Xalq qəzeti.-2016.-30 mart.-65.-S.4.

 

Bəşəriyyətə qarşı amansız cinayət

 

31 Mart Azərbaycanlıların Soyqırımı Günü

 

Əvəz Mahmud LƏLƏDAĞ,

Sumqayıt Dövlət Universitetinin müəllim

 

Hər il mart ayının 31-i respublikamızda azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir. Bu təqvim son yüz ildə Azərbaycan tarixində baş vermiş ən faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə qırılmasını, repressiyalara məruz qalmasını XX yüzilliyin ən qanlı səhifələrindən biri hesab etmək olar. 1918-ci il martın son günlərində Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atıblar.

Tarixi ədalətsizlik üzündən ötən əsrin sonlarınadək xalqımızın üzləşdiyi bu ağır faciələrə obyektiv qiymət vermək mümkün olmayıb. Xalqımız uzun illər özünün bu gerçək tarixindən məlumatsız olub, saxta ideoloji ehkamlar və yalan tarix nəticəsində yaddaşımız  tamamilə yad istiqamətdə köklənib. Bədnam erməni millətçilərinin tarixi saxtalaşdırmağa, dünya ictimaiyyətini çaşdırmağa yönələn saxta kampaniyasına qarşı mütəşəkkil müqavimət yalnız ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra mümkün olub.

Ümummilli liderin 1998-ci il 26 mart tarixli Azərbaycanlıların soyqırımı haqqında fərmanı tarixi həqiqətləri üzə çıxarıb. Bu mühüm sənəddə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilən kütləvi qırğınların soyqırımlarının rəsmən adı çəkilib, Cənubi Qafqaz miqyasında xalqımıza qarşı aparılan etnik düşmənçilik siyasətinin kökləri açıqlanıb.  

Ümummilli liderin siyasi kursunu inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində deyib: Bu gün Azərbaycan regionda və dünyada dinamik inkişaf edən dövlət olaraq, həm də əməkdaşlıq və tolerantlıq məkanı kimi qəbul edilir. Ölkədə sosial və milli-dini həmrəylik mövcuddur. Nə qədər ağır olsa da, biz soyqırımı faktlarından başqa xalqlara düşmənçilik və nifrət aşılamaq üçün istifadə etmək niyyətində deyilik. Biz yalnız tarixi ədalətin və həqiqətin bərpa olunmasını, dünyanın heç bir yerində belə faciəli hadisələrin təkrarlanmayacağına təminat verilməsini istəyirik. Bunun əksinə, işğalçı Ermənistanda iqtisadi və mənəvi-siyasi tənəzzül getdikcə dərinləşir, sosial problemlər və demoqrafik vəziyyət gərginləşir. Ermənistan təcavüzkar siyasəti ilə özünü bütün regional iqtisadi-enerji və nəqliyyat-kommunikasiya layihələrindən təcrid etmişdir. Bu ölkədə baş verən siyasi böhran, antidemokratik proseslər onun rəhbərliyinin uzağı görməyən, təcavüzkar siyasətinin nəticəsidir, erməni xalqının geniş dairələrinin hakimiyyətə etimadsızlığının göstəricisidir.

İndiki Ermənistan ərazisində tarix boyu türkdilli xalqlar yaşayıblar. Əsrlər boyu bütün dünyaya səpələnən ermənilər isə məskunlaşdıqları yerləri özlərinə vətən sayıblar. 1828-ci  ildə ermənilər məqsədli şəkildə İrəvan, Naxçıvan və Qarabağ ərazilərinə köçürülüblər. 

