Xalq qəzeti.-2016.-19 mart.-62.-S.1.

 

AZƏRBAYCAN - TÜRKİYƏ: Gücümüz birliyimizdədir və bütün
beynəlxalq məsələlərdə bir yerdəyik, bir-birimizin yanındayıq

 

İttifaq MİRZƏBƏYLİ

 

Bu il Azərbaycan müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd edəcək. Bizim müstəqilliyimizi tanıyan ilk ölkə Türkiyə olmuşdur.

O gündən bu günə qədər bizim əməkdaşlığımız dərinləşir, inkişaf edir və bu gün strateji tərəfdaşlıq səviyyəsinə qalxmışdır. Bu gün Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

Türkiyə bütün sahələrdə Azərbaycanın ən yaxın strateji müttəfiqidir. Şükürlər olsun ki, ikitərəfli əlaqələrimiz bir çox ölkənin qibtə etdiyi və nümunə götürdüyü səviyyədə davam edir. Bu iclasımız, inşallah, mövcud əməkdaşlığımızı daha da inkişaf etdirəcək və möhkəmləndirəcək.

Rəcəb Tayyib ƏRDOĞAN
Türkiyə Prezidenti

 

Qardaş ölkənin dövlət başçısının həm fevral, həm də mart aylarında Azərbaycana səfər edərək, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasında iştirak etmək planı ümumtürk tərəqqisindən ciddi şəkildə narahat olan qüvvələrin  yuxusuna haram qatırdı.

 Ona görə də,  bu qardaşlıq və dostluq münasibətlərini əngəlləməyə çalışan qüvvələr hər iki səfər ərəfəsində  Türkiyə ərazisində terror aktları törətdilər ki, adıçəkilən şuranın iclasları baş tutmasın. Ancaq zaman sübut etdi ki, türk əzmi, qətiyyəti bütün bədniyyətli adamların istəklərini gözündə qoymaq iqtidarındadır.

Bir neçə il qabaq Praqada keçirilən beynəlxalq tədbirdə Türkiyə nümayəndəsinin yoxluğundan istifadə edən Serj Sarkisyan Ankaranın ünvanına cəfəngiyyat və sərsəm fikirlər söyləyəndə Azərbaycan Prezidentindən çox sərt cavab almışdı. Türkiyə ekspertləri yazırlar ki, Prezident İlham Əliyev bu il martın 15-də türk xalqlarının düşmənlərinə Praqadakından beş qat artıq zərbə vurdu.

Azərbaycan xalqı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankaradakı qanlı terror hadisəsindən sonra Bakı səfərini ikinci dəfə təxirə salmaq məcburiyyəti ilə üz-üzə qalmasından ciddi şəkildə narahat olmuşdu.

 Belə bir zamanda İlham Əliyev həmişə olduğu kimi, yenə də  50 milyonluq azərbaycanlıların ürəyinə toxtaqlıq, əminlik gətirən bir addım atdı.  Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası martın  15-də Ankarada   keçiriləcək xəbəri Türkiyəni lərzəyə salan terror hadisəsindən qat-qat sürətlə yayıldı və Prezident İlham Əliyevin düşmən xəyanətinin acısını yaşayan qardaşının yanına getməsi milyonlarla insan tərəfindən alqışlandı, təqdir olundu. Ən böyük alqışı isə təbii ki, qardaş ölkənin dövlət başçısının dilindən eşitdik: Millətimizin və ölkəmizin bu çətin günündə Ankaranın mərkəzində, Kızılayda tamamilə mülki əhaliyə qarşı həqiqətən çox ciddi terror aktı terrorçu-intiharçının törətdiyi hücumla bağlı göstərdiyiniz həmrəyliyə görə öz adımdan və millətimiz adından təşəkkür edirəm. Bu gün Siz mərhum Heydər Əliyevin Bir millət, iki dövlət" kəlamını yaşayaraq, bunu açıq-aşkar nümayiş etdirdiniz. Bu səfərinizlə bütün dünyaya, xüsusilə də dünyadakı bütün terror təşkilatlarına və onların arxasındakı qüvvələrə çox güclü və dəqiq mesaj verdiyinizə əminəm. Sizə millətim adından bir daha təşəkkürümü bildirirəm".

