə tanınan sərhədlərinin və suverenliyinin bərpasının, bölgədə sülhün və təhlükəsizliyin bərqərar edilməsinin vacibliyini düşünürük.

İyad bin Amin MƏDƏNİ

İslam Əməkdaşlıq Təşkilatının baş katibi

İstanbul, 14 aprel 2016-cı il

 

Xəbər verdiyimiz kimi, aprelin 14-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının  XIII Sammiti keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  və xanımı Mehriban Əliyevanın da iştirak etdiyi sammit bir neçə cəhətdən əlamətdar idi. İlk səbəblərdən biri isə o idi ki,  Ədalət və sülh üçün birlik və həmrəylik devizi altında keçirillən növbəti  sammitə  bilavasitə İslam Əməkdaşlıq Təşkilatını yaradan ölkələrdən biri olan Türkiyə ev sahibliyi edirdi.  Xatırladaq ki, İslam Əməkdaşlıq  Təşkilatı (2011-ci ilədək İslam Konfransı Təşkilatı idi)  1969-cu ildə Mərakeşin paytaxtı Rabatda  müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında yaradılmışdır. Hazırda 60-a yaxın dövləti özündə birləşdirir. Bəzi ölkələrin müsəlman icmalarının, habelə, bir sıra beynəlxalq təşkilatların nümayəndələri İƏT yanında müşahidəçi statusuna malikdirlər. Bu qurum BMT ilə sıx əməkdaşlıq edir. 1975-ci ildən BMT yanında müşahidəçi statusu almışdır. Baş Məclisin 36-cı sessiyasında BMT ilə İƏT arasında əməkdaşlıq haqqında qətnamə qəbul edilmişdir. Qətnamədə tərəflərin fəaliyyətini əlaqələndirmək üçün xüsusi mexanizm yaratmaq zərurəti qeyd edilir.

Azərbaycan öz dövlət  müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikalarından ilk olaraq İƏT-ə  üzv olmaq barədə müraciət etmiş və 1991-ci ilin dekabrında üzv seçilmişdir. Həmin dövrdə erməni təcavüzünə məruz qalmış, informasiya-təbliğat imkanları zəif və məhdud olan ölkəmiz üçün öz haqlı mövqeyinin İslam dövlətləri tərəfindən dəstəklənməsi və onun vasitəsilə təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması çox vacib məsələlərdən idi. Artıq 1991-ci ildə İslam Konfransı Təşkilatının (İKT) nümayəndə heyəti problemi öyrənmək və münaqişəni sülh yolu ilə tənzimləmək imkanlarını araşdırmaq məqsədi ilə Azərbaycanda səfərdə olmuşdur. O zaman İKT BMT, Ermənistan, Türkiyə və Rusiyanın nümayəndələri ilə problemlə bağlı müzakirələr aparmışdır. Rəsmi Yerevanın tutduğu qeyri-konstruktiv mövqe İKT-nin Ermənistan ilə bu məsələyə dair hər hansı məsləhətləşmələrinə son qoymuş və təşkilat çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İKT-nin yekdil və birmənalı mövqeyi formalaşmışdır.

 

 Təşkilatın İstanbulda keçirilən  sammitində hazırda İslam dünyasında, ərəb ölkələrində, ümumilikdə, Yaxın Şərq regionunda ciddi böhranların yaşandığı vurğulanmış,  son aylarda bölgədə silahlı münaqişələrin, terror hadisələrinin daha da şiddətləndiyi, bunun ciddi bir təhdid olduğu bildirilmişdir. İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni müsəlman ölkələrindəki qarşıdurmaların tezliklə həll olunmasının müasir dünyanın qarşısında duran əsas vəzifə olduğunu  qeyd edərək deyib ki,  Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında həll olunmalıdır.  İƏT problemin həllində Azərbaycana dəstəyini davam etdirəcəkdir. Baş katib əminliklə vurğulayıb ki, İƏT-in İstanbul Sammiti digər müsəlman ölkələrindəki münaqişələr kimi, Dağlıq Qarabağ problemi barədə də ədalətli və qətiyyətli mövqe nümayiş etdirəcək.

 Yuxarıda qeyd etdiyimiz maraqlı məqamlardan biri də o idi ki, Azərbaycan Prezidenti İlham Əliyev Sammitdə Bəhreyn, Bruney, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Qazaxıstan, Pakistan, Fələstin, Əfqanıstan, İndoneziya, Malayziya, Banqladeş, İordaniya, Livan, Oman, Özbəkistan, Tacikistan, Qırğızıstan, Maldiv adaları, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Türkmənistan, Suriya, İraqın daxil olduğu Asiya qrupu adından çıxış etmişdir. Dövlət başçımız qeyd etmişdir ki,  İslam Əməkdaşlıq Təşkilatına Türkiyənin sədrliyinin İslam dünyasında davamlı inkişafa, tərəqqiyə və əmin-amanlığa əhəmiyyətli töhfə verəcəyinə inanırıq və təşkilatın məqsədlərinə nail olmaq istiqamətində İslam Əməkdaşlıq Təşkilatının yeni sədri ilə əməkdaşlıq etməyə tam hazır olduğumuzu bildiririk.

Elə həmin gün İslam Əməkdaşlıq Təşkilatının

XIII Sammitinin birinci sessiyasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev  son illərdə qardaş Türkiyənin  beynəlxalq aləmdə artan nüfuzundan, bu nüfuz  sayəsində Böyük İyirmiliyin üzvü kimi qlobal inkişafa mühüm töhfə verilməsindən söz açmışdır. Dövlət başçımız qeyd etmişdir ki, Azərbaycan İslam ölkələri ilə əməkdaşlığı prioritet hesab edir. Son illər ərzində Bakıda İƏT-ə üzv ölkələrin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirlərinin 10-a yaxın görüşü olmuşdur: Mən İƏT-in qarşılıqlı dəstək və həmrəylik yolunda fəaliyyətini yüksək qiymətləndirirəm. Bu gün dünyada islamofobiya ciddi təhlükələrdən biridir. Biz bu tendensiyanı qətiyyətlə pisləyirik. Əslində, İslam sülh, mərhəmət, dözümlülük, ədalət dinidir. İslamı terrorla eyniləşdirmək isə səhv və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən elə müsəlman ölkələridir.

Azərbaycan Prezidenti bütün beynəlxalq tədbirlərdə olduğu kimi, İstanbulda da sammit iştirakçılarının diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalmasına yönəltmişdir: Mən sizin diqqətinizi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etmək istəyirəm. Ermənistan 20 ildən artıqdır ki, Azərbaycana qarşı işğalçılıq siyasəti aparır. Bu siyasət nəticəsində Azərbaycan ərazisinin 20 faizi Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon Ermənistan tərəfindən işğal edilmiş, həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan Xocalı soyqırımını törətmişdir. Beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və   qeyd-şərtsiz çıxarılması tələb edilir. Eyni zamanda, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul etmişlər.

Azərbaycan Prezidenti, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həllinə edilən cəhdlərə görə dünyanın müsəlman ölkələrinə  minnətdarlıq etmişdir: Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyən ədalətli qətnamələrə görə İƏT-ə səmimi minnətdarlığımı bir daha ifadə edirəm. Prezident xatırlatmışdır ki,  Azərbaycan mütəmadi olaraq mədəniyyətlər və dinlərarası dialoqa öz töhfəsini verir: Aprelin sonunda biz BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu keçirəcəyik. Azərbaycan İslam ölkələri arasında həmrəyliyə böyük əhəmiyyət verir. 2017-ci ildə IV İslam Həmrəylik Oyunları Bakıda keçiriləcəkdir. Bu münasibətlə mən sizin hamınızı bu oyunları seyr etmək üçün Bakıya dəvət edirəm. İnanıram ki, bu tədbir İslam aləmində sülhün və həmrəyliyin möhkəmlənməsinə xidmət edəcəkdir.

Bütün bunlarla yanaşı, Azərbaycan Prezidenti İstanbul səfəri çərçivəsində həm qardaş Türkiyə Cümhuriyyətinin, həm də digər ölkələrin dövlət və hökumət rəsmiləri ilə bir sıra səmərəli görüşlər  keçirmişdir.