Tarixə nəzər salsaq görərik ki, ermənilər Qnçaq və Daşnaksütyun partiyalarını yaratdıqdan sonra azərbaycanlıların əzəli torpaqlarından təmizlənməsi işinə sistemli şəkildə başlayıblar. Bu sahədə mürtəce fəaliyyətilə diqqət çəkən Daşnaksütyun partiyasının qarşıya qoyduğu təxirəsalınmaz vəzifələrdən biri Dənizdən-dənizə böyük Ermənistan dövləti yaratmaq idi. Belə  sərsəm ideyanı yerinə yetirmək məqsədilə Azərbaycan dövlətini parçalamaq, əhalisini soyqırımına məruz qoymaq qarşıya əsas vəzifə kimi qoyulmuşdu. Plana əsasən, Bakı və Bakıətrafı yaşayış məntəqələrini işğal etmək daşnak lideri, bolşevik qiyafəli Stepan Şaumyana, Şirvan bölgəsini, Muğanı, Lənkəranı yağmalamaq qaniçən Styopa Lalayana və onun silahdaşı Tatoves Əmiryana, Quba qəzasını yerlə-yeksan etmək Hamazaspa, Naxçıvanı, Zəngəzuru, Qarabağı talan etmək Andronik Tarosoviç Ozanyana tapşırılmışdı. Adları çəkilən quldurlara Stepan Şaumyan rəhbərlik edir, onların törətdikləri faciələrdən ləzzət alır, daha da ruhlanırdı. 1878-ci ildə Tiflisdə anadan olan Şaumyan hələ gənc yaşlarından türk dünyasına dərin nifrət hissi bəsləyib. Elə bu kin-küdurətlə də soyqırımı siyasətinə rəhbərliyi həyata keçirib.

Türklərə qarşı amansızlığı, qəddarlığı ilə fərqlənən Şaumyan məkrli fəaliyyətə əvvəlcə Tiflisdə qərargah yaratmaqla başlayıb. Lakin burada çirkin niyyətini gerçəkləşdirə bilməyib. Ona görə də qərargahını Bakıya köçürüb. Çünki Bakıda şərait çox əlverişli idi. Şəhərdə cəbhələrdən qayıtmış 25 minə yaxın silahlı erməni əsgəri, habelə  onların havadarları olan rus silahlıları vardı. Bolşevik qiyafəli quldur olan bu  daşnak lideri qaniçən qüvvələrə arxalanaraq Bakıda azərbaycanlıların soyqırımına başlayıb. Tarixi mənbələrə əsasən, Şaumyanın və daşnakların tabeliyində təxminən 14600 silahlı əsgər və zabit olub. Eyni zamanda, Bakı erməniləri də onlara yardım göstəriblər. Amma  həmin vaxt Şaumyanın göstərişi ilə azərbaycanlılarda olan silahlar yığılıb,  müsəlman diviziyası  tərksilah edilib, diviziyanın rəhbərləri, o cümlədən  general Talışinski həbs olunub. Beləliklə,  Şaumyanın təhriki və rəhbərliyi ilə Bakıda və ətraf kəndlərdə dəhşətli soyqırımı başlayıb. Onu da qeyd etmək lazımdır ki, o zaman bu soyqırımı siyasəti bolşevizm bayrağı altında həyata keçirilib. Başqa sözlə, guya şura hökümətinə qarşı çıxan əksinqilabçılara qarşı bolşeviklər mübarizə aparırdılar. S. Şaumyan öz çirkin əməlini pərdələyərək yazırdı: Bizim siyasətimiz vətəndaş müharibəsi aparmaqdır. Kim bu siyasətə qarşı çıxırsa, o düşmənlərimizin nökəridir.

Nəriman Nərimanov isə bu soyqırımdan dəhşətə gələrək qeyd edirdi ki, müsəlman, hətta bolşevik olsaydı belə, ona aman vermirdilər. Həmin dövrdə daşnaklar deyirdilər ki, biz heç bir bolşevik tanımırıq. Təkcə elə müsəlman olmaq   kifayətdir... Bəli, azərbaycanlıların bolşevizm bayrağı altında kütləvi şəkildə qırdırılması   məqsədyönlü siyasətin tərkib hissəsi idi. Bakıda baş verən hadisələrin əsl mahiyyətini təhrif olunmuş şəkildə Mərkəzə Peterburqa çatdıran Şaumyan rus inqilabının lideri Lenindən təbrik teleqramı da almışdı. Həmin teleqramda minlərlə dinc insanın amansızlıqla qətlə yetirilməsində xüsusi xidməti olan bolşevik cəlladı Şaumyan təriflənərək yazılmışdı: Sizin möhkəm və qəti siyasətinizə məftunuq. Bacarıb həmin siyasəti, indiki çox çətin vəziyyətin tələb etdiyi çox ehtiyatlı bir diplomatiya ilə birləşdirin.

