Şərq.-2016.-30 mart.-¹ 54.-S.5.

 

Milli mətbuatımızda 1918-ci il 31 mart soyqırımı

(1918-1920-ci illər)

 

Akif Aşırlı

 

XX əsrin əvvəllərindən başlayaraq ermənilərin Azərbaycan xalqına qarşı apardığı terror və soyqırım siyasəti bu gün də Dağlıq Qarabağda, Ermənistanla həmsərhəd bölgələrdə davam edir. Cənubi Qafqazda sülhün, siyasi sabitliyin, birgəyaşayış qaydalarının təhlükə mənbəyinə çevrilən, terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistan Respublikası tarixən bu coğrafiyada törətdikləri qanlı olayları yenidən dirçəldir, günahsız insanlara, qocalara, uşaqlara qarşı soyqırım siyasətindən əl çəkmək istəmir.

Ermənilər soyqırım siyasətini tarixən tək insan resurslarını məhv etmək üzərində həyata keçirmir, Azərbaycan xalqının milli təsisatlarını, milli mətbuat orqanlarını sıradan çıxarıb, yararsız hala salmaq, bununla da törətdikləri qanlı olayların tarixdə yaşamamasına nail olmaq planları əsasında qururdu.

1918-ci ilin mart ayının 31-dən aprelin 2-dək Bakıda, Şamaxıda, İrəvanda, Qubada, Salyanda, Neftçalada və digər bölgələrdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi soyqırım zamanı tək on minlərlə insan qətlə yetirilmədi, milli mətbu orqanlarımız, mətbəələr, konkret jurnalistlər də hədəfə alındı. "Açıq söz”, "Kaspi” redaksiyaları yandırıldı. Almaniyadan gətirilən çap avadanlıqları ilə təchiz olunan Orucov qardaşlarının elektrik mətbəəsi dağıdıldı. "Kaspi” mətbəəsində yenicə çap olunan 5 min Quran kitabı oda qalandı.

Milli məfkurə məbədi olan "İsmailiyyə” binası yandırıldı, Təzə pir məscidinin minarəsi top atəşi ilə dağıdıldı. Həmin hadisələri gözləri ilə görən, "Kaspi” qəzetində mürəttib kimi çalışmış, əslən Maştağadan olan Seyidağa Axundzadə yazır ki, "İsmailiyyə” binasına od vuran "Daşnaksütyun” firqəsi silahlıları sonra qəzet redaksiyalarına hücum etdilər.

"Azərbaycan” qəzetində 1919-cu ildə çap edilən 31 mart soyqırımı ilə bağlı fotoşəkillərdən biri "Kaspi” qəzeti redaksiyasının yandırılmasından sonrakı vəziyyəti təsvir edilir.

Daşnaksütyun Partiyası tərəfindən 1917-ci ildə planlaşdırılan, bolşeviklərlə birgə həyata keçirilən 31 mart qırğını Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, tarixi yaddaşına, ziyalılarına qarşı mənəvi soyqırım idi. Azərbaycan xalqının mədəniyyətinə vurulan bu ağır yaraları o dövrün qələm sahibləri "mədəni zərbə” adlandırırdılar.

1918-ci ilin mart soyqırımınadək Azərbaycanda 20-dən artıq anadilli mətbu orqan fəaliyyət göstərməyinə baxmayaraq, qətliamdan sonra yalnız "Hümmət” və "Bakı Şurasının əxbarı” qəzetlərindən başqa digər milli mətbuat nümunələrinin nəşri qadağan olundu.

"Açıq söz”, "Bəsirət”, "İstiqlal”, "El həyatı” və başqa ana dilli qəzetlərin son sayları soyqırımdan bir gün əvvələ, martın 17 və 18-nə təsadüf edir. Bakı Sovetinin sədri Şaumyanın əmri və Mətbuat bürosunun qərarı ilə "mart hadisələrinə düzgün qiymət vermədiklərinə və vahid sosialist cəbhəsində dayanmadıqlarına” görə, hətta rusdilli qəzetlər belə bağlanıldı. "Kaspi”, "Bakı”, "Bakinets”, "Vesti Baku”, menşeviklərin "Naş qolos” qəzetlərinin nəşri dayandırıldı, bəyanatların, əhaliyə müraciətlərin çapı qadağan olundu.

Tiflisdə nəşr olunan anadilli mətbuat orqanlarını çıxmaq şərtilə Azərbaycan milli demokratik mətbuatı 1918-ci ilin martından sentyabrın 15-i, Bakının işğaldan azad olunduğu günə qədər özünün iflic dövrünü yaşadı.

V.İ. Lenin tərəfindən Qafqaza fövqəladə komissar kimi göndərilən Şaumyanın rəhbərliyi ilə hələ 1918-ci ilin yanvar ayından başlayaraq Azərbaycan xalqına qarşı terror və qətliamlar planlaşdırıldığını anlayan milli mətbuat orqanları bu barədə xalqı məlumatlandırır, onlara özünü müdafiə hissi aşılayırdılar. "Açıq söz”, "İttihad”, "İstiqlal” kimi qəzetlərdə "Birlik tələb olunur”, "Birləşəlim”, "İttifaq edəlim”, "İttihad gərək” çağırışları qəzetin əsas sütunlarında dərc olunurdu.

S. İbrahim bolşeviklərin və Daşnaksütyun Partiyasının, Erməni Milli Şurasının silahlı hərbi birləşmələrinin xalqımıza qarşı planlaşdırdığı faciəvi hadisələri "Milli fəlakət” kimi dəyərləndirərək xalqı xəbərdar edirdi: "Müsəlman partiyaları da xalqı milli fəlakətdən xilas etmək xatirinə birləşməyə borcludurlar... Dəhşətli saət gəliyor, birləşəlim!” S. İbrahim bu xəbərdarlığı qətliamdan 3 gün əvvəl etmişdi.

I Dünya Müharibəsindən Qafqaz cəbhəsindən geri çəkilən və Bakıda qərarlaşan 6 minə yaxın silahlı əsgər və zabit bolşeviklərin sərəncamında idi. Daşnaksütyun Partiyasının 4 minə yaxın hərbi qüvvəsi də Şaumyanın əvvəlcədən hazırladığı plan əsasında milli qırğında istifadə üçün hazırlanmışdı. "Bakinski raboçi”, "İzvestiya raboçix Sovetov deputatov” qəzetlərində Şaumyan bu qədər hərbi qüvvəyə sahib olduqlarını açıq söyləyirdi.

"Hümmət” partiyasının sədri, doktor Nəriman Nərimanov Azərbaycan xalqını bolşevik-daşnak birləşmələrinin qırğınından qorumaq üçün martın 18-də saat 12 radələrində öz evində toplantı keçirdi. Bakıda ictimai-siyasi, sosial-psixoloji durumun partlayış həddinə çatdığını görüb, S. Şaumyanı qırğın planından çəkindirmək üçün onu Bakı ağsaqqalları, "Hümmət” Partiyasının üzvləri, Müsəlman Milli Şurası nümayəndələri ilə görüşdürdü. Doktor üzünü S. Şaumyana tutub dedi: "Yoldaş! Siz də, mən də müsəlmanların halını bilirik. Hərgah bir iğtişaş başlansa, ayaq altında qalan fəqir-füqəra olacaqdır. Ona görə Sizdən təvəqqe edirəm, sizə yalvarıram, bu işi sülh yolu ilə qurtarınız”.

"Yevlena” gəmisində öz əsgər yoldaşları Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin dəfnindən sonra Lənkərana qayıdan "Dikaya diviziya”nın 48 nəfər heyətinin alınan silahlarını geri qaytaracağı vədini verən Şaumyan əvvəlcədən planlaşdırdığı qırğını həyata keçirmək üçün sözünün üstündə durmadı. "Hümmət” qəzeti bu barədə yazır: "Atəşin necə və kimin tərəfindən başlanıldığını müsəlman vəkilləri bilir”.

"Dikaya diviziya” əsgərlərinin silahlarının qaytarılması əvəzində müsəlmanlara qarşı hərbi əməliyyatlara hazırlaşanlar martın 18- də (təzə təqvimlə martın 31-də) axşam qanlı olayların icrasına başladılar: "Saat 5-də müsavatçılar İcraiyyə komitəsində silahların qaytarılmasını gözləyirdilər. Bu halda xəbər yetişir ki, Şamaxı caddəsində müsəlmanlara hücum edib onları öldürürlər”. Qırğınları icra edən isə Stopka Lalayevin erməni dəstəsi idi. Həmin gün axşam saat 7-də bir neçə azərbaycanlı qətlə yetirildi və sonra qətliamlar şəhərin müsəlmanlar yaşayan hissəsinə keçirildi, əhali Mars teatrının damında yerləşdirilən pulemyotlardan atəşə tutuldu. Artıq saat 10-da məlum oldu ki, mərkəzi küçələr işğal edilib, şəhərin aşağı hissəsi ilə əlaqə kəsilib.

3 gün ərzində Bakı qan gölünə çevrildi. Uşaq, qoca, qadın bilmədən qarşılarına keçənləri qətlə yetirən bolşevik-daşnak birləşmələri bəzən insanları diri-diri alovlanan evlərin içinə atırdılar. Küçələr, evlər parçalanmış qadın, qoca, uşaq cəsədləri ilə dolu idi. Qaçıb canını qurtarmaq istəyənlərin evləri, varidatları talan edilirdi. Bakı əhalisinin 3 gün aramsız qətlini gözləri ilə görüb bu barədə kitab yazan Seyidağa Axundzadə qeyd edir ki, şəhəri bürüyən tüstüdən qırğının miqyasını təyin etmək olardı: "Daşnak firqəsi əllərinə düşən müsəlman övrət və uşaqlarından heç bir zülmü əsirgəməyib insanlara yaraşmayan böylə qəbahətlərin icrasına qədər varmışlar”. Hamilə övrətlərin bətnində olan məsum səbilləri (uşaqları) belə çıxarıb tüfəng cüdalarına taxmışlar. Pojarnı komanda tərəfindən vaqe bir məscidin divarlarında neçə uşağın mıxlandıqlarını sonra görmüşlər və o tərəfdə yaşayan müsəlmanların həyatına birdəfəlik qələm çəkmişlər”.

İnsanların kütləvi qırğına məruz qalmasını, erməni vəhşətlərini gözü ilə görən Məhəmməd adlı bir şəxs "Saralmaz yaralarımız” sərlövhəli məqalədə yazırdı: "Küçələr meyitlərlə dolmuşdu. Quba meydanından (indiki Füzuli meydanı nəzərdə tutulur - A.A) Nikolayevski hazırkı "İstiqlaliyyət” küçəsi) caddəsinə qədər bazar tamam yandırıldı. Uşaq, böyük, arvad, kişi - heç kəsə fərq qoyulmadan hamısını qətl edirdilər. Müsəlmanların ev, dükan və mağazaları yandırılmışdı. Bir müsəlman həyətinə daxil olub burada 30-dan 40-a qədər uşaq, arvad, kişi cənazələrini gördüm. Müsəlmanların tələfatı, yalnız qətl edilənlər 5-6 minə qədərdir”.

Bu qanlı olayları öz səhifələrinə köçürən milli mətbuat orqanlarımız soyqırımın təfərrüatına vararaq yazır: "Bütün vəhşət və zalımlıqları sayıb-qurtarmaq olmaz. Bunu bilirəm ki, bolşeviklərin öz hesabına görə, 8 min islam qırılmışdı. Bu yalandır. Çünki onlar ətrafda, kəndlərdə qırılanları hesaba daxil etmirlər”. Nəinki Bakının mərkəzində, keçidlərdə yaşayan əhali də kütləvi qırğınla üzləşdi. Nəvai kəndinin tamamən yerlə-yeksan olduğu, əhalisinin məhv edildiyi barəsində də mətbuatda məlumat dərc edilib.

İnsanları qətlə yetirdikdən sonra neft və su quyularına atılması da erməni vəhşiliyinin bariz nümunəsi idi. Xəstəxanada yatan bir yaralı jurnalist öz başına gələnləri nəql edərək söyləyir ki, 9 nəfər araba ilə gedən zaman yolda erməni silahlılarına rast gəlirlər: "Yolda bir neft quyusunun yanında bizi saxladılar. 5 şəhərlini diri-diri quyuya tullayıb bizi də gülləbaran etdilər. Mənim 3 yoldaşım öldü. Mən isə yaralandım. Ermənilər gedəndən sonra mən sürünə-sürünə dəhşətli yerdən uzaqlaşdım. Yolda bir həmişəri məni saxlayıb xəstəxanaya apardı”.

Hadisələr səngiyəndən sonra yalnız martın 25-də "Vulkan cəmiyyətinin köhnə yanalma körpüsünə 6748 meyit gətirilmişdi.

"Azərbaycan” qəzeti "Mart hadiseyi-ələməsinin müxtəsər tarixçəsi” sərlövhəli məqaləsində Şaumyan, Saakyan və Arekyanın rəhbərlik etdikləri dəstənin Bakıdan öncə Şamaxıda qırğınlar törətdiklərini və bu xəbərin Bakıda təşviş yaratdığını yazır: "Martın 16-da xəbər gəldi ki, bolşevik soldatları Şamaxıya hərəkət edərək intizamsızlıq salıb, yolda qabaqlarına gələn müsəlman kəndlərini, o cümlədən Ağdərə, Novxanlı, Qarxunlu kəndlərini qarət edib, müsəlmanları qırırlar”. Martın 17-də Bakıya xəbər çatır ki, Şamaxıda müsəlman qırğınını bolşeviklərlə yanaşı, ermənilər təşkil edib.

"Hümmət”in "Şamaxı əhvalı” sərlövhəli məqaləsində qeyd olunur ki, 17 yaşından 50 yaşınadək olan Şamaxı erməniləri bolşeviklərin Qırmızı ordusunun tərkibinə qatılmışdılar. Vəziyyətin acınacaqlı olduğunu qəzet bu şəkildə təsvir edir: "Şamaxı şəhəri bütünlüklə yanıb”.

Milli mətbuatımızda Bakıda törədilən qırğınlarla yanaşı, Şamaxıda 7 mindən çox müsəlmanın qətlə yetirilməsinə diqqət yönəldilib, kəndlərində ermənilərin törətdikləri vəhşiliklər qələmə alınıb.

"Azərbaycan” qəzeti Şamaxı qırğınında iştirak edən bolşevik-erməni silahlı birləşmələrinin sayını da göstərir: "Şamaxı mahalına bir qitə göndərilib, əhali məhv edilir. 4 min əsgərin yüzdə səksəni erməni olur”.

Bakı və ətraf bölgələrdə törədilən soyqırımın sinfi deyil, milli qırğın olduğunu, minlərlə insanın qətlə yetirildiyini görən N. Nərimanov Şaumyana və Çaparidzeyə sərt ittiham dolu məktub göndərdi: "Siyasi mübarizə axırda milli mübarizə yolu alıbdır. Bu halət Şura hökumətinə ləkə salıb onu qara örtük ilə bürüyür. Hərgah siz bu yavuq vaxtda bu qara örtüyü cırıb, bu ləkəni təmizləməsəniz, bolşevik fikri və Şura hökuməti burada davam edə bilməyəcəkdir”. Top-tüfənglə qurulan hakimiyyətin ömrünün çox qısa olacağını yazan N. Nərimanovun uzaqgörənliklə söylədiyi fikir çox keçmədi ki, özünün təsdiqini tapdı. Tiflisdə noyabrın 12-də yalnız bir sayı işıq üzü görən "Qardaş qayğısı” qəzeti bütövlükdə Şamaxı və Bakıda ermənilərin törətdikləri qırğınlara həsr olunub. Böyük formatda, iki səhifəsi ərəb qrafikalı Azərbaycan əlifbasında, iki səhifəsi rusca nəşr olunan qəzet "Turan” Gənclər Təşkilatı tərəfindən xeyriyyə məqsədi üçün nəşr edilib. Qəzet erməni bandalarının Bakıda, İrəvanda, Şamaxıda törətdikləri qeyri-insani hərəkətləri, vəhşilikləri emosiyasız təsvir edə bilmir: "Xunxan erməni bandaları müsəlmanların izzəti-namusuna toxunub 12 yaşında qız uşaqlarını dizlərinin üstünə mindirib, namusuna təcavüz etdikdə təsəlliyat olurlar idi. Şamaxıda 400-dən ziyadə qoca islam ailələrini məscid həyətinə yığıb siyirmə xəncər bunların üstünə düşüb vay həsrəta ilə doğramışlar.

Azərbaycanlılara qarşı bütün vəhşi üsullardan istifadə edən erməni-bolşevik birləşmələri Şamaxının ən qədim tarixə malik məscidini yandırmışlar. "Azərbaycan” qəzeti yanmış məscidin şəklini öz səhifələrində dərc etməklə tarixdə ermənilərin xalqımızın milli-mənəvi dəyərlərinə qarşı oynadıqları rolu bir növ faktlaşdırıb, bu günümüzə çatdırmışdı.