Azərbaycan.-2016.-1 aprel.-¹67.-S.5.

 

Bolşevik rejiminin qara kabusu

 

 İradə ƏLİYEVA

 

Xalqımız 70 ildən artıq bir dövrdə çoxmillətli sovet sosialist cəmiyyətində yaşamışdır. Düzdür, həmin dövrün müsbət nəticələri, dəyərləri də danılmazdır. Lakin rəsmi bolveşik idarəçiliyi, ozamankı nizamsız proseslər minlərlə ziyalımızın məhvinə səbəb olmuş, sonda fasiləsiz repressiyalarla tamamlanmışdır. N.Nərimanovun, M.Hadinin, H.Cavidin, Ə.Cavadın, M.Müşfiqin yaradıcılığı qadağa altına alınmış, əsərlərinin oxunması məhdudlaşdırılmışdı. İnsanın mənəviyyatını və ağlını iflic etmək üçün bundan qorxulu işlər düşünmək mümkün deyil. Şəxsiyyətə pərəstiş dövründə, xüsusilə 1937-ci ildə məhv olan əxlaqi dəyər və sərvətlər fiziki ölümlərdən qat-qat çox olmuşdur. Həmin vaxtlarda ən böyük itki müstəqil düşüncədə, şəxsiyyətin azad fikrinə münasibətdə baş vermişdi.

Stalin repressiyaları, əslində, öz xalqına qarşı böyük və gözəgörünməz bir cəbhə idi! Bu, mülkiyyət, var-dövlət talanından da ağır bir savaşa çevrilmişdi. Azərbaycanın say-seçmə övladlarının məhvi bəlkə də şəhər və kəndlərin, obaların, bənd-bərələrin alınmasından da dəhşətli idi. 

Həmin illərdə ən görkəmli ziyalıların, ən ağıllı mütəxəssislərin taleyi cəmi 15 dəqiqəlik zaman kəsiyində məhkəmə proseslərində həll edilirdi. Verilən hökm əksər hallarda güllələnmə ilə nəticələnirdi. Sürgünlük nə qədər ağrılı, işgəncəli olsa da, bu cəzaya məhkum edilənlər ölümün pəncəsindən qurtulduqlarına görə şükürlər edirdilər. 

Sovet imperiyasının 1937-ci illərdə tətbiq etdiyi siyasi mübarizə, idarəetmə metodları və həyata keçirmək istədiyi quruculuq prosesi bütün mahiyyəti ilə bəşəriyyətin minilliklər ərzində formalaşmış dəyərlər sisteminə zərbə oldu. Sovet cəza maşınının böyük bir sürətlə fəaliyyət göstərdiyi həmin illər minlərlə insanın, o cümlədən azərbaycanlının qanı ilə tarixə yazıldı. İmperiya cəlladları, demək olar ki, hamını eyni bir “cinayət”də - “vətənə xəyanət”də ittiham edib, alovun içinə atırdılar.

Təkcə bir faktı qeyd edək ki, o dəhşətli illərdə 80 mindən çox azərbaycanlı mahiyyəti hələ də tam məlum olmayan səbəblərdən repressiya maşınının hədəfinə tuş gəlmişdi. Azərbaycanın düşünən beyinləri, görən gözləri, ölkənin tarixində müstəsna rol oynamış, yaxud oynaya biləcək ziyalı təbəqəsi bir neçə dəqiqə sürən məhkəmə proseslərində güllələnməyə məhkum edilirdi, sürgünlərə göndərilirdi və bu prosesin başında Sumbatov-Topuridze, Borşev, Gerasimov, Qriqoryan, Sinman, Beriya, Ohanesyan, Markaryan, Avanesyan, Qalstyan kimi cinayətkarlar dayanırdı. Baş verənlərin bütöv bir xalqa qarşı qəsd olduğunu anlamaq üçün bu siyahıdakı soyadlara diqqət yetirmək kifayətdir. Təkcə 1937-ci ildə 29 min azərbaycanlı qırmızı terrorun qurbanı olmuşdur.

Kütləvi repressiyaların geniş vüsət alması insanların psixoloji durumuna, siyasi baxışlarına və düşüncə tərzinə ciddi zərbə vururdu. Amma “şanlı stalinçilər” bunun fərqində deyildilər. 