Şaumyan özü isə Bakıda törədilən dəhşətlərdən vəcdə gələrək Rusiya Xalq Komissarları Sovetinə belə bir məlumat vermişdi: Zaqafqaziya sovet hakimiyyəti uğrunda silahlı mübarizə mərhələsinə daxil olub. Üç gün müddətində 30-31 mart və 1 aprel tarixində Bakı şəhərində şiddətli döyüşlər olub... Bizim üçün döyüşün nəticələri çox yaxşı olub. Biz onlara öz şərtlərimizi diktə etdik, onlar da danışıqsız olaraq bu şərtlərlə razılaşdılar.

Öz daşnak simasını gizlədə bilməyən Şaumyan daha sonra yazmışdı: Şəhərimizin milli tərkibi bizi narahat edirdi. Biz mübarizənin arzuolunmaz xarakter alacağından qorxurduq, biz hətta, erməni polkunun yardımına belə əl atmalı olduq... Qələbə isə o qədər böyükdür ki, bu gerçəkliyə az kədər gətirir.

Bu sitatlardan göründüyü kimi, 1918-ci ilin martında da əvvəlki əsrdə olduğu kimi, təşkilatçılar da, icraçılar da eyni qütbdən çıxış ediblər, torpağımıza yiyələnmək üçün birləşib xalqımıza qarşı soyqırımı siyasətini həyata keçiriblər. Indi isə özlərini dünyaya məsum millət kimi göstərərək özlərinə qarşı genosiddən danışırlar, bu barədə xarici ölkə parlamentlərinin qapılarını kəsdirib qərar qəbul edilməsini istəyirlər...

Yeri gəlmişkən, o dövrdə Andronik Tarosoviç Ozanyanın rəhbərlik etdiyi quldur dəstələrinin  Naxçıvan, Zəngəzur və Qarabağda dinc əhaliyə qarşı törətdikləri qətliamlar barədə də danışmaq istərdim. Xatırladım ki, 1865-ci ildə Türkiyənin Şahtah  qəzasında anadan olan Andronik  Ozanyan  hələ gənc yaşlarından eyş-işrət içərisində yaşayıb, quldurluğa və terrorçuluğa meyilli olub, mal-qoyun oğrusu kimi tanınıb, eyni zamanda, türkləri qətlə yetirməkdən, millətlər arasında ədavət yaratmaqdan çəkinməyib. Elə buna görə də o zaman dişini türk dünyasına qıcayan rus çarı quldur dəstəsinə Andronik Ozanyanı  da qoşub. Məsələni də belə qoyub ki, erməni quldurları rus çarına sədaqətlə qulluq etsələr, əvəzində Türkiyənin Şərqi Ərzurum, Sarıqamış, Qars və Van gölünü, Azərbaycanın isə qərbi Uluxanlı, Vedibasar, Qəmərli, Dərələyəz, Zəngəzur bölgələrini Ermənistana birləşdirib Böyük Ermənistan yaradacaq və Andronik də həmin ərazinin hökmdarı olacaq... Andronik  Ozanyan 1912-1914-cü illərdə Balkan müharibəsində quldurluq edərək bir müddət silahsız, dinc türk əhalisinə divan tutur. 1914-1915-ci ildə isə  Tiflisə gəlir, burada türklərə qarşı vuruşmaq niyyətində olduğunu bildirir. Müsbət cavab aldıqdan sonra Türkiyə ərazisində erməni könüllülərindən ibarət rusların hazırladıqları 4 korpusdan birini ona  həvalə edirlər.