Dünyanın ədalətsevər insanları yazdılar ki, Prezident İlham Əliyevin belə bir çətin məqamda türk xalqının və Türkiyə dövlətinin yanında olması adi bir siyasi fəaliyyət deyil, konkret ünvanlara istiqamətləndirilmiş tarixi mesaj idi. Bəzi siyasətçilər isə həmin mesajın qarşılığından da söz açırlar. Onların fikrincə, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasında,  Türkiyənin  dövlət başçısının dilindən səslənən Türkiyə bütün sahələrdə Azərbaycanın ən yaxın strateji müttəfiqidir. Şükürlər olsun ki, ikitərəfli əlaqələrimiz bir çox ölkənin qibtə etdiyi və nümunə götürdüyü səviyyədə davam edir. Bu iclasımız, inşallah, mövcud əməkdaşlığımızı daha da inkişaf etdirəcək və möhkəmləndirəcək. İclasımızın əsas mövzuları enerji, nəqliyyat, iqtisadiyyat və hərbi təhlükəsizlik, yəni, müdafiə sahəsində əməkdaşlıq olaraq müəyyənləşdirilib. Dünyadakı hazırkı iqtisadi və siyasi vəziyyəti nəzərə aldıqda mən bu məsələlərin çox dəqiq seçildiyini vurğulamaq istəyirəm, ifadələrinin özü də Azərbaycanın bədxahlarına göndərilən mesaj idi.

 Cənab Ərdoğanın dilindən səslənən Hərbi təhlükəsizlik, müdafiə sahəsində əməkdaşlıq ifadələri Ermənistanda və ermənipərəst ölkələrin paytaxtında Ankarada törədilmiş terrordan qat-qat artıq əks-səda vermişdi.

Dövlət başçılarının müzakirələr zamanı xüsusi əhəmiyyət verdikləri digər bir məsələ də var idi ki, o məsələ türk bədxahlarının qulağında daim həyəcan təbili çalır.  Türkiyə Prezidentinin yada saldığı məqam ermənilərin və erməniliyin qulağına rahatlıq verməyən həmin təbilin səsini birə-beş qat artırdı: Əhəmiyyət verdiyim digər məqam isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin və təsir dairəsinin daha da artırılmasıdır. Asiya iqtisadi və ticari baxımdan XXI əsrin mərkəzinə çevrilir. Qafqaz bölgəsi isə Asiya ilə Avropa arasında ən mühüm nəqliyyat, ticarət və enerji marşrutlarından biri kimi get-gedə daha çox diqqət mərkəzinə çevrilir. Bu baxımdan tarixi İpək yolu"nun bərpası və təkmilləşdirilməsi məqsədilə həyata keçirilən işlər qətiyyətlə davam etdirilməlidir. Azərbaycanın həmin layihələr üzrə qovşaq və yolların kəsişməsində yerləşməsi baxımından mühüm rolu var. Başda Bakı və Ələt limanlarında aparılan işlər olmaqla, logistik dəhlizi əhatə edən bütün layihələrdə Azərbaycan tərəfi ilə sıx əməkdaşlıq və əlaqələndirmə şəraitində işləmək istəyirik".

Azərbaycan Prezidentinin Bu dəhşətli terror aktı bizi də sarsıtdı. Azərbaycan xalqı, həmişə olduğu kimi, bu gün də türk xalqı ilə birlikdədir. Biz həmrəyik, dostuq, qardaşıq. Bizim əlaqələrimizin təməlində xalqlarımızın birliyi, qardaşlığı dayanır. Yaxşı günlərdə də, ağır günlərdə də biz hər zaman bir-birimizin yanındayıq, deyimi İlham Əliyevin hələ 2003-cü ildə, ilk dəfə dövlət başçısı seçilərkən dediyi bizim siyasətimiz sözlə deyil, əməli işlərlə ifadə olunacaq- qətiyyətini  yada salırdı. Çünki Azərbaycan Prezidenti həm daxili, həm də xarici siyasətdə öz əməli fəaliyyəti ilə seçilən liderlərdəndir. Bütün addımlarda inkişafı, tərəqqini dəstəkləyən Prezident İlham Əliyev bu tendensiyanın qardaş ölkədə də sürətlə davam etməsindən məmnunluq ifadə etdi:  Türkiyənin son illər ərzində sürətli inkişafı da bizi sevindirir. Türkiyə bu gün dünya miqyasında güclü ölkələr sırasındadır. Türkiyənin bütün dostları buna sevinirlər, ilk növbədə Azərbaycan xalqı buna sevinir.

Dövlət başçılarını görüşlərindən, xüsusən, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasındakı müzakirələrdən, eləcə də  sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər. Ev sahibi kimi birinci bəyanatla çıxış edən Rəcəb Tayyib Ərdoğanın qardaşlığın yaratdığı gücü, həmrəyliyi dilə gətirməsi təsadüfi deyildi. Çünki bu gün istənilən türk dövlətinin üstünə diş qıcıyanlar çoxdur, o ki ola Türkiyə və Azərbaycan kimi sürətlə inkişaf edən türkdilli ölkələrə. Cənab Ərdoğanın bəyanatındakı bu sətirlər  türk düşmənlərinin yaddaşında hələ uzun illər qalacaq: Mən bu səfəri, bu gün burada Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasını həm bu hadisə ilə bağlı birlikdə gücümüzü, həmrəyliyimizi, həm də bütün terror hücumlarına qarşı birlikdə olduğumuzu milli və beynəlxalq miqyasda göstərmək baxımından çox yüksək qiymətləndirirəm. Mən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının bu iclasının Ankaramızda keçirilməsini çox təqdirəlayiq hesab edirəm və mərhum Heydər Əliyevin dediyi kimi, Bir millət, iki dövlət anlayışının daha bir təzahürü olduğunu bildirirəm. Qardaşım İlham Əliyev Azərbaycanın millətimizin dar günündə dostu olduğunu bir daha göstərdi. Buna görə ona dərindən təşəkkürümü bildirirəm".

Azərbaycan-Türkiyə  Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının  beşinci iclasında enerji, nəqliyyat, müdafiə, hərbi və bütün bu istiqamətlərdə əməkdaşlıq məsələləri  müzakirə edildi, ölkələrarası əməkdaşlığa yeni stimul verəcək  altı müqavilə imzalandı. Tərəflər əmindirlər ki, Ankarada imzalanmış  sənədlər  əməkdaşlığımızı sürətləndirməklə yanaşı, beynəlxalq aləmdəki nüfuzumuza da yeni çalarlar gətirəcək.

Həmin məsələni növbəti dəfə dilə gətirən Azərbaycan Prezidenti yada saldı ki, biz bütün sahələrdə uğurla əməkdaşlıq edirik. Bu gün burada imzalanan sənədlər, apardığımız danışıqlar bir daha bizim birliyimizi nümayiş etdirir. Biz beynəlxalq müstəvidə bir-birimizi daim dəstəkləyirik: Biz çox şadıq ki, Türkiyə dünya çapında güc mərkəzinə çevrilibdir. Əziz qardaşımın yorulmaz fəaliyyəti nəticəsində Türkiyə son illər ərzində böyük zirvələrə qalxa bilmişdir. Türkiyənin dünyadakı rolu artır, mövqeləri möhkəmlənir. Türkiyəyə dünya birliyi tərəfindən bəslənilən inam və rəğbət bizi sevindirir.

Nə qədər Türkiyə güclü olarsa, bir o qədər biz güclü olacağıq, deyən dövlət başçımız əlavə elədi ki, bizim gücümüz birliyimizdədir və bütün beynəlxalq məsələlərdə biz bir yerdəyik, bir-birimizin yanındayıq. Türkiyə hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normalarına uyğun həllinin tərəfdarı olmuşdur və bu dəstək bu gün də göstərilir. Azərbaycanın ərazi bütövlüyü pozulub, bərpa edilməlidir, beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələr icra edilməlidir. Biz bu məsələ ilə bağlı ikili standartlarla üzləşmişik və Türkiyə kimi böyük dövlətin göstərdiyi dəstək bizim üçün çox önəmlidir.

Sonda xüsusilə qeyd edilməli başqa bir məqam da var.  Prezident İlham Əliyevin Ankara səfəri zamanı qarşılanmasından yola salınmasına qədər olan məqamlar, xüsusilə , Prezident Rəcəb Tayyib Ərