Azərbaycan.-2016.-30 mart.-65.-S.1,3.

 

Azərbaycan dövlətinin təməl prinsipləri

 

 Bəxtiyar SADIQOV

 

Bütün dünyaya nümayiş etdiririk ki, Azərbaycan müstəqil ölkə kimi uğurla yaşayır. Müstəqilliyin bütün üstünlükləri Azərbaycan xalqı üçün artıq bəllidir. Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir. Biz var gücümüzlə müstəqilliyimizi qoruyuruq və qoruyacağıq. Qısa müddətdə - müstəqillik dövründə Azərbaycan çox böyük və şərəfli yol keçib. Əgər biz müstəqilliyi 1991-ci ildə yox, 1971-ci ildə, yaxud 1950-ci illərdə qazansaydıq, bu gün Azərbaycan dünyada ən inkişaf etmiş ölkəyə çevrilərdi. Ancaq biz bu yolla gedirik. Ölkəmizi gücləndiririk, inkişaf etdiririk. Hər bir sahə üzrə konkret proqramlar var. Siyasi, iqtisadi islahatlar aparılır. Regional inkişaf proqramları icra edilir.

İlham ƏLİYEV

 

Hər bir dövlətin mövcudluğu, yaşaması və inkişafı üçün onun təməl prinsipləri olur. Bu prinsiplər daşıdığı əhəmiyyətə görə çox mühümdür və onlara əməl edilməsi, daim qorunub saxlanılması və inkişafın bütün məqamlarında nəzərə alınması son dərəcə vacibdir.

Ulu öndər Heydər Əliyevin siyasi liderlik keyfiyyətlərindən danışarkən bir vacib məqamı da vurğulamalıyıq ki, bu dahi şəxsiyyət müstəqil Azərbaycanı tək məhv olmaqdan, bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməkdən xilas etmədi. Həm də müasir Azərbaycanın memarı və qurucusu olmaqla bahəm, müstəqil dövlətimizin təməl prinsiplərini də böyük uzaqgörənliklə müəyyənləşdirdi. Ulu öndər öz fəaliyyəti dövründə bu prinsiplərə çox ciddi əməl etdi, onları inkişaf etdirərək formalaşdırdı, əbədiyaşarlıq verdi. 

Dövlətin təməl prinsipləri, adətən, bəşəri olur, amma onların arasında, təbii ki, milli xarakter daşıyanı da var. İlk əvvəl bəşəri mahiyyət daşıyan prinsiplərə nəzər salaq. Bunlardan birincisi dövlətçilikdir. Dövlətçilik prinsipi ona görə vacibdir ki, dövlətin mövcudluğu qorunsun, inkişaf etdirilsin. Bu prinsipin qayəsini Azərbaycanın müstəqilliyinin hər şeydən uca tutulması, suverenliyimizin qorunması üçün bütün vasitələrdən istifadə olunmasının zəruriliyi ideyası təşkil edir. Müstəqil dövlətçilik prinsipi Hər şey dövlət naminə şüarına söykənir. Azərbaycanda müstəqil dövlətin qurulması yolunda Heydər Əliyevin hələ sovet illərindən başladığı işlər nəticə etibarilə bu prinsipin reallaşmasına yol açdı. Heydər Əliyevin sayəsində Azərbaycanın müstəqilliyinin dönməzliyi tam təmin olundu. Bu baxımdan, əslində, ilk şərt dövlətin mövcudluğudur. Çünki dövlət olmayandan sonra digər prinsiplərə onsuz da ehtiyac qalmır. 

İkinci prinsip qanunçuluqdur. Dövlət qanunlarla idarə olunur. Qanun alidir və hər kəs ona tabe olmalıdır. Tutduğu mövqedən, cəmiyyətdəki fəaliyyətindən asılı olmayaraq bütün vətəndaşlar qanuna əməl etməlidirlər. O yerdə ki qanun yoxdur, orada anarxiyadır və dövlətin idarə edilməsindən söhbət gedə bilməz. Ona görə belə halda artıq dövlətin gələcəyi şübhə altına düşür və yaxud digər dövlətin forpostuna çevrilir. 