Erməni könüllüləri rus ordusu ilə çiyin-çiyinə Türkiyənin Van, Qars, Sarıqamış və Ərzurum vilayətlərində döyüşür  və türk əhalisinə divan tuturlar. Lakin bu savaşda məğlubiyyətə uğrayan Andronik 1917-ci ildə çar hökümətinin devrildiyini, general Baratovun geri çəkildiyini görüb rusların silah-sursatlarını oğurlayıb 15 min qoşunla qaçır. O, İranın Xoy şəhərini, Cənubi Azərbaycanı, Culfanı keçərək Naxçıvana basqın edir. S.Şaumyanla əlaqə quran Andronik Daşnaksütyun partiyasının Böyük Ermənistan yaratmaq planı ilə tanış olur. Naxçıvana soxulduqdan sonra isə  bildirir ki, onu Naxçıvana rəhbər təyin ediblər. Andronik S.Şaumyanın göstərişi ilə Naxçıvan əhalisindən bütün silahları yığır. Onun bu hərəkətlərini  S.Şaumyan bəyənir və Androniki xalq qəhrəmanı adlandırır, eyni zamanda, Leninə belə bir teleqram vurur: Andronik Ozanyan Naxçıvanda Şura hökümətini qurur. Ona əlavə kömək lazımdır. Teleqram Leninə çatar-çatmaz daşnaka əlavə kömək edilir...

1918-ci ilin mart ayının 10-da Qərbi Azərbaycanın Ləmbəli bölgəsindən olan milis (polis) işçisi Mustafa Əfəndiyev İrəvandan Naxçıvana gedən qatarda yoxlama apararkən xeyli silah aşkar edir. Burada atışma başlayır, ölən və yaralanan olur. Mustafa Əfəndiyev həbs olunur və onun taleyi bu gün də məlum deyil... Sən demə, Şaumyanın qeyd etdiyi əlavə kömək isə azərbaycanlıları qətlə yetirmək üçün  Andronikə göndərilən silah-sursat imiş... Şaumyana belibağlı olan quldur Andronik öz qoşunu ilə Çənnəb, Aza, Yayıcı, Camaldin, Əbrəqunis, Ərəzin, Çeşməbasar kəndlərini talan edir, od vurub yandırır, əhali dədə-baba yurdundan didərgin düşür. Evlər, məscidlər, örüşlər, yamaclar, zəmilər odlara qalanır. Andronikin   quldur dəstəsi Sisyan mahalına üz tutarkən yolüstü Naxçıvanda 11, Ordubadda 9, Culfada isə  3 kəndi viran qoyub, Sirap dərəsində sığınacaq tapan 20 min əhalini cinsinə, yaşına fərqinə varmadan güllələyib, Yayıcı kəndinin 2500 nəfər əhalisini isə qılıncdan keçirərək meyitləri Araz çayına atıb. O zaman  Naxçıvan bölgəsində Qaçaq Süleyman, Kəblalı xan kimi el qəhrəmanları olmasaydı, eyni zamanda,  köməyə türk ordusu gəlməsəydi, daha dəhşətli faciələr törədilərdi...

Mirzə Cabbar Baxçabanın dediklərindən:

1918-ci ildə daşnaklar İrəvan vilayətində 211 azərbaycanlı kəndini dağıdıb, 300 mindən çox insanı qətlə yetiriblər. Fəlakətlə, ölümlə üzləşən azərbaycanlılar ev-eşiklərini atıb xiyabanlara, dağlara qaçıblar... Mən Noraşen kəndində ailə üzvlərimlə tövlədə bir köynəkdə, alt paltarında qalırdım. Bu kənd İrəvandan qaçmağa məcbur olan azərbaycanlılarla dolu idi. Həmin vaxt daşnaklar Naxçıvanı viran etmişdilər. Andronikin göstərişi ilə adamların diri-diri dərisini soyurdular. Kütləvi sürətdə əhalini qırırdılar. İran azərbaycanlıları Naxçıvana köməyə gəlmək istəyirdilər. Lakin İran dövləti onları Naxçıvana getməyə qoymur, qabaqlarını alırdı... Andronik Ozanyan Naxçıvandan Zəngəzura aşanda Qızılboğaz deyilən yerdə Keçili Dəli Təhməzin dəstəsi ilə toqquşur,  xeyli itki verir. Silah yüklü üç at Dəli Təhməzin əlinə keçir. Həmin silahlarla onun oğlu Quşdan 30-cu illərə qədər erməni daşnaklarına qarşı vuruşur, bu el qəhrəmanı ömrünün sonuna kimi Şahbuz dağlarında qaçaqlıq edir.

Andronik Zəngəzura yetişəndən  sonra azərbaycanlılar yaşayan məntəqələrin əhalisinə divan tutur,  Bazarçay boyunca yerləşən Ərikli, Sükar, Pulkənd, Şükarlı, Məliklər, Saybalı, Əlili, Zabazadır, Hortuyüz, Dulus, Ağdü, Şam, Pürüllü, İrmis, Bəhluli, Dərəkənd, Qalaçıq, Urud, Dərəbəs, Anabat, Şükürbəyli, Çınqıllı kəndlərini xaraba qoyur. Andronikin quldur dəstəsi Sisyanın 31 kəndini xaraba qoyub, əhalini qırır. Ağdü kəndində 400 nəfər tutan məscidə adamları yığıb bütün çıxışları bağlayıb. Qızmış buğaların üstünə neft tökərək od vurub içəri buraxıblar. Buğalar adamları dırnaqları altına alıb şil-küt edib. Sonra qəddar ermənilər məscidin damını  sökərək içəri küləş doldurub od vurublar, məscidin künc-bucağında qalanlar da tüstüdən boğulub ölüblər...

Şükar kəndindən Abbas kişinin 1967-ci ildə mənə dediklərindən:

Andronikin quldur dəstəsi kəndi mühasirəyə almışdı. Bacılarım Gövhər və Nigar kənddə qalmışdılar. Gövhər qonşumuz Tağının oğlu Eldənizə adaxlanmışdı. Atam Şamil görür ki, çıxış yolu yoxdur, ona görə də qızların erməni əlinə keçməməsi üçün onları öldürür...  Andronikin quldur dəstəsi tərəfindən 1918-ci ildə  Zəngəzur qəzasının  azərbaycanlılar yaşayan 115 kəndi məhv edilmiş,   7729 nəfər azərbaycanlı,  o cümlədən 3257 kişi, 2276 qadın və  2196 uşaq vəhşicəsinə öldürülmüşdür... 31 mart faciəsi xalqımızın qan yaddaşıdır.

Ulu öndər Heydər Əliyevin Azərbaycanlıların soyqırımı haqqında 1998-ci il 26 mart tarixli fərmanı  uzun illər gizli saxlanılan, üzərinə qadağalar qoyulan həqiqətləri açıb, xalqımızın yaddaşını təzələyib. 31 mart və Xocalı soyqırımlarının dünya ictimaiyyətinə çatdırılması üçün hər il hökumət səviyyəsində müəyyən tədbirlər həyata keçirilir. Milli Məclisin dünya parlamentlərinə müraciətində soyqırımı aktının real mahiyyəti, onun soyqırımı kimi tanıdılmasını şərtləndirən amillər konkret faktlar əsasında əksini tapır.

Ümummilli liderin siyasi kursunu inamla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev də hər il soyqırımı ilə bağlı xalqımıza müraciət ünvanlayır. Azərbaycan xalqı inanır ki, ölkə rəhbərinin apardığı qətiyyətli siyasət gec-tez üzləşdiyimiz münaqişənin beynəlxalq hüquq normaları əsasında ədalətli həllini təmin edəcəkdir. Bu hadisələri  unutmağa bizim haqqımız yoxdur. Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrə və onların məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir.

Bu gün vəzifəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlı, hər bir Vətən övladı ermənilərin xəbis niyyətlərini, ortaya atdıqları sərsəm planları ifşa etməli, Azərbaycan xalqının haqq səsinin dünya ictimaiyyətinə çatdırılması üçün əlindən gələni əsirgəməməlidir.