Xalq qəzeti.-2016.-11 aprel.-81.-S.1.

 

İslam Əməkdaşlıq Təşkilatının İstanbul Sammiti mühüm
məsələlərin müzakirəsi ilə yadda qaldı

 

İttifaq MİRZƏBƏYLİ

 

Sammit təcavüzkarın silahla təchiz edilməsi, mədəni irsin və müqəddəs yerlərin dağıdılması, qeyri-qanuni iqtisadi fəaliyyətlər həyata keçirərək işğal edilmiş ərazilərin demoqrafik, mədəni və fiziki olaraq dəyişdirilməsinə yönəlmiş fəaliyyətlərdən narahatlıq ifadə edir. Bu baxımdan sammit üzv dövlətləri milli qanunvericiliklər əsasında tədbirlər görməyə çağırır.

İƏT-in XIII Sammitinin

Yekun Kommünikesindən

İstanbul, 14 aprel 2016-cı il

 

Müasir dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarından olan İslam Əməkdaşlıq Təşkilatı özünün XIII Sammitini İstanbul şəhərində təşkil etdi və uğurla başa çatdırdı. Bu sammit, eyni zamanda, onunla əlamətdar idi ki, quruma sədrlik Misirdən Türkiyəyə keçdi. Beynəlxalq aləmdə baş verən ictimai-siyasi, sosial-iqtisadi proseslər, hərbi qarşıdurmalar, separatizm, terrorçuluq, narkoticarət kimi bəlalara qarşı mübarizənin aktuallaşması və digər bir sıra məsələlər vardır ki, onlar bütün dövlətlərin öz imkanlarını birləşdirməsini tələb edir. Eyni zamanda, bu tədbir Prezident İlham Əliyevin sammitdə iştirakından və keçirdiyi çoxsaylı görüşlərdən əlavə, daha bir neçə cəhətdən ölkəmiz üçün əlamətdar oldu.

Belə bir zamanda mühüm qərarlar qəbul edən və qətiyyətli addımlar atan İslam Əməkdaşlıq Təşkilatının beynəlxalq aləmdəki nüfuzu gündən-günə artır. Qurumun son zamanlar nümayiş etdirdiyi qətiyyət buraya müsəlman olmayan ölkələrin də müşahidəçi statusu ilə qatılmaq istəyini sürətləndirir. Hər sammitdə bir neçə ölkə bu məqsədlə müraciət edir. İstanbul Sammiti də istisna təşkil etmədi.

Ekspertlər Belarus Prezidenti Aleksandr Lukaşenkonun İƏT-in Sammitinə qoşulmasını onun öz ölkəsinin bəzi problemlərinin həlli üçün Şərqə üz tutması kimi qiymətləndirirlər. Bu, alqışlanmalı faktdır. Çünki, inteqrasiya zamanın tələbidir, həm də istənilən dövlət başçısının ilk vəzifələrindən biri ölkənin problemlərinin həlli yollarının axtarılmasıdır. Cənab A. Lukaşenkonun bu addımı özlərinin dövlət və milli maraqları baxımından atılsa da, eyni zamanda, İƏT-in beynəlxalq aləmdəki nüfuzunun artmasına da özünəməxsus töhfə oldu.

Slavyan ölkəsi liderinin bu addımını yüksək qiymətləndirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan və Azərbaycan prezidentləri ilə görüşdən dərhal sonra Belarus Prezidenti ilə görüşmüş və Lukaşenkonun öz xalqının problemlərinin həlli üçün müsəlman ölkələri birliyinin sammitinə qatılmasını alqışlamışdır.

Yeri gəlmişkən, ermənilərin aprelin əvvəlində təmas xəttində törətdikləri təxribatlara Azərbaycan Ordusunun qətiyyətli cavab verməsini dərhal dəstəkləyən və dövlət başçımıza zəng edən dünya siyasətçilərindən biri də Aleksandr Lukaşenko olmuşdu. Ermənilər Belarus Prezidentinin bu addımını çox böyük təlaş və qorxu içərisində qarşılamışdılar. Cəmi iki həftədən sonra Lukaşenkonun İstanbula, Türkiyə Cümhuriyyətinin Prezidenti ilə görüşə getməsi, İslam dövlətlərinin hamısının rəhbərliyinin təmsil olunduğu sammitin işinə qatılması İrəvanda nəinki zəlzələ, həm də sunami effekti yaratmışdı.

Kütləvi informasiya vasitələri yazırlar ki, Belarus Prezidentinin İstanbul Sammitində yeganə xristian ölkəsi lideri olduğuna diqqət çəkən Ermənistan mətbuatı Lukaşenkonun Türkiyə ilə münasibətləri dərinləşdiriləcəyi barədə dediklərini, sanki, faciə xəbəri verirmiş kimi bəyan etmişdir. Hətta, əsrlər boyu davam edən erməni məkrinin bugünkü davamçıları riyakarcasına yazdılar ki, guya, Lukaşenkonu İstanbula Türkiyə ilə münasibətləri məcrasına qaytarmaq istəyən Rusiya Prezidenti Vladimir Putin göndərib. Qərəz, türk dünyasının istənilən uğurundan vahimələnən İrəvan siyasətçiləri Lukaşenkonun aprelin 2-də Bakıya zəng etməsindən, 14-də isə İstanbula səfərindən elə qorxublar ki, hətta, bu iki fakta şərh vermək istəyəndə çaşqınlıqdan aləmi bir-birinə qatırlar. Bu tendensiya hələ çox davam edəcək.

Mətbuat yazır ki, İstanbul Sammiti başa çatandan sonra Prezident Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu və İƏT-in baş katibi İyad bin Amin Mədəni birgə mətbuat konfransı keçiriblər. Baş katib diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. O qeyd edib ki, İƏT problemin həllində Azərbaycana dəstəyini davam etdirəcək. Baş katib əminliklə vurğulayıb ki, İƏT-in İstanbul Sammiti digər müsəlman ölkələrindəki münaqişələr kimi, Dağlıq Qarabağ problemi barədə də ədalətli və qətiyyətli mövqe nümayiş etdirəcək.

Sammitin nəticələrini yüksək qiymətləndirən Prezident Rəcəb Tayyib Ərdoğan İƏT-in strukturunda təkmilləşdirmə işlərinin aparılmasının təşkilatın gələcək fəaliyyəti üçün önəm daşıdığını söyləyib. Qeyd edib ki, Qadınlar Birliyinin yaradılması bu sahədə əldə olunan böyük nailiyyətdir. Müsəlman ölkələrinin sərhəd toxunulmazlığı, münaqişələrin həlli və qarşısının alınması, sabitliyin bərpası və inkişaf istiqamətlərinin müəyyən edilməsinə dair aparılan müzakirələr və qəbul olunan qərarlardan bəhs edən Türkiyə dövlətinin başçısı ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranması və problemin bu vaxtadək həll edilməməsinin səbəbləri barədə də məlumat verib. İƏT-in bir daha Azərbaycanın sərhəd toxunulmazlığını dəstəklədiyini diqqətə çatdıran Türkiyə Prezidenti BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi qətnamələrin indiyədək yerinə yetirilməməsindən, ATƏT-in Minsk qrupunun məsələnin həlli ilə bağlı yarıtmaz fəaliyyətindən söhbət açıb. Vurğulayıb ki, İƏT ciddi səylərlə müsəlman ölkələrindəki problemlərin, silahlı münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə öz təsirini göstərməlidir.

Xüsusilə vurğulanmalı başqa bir məqama diqqət yönəldək. Zirvə toplantısının Yekun Bəyannaməsində deyilir ki, İslam Əməkdaşlıq Təşkilatının İstanbul sammiti Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qəti mövqeyini bir daha təkrarlayıb, ərazilərin güc yolu ilə əldə edilməsinin BMT Nizamnaməsi və beynəlxalq hüquqa əsasən qəbuledilməz olduğunu təsdiqləyib və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsinə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən və digər ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasına çağırıb.

Sənəddə münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və suverenliyi çərçivəsində həllinə çağırış yer alıb: Təcavüzkarın silahla təchiz edilməsi, mədəni irsin və müqəddəs yerlərin dağıdılması, qeyri-qanuni iqtisadi fəaliyyətlər həyata keçirərək işğal edilmiş ərazilərin demoqrafik, mədəni və fiziki olaraq dəyişdirilməsinə yönəlmiş fəaliyyətlərdən narahtlıq ifadə edir. Bu baxımdan sammit üzv dövlətləri milli qanunvericiliklər əsasında tədbirlər görməyə çağırır.

Toplantı iştirakçıları Ermənistanın mülki insanların əziyyət çəkməsi, məscidlərə hücum edilməsi, dua edən insanların ölümü və sosial-iqtisadi infrastrukturun dağıdılması ilə nəticələnən davamlı hücumlarını qınayıblar: Azərbaycanın bu hücumlara qarşı durmaq və öz əhalisini müdafiə etmək səylərini dəstəkləyirik.

Xatırladaq ki, İslam Əməkdaşlıq Təşkilatının Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini daim öz gündəliyində saxlaması ulu öndər Heydər Əliyevin siyasi müdrikliyinin nəticəsidir. Bu məqam Xarici İşlər Nazirliyinin elektron resursları sırasındakı Azərbaycan - İƏT bölməsində aydın şəkildə yazılıb: Ümummilli liderin İKT Baş katibi ilə 1994-cü ilin noyabr ayında Bakıda keçirdiyi görüşlər, həmin ilin dekabrında İKT dövlət və hökumət başçılarının Kasablankada keçirilmiş VII Zirvə konfransında iştirakı və İKT Baş katibi, həmçinin bir sıra üzv dövlətlərin xahişi ilə Asiya ölkələri qrupu adından çıxışı Azərbaycanın mövqeyini təşkilat daxilində daha da möhkəmlətdi və üzv dövlətlər tərəfindən dəstəklənməsi imkanlarını artırdı.

Bunun nəticəsində, İKT Zirvə görüşləri tarixində ilk dəfə, Kasablankada Ermənistan və Azərbaycan arasında münaqişə haqqında siyasi qətnamə qəbul edilmiş, həmin ildən etibarən İKT-nin BMT ilə əməkdaşlığı üzrə müzakirə edilən problemlər siyahısına Ermənistan və Azərbaycan arasında münaqişə mövzusunun mütəmadi salınmasına nail olunmuşdur.