Respublika.-2016.-29 mart.-¹64.-S.5.

 

Azərbaycan ziyalılarının multikulturalizm çağırışları və ermənilərin törətdikləri soyqırımı

 

Elçin MEHRƏLİYEV,

filologiya elmləri doktoru.

 

Vahid məkanda mövcud olan çoxmədəniyyətlilik etnik qruplar arasındakı fərqin təzahürü kimi müəyyən ziddiyyətlərə gətirib çıxarsa da, müxtəlif xalqlar arasında etimadı möhkəmlətmə və qarşılıqlı faydalanma imkanları ilə cəmiyyətin ümumi inkişafına təkan verir, odur ki, tolerantlıq da belə cəmiyyətlərə xas həyat tərzi kimi həmişə öz dəyər-qiymətini qoruyub saxlaya bilir.

Bununla belə, tarixi təcrübə göstərir ki, qərəzli qüvvələr milli, irqi, dini ayrı-seçkilik amillərindən istifadə etməklə qarşıdurma yaratmaq cəhdləri göstərmiş, bu yolla məkrli məqsədlərinə nail olmağa çalışmışlar. Belə hadisələr Azərbaycanda da dəfələrlə baş vermişdir və bu kimi halları Azərbaycan multikultural mühitinin sınaq dövrləri kimi də qiymətləndirmək olar.

Azərbaycan publisistikası həmin hadisə və prosesləri sayıqlıqla izləmiş, ölüm-itim olayları arxasında gizlənən siyasi məqsədləri Azərbaycan torpaqlarının işğalına yönələn səbəblər kimi şərh etmişdir. Hələ ötən əsrin əvvəllərində - erməni-müsəlman qırğınlarının başlanması ilə bədii-publisist düşüncədə formalaşan “məlun iblis”, “atan kazaklardır” bədii qənaətinin bu gün də aktuallığını itirməməsi və müasir bədii-publisist düşüncədəki uyğun qənaətlərlə uzlaşması ədəbiyyatımızın və publisistikamızın xalq həyatı ilə sıx bağlılığının, həyat həqiqətlərinə sədaqətinin nəticəsidir.

Qeyd etməliyik ki, Azərbaycanda milli və dini zəmində qarşıdurma yaratmaq fitvasına əsasən erməni ekstremist qüvvələri uymuş, münaqişə və qırğınlar törətmişlər.

Məsələ burasındadır ki, Azərbaycanı və Qafqazı işğal etdikdən sonra Rusiyanın yeritdiyi siyasət ermənilərin simasında bölgənin xristianlaşdırılmasına yönəldilmişdi və məhz bu siyasət nəticəsində Azərbaycana köçürülən ermənilərin sayı sürətlə artmağa başladı. Məqsəd nəyin bahasına olursa-olsun, azərbaycanlıları əzəli torpaqlarından sıxışdırıb çıxarmaq və bu torpaqlarda minimum müstəqil erməni dövləti, maksimum “dənizdən-dənizə Böyük Ermənistan” yaratmaqdan ibarət idi. Vaxtilə Türkiyədə çalışan rus diplomatı V.F.Mayevskinin Qafqazda baş verən erməni-tatar iğtişaşlarını “erməni məsələsi”nin bir mərhələsi kimi qiymətləndirməsi də təsadüfi deyildi.

1905-1907-ci illərdə ermənilər tərəfindən törədilən və Çar Rusiyasının şovinist siyasətinə xidmət edən nifaq və qırğınlar nəinki Azərbaycanda, ümumiyyətlə Qafqazda milli zəmində münaqişələrin genişlənməsinə təkan verdi. 1918-ci ilin martında isə erməni-daşnak qüvvələri Azərbaycanın bir sıra bölgələrində, xüsusən də Bakıda, Şamaxıda, Zəngəzurda, Naxçıvanda dəhşətli qətliamlar törətdilər.

Məkrli “köçürülmə” planı acı bəhrəsini verdi: çar Rusiyasının xeyir-duası ilə Azərbaycan torpaqlarında əvvəlcə erməni vilayəti, 1918-ci ildə isə İrəvan şəhərini və onun ətraflarını əhatə edən erməni dövləti yaradılması ilə “minimum öhdəlik” yerinə yetirildi. Lakin “yoğurub-yapmadan” özgə torpağında vətən tapan ermənilər Göyçə mahalında, Qarabağda, Naxçıvanda qırğın əməliyyatlarını davam etdirdilər. O zaman Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri vəzifəsində çalışan Ə.M.Topçubaşov ermənilərin Qarabağla bağlı heç bir əsası olmayan iddiası ilə əlaqədar bildirirdi: “Ermənilərin ortaya atdıqları Qarabağ məsələsi 5 ya 10 kənd məsələsi deyil. Mübahisə bütöv 4 sancaq — Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur üstündədir. Bu elə bir xanlığın ərazisidir ki, burada erməni və müsəlmanların sayı bərabər olmasa da, hər halda ermənilərin mütləq çoxluğu barədə danışmağa əsas yoxdur, özü də onlar buranın yerli əhalisi deyildilər. Rusiya ilə müharibədən sonra Türkiyədən buraya köçənlərdir... Nəhayət, Qarabağın özündə ermənilər yığcam halda yaşamırlar, müsəlmanlara qarşı məskundurlar”. Bununla belə, daşnak-bolşevik sövdələşməsi nəticəsində gənc süni dövlət Ermənistana ixtiyar, lakin təklənmiş Azərbaycanın yeni-yeni ərazilərini ələ keçirməyə dəstək verdilər — Ermənistan Respublikası 9 min kvadrat kilometrlik ərazisini Azərbaycan torpaqları hesabına böyüdərək 40 min kvadrat kilometrə çatdırdı. Azərbaycan SSR tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti kimi qondarma bir qurum yaradıldı. “Dağlıq Qarabağ” termini də separatçılıq niyyəti ilə Qarabağın bir hissəsinə verilmiş bir ad kimi belə meydana gəldi.

Biz bütün bu tarixi həqiqətlərin ədəbiyyatımızda və publisistikamızda əksini tapdığını görürük. C.Məmmədquluzadə, Ə.Haqverdiyev, N.Nərimanov, M.M.Nəvvab, Ü.Hacıbəyli, Ə.Hüseynzadə, M.Ə.Sabir, Ə.Ağaoğlu, M.S.Ordubadi, Y.V.Çəmənzəminli və digər ədiblərimizin bədii-publisist irsi nəinki tarixi, hətta müasir hadisələrin mahiyyətinin açılmasında və erməni millətçilərinin ifşasında son dərəcədə əhəmiyyətlidir.

M.M.Nəvvab “1905-1906-cı illərdə erməni-müsəlman davası” adlı əsərində erməni-müsəlman davasının başlıca kök və səbəblərini göstərir, Azərbaycana köçürülən erməni tayfalarının yerli əhaliyə xəyanətkar münasibətini onların rus imperiyasının fitnə-fəsadına uyması ilə izah edirdi. Müəllif qeyd edirdi ki, ermənilərin törətdiyi davamlı cinayətlər onların havadarları tərəfindən qəsdən yaradılmış cəzasızlıq mühitində inkişaf edərək 1903-1904-cü və 1905-1906-cı illərdə Bakıda, İrəvanda, Naxçıvanda, Təbrizdə, Xorasanda, Tiflisdə, Gəncədə qanlı qarşıdurmalara gətirib çıxarmışdır.

Əsərdə çar Rusiyasının milli ayrı-seçkilik siyasəti və lazım gələn məqamda milli münaqişə yaradaraq bundan faydalanması canlı müşahidə və faktlarla açıqlanır: “Elə ki rus dövləti Qafqaz məmləkətinə hakim oldu, hər yerdə sakitlik yarandı. Heç bir millətin bir-biri ilə işi yox idi. Hər kəs öz işi ilə məşğul idi və hər millət öz qanunu ilə məbədlərində ibadət edirdilər. Heç bir millət bir-birinə hücum etmirdi”. Lakin publisistin istinad etdiyi faktlardan belə məlum olur ki, zamanı yetişincə rus imperialist siyasəti yenə də öz köhnə metodunu işə salır, qanlı cinayətlərin, qırğınların təşkilində erməni din xadimləri və kilsələri mühüm rol oynayırdı. Hər dəfə erməni-müsəlman iğtişaşları başlananda azərbaycanlılar onlara pənah gətirən erməniləri ehtiramla qarşılayır, evlərində, yaxud iş yerlərində gizlədib xilas edirlər, ermənilər isə evlərdə, qəbiristanlıqlarda, kilsələrdə, qayalıqlarda gizlətdikləri silahları fürsət düşən kimi aşkara çıxarıb müsəlmanlara tərəf yönəldir, səngərlərdən, evlərin pəncərələrindən və gizli yerlərdən küçə ilə gəlib-gedən, evlərin balkonlarında dayanan böyük-kiçiyi gülləyə tuturdular...

M.M.Nəvvabın əsərində olduğu kimi, M.S.Ordubadinin “Qanlı sənələr” əsərində də erməni-müsəlman qırğınlarının bir çox gizlinləri nəzərə çatdırılır. Ədib baş vermiş iğtişaşların dörd mühüm səbəbini göstərir: “Birinci səbəb. Erməni Daşnaksutyun komitəsinin müstəbid bir idarə üsulunu təşkil etdiyidir ki, Qafqazda bir sıra qanlı teatrolar oynandı...; 2-ci səbəb, məhəlli hökumət məmurlarının müharibə zamanlarında etinasızlığı, ermənilərin terrorları qorxusundan bir tərəfi əldə saxlayıb, digər tərəfə növbənöv vicdansızlıqlar etmələridir; 3-cü səbəb və iğtişaşa gəldikdə müsəlmanların elmsizliyi və müasir işlərdən bixəbər olmalarıdır; 4-cü səbəbə gəldikdə ermənilərin avtonomiya-idarə muxtariyyəti həvəsində olmalarıdır. Bu səbəbiyyəti isbat üçün qələmə bir o qədər güc sərf etmək lazım deyil. Zira, ermənilərin hər ay Londona, Parisə, Amerikaya qaçıb ərzi-hal etmələri bunlara kamil bir sübutdur...”. Ən maraqlısı, hər iki müəllifin müşahidə və mühakimələri üst-üstə düşür, bir-birini tamamlayır. Bununla belə, M.S.Ordubadi törədilən iğtişaşların ermənilərin əvvəl Türkiyədə, bu baş tutmadıqda isə Qafqazda avtonomiya —idarə muxtariyyəti yaratmaq istəyindən qaynaqlandığını daha incəliklə təhlil etmiş və belə bir qənaətə gəlmişdir ki, “erməni və müsəlmanı müharibə səbəbinə bir-birindən ayırmaq niyyəti ilə Bakı quberniyasını və Gəncə quberniyasının aran yerlərini müsəlmanlara verib, İrəvan quberniyasını, Gəncə quberniyasının yaylaq və dağbasar ölkələrini ermənilərə verib, bunları da Qars sancağı ilə birləşdirib Erməni səltənəti təşkil etmək” erməni milli siyasətinin əsasını təşkil edir.

Ə.Hüseynzadə 1905-ci ildə yazdığı “Siyasəti-fürusət” əsərində çarizmin müsəlman xalqlarının azadlıq hərəkatına qarşı mürtəce münasibətini çar Rusiyasının dövlət naziri Pruşkeviçin səyahəti sərgüzəştlərindən bəhs etməklə — bu obrazın vasitəsilə ifşa edir, Qafqaz müsəlmanları arasında at oynatmaq, əzmək, döymək, əritmək kimi millətçi-şovinist siyasətin mahiyyətini açıb lənətləyirdi. Məlumdur ki, III Duma 1905-1907-ci illər inqilabı zamanı müsəlmanların milli azadlıq hərəkatını boğmaq məqsədilə Qafqaz müsəlmanlarını kazak atlarının ayaqları altına salmaq, susdurmaq barədə qərar qəbul etmişdi. Elə bu məqsədlə də Pruşkeviç Qafqaza və İrana səyahətə başlayır. Onun bu səyahətində bir niyyəti də Azərbaycanda “məzhəb və təriqət” ixtilafı salmaq, milli qırğın törətmək idi. Müəllif obrazların öz dili ilə açıq-aydın göstərir ki, Rusiya ilə İran Qafqaz uğrunda sövdələşmələr aparır. Bu yolda Rusiya daha hiyləgər və tədbirlidir: “Dostlarım, siyasəti-fürusət əfsunlarının biri də əhali arasında nifaq və təfriqə salmaqdadır... Bütün əhaliyə insanlıqlarını unutdurub, yek-digərləri ilə qovğa etdiriyoruz” — Pruşkeviç Tehrana gedərkən Azərbaycandakı əlaltılarına belə tapşırır.

Alovlu publisist Ə.Ağayev 1906-cı il fevralın 20-dəki Tiflis danışıqlarında “Daşnaksutyun”un yarandığı on beş ildən bəri terrorla məşğul olduğunu və Rusiya Qafqaz canişininin fikir və əqidəsinə qulluq etdiyini, öz qoşun və xəzinəsini yaratdığını bəyan etmişdir. Belə bir partiyanın da müsəlmanlar tərəfindən yaranması zərurətinə toxunarkən erməni nümayəndələri təşvişə düşmüşlər. Ə.Ağayev cəsarətlə dövlət adamlarının erməni terrorundan qorxduğunu bildirərək demişdir: “Budur neçə ildir ki, biz Qafqaz camaatı bir qəribə vəziyyətə düşmüşük ki, bir dəstə hamını qorxu altında saxlayıb heç kəsə fürsət vermirlər ki, nə öz fikrini, nə də öz işlərini necə ki lazımdır, izhar etsinlər. Camaat işinə müdaxilə edən şəxslər və qulluqçular həmişə qorxu içərisindədirlər... Biz müsəlmanlar bu halətdə davam etməyəcəyik və aşkar deyirik ki, hərgah işlər elə gedərsə, nə qədər Qafqazda bir elə terror dəstələri hökm edərsə, Qafqazda asayiş və təhlükəsizlik bərpa olunmayacaqdır...”.

Qafqazın yaxın gələcəyinin burada yaşayan xalqlar arasındakı münasibətlərin hansı istiqamətdə inkişafından asılı olacağını düşünən ədiblərimiz öz əsərləri ilə hər şeydən öncə dostluğa, dinc birgəyaşayışa, ümumi problemləri əl-ələ verib bir yerdə həll etməyə səsləyirdilər. Sülhün, dinc birgəyaşayışın həyati vacibliyi Ü.Hacıbəylinin “Biz hamımız qafqazlı balalarıyıq” adlı məqaləsində daha geniş anlamda mənalandırılaraq bütün Qafqaz xalqlarının istiqlaliyyətə çağırış qayəsinə tabe etdirilirdi: “Daha bəsdir, ağlımızı başımıza cəm edək... Hamımız Qafqaz balalarıyıq, zərurət və ehtiyacımız birdir. İstiqbalımızın rifah və səadətini təmin edəcək qüvvə hamımızın himmət və qeyrətinə bağlıdır. Yalqız əldən səs çıxmaz... Birimizin düşməni varsa, hamımızın düşmənidir, dəfinə hamımız çalışmalıyıq. Birimizi bir təhlükə təhdid edirsə, hamımızı təhdid edir, nicatımız ittifaqdadır. Din, millət ayrılığı bizim ittifaqımıza sədd olmasın gərək!”. Müəllif buradakı “hamımızın düşməni”, “hamımızı təhdid edən təhlükə” ifadələri ilə məhz çarizmi, onun “parçala, hökm sür!” mürtəce siyasətini nəzərdə tutur, fitnə-fəsada uymuşları nifaq və ədavətdən uzaq durmağa, məktəb, mədrəsə, qəzet yaratmağa, araqızışdıran məqalələr yazanları öz səhvlərini başa düşüb nəticə çıxarmağa çağırır, Qafqaz balalarına keçənə güzəşt etməyi, gələcəyin dərdinə qalmağı tövsiyə edirdi. Ədibin publisist əsərlərinin ideya-məzmunundan açıqca görünür ki, “başı üzərinə böyük bir hərc-mərclik zülməti” çökmüş Qafqazda öz doğma vətəninin, millətinin taleyindən nigaranlıq və narahatlığının səbəbi daha böyük və daha köklüdür. “Dövlət Dumasının açılmağı” adlı məqaləsində yazdığı kimi, “xalqlar həbsxanası” adlanan çar Rusiyasında əslində hamıya bir gözlə baxılmır, milli ayrı-seçkilik siyasəti yeridilir: “...Birinə hörmət edirdilər, o birisinə məhəl qoymurdular. Biri olurdu qul, o biri onun başının sahibi. Birinə çoxlu ixtiyar verirdilər, o birini o ixtiyardan məhrum qoyurdular... Bu xüsusda hər bir ixtiyaratdan məhrum və məyus olan biz müsəlmanların halı hamıdan yaman idi...”.

N.Nərimanov 1906-cı ildə “Həyat” qəzetində yazırdı: “Yüz illərlə can çəkişdirib, axırda yenə də ixtiyarsız qul olmaqdansa, məhv və nabud olmaq, can verib getmək, lakin hürriyyət və bərabərlik yolu kimi şanlı müqəddəs bir yolda ölmək, şəhid olmaq, əlbəttə, daha məsləhətdir!... Yoxsa bu yaşayış yaşayış deyildir!”. Ö.F.Nemanzadə zülm və istibdada dözməməyə, ayılıb haqq və ədalət uğrunda vuruşmağa səsləyirdi: “Bəsdir bu qədər səbir! Bəsdir çəkdiyimiz bu qədər həqarət! Vaxtdır ki, cümləmiz ittifaq edib tələb edək: Cənablar! Biz öz dilimizlə oxuyub, dilimizi, milliyyətimizi bilmək istəyirik. İstəyirik ki, bir para milli işlərimizi özümüz idarə edib, bizim adətimizdən bixəbər olan cahil və zalım qulluqçular başımıza bəla olmasınlar”. Y.V.Çəmənzəminlinin 1918-1920-ci illər erməni-müsəlman qırğınları zamanı yazdığı “Kiyevdən məktub”, “İki aləm”, “Zəruri məsələlər”, “Azərbaycan muxtariyyəti” və s. kimi publisist məqalələrdə milli tale, vətənin gələcəyi, “köhnəni yıxmaq və təzə bina üçün zəmin hazırlamaq” problemləri əks olunurdu. O, vətəni üzərində qara tufanların əsdiyini aydınca dərk edir, həm qərəzli qüvvələrə, həm də öz millətinə xəbərdaredici bir tərzdə yazırdı: “Dünyada hər bir millətin xoşbəxt yaşamasına səbəb ancaq o millətin öz milli idarəsi ola bilər. Milli idarə də milli torpaqda, yəni müəyyən bir ölkədə bərqərar ola bilər. Deməli, əvvəlinci məsələ milli ölkədir. Torpağımıza söykənsək (yəni qoruya bilsək - E.M.), heç bir düşmən bizə xətər yetirə bilməz”. O, bu vacib işin çətinliyini də göstərir, milli səfərbərlik ruhu aşılamağa çalışırdı: “Bizim Azərbaycan min il bundan əvvəl də mövcud idi. Onda həm ölkəmiz var idi, həm də xalqımız. Lakin hakimiyyət bizim əlimizdə deyildi. Gəldi-gedər bir xan və ya bəy faydamızı gözləyə bilmirdi. Rusların hakimiyyəti bizi dəxi də pis hallara gətirdi; ixtiyarımızı əlinə alıb, bizi həm torpağımızdan, həm də millətimizdən məhrum qılmaq istədi. Vətənimizi rus köçəriləri ilə doldurdu”. Ədib 1918-ci ildə “Azərbaycan” qəzetində dərc etdirdiyi “Xarici siyasətimiz” adlı məqaləsində erməni məsələsinin yenə meydana çıxdığı bir vaxtda “köhnə ədavətin unudulmasını”, arada davamlı bir sülh olmasını arzulayır, eyni zamanda erməni ədalarının bu sülhü pozmasından, “ermənilərin etnoqraf cığırlarından çıxmasından” ciddi narahatlığını bildirərək uzaqgörənliklə yazırdı: “Böyük Ermənistan xəritəsini gördüm, üç dəniz arasında təşəkkül edəcək imiş: Ağ, Qara və Xəzər dənizləri arasında. Xəritədə Gəncə, Lənkəran, Salyan, Təbriz, Marağa və başqa şəhərlər də Ermənistana daxil edilmişdi. Əgər bu xəritə erməni milli amilinin şəkli isə, onda erməni məsələsi yenə bir çox münaqişə və mücadiləyə səbəb olacaq və həlli yenə kağız üzərində qalacaqdır”. Daha sonra “...iki millət arasında sıxı bir rabitə var. Dostluq ilə yaşamaq üçün böyük bir zəmin mövcuddur. Lakin siyasətin əyri yol getməsi iki millətin dostluğunu və asayişini pozur. Erməni rəhbərləri bizə əl uzatmalıdırlar, kin-küdurəti buraxıb, doğru yola gəlməlidirlər” - deyə ilk olaraq özü ermənilərə əl uzadırdı.

Parçalanmış və parçalanmasına hələ də cəhdlər edilən vətənin dərdi, taleyi C.Məmmədquluzadə publisistikasının başlıca mövzu-problemi idi. O, “Necə qan ağlamasın daş bu gün...” adlı felyetonunda Azərbaycandakı mövcud vəziyyəti Kərbəla müsibəti ilə əlaqələndirməklə bir növ həyəcan təbili çalır, xalqın diqqətini taleəhəmiyyətli problemlərin həllinə yönəltməyə çalışırdı. 1917-ci ildə “Molla Nəsrəddin” jurnalının 24-cü sayında dərc etdirdiyi “Azərbaycan” məqaləsinin məzmunundan görünür ki, dünya və aləmin dəyişib özgə bir məna əxz etdiyi, yəni itirdiyi mənanı tapdığı — vətən, dil, millət atributlarına yiyələndiyi bir vaxtda öz millətinin o taylı, bu taylı vətənin bütövlüyü uğrunda mübarizə aparmaması, hətta doğma dilini unudub farsca, ərəbcə, rusca danışmağı üstün tutması, qəflət yuxusundan ayılıb gələcəyini düşünməməsi müəllifi bərk təşvişə salır. Ədib öz-özü ilə qurduğu dialoq vasitəsi ilə əslində millətini öz tarixi məmləkətinin, dilinin, mədəniyyətinin faciəvi taleyinə görə hesabata, cavabdehliyə səsləyir, mübarizəyə çağırırdı.

Habelə, Ə.M.Topçubaşov, Ə.Ağaoğlu, C.Hacıbəyli, N.Nərimanov, E.Sultanov, S.Eynullayev, N.Minasazov və başqa bu kimi istedadlı publisistlər milli zəmində baş verən qırğınlarla əlaqədar Qafqazın bir çox qəzet və jurnallarında məqalələr dərc etdirmişlər. Onlar milli dözümlülüyün tərəfdarı kimi Qafqaz ocağında dinc birgəyaşayışa çağırır, millətçiliyi mühakimə edir, erməni-daşnak təhdidlərinə qarşı ittifaqa çağırırdılar.

1918-1920-ci illərdə ermənilərin Azərbaycanda törətdiyi faciələri öz yaradıcılığında başlıca mövzuya çevirənlərdən biri də Mirzə Bala Məmmədzadə idi. O, yaranmış ictimai-siyasi vəziyyətdə daha böyük faciələrin qaçılmaz olduğunu dərk edir, vətənin bütövlüyü, müstəqilliyi uğrunda mübarizəyə çağıran məqalələr yazır, vətən yolunda can verməyin, milli muxtariyyəti yolunda varından keçməyin bir milləti yaşatmaq istəyi, əzmi olduğunu vurğulayırdı. Publisistin 1919-cu ildə “Bəsirət” qəzetində dərc etdirdiyi “Ermənilər və biz”, “Qansız mümkün deyilmi”, “Yeni Ermənistan və Azərbaycan”, “Üç təhlükə” adlı məqalələrində erməni-daşnak qüvvələrinin məkrli siyasəti bütün ciddiliyi ilə açılıb ifşa edilirdi. Yaxud hələ sovetlər dövrünün ilk illərində N.Nərimanov ürək ağrısı ilə qələmə alıb Stalinə göndərdiyi “Ucqarlarda inqilabımızın tarixinə dair” məruzəsində Mərkəzin Azərbaycanı simasızlaşdırmaq siyasətindən hiddətlə bəhs edirdi: “...Mərkəz... ucqar respublikaların daxili işlərinə qarışmaq məqsədilə qəsdən bu “beynəlmiləlçiləri” irəli çəkir, müdafiə edir”. O, “bu beynəlmiləlçilər” dedikdə Mərkəzdən xüsusi mandatla göndərilən “ixtiyar sahiblərini” — milli dövlət quruculuğuna kobudluqla müdaxilə edən, Azərbaycanda açıq-aşkar ruslaşdırma və erməniləşdirmə siyasəti yeridən, Azərbaycan xalqının milli hisslərini belə təhqir etməkdən çəkinməyən mikoyanları, mirzoyanları, kirovları, serebrovskiləri... nəzərdə tutur və onların apardığı iyrənc siyasətə son qoyulmasını tələb edirdi N.Nərimanov açıq-aşkar yazırdı: “...Burada məlum plan üzrə fəaliyyət göstərilir...”; “Bu kampaniyanın fəaliyyəti Azərbaycanın simasızlaşdırılmasına yönəlmişdir... Kommunizm bayrağı altında daşnaklar öz işlərini görür...”; “Azərbaycanın taleyi erməni daşnaklarına tapşırılır”.

N.Nərimanov Azərbaycanın tarixi torpaqlarının Ermənistana verilməsi məsələsinə də kəskin surətdə münasibətini bildirir, bu barədə V.İ.Leninə məktubunda daha qətiyyətlə yazırdı: “Dəhşətli vəziyyət yaranmışdır. Mərkəz Gürcüstan və Ermənistanın müstəqilliyini, Azərbaycanın istiqlaliyyətini tanımış, lakin eyni zamanda o, Mərkəz, Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini Ermənistana verir... ...Çoxmillətli əhalinin hüquq və hissləri ilə belə zarafat etmək olmaz... Mən qəti surətdə bildirirəm: Əgər Siz də bizim dəlillərə diqqət yetirməsəniz, məcbur olacağıq ki, bizim geri çağırılmağımız barədə Mərkəz qarşısında məsələ qoyaq...”.

Təhlil nəticəsində belə bir qənaətə gələ bilərik ki, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanda milli və dini zəmində qarşıdurma yaratmaq cəhdləri barədə yazılmış məqalələr janr, forma, üslub cəhətdən müxtəlif və rəngarəng olsalar da, ideya-məzmun xüsusiyyətlərinə görə yaxın və oxşardırlar. Belə ki, törədilən qırğınlar birmənalı olaraq çar Rusiyası müstəmləkəçilik siyasətinin və bədnam “erməni məsələsi”nin tərkib hissəsi kimi qiymətləndirilib şərh edilmişdir. Publisistika siyasi kələklərin Azərbaycan multikultural mühitinə heç bir aidiyyəti olmadığını və millətlərarası münasibətlərdəki mövcud tarazlığı poza bilmədiyini göstərmişdir. İnsaniyyətə heç bir zidd fikirlərə yol verilmədən milli ayrı-seçkiliyə qarşı ikrah hissi yaradılmış, zülm və istibdaddan, milli qırğınlardan nicat yolu mütləqiyyətin devrilməsində görülmüş, azadlıq uğrunda mübarizənin formalaşmasına mane olan hallar, amillər tənqid atəşinə tutulmuş, xüsusən də xalqımızın başını qatan erməni daşnaklarının təxribatçı əməlləri ifşa edilmişdir. Nəhayət, publisistikanın belə bir dəyişməz, qərarlı səciyyəsinin formalaşmasında Azərbaycan xalqının tolerant həyat tərzi əsaslı dərəcədə rol oynamışdır.