Azərbaycan demokratik, hüquqi, dünyəvi ölkədir. Bu müddəalar bizim Konstitusiyamızda öz əksini tapıb. Ölkəmizdə hakimiyyətin üç qolu yaradılıb: icra hakimiyyəti, ali qanunverici orqan və məhkəmə hakimiyyəti. Bu, dövlətin demokratik idarəedilməsinin ən vacib formasıdır və təbii ki, hər bir orqan öz fəaliyyətini məhz qanunlar əsasında qurur. Demokratiya həm də qanunlarla idarə olunan dövlət, cəmiyyət deməkdir. Yəni bütövlükdə qanunçuluq, eyni zamanda qanunun aliliyinin təmininə xidmət etmək deməkdir. 

Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan azad bazar iqtisadiyyatına qədəm qoydu. Baş müəllifi ulu öndərin özü olan yeni Konstitusiya hazırlandı və referendum yolu ilə qəbul olundu. Ölkəmizdə müvafiq iqtisadi və sosial islahatlar aparıldı, özəlləşdirmə proqramları yerinə yetirildi, torpaq islahatları həyata keçirildi. Bütün bu proseslərin normal, sürətlə getməsi üçün müvafiq qanunlar qəbul edildi. Bu qanunlar qəbul edilməzdən əvvəl Avropa qurumlarına göndərildi, ekspertizadan keçirildi, rəylər alındı və beynəlxalq tələblərə cavab verən qanunlar hazırlandı. Bu baxımdan qanunçuluq Heydər Əliyevin Azərbaycan dövlətçiliyi üçün müəyyən etdiyi əsas prinsiplərdən biridir.

Digər prinsip varislikdir. Burada söhbət siyasətin varisliyindən gedir. Varislik siyasi ənənələrin qorunması, saxlanılması, inkişaf etdirilməsi, gələcək nəsillərə çatdırılması deməkdir. Ulu öndər Heydər Əliyev Azərbaycanın siyasi yolunu düzgün müəyyən edib və bu yol davamlı olmalıdır. Ötən 12 ildə qazandığımız hər bir uğur sübut edir ki, Heydər Əliyev siyasi yolunun alternativi yoxdur.

Dövlətin əsas prinsiplərindən biri vətəndaş həmrəyliyidir. Yaxşı yadımızdadır ki, 1993-cü ildə Azərbaycan bir dövlət kimi məhvolma həddinə çatmışdı. Ölkə vətəndaşları arasında ciddi qarşıdurma var idi. Hətta Gəncədə vətəndaş müharibəsinin qığılcımları alışmışdı. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyət sükanının arxasına keçər-keçməz bu qığılcımları söndürdü və vətəndaş qarşıdurmasının alovlanmasına imkan vermədi. 

Vətəndaş həmrəyliyi hər bir ölkədə sabitliyin, əmin-amanlığın ən mühüm şərtlərindən biridir. Fəxarət hissi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda belə bir vətəndaş həmrəyliyi var. Bu həmrəyliyin təməlini ulu öndər Heydər Əliyev qoydu və möhkəmləndirdi. Prezident İlham Əliyevin rəhbərliyi illərində isə ölkəmizdə vətəndaş həmrəyliyi daha da dönməz xarakter aldı. Çünki Azərbaycan iqtidarı həqiqətən insanların arzularını gerçəkləşdirmək, sabitliyi daha da möhkəm etmək istiqamətində mühüm addımlar atır. 

Qeyd etdiyimiz kimi, Azərbaycan demokratik ölkədir və hər kəs öz siyasi əqidəsini müəyyən etməkdə azaddır. Bu baxımdan ölkəmizdə müxtəlif siyasi partiyalar, o cümlədən müxalifət partiyaları mövcuddur. Onların normal fəaliyyəti üçün hər cür şərait yaradılıb. Eyni zamanda söz və mətbuat azadlığı təmin olunub, Mətbuat Şurası fəaliyyət göstərir, vətəndaş cəmiyyəti institutları yaradılıb. Bütün bunlar isə demokratiyanın inkişafının təntənəsi olmaqla yanaşı, vətəndaş həmrəyliyinin təmin olunmasının şərtləridir. Beləliklə, reallıq ondan ibarətdir ki, Azərbaycanda vətəndaş həmrəyliyinin pozulmasına yönəlik hər bir cəhd iflasa məhkumdur.
Dövlətin digər təməl prinsiplərindən biri sosial ədalətdir. Bəşər cəmiyyəti yaranandan bəri insanlar ədalət uğrunda mübarizə aparırlar. O cəmiyyətdə ki sosial ədalət təmin olunmayıb, orada daim qarşıdurmalar, toqquşmalar olur. Buna görə də sosial ədalət məsələlərinə Azərbaycan iqtidarı, Prezident İlham Əliyev çox böyük diqqət yetirir. 

