Xalq cəbhəsi.-2016.-15 aprel.-65.-S.13.

 

Erməni vandalizminin iç üzü

 

II yazı

 

Yusif Mahmudov (Dirili)

araşdırmaçı

 

Xankəndindəki 21 saylı Texniki Peşə Məktəbinin nəzdində faliyyət göstərən idman klubunu bağlamaq üçün 1987-ci ilin dekabrında Ehtiyat Əmək Qüvvələri Cəmiyyətinin (EƏQC) əsasən erməni və rusların üstünlük təşkil etdikləri rəyasət heyətində məsələ qaldırdılar. EƏQC-nin rəyasət heyətinin və plenumunun üzvü olmuş, həmin klubun idman rəhbəri Əkbər Rüstəmovun ciddi müqaviməti nəticəsində məkrli iddianın qarşısı alındı. Elə həmin il Respublika EƏQC-nin idman şöbəsinin müdiri X.Qriqoryan Qarabağ bölgəsi üzrə keçiriləcək yarışların təqvim-planını təsdiq etməkdən boyun qaçırdı və 1988-ci il üçün yarışların təxirə salındığını bildirdi. Şübhəsiz, bütün bunlar ermənilərin əvvəlcədən planlaşdırdıqları kimi DQMV-nin mərkəzi şəhərində - Xankəndində Qarabağın Ermənistana birləşdirilməsinə hesablanmış əməli tədbirlərə hazırlıqla əlaqədar idi. Az sonra sürətlə cərəyan edən hadisələr bunu sübüt etdi. DQMV-nin hansı adla və hər necə olursa-olsun, Ermənistana birləşdirilməsi bədnam millətin prinsipal məqsədinə çevrilmişdi. Bu planın reallaşmasında Rusiya faktoru həmişə öndə olub. Öz maraqları daxilində tarixən həmişə ermənilərə köməklərini əsirgəməyən ruslar bu dəfə də dəstək nümayiş etdirdi özü də açıq-açığına.

Dağlıq Qarabağın Azərbaycandan qoparılması siyasəti Rusiyanın marağına uyğun idi. Problemin bu istiqamətdə həllindən ötrü tarixi məqam gözləyən Moskva, nəhayət, 1988-ci ilin iyun ayında SSRİ-nin Prezidenti M.S.Qarboçovun fərmanı ilə DQMV-i birbaşa öz tabeçliyinə keçirdi. Regionun mərkəzdən idarə olunmasından ötrü Xüsusi İdarə Komitəsi yaradıldı və ifrat ermənipərəst xarakterilə seçilən A.Volski Komitənin sədri təyin edildi. Təbii ki, Moskva bu addımı ilə Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana vermək istəyirdi. Bölgənin azərbaycanlı əhalisinə qarşı gözgörəsi yabançı münasibət bəsləyən A.Volskinin idarəçilik üsulu hər cəhətdən ermənilərin razı salınmasına yönəldilmişdi.

Təxminən həmin vaxtlarda Ermənistan SSR-ə məxsus Kanaker alüminium zavodu pansionat tikmək məqsədilə Azərbaycanın müvafiq qurumları ilə razılaşdırmadan Şuşa ətrafındakı Topxana meşəsində nadir ağacları doğramaqla, vəhşicəsinə kütləvi qırıntı əməliyyatı apardılar. Buna qəti şəkildə etirazlarını bildirən sakinlər respublika mərkəzi mətbuatı vasitəsilə xalqa müraciət etdilər. 

Şübhəsiz, bu azğın hərəkət və özbaşınalıq ölkəmizin ictimaiyyətində hiddətə səbəb oldu. Beləliklə, Qarabağı ilk müdafiə hərəkatı ermənilərin təbiətimizə qarşı törətdikləri vəhşi əməllərə etirazla başladı. Kütləvi mitinq dalğası bütün Azərbaycanı bürüdü və Milli Dirçəliş Hərəkatı vüsət aldı. Çünki Topxana meşəsinə qəsddə məqsəd, əslində münaqişə zəminində Azərbaycan torpaqlarını zəbt etmək idi. Az bir zamnda müxtəlif münaqişələrlə cərəyan edən hadisələr hərbi əməliyyatlarla əvəz olundu. 

Həmişə olduğu kimi, bu dəfə də Rusiyanın dəstəyinə söykənən Ermənistan silahlı qüvvələrin gücünə 1990-1993-cü illər ərzində Azərbaycan torpaqlarının 20 faizindən çoxunu zəbt edərək işğalçı dövlət kimi çirkin xarakterini göstərdi. Ermənistanın təcavüzü nəticəsində 20 mindən çox adam həlak oldu, 100 min nəfər yaralandı, 50 minədək insan şikəst oldu, 5 mindən çox adam əsirlikdə qaldı, girov götürüldü və itkin düşdü. İşğal zamanı çoxlu sayda sosial obyektlər məhv edildi; 900 şəhər və kənd tamamilə dağıdıldı, yaxud talan edildi. 700 məktəb, 270 xəstəxana, 7000 sənaye və kənd təsərrüfatı obyekti, 800 km avtomobil yolu, 160 körpü, 2300 km su xətti və 16576 km elektrik xətti sıradan çıxarıldı. 220 min iribuynuzlu, 800 min isə xırda buynuzlu mal-qara qənimət kimi aparıldı. Külli miqdarda dağıntı və qarətlər nəticəsində, ilkin hesablamalara görə ölkəmizə 50 milyard ABŞ dolları dəyərində ziyan dəydi.

Ümumi yaşayış sahəsi 6 milyon kvadratmetr olan 180 min mənzil və şəxsi ev, minə yaxın təhsil müəssisəsi, 3 min mədəniyyət ocağı, 700-ə yaxın tibb müəssisəsi, 2 min km-lik qaz kəməri, 35 min nömrəlik avtomat telefon xətləri, 400-dən çox tarixi abidələr dağıdıldı. İşğalçılar tərəfindən qarət olunmuş 22 muzeydən 40 mindən çox eksponat aparıldı. Ağdam, Laçın, Füzuli, Şuşa və digər işğal olunmuş rayonlarda 20-dən çox müasir mədəniyyət sarayları yerlə yeksan edildi. 7296 hidrotexniki qurğu, 26 suvarma sistemi sıradan çıxarıldı. 

Ərazidəki mövcud təbii sərvətlər də zorakılığa məruz qalıb. Yüz hektarlarla meşə və onminlərlə ağac məhv edilib ki, onların əksəriyyəti nadir növ kimi Qırmızı kitaba daxil edilib. 2 dövlət qoruğu, 4 dövlət yasaqlığı, 200-dən çox palentoloji və geoloji təbii abidələr, 200 növdən artıq faydalı qazıntı yataqları qarət edilərək aparlıb. Qarət edilmiş və yandırılmış kitabxanalarda 4,6 milyondan çox kitab, habelə nadir əlyazmalar məhv edilib. Ələ keçirdikləri ərazilərdə misli görünməmiş vəhşiliklər törədən erməni barbarları Şuşa kimi qədim muzey-şəhəri dağıdıb, e.ə. XIII-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyət abidələrilə zəngin Xocalı şəhərini son bir əsrdə 3 dəfə yandırıb, əhalisinə qəddarcasına divan tutublar.

Maddi-mədəniyyət abidələrinə, təbii sərvətlərə, hər şeydən əvvəl qoca, xəstə, uşaq və qadınlara qarşı bu cür amansız münasibəti yalnız qədim dünya tarixində mövcud olmuş vandalların bədnam əməllərilə müqayisə etmək olar. Bəs vandallar kimlər olub? Şərqi German tayfalarına mənsub olan vandallar I-III əsrlərdə İspaniyada məskunlaşmışdılar. Ona qədər isə (II-I əsr) Skandinaviya yarımadasında yaşayırdılar. V əsrdə Şimali Afrikanı işğal edib, krallıq yaradan vandallar dinc dayanmır, tez-tez Romaya və Aralıq dənizi adalarına basqın edirdilər. 450-ci ildə onlar Romanı ələ keçirir. Nəticədə qədim tarixə və mədəniyyətə malik bu ölkəni vəhşicəsinə qarət edirlər; xüsusilə də onun mədəniyyət abidələri, katolik kilsələri zorakılıqla dağıdılır, sərvəti isə qənimət kimi daşınır. Vandalların bu hərəkəti adlarına uyğunlaşdırılaraq vandalızm şəklində rüsvaycasına tarixə düşür. Deməli, vandalızm mədəni, mənəvi sərvətlərin vəhşicəsinə talan edilməsi anlamındadır.

Alman faşistlərinin II Cahan Savaşında kənd və şəhərləri, sənət əsərlərini məhv etməsi, habelə talibanların Budda məbədlərini dağıtması, erməni daşnaklarının Azərbaycanda işğal etdikləri tayı-bərabəri olmayan zoraklıq hərəkətləri; yaşayış məntəqələrini, mədəniyyət nümunələrini dağıdaraq, qarətçiliklə məşğul olmaları birbaşa vandalizm xarakteridir. Dinc əhaliyə əsirlikdə verdikləri işgəncələr bir daha sübut edir ki, Azərbaycan xalqı erməni vandalizminin heç cür insanlığa, bəşəriliyə sığmayan əməllərinin acılığını dadmaqdadır. 200 ildən çoxdur ki, o, vandalizmin acı nəticələrini görə-görə yaşayır.

Ermənilərin əhatəsində yaşadıqları digər xalqlara qarşı münasibətləri vəziyyətdən asılı olaraq indiki Azərbaycan türklərinə münasibəti kimi dəyişib, kəskin mənfi xarakter alıb, dəfələrlə qonşularından gördükləri yaxşılıqların əvəzində pis əməllər törədiblər. Bu, zaman-zaman tarixi şəxsiyyətlərin diqqətini cəlb edib, ermənilər haqqında onlar bir-birindən xəbərsiz mahiyyətcə ikrah doğuran nəticəyə gəliblər. Məsələn, alman səyyahı A.Kerte deyib ki, ermənilərlə iş görərkən, heç bir sənədləşmə aparmağın əhəmiyyəti yoxdur, o vaxt sadəcə, şərlə üzləşəcəksiniz, onlarla rastlaşmaq da təhlükəlidir, hətta yuxuda görmək də xeyir gətirmir. Fransız səyyahı De-Şolye ermənilərlə heç vaxt dil tapa bilmədiyini, onların iyrənc hiyləgərliyə, dözülməz alçaqlığa, təəssüfləndirici əclaflığa malik olduğunu söyləyib. İsveç səyyahı A.Mets isə belə deyib: Ağ dərili qullar içərisində ən pisi ermənilərdir. Abır-həyaları yoxdur, onlar yalnız dəyənək və qorxu altında yaxşı işləyirlər. Şərq mütəfəkkiri Sədi Şirazi isə ermənilərlə bağlı mövqeyini belə ifadə edib: Onlar yer üzünün ilanı, insanlığın düşmənidir.

Rusların ermənilərə münasibətləri yaxşı olsa da belə, fransızlar kimi onlar da bu millət haqqında daim pis fikirdə olublar. Rus diplomatı Aleksandr Qriboyedov Rusiya imperatoruna məktubunda yazırdı: Ermənilərin rus torpaqlarında məskunlaşmasına imkan verməyin, onlar bir müddət yaşadıqdan sonra bütün dünyaya hay-küy salacaqlar ki, bura bizim qədim dədə-baba torpaqlarımızdır. Digər rus diplomatı, vaxtilə Rusiyanın Van və Ərzurumdakı baş konsulu işləmiş general Mayevskinin Qenosid Armenii adlı şərhində deyilirdi: Erməni qəhrəmanları haqqında bir şey eşidilibmi? Hanı onların azadlıq uğrunda döyüşçüləri? Onlar yoxdur! Nəyə görə? Ona görə ki, bu döyüşçülər öz xalqının xilaskarları deyil, cəlladı rolunda çıxış ediblər. Erməni quldurları həmişə qiyama, qırğına çağırıb, özləri sonra gizlənib, silahsız erməni kütləsi isə igid silahlı qardaşlarına görə öz qanları və əmlakları ilə cavab verməli olublar. Rus tədqiqatçısı V.L.Veliçko Qafqaz əsərində erməniləri belə təsvir edir: Onlar müxtəlif bəhanələrlə hay-küy qoparmağı bacarırlar, həm də təkcə özləri deyil, hansısa hiylələrini aşkara çıxardıqda, oğurluqları barədə məhkəməyə məlumat verəndə başqa xalqlardan olan axmaqları, satqınları da hay-küy salmağa məcbur edirlər. A.S.Puşkin isə yazırdı: Kimsə xoşu gəlməyən başqasını sən qulsan, sən qorxaqsan, sən ermənisən deyə, təhqir edər. Erməni şair və yazıçısı O.Tumanyan öz milləti haqqında deyir: Həqiqi qurtuluş daxildən başlamalıdır, ona görə ki, biz daxilən xəstəyik. Erməni şairi Yegişe Carens də etiraf edirdi ki, onlarda riyakarlıq hələ ana bətnində ikən yaranır. Tarixçi Aykazyan isə öz tarixlərinin qədimliyi haqqında uydurmalara toxunaraq yazır: İlkin erməni sülaləsi tarixi şəxsiyyətlərdən deyil, uydurulmuş nağıllardan götürülən şəxslərdən ibarətdir. 

Levon Dabeqyanın türkləri soyqırımda ittiham edən ermənilərə və onların havadarlarına cavabı çox maraqlıdır: Ermənilər öz varlıqları üçün türklərə borcludurlar. Əgər onlar avropalılar arasında qalsaydılar, erməni adlı millət yalnız tarix kitablarında saxlanardı. 

Bütün bu keyfiyyətlər ermənilərə irsi əlamət olaraq nəsildən-nəsilə ötürülür və yaşadıqları dövrün bədniyyət, təcavüzkar xalqı kimi tanınırdılar. Azərbaycan türklərinə, ümümən həmişə qayğı, diqqət gördükləri türklərə qarşı çirkin niyyətlərini əlaltdan, fürsət yetişəndə qaba şəkildə aşkarcasına həyata keçirməyə çalışan ermənilər cavabsız qaldıqda daha daha da azğınlaşıblar. Hələ 1970-1980-cı ıllərdə gizli fəaliyyət göstərən Qarabağ Komitəsi və Krunq erməni təşkilatlarının əməlləri o zaman aşkarlanıb cəzalandırılsaydı, yəqin belə olmazdı...