1936-cı ildən etibarən Stalin rejimi azərbaycanlı ziyalılara qarşı total hücuma başladı. 1937-ci ildə bu proses özünün zirvə nöqtəsinə çatdı və 1938-ci ilə kimi səngimək bilməyən sürətlə davam etdi. Şübhəsiz ki, sonrakı illərdə də kütləvi repressiyalar ara verməmiş, lakin müharibənin astanada olması vəziyyəti bir qədər dəyişmiş və rəhbərliyin diqqətini “əsas məsələ”dən yayındırmışdı. Azərbaycanda “xalq düşmənlərinə qarşı mübarizə” adı altında həyata keçirilən proses həm də başqa məqsədlərə, ilk növbədə millətin genofondunun məhvinə yönəldilmişdi. 

XI ordunun Hərbi İnqilabi Şurası və yeni qurulmuş Sovet hökuməti öz fəaliyyətinin hələ ikinci günü “Müsavat” və “İttihad” partiyalarının rəhbərləri ilə əməkdaşlıq etmək barədə müqavilə imzalamışdı. Lakin bu müqavilə tezliklə Pankratovun rəhbərlik etdiyi XI ordunun Xüsusi şöbəsi tərəfindən pozulmuşdu. Həmin şöbə, sonra isə Fövqəladə Komissiya (FK-ÇK) kütləvi həbslər aparmağa başlamış, həbs düşərgələri az vaxtda Azərbaycanın qabaqcıl ziyalı nümayəndələrinin hesabına doldurulmuşdu.

S.A.Pankratov kim idi? Əvvəllər adi dənizçi olan bu şəxs XI ordunun Xüsusi şöbəsinin rəisi, bolşevik istilasının ilk günlərindən 1920-ci ilin iyun ayınadək Azərbaycan Fövqəladə Komissiyasının sədri olmuşdur. Azərbaycanda ilk kütləvi qırğınların, sui-qəsdlərin və repressiyaların təşkilatçılarından idi. Bu, həmin Pankratov idi ki, onun tabeliyində Azərbaycan kommunistlərinin gələcək lideri Mircəfər Bağırov xidmət etmişdi. Semyon Andreyeviç Pankratov hələ Bakı hadisələrindən əvvəl “qanlı Həştərxan olayları”ndan məşhur idi.

Bu barədə sosialist emiqrant Melqunov yazırdı: “1919-cu ilin martında Həştərxan fəhlələri tətilə başlamışdı. Onların mitinqi qoşunlar tərəfindən mühasirəyə alınmışdı. Hərbçilər tətilçilərə pulemyotlardan atəş açmış və onlara qumbaralar atmışlar. Səhraya qaçmaq istəyənləri isə süvari atlılar doğramışlar. 

Şəhərdə kütləvi həbslər başlamış, Moskvaya isə üsyan haqqında təcili teleqram vurulmuşdu.

Trotski “amansız cəzalandırma” əmrini göndərmişdi və S.M.Kirov, habelə “çekistlər” - matros Pankratov və quldur Çuqunovun rəhbərliyi ilə edamlara başlanmışdı.

Bərələrdə və gəmilərdə yerləşdirilmiş insanların bir çoxunun boynuna daş bağlayaraq dənizə atırdılar. “Qoqol” gəmisində bir gecədə 180 nəfər batırılmışdı. Güllələnənləri çətinliklə qəbiristanlığa çatdıra bilirdilər. Sonradan başa düşdülər ki, onlar ancaq “proletariatı” qırırlar və “üsyan” mənzərəsinin daha zəngin alınması” üçün üzlərini “burjuylar”a döndərdilər. Zəngin məhəllələrdə yoxlamalara və qırğınlara başlandı. Bu özbaşınalıq aprelin axırınadək davam etdi və təxminən 4 min nəfər qətlə yetirildi”.

Pankratov qısa müddətdə - 1920-ci ilin may-iyun aylarında Az.FK-ya başçılıq etmişdi. N.Nərimanov Azərbaycana gəldikdən sonra Hərbi-İnqilabi Komitəyə (HİK) şikayət edir ki, FK HİK-lə razılaşdırılmadan adamları güllələyir. Bu məlumatdan sonra Pankratov Az.FK-dakı işlərini “milli kadr” Baba Əliyevə təhvil verir və yenidən XI ordunun Xüsusi şöbəsinə qayıdır. Lakin çox keçmir ki, 1920-ci il avqustun 26-da Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üsyanların yatırılması haqqında məsələni müzakirə edərkən bunun üçün yaradılmış “dördlük”də Xüsusi şöbədən Pankratov da yer alır. Çünki FK o zaman matros Pankratovun rəhbərliyi ilə “daha uğurla” işləmişdi.

1920-ci ilin aprelində hakimiyyət qan tökülmədən ələ keçirilsə də, tezliklə bolşeviklərin müstəmləkəçilik siyasəti Gəncə, Şuşa, Zaqatala, Qarabağ, Lənkəran və digər uyezdlərdə üsyanlara səbəb olmuşdu.

1920-1924-cü illərdə 54 genişmiqyaslı silahlı üsyan baş vermişdi. Üsyançıları və onları dəstəkləyən mülki əhalini amansızcasına, məhkəməsiz, istintaqsız yerindəcə edam etmişdilər. Tədqiqatçıların yazdıqlarına görə, ümumilikdə 1920-ci ilin aprelindən 1921-ci ilin avqustunadək Azərbaycanda “qırmızı terror”un 48 min qurbanı olmuşdu. Həmin insanların təxminən dörddə biri ən iri Gəncə üsyanı (1920-ci il 26-31 may) zamanı öldürülmüşdü. 

Gəncə üsyanından sonra onun iştirakçılarından olan 23 zabit, o cümlədən 6 general Nargin adasına aparılmışdı.

1920-ci il iyunun 6-da Gəncə yaxınlığında 79 yüksək rütbəli azərbaycanlı zabit həbs edilmişdi. Pankratovun əmri ilə onlar da Nargin adasında güllələnmişdilər. Yüksək rütbəli zabitlər arasında Gəncənin general-qubernatoru Xudadat bəy Rəfibəyov, general Əbdülhəmid bəy Qaytabaşı, podpolkovnik İsmayıl xan Ziyadxanov, general İbrahim ağa Usubov, general Əmir Kazım Qacar, Bakı Şəhər Polis İdarəsinin rəisi Quda Qudiyev, milyonçu Murtuza Muxtarov, general Məhəmməd Mirzə Qacar, general-leytenant Məmməd bəy Sulkeviç, general Həbib bəy Səlimov, İsgəndər bəy Seyfulin və digərləri var idi. 

Generallar Əliağa Şıxlinski və Səməd bəy Mehmandarov Nəriman Nərimanovun zaminliyi sayəsində sağ qalmışdılar. 

Sovet hökuməti üçün narahatlıq yaradan yüzlərlə şəxs Nargin adasına aparılmış və orada öz aqibətini gözləmişdi. Onların arasında Üzeyir bəy Hacıbəyli Memorial Muzeyinin sabiq direktoru, mərhum Ramazan Xəlilov da var idi. O deyirdi: “1920-ci ilin iyununda mən “Dikaya diviziya”nın alaylarından birinin sabiq unter-zabiti kimi XI Qızıl ordunun Xüsusi şöbəsinin əməkdaşları tərəfindən həbs edildim. Staro-Poliseyskaya (indiki Məmmədəliyev küçəsi, ev 5) keçəsində yerləşən həbsxananın ümumi kamerasında ay yarım qaldıqdan sonra məni “əşyalarımla” Nargin adasına göndərdilər. Bu ada mənim üçün dəhşət idi. Bizi çirkli, qoxulu və dar baraklarda yerləşdirdilər. Bizdən əvvəl burada əsir götürülmüş türklər saxlanılırdı. Gündüzlər dözülməz günəş istisindən özümüzü qaynar sobadakı kimi hiss edirdik. Boğucu gecələrdə də rahatlıq tapmırdıq. Hərdən yeməyə heç nə olmurdu. Yanğımızı isti, çirkli su ilə söndürürdük. Bütün gün ərzində dırnaq boyda bitlər rahatlıq vermirdi. Gecələr isə çarpayılarımızda siçovullar gəzirdi. Ağcaqanadların dişləməsindən və qaşınmadan üzlərimiz tanınmaz hala düşmüşdü, əllərimiz, ayaqlarımız və bütün bədənimiz yara içində idi.

Mədə-bağırsaq xəstəliklərindən çox əziyyət çəkirdik. Məhbuslar dünyalarını dəyişirdi. Onları adanın şərq hissəsində - çalalarda 5-6 nəfər bir yerdə, yaxud daha çox basdırırdılar. 

Xüsusi şöbədə “əşyasız” yola düşməyi əmr etdikləri adamları isə yaxınlıqda yerləşən Pesçanıy (Qum adası) adasına güllələməyə aparırdılar. Bu adada sentyabrın axırınadək qaldım və Nəriman Nərimanovun zaminliyi sayəsində azad olundum”. 

Sonradan 1920-1930-cu illərdə bədnam “kollektivləşmə” dövrü start götürdü. Ortabab kəndlilər qolçomaq adı ilə bir sinif kimi ləğv edilməyə başlandı. Sovet cəza orqanları tərəfindən onların bütün mülkiyyətlərinin əllərindən alınması kəndlilərin kütləvi çıxışlarına səbəb oldu. Bu çıxışları banditizm adlandıran siyasi orqanlar həmin narazılıqları silah gücünə çox amansızlıqla yatırdılar.

Bolşevizmə mənfi münasibətin təşəkkülündə əsas rollardan birini müsəlman ruhaniləri oynayırdılar. Bolşeviklər sovet hakimiyyətinin ilk günlərindən nüfuzlu müsəlman ruhanilərini də ağır işgəncələrlə, ən amansız üsullarla aradan götürməyə başladılar.

Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə edənlərdən biri, Bakı qazısı, 83 yaşlı Mir Məhəmməd Kərim ağa Nargin adasında güllələndi. Bibiheybət məscidi yerlə yeksan edildi. 

Bir faktı da qeyd edək ki, tədqiqatçıların fikrincə, o zaman respublikada güclü siyasi lider də yox idi. 1920-ci illərin əvvəllərində Azərbaycanda bolşevik partiyasının bir neçə görkəmli xadimi işləyirdi, lakin Nəriman Nərimanovdan başqa onların hamısı özgə millətlərin nümayəndələri idi. N.Nərimanov isə partiya hakimiyyətinin bütün şaxələrini birləşdirə bilməmişdi. Buna gücü çatmamışdı. Tezliklə o, opponentləri tərəfindən respublikanın siyasi səhnəsindən sıxışdırılıb çıxarıldı. Azərbaycan 1930-cu illərin ortalarınadək, əslində, güclü siyasi lidersiz qalmışdı. Demək olar ki, hər il respublikada rəhbərlik dəyişirdi. Fitnə-fəsadlar, qruplaşmalar, çəkişmələr, şəxsi münasibət zəminində intriqalar hakim partiyanın yuxarı təbəqəsini sarsıdırdı.

Mircəfər Bağırov AK(b)P MK-nın birinci katibi vəzifəsinə təyin edildikdən sonra ayrı-ayrı qrupların mübarizəsi və çəkişmələr də tədricən səngimiş, sonra isə bütünlüklə dayandırılmışdı. N.Nərimanov, S.Kirov, L.Mirzoyan, Ə.Qarayev, Polonski, Vikalo, Ruben və respublikanın digər rəhbərlərinin edə bilmədiklərini bu zaman Mircəfər Bağırov həyata keçirirdi. Öncə o, özünün siyasi opponentlərini aradan götürürdü. Totalitar sistemin, demək olar, bütün birinci şəxsləri kimi, M.Bağırov da güclü, eyni zamanda amansız idi. O, bacarıqla manevr edir, hər hansı fikir ixtilafını “fraksiyaçılıq” adlandırır, onunla hər hansı mübahisəni sevmir, səhvləri və öz ünvanına tənqidləri bağışlamırdı. Bununla belə, o, respublikanın başçısı kimi öz hərəkətlərində tam azad və müstəqil də deyildi.

M.Bağırov AK(b)P MK-nın birinci katibi təyin olunan vaxtlaradək bolşevik hökuməti elə bir sistem yaratmışdı ki, burada partiyaya üzvlük şəxsiyyət üçün mühüm həyati problemləri həll edirdi. Kommunistlər cəmiyyətdə hakim mövqe tuturdular. Yetişməkdə olan nəsil partiya tərbiyə sisteminin müəyyən mərhələlərindən keçirdi: azyaşlılar üçün pioner təşkilatları, gənclər üçün komsomol, yaşlılar üçün partiya.

1934-cü il dekabrın 1-də Leninqrad Vilayət Partiya Komitəsinin katibi S.M.Kirov öldürülür. Bu hadisə SSRİ-də total repressiyaların başlanmasına bəhanə olur. Bir neçə saatdan sonra Siyasi Büronun təcili yığıncağı çağırılır və SSRİ MİK-in “1 dekabr qanunu” adını almış qərarı hazırlanır. Elə kütləvi repressiyalar da bundan sonra başlanır. 

Beriyanın “Pravda” qəzetində böyük bir məqaləsi çap olunur. Məqalədə Cənubi Qafqaz şəhərlərində, o cümlədən Bakıda və Kirovabadda (Gəncədə) sosializmin, xalqın düşmənlərinin - əks-inqilabçıların, trotskiçi-zinovyevçi qrupların ifşa edilməsi haqqında” məlumatlar verilir. Bundan sonra Bağırov, Akopov, Sumbatov-Topuridze, Yemelyanov, Markaryan, Qriqoryan, Borşev və başqalarının cəza maşını bütün gücü ilə işləməyə başlayır. Hamı hər yerdə, hətta öz ailəsində belə “xalq düşməni” axtarmağa başlayır.

İlkin dövrlərdə həbslər XDİK-nın əvvəlcədən tərtib olunmuş kartotekaları əsasında aparılırdı. Sonra isə istintaq vasitəsilə əldə edilmiş “ifadələr”ə üstünlük verilməyə başlandı. Müstəntiqlər donoslardan yalnız köməkçi material kimi istifadə edirdilər. 

1937-ci il iyulun 30-da XDİK-nın “Keçmiş qolçomaqların, cinayətkarların və başqa antisovet elementlərin repressiya olunması üzrə əməliyyat haqqında” 00447 nömrəli və 1937-ci il avqustun 15-də “Vətən xainlərinin arvadlarının və uşaqlarının repressiya olunması üzrə əməliyyatlar haqqında” SSRİ XDİK-nın 00486 nömrəli operativ əmrləri müzakirə edilir. Hər iki əmr xalq daxili işlər komissarı N.Yejov tərəfindən imzalanır. Bu, “böyük terror” dövrünün ən amansız aksiyası idi. Sənəddə repressiya olunmalı kontingent çox dəqiq müəyyən edilmiş və iki kateqoriyaya ayrılmışdı. Birinci kateqoriyaya təcili həbs olunaraq güllələnənlər, ikinci kateqoriyaya isə 8 ildən 10 ilə qədər müddətə düşərgələrdə və ya həbsxanalarda azadlıqdan məhrum edilənlər aid idi. Hər bir vilayət, diyar və respublika üçün bu iki kateqoriyadan repressiya olunanların sayı limit üzrə müəyyənləşdirilmişdir. Ümumilikdə SSRİ üzrə 259 min 450 nəfərin həbsi nəzərdə tutulmuşdu. Bunlardan 72 min 950 nəfəri güllələnməli idi. Əmr yerli rəhbərlərə Moskvadan əlavə limitlər almaq hüququ da verirdi (Z.Bünyadov. “Qırmızı terror”, Bakı 1993). 

Bütün bunlardan əlavə, üçüncü kateqoriyaya aid edilən qruplar da var idi. Buraya aid edilənlərin siyahısını yerli XDİK-lar hazırlayırdı. Sürgün həyatı gözləyən belə insanların taleyini Azərbaycanda Xalq Daxili İşlər Komissarlığının Xüsusi müşavirəsinin sədri Xoren Qriqoryan həll edirdi. Sürgün olunanlar üçün Uzaq Şərqdə, Sibirdə və Orta Asiya çöllərində xüsusi yerlər ayrılmışdı.