Amma onu da qeyd etmək vacibdir ki, Azərbaycanda sosial ədalətsizliyə məruz qalan insanlar da var. Onlar qaçqınlar və məcburi köçkün soydaşlarımızdır. Bu insanlar Ermənistanın hərbi təcavüzü, soyqırımı və etnik təmizləmə siyasəti nəticəsində özlərinin doğma torpaqlarından, ev-eşiklərindən məhrum olublar, didərgin düşüblər. Onlar iş yerlərini itiriblər, daim yaşayış üçün seçdikləri yerdə yaşamaq hüququndan məhrum ediliblər. 

Bu, insanlar üçün çox çətin idi, amma dövlətimiz, ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev onların pozulmuş hüquqlarının bir qisminin bərpası yolunda ciddi və ardıcıl işlər görüblər. Bu gün həmin insanların sosial qayğılarının yoluna qoyulması, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması sahəsində Azərbaycan iqtidarı kifayət qədər vəsait xərcləyir və tədbirlər həyata keçirir. Belə ki, indiyə qədər 90 müasir tipli yaşayış kompleksi tikilib. 230 mindən çox məcburi köçkün yeni tikilmiş evlər və mənzillərlə təmin edilib. 

Sosial ədalətdən söz düşmüşkən, bir mühüm məsələyə də toxunmaq lazımdır. Azərbaycan yeganə ölkədir ki, burada dövlət öz vəsaiti hesabına ev tikir, təmir edir, sonra onları pulsuz olaraq vətəndaşlarına paylayır. Son illər nə qədər jurnalist, şəhid ailəsi, müharibə veteranı, əlillər mənzillə təmin olunub! Yəni qaçqın və məcburi köçkünlərdən sonra bu qisim insanların da sosial vəziyyətlərini yaxşılaşdırmaq üçün addımlar atılır. Həmçinin onlara təqaüdlər verilir, sistemli şəkildə əməkhaqları, pensiyaları, müavinətləri artırılır. Bütün bu kimi tədbirlər isə cəmiyyətimizin ədalətli və sosial imicini həm formalaşdırır, həm də yüksəldir.

Dövlətimizin əsas təməl prinsiplərindən biri isə azərbaycançılıqdır. Azərbaycançılıq daha çox milli kateqoriyaya mənsub olan təməl prinsipidir. Azərbaycançılıq ideya şəklində daim mövcud olub. Ancaq ulu öndər Heydər Əliyev, əvvəla, bunu elmi, nəzəri və ideoloji nöqteyi-nəzərdən işlədi, praktik cəhətdən təmininə nail oldu və əbədiyaşarlıq verdi. Yəni ümummilli lider Heydər Əliyevin fəaliyyəti nəticəsində azərbaycançılıq ideyadan ideologiyaya çevrildi. 

Azərbaycançılıq ideologiyasının özünün bir sıra prinsipləri, daxili elementləri var. Bunlardan birincisi Azərbaycan dilidir. Bəli, Azərbaycan dili xalqımızın ən böyük dəyərlərindən biridir. Sovet hakimiyyəti dövründə Azərbaycan dili işlənsə də, ancaq dövlət dili səviyyəsində tam hökmran deyildi. Hətta Bakı rusdilli şəhərə çevrilmişdi. Nəinki Bakının küçələrində və ictimai yerlərində, kinoteatrlarında, iş yerlərində rusca danışırdılar, hətta bir çox azərbaycanlı ailələr də rusdilli olmuşdu. Hərdən öz vətənində doğma dilində danışan azərbaycanlı gülüş hədəfinə çevrilirdi ki, rus dilini bilmir. Halbuki təmiz Azərbaycan dilində danışmaqla sən bəzən müsahibini, haradasa rast gəldiyin həmvətənini başa sala, fikrini ona çatdıra bilmirdin. 

O illərdə Azərbaycanda bütün dövlət idarələrində ünsiyyət vasitəsi rus dili idi. İlk dəfə olaraq 1969-cu ildə - ulu öndər Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbər təyin olunanda Bakı Dövlət Universitetində Azərbaycan dilində çıxış etdi. Bu çıxış o zaman çox böyük əks-səda doğurdu. Hamı təəccüb və məəttəl qalmışdı ki, Azərbaycan KP MK-nın yeni birinci katibi doğma dilində danışır. Bu, böyük cəsarət idi. Bununla hamı gördü ki, birinci katiblər Azərbaycan dilini bilirlər və hətta rəsmi tədbirlərdə bu dildə danışmaq mümkündür. 

Ulu öndər Heydər Əliyev fəaliyyəti boyu doğma dilində danışmaqla yanaşı, həm də Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirirdi. Müasir Azərbaycan dili dərsliyi o dövrdə Dövlət mükafatına layiq görüldü. 1978-ci ildə sovet Azərbaycanının yeni Konstitusiyası qəbul olundu. Ulu öndər Heydər Əliyev yenə də böyük cəsarət nümayiş etdirərək Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyaya salınmasına nail oldu. Bu, sovet ideologiyasının hakim olduğu dövrdə, doğrudan da, cəsarətli addım idi. 

Sovet dövründə ən çox tədqiq olunan, araşdırılan, elmi cəhətdən işlənən dillərdən biri Azərbaycan dili olub. Bunu alimlərimiz də etiraf edir. Bütün bunlar məhz Heydər Əliyevin sayəsində mümkün olmuşdu.

1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da ulu öndər Heydər Əliyev ilk görüşlərindən birini alimlərlə keçirdi. Azərbaycan dili ilə bağlı müzakirələr, diskussiyalar aparıldı. Həmin görüşlərin nəticəsi olaraq isə dilimizin Azərbaycan dili adlandırılması ilə bağlı qərar verildi. 1995-ci ildə qəbul olunan yeni Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit olundu. 

Bu gün hər birimiz fəxr edirik ki, Azərbaycanda hamı doğma dilində danışır. Azərbaycan dili əsas ünsiyyət vasitəsidir, dövlət dilidir, yazışmaların hamısı bu dildə keçirilir. Ulu öndərin Azərbaycan dilinin inkişafı ilə bağlı başladığı işləri isə Prezident İlham Əliyev layiqincə davam etdirir. Prezident İlham Əliyev 2013-cü il 9 aprel tarixli sərəncamı ilə Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramını təsdiq edib. Həmin proqramda da göstərilir ki, respublikamızda dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Dövlət proqramının məqsədi isə dilimizin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin etməkdir. Bunun üçün tədbirlər planı icra olunur. 

Azərbaycançılığın ikinci mühüm komponenti bizim milli mədəniyyətimizdir. Minillliklərə, əsrlərə söykənən ənənələr, tarixdən süzülüb gələn mədəni dəyərlər hər bir xalqın milliliyinin, kamillik səviyyəsinin təcəssümü olmaqla yanaşı, həm də bəşər sivilizasiyasına dəyərli töhfədir. Eyni zamanda, müxtəlif faktorlarla yanaşı, mədəni zənginlik xalqların özünü təsdiq etməsi baxımından ən mühüm keyfiyyətlərdən hesab olunur. Bu mənada Azərbaycan xalqının qədim tarixə istinad edən mədəniyyəti bizim qürur mənbəyimizdir. Qədim adət-ənənələri ilə tarix boyu bəşər sivilizasiyasına mühüm töhfələr vermiş xalqımız mədəni dəyərlərini daim qoruyub saxlamış, inkişaf etdirmişdir. 

Təsadüfi deyil ki, bu gün Azərbaycan öz mədəniyyəti, musiqisi, folkloru ilə Avropanı fəth edir. Bu sahədə Heydər Əliyev Fondunun xidmətləri misilsizdir. Fondun prezidenti Mehriban xanım Əliyevanın bu sahədə gördüyü işlər həm Azərbaycanın tanınmasında, həm də dünyada sevilməsində böyük rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, Azərbaycan muğamı, xalçası, aşıq musiqisi, tar ifası, Novruz bayramı, kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına, çövkən - Qarabağ atüstü oyun ənənəsi isə qurumun təcili qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Eyni zamanda, Qız qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESCO-nun Dünya İrsi Siyahısına salınıb.

Xalqımız həm də özünün milli-mənəvi dəyərləri ilə fəxr edir. Milli-mənəvi dəyərlər, adından da göründüyü kimi, hər bir milləti digər millətlərdən fərqləndirən keyfiyyətlərdir. Bu baxımdan bizim milli-mənəvi dəyərlərimiz əsrlərin sınağından keçib, qorunub saxlanılıb və bu gün də mühafizə olunur. Xalqımız həmişə milli-mənəvi dəyərləri ilə fəxr edib, qürur duyub. Bu dəyərlərin bir qismini biz adət-ənənələr şəklində qoruyub saxlayırıq. Ona görə ictimai münasibətlərdə, məişətdə bizim çox gözəl, digər xalqlara örnək olan milli adət-ənənələrimiz var: böyüyə hörmət, ağsaqqal sözü eşitmək, qadına hörmət və s. Bütün bunlar, öz növbəsində, cəmiyyətimizdə əxlaqi dəyərlərin yüksək səviyyəsini göstərir.

Milli-mənəvi dəyərlərdən danışarkən ailə dəyəri haqqında ayrıca danışmaq lazımdır. Azərbaycan ailəsi bütün dünyada ailə institutunun ən gözəl modeli olmaqla çox möhkəm quruluşa malikdir. Bu modeldə atanın öz yeri var, o, son söz sahibidir. Ana bu ailənin zəhmətkeşidir, eyni zamanda övladlarla ata arasında vasitəçidir. Bu modeldə qardaşlar arasında münasibətlər çox gözəl tənzimlənib. Böyük qardaşın dediyini kiçik qardaş eşitməlidir. Bu ailədə qızın öz xüsusi yeri var. 

Azərbaycanda ailə institutu həqiqətən çox mükəmməldir. Burada boşanmaların sayı minimumdur, övladlara xalqımızın dəyərləri ruhunda tərbiyə verildiyi üçün bu dəyərlər yeni nəsillərə ötürülür, qorunub saxlanılır. Bu gün, çox təəssüf ki, öz ailə institutlarında aşınmaya məruz qalan xarici dairələr bizim ailə modelini hədəfə götürüblər. Çalışırlar ki, gender siyasəti, ailə zorakılığı kimi məsələlərin fonunda Azərbaycan ailəsini dağıtsınlar, bizi də Avropa kimi vətəndaş nikahı ilə yaşayan cəmiyyətə çevirsinlər. 

Azərbaycançılığın başqa bir tərkib hissəsi dini dəyərlərdir. Bu məsələdə də xalqımızın özünəməxsus modeli var. Sovet dövründə bizi allahsız, ateist etmək istədilər, lakin bacarmadılar! Allah sevgisini ürəyimizdə qoruyub saxladıq. Bu gün fəxr edirik ki, Azərbaycan hüquqi, demokratik və unitar bir dövlətdir. Amma İslam dininə etiqad edirik. Dövlət başçılarımız inanclı insanlara, dinə ehtiramla yanaşırlar. Ulu öndər Heydər Əliyev Bibiheybət məscidini tikdirdi, daim ziyarətgahlara gedirdi. Prezident İlham Əliyev də bu ənənəni davam etdirir. Son illər ölkədə bütün dini komplekslər yenidən qurulub. O cümlədən Qafqazın ən qədim məscidi olan Şamaxı Cümə məscidi bərpa edildi. Bakıda Heydər məscidi inşa olundu. Sovet illərində ölkədə bir neçə məscid var idisə, indi iki mindən çox məscid fəaliyyət göstərir.

Azərbaycançılığın digər mühüm prinsipi tolerantlıq və multikulturalizmdir. Azərbaycan, əhalisinin əksəriyyəti müsəlman olsa da, tolerant ölkədir. Burada digər dinlərin və xalqların nümayəndələrinə qarşı, başqa ölkələrdə olduğu kimi, dözümsüzlük yoxdur. Digər azsaylı xalqların nümayəndələri Azərbaycanda mehriban, azad, rahat yaşayır, öz dinlərinə sərbəst etiqad edir, adət-ənənələrini, mədəniyyətlərini yaşadırlar. Azərbaycan nadir ölkələrdəndir ki, burada müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Orucluq vaxtı iftar süfrəsində xristianlar - katolik və pravoslav kilsəsinin nümayəndələri, yəhudilər İslam dininin nümayəndələri ilə birlikdə otururlar. Bunu dünyanın hansı ölkəsində görmək olar? Heç birində! Bütün bunlar xalqımızın tarixindən, tolerant dünyagörüşündən, multikultural, mənəvi zənginliyindən irəli gəlir. Bu ilin ölkəmizdə Multikulturalizm ili elan olunması da təsadüfi deyil. 

Bir mühüm məqamı qeyd edək ki, Azərbaycanın tolerantlıq və multikulturalizm sahəsində malik olduğu zəngin təcrübə artıq dünyada mükəmməl model kimi öyrənilir, tədris edilir.

Azərbaycançılığın əsas prinsiplərindən biri də bəşər mədəniyyətindən bəhrələnmək və onu daim zənginləşdirməkdir. Ona görə biz həm bəşər mədəniyyətindən, həm də dünya elmindən daim öyrənməliyik. Ulu öndər Heydər Əliyevin məşhur bir sözü var: biz üzümüzü Qərbə çevirsək də, heç zaman şərqli olduğumuzu unutmamalıyıq! Bəli, Qərb mədəniyyətindən bəhrələnmək, Qərb texnologiyasından öyrənmək, mənimsəmək lazımdır. Amma biz Qərbdən nə qədər bəhrələnsək də, öz dəyərlərimizi unutmamalıyıq, onu gözəl, xalqımızın mental baxışları ilə uzlaşan dəyərlərlə zənginləşdirməliyik.

Müasir Azərbaycan dövlətinin təməl prinsipləri, o cümlədən azərbaycançılıq ideologiyası və onun tərkib hissələri Heydər Əliyev siyasi kursuna daxildir. Azərbaycan xalqı həm də ona görə xoşbəxtdir ki, ulu öndər tərəfindən yaradılan, əsası qoyulan, inkişaf etdirilən ənənəvi prinsiplər uğurla həyata keçirilir. 

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət ötən on iki ildə ölkəmizin iqtisadi yüksəlişini təmin edib. Azərbaycanın hədəfi inkişaf etmiş ölkələr cərgəsinə qoşulmaqdır. Artıq bu istiqamətdə böyük uğurlar əldə olunub. Ölkəmiz iqtisadi sahədə keçid dövrünü başa vurub. 

Azərbaycan müstəqilliyinin bərpasının 20-ci ilində 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv oldu. Prezidentimiz Təhlükəsizlik Şurasına sədrlik etdi. Cəmi 20 ilə BMT Təhlükəsizlik Şurasına üzv olmaq hər dövlətə nəsib olmur. Amma biz bu möhtəşəm uğura nail olduq!

Azərbaycan dünyada tək siyasi və iqtisadi uğurlarla kifayətlənmir. Eurovision mahnı müsabiqəsindəki qalibiyyətimiz göstərdi ki, biz mədəniyyət sahəsində dünyada söz sahiblərindənik.

İdman sahəsində bizim çox böyük uğurlarımız var. Azərbaycan idmançıları hər il yüzlərlə qızıl medal qazanırlar. Eyni zamanda, Azərbaycan ən möhtəşəm və böyükmiqyaslı idman yarışlarına evsahibliyi etmək imkanına malikdir. Cənab Prezidentin dediyi kimi, bu gün Azərbaycanı dünyada idman ölkəsi kimi də tanıyırlar.

Bütövlükdə Azərbaycan Cənubi Qafqazın lideri və ən güclü dövlətidir. Bu arealda ölkəmizin iştirakı olmadan hansısa iqtisadi layihənin həyata keçirilməsi mümkün deyil. Ölkəmiz həm də güclü orduya malikdir. Ən müasir silahlarla təchiz olunan, modernləşən, döyüş qabiliyyətini artıran ordumuz istənilən zaman torpaqlarımızı işğaldan azad etməyə qadirdir.

Bütün bu uğurlar ümummilli lider Heydər Əliyev siyasi kursunun uğurla davamının nəticəsidir. Heydər Əliyev siyasi məktəbinin ən böyük yetirməsi olan Prezident İlham Əliyev hər sahədə dövlətimizi inkişaf etdirir, xalqımızı irəli aparır. Ölkəmizdə daim əmin-amanlıq, sabitlikdir. Bunun mənbəyində isə xalqla iqtidarın birliyi və vətəndaş həmrəyliyi dayanır. Azərbaycan əhalisi arasında Prezident İlham Əliyevin reytinqi daim yüksəkdir. Dövlət başçısı xalq tərəfindən dəstəklənir, sevilir. Bu, o deməkdir ki, Azərbaycanda daim sabitlik hökm sürəcək, Azərbaycan daim inkişaf edəcək və tezliklə dünyanın inkişaf etmiş dövlətləri cərgəsinə qoşulacaqdır.