Stalinin həyata keçirdiyi repressiyalar sovet dövrü tarixinin ən gərgin, məsuliyyətli bir mərhələsini təşkil edirdi. Məhz bu dövrdə kollektivləşmə geniş vüsət almaqda idi, Sovet İttifaqı beynəlxalq aləmdə öz mövqelərini gücləndirmək üçün yeni müttəfiqlər tapmışdı, pis-yaxşı, dövlət idarəetmə sistemi oturaqlaşırdı, cəmiyyətdə zahiri sabitlik bərqərar olmuşdu və s. Bütün bunlara baxmayaraq, xalqdan qorxu hissi hələ kommunistləri tərk etməmişdi. Ən maraqlı məqam bundan ibarət idi ki, Stalin idarəçiliyinə xas olan bir keyfiyyət - bütün insanların timsalında xəyanətkar axtarışı, hamıdan şübhələnmək bu sistemin əksər məmurlarının psixoloji portretinin əsas ştrixini təşkil edirdi. İosif Stalin ölkənin hətta hər bir kəndində belə kiçik “stalinlər” yaratmışdı. Stalin “qolçomaqlar” sinfini ləğv etmək göstərişini verməklə və kollektiv mülkiyyət anlayışını gündəmə gətirməklə, əslində, sovet dövlətinin dayağı ola biləcək bir sinfin - orta təbəqənin məhvinə nail oldu. “Sovet İttifaqında, əslində, əvvəldən bir sistemsizlik hökm sürürdü və stalinizmin meydana çıxması da elə bu sistemsizliyin nəticəsi idi. Çünki sosializmi qurmaq üçün cəmiyyətdən sosial sifariş olmadığından tamamilə zorun və gücün təsirinə əsaslanan bir mexanizmin yaranmasına ehtiyac duyulurdu” (Z.Bünyadov. “Qırmızı terror”, Bakı, 1993). Stalin məhz belə bir mexanizmin yaranmasına nail ola bildi.

Sovet Azərbaycanının tarixi həm də kütləvi deportasiyalarla xarakterizə olunur. Bu deportasiyaların, demək olar ki, hamısı məhz Stalinin dövründə həyata keçirilmişdir. Milli-etnik ayrı-seçkiliyin geniş vüsət alması azərbaycanlılara qarşı düşmənçilik mövqeyi tutan ermənilərə yeni imkanlar vermiş və məhz onların ardıcıl səyləri nəticəsində yüz minlərlə azərbaycanlı öz doğma yurdlarından didərgin salınmışdı. Bu plan İosif Stalinin xeyir-duası və Mircəfər Bağırovun dəstəyi ilə reallaşdırılmışdı. Sonralar M.Bağırov öz xalqına qarşı törətdiyi cinayətlər haqqında bunları söyləmişdi: “Mənim əsas səhvim odur ki, Beriyaya və onunla bağlı olan, onun düşmən mövqeyini müdafiə edən, orqanlarda birgə iş üzrə onunla uzun illər boyu əlaqədə olan Sumbatov, Borşev, Qriqoryan, Markaryana və başqalarına göz yummuşam, onların iç üzünü tanımamışam”. 

M.Bağırovun ifadələrindən də açıq görünürdü ki, azərbaycanlılara qarşı törədilən cinayətlərdə ermənilər xüsusi fəallıqla iştirak edirdilər. 

Eyni zamanda, törədilən kütləvi terror və deportasiya əməliyyatlarında Stalin rejiminin izləri açıq şəkildə özünü göstərirdi. 

Hər şey bir nəfərin iradəsinə tabe etdirilmişdi, nə bilirdisə, onu da edirdi, çünki “o, hər şeyi bilirdi”. Şəxsiyyətə pərəstişin ifrat və ən ikrahdoğurucu forması olan bu düşüncə tərzi bəlkə də ən qatı, mürtəce rejimin hökmranlıq etdiyi cəmiyyətlərdəki ilə eyni idi. Hətta Stalin öldükdən sonra da heç kim “böyük rəhbərin vaxtsız vəfatı”na inanmırdı. 

İndi bir çox tarixi araşdırmalarda Stalinin ölümünün SSRİ-də böyük bir kədər hissi ilə qarşılandığına dair faktlara rast gəlirik. Nə idi xalqın bu əzazil insana “hədsiz məhəbbət”inin sirri? Əlbəttə, heç bir səmimi sevgidən söhbət gedə bilməzdi. Bu, sadəcə, qorxunun doğurduğu bir “sevgi” idi. Amma zaman keçdikcə sübut olundu ki, bu cür təbliğat özünü doğrultmur və əgər cəmiyyətdə hər hansı liderə rəğbət onun həqiqi, təqdirəlayiq əməlləri əsasında formalaşmırsa, bunu qorxu mexanizminin köməyi ilə yaratmaq mümkün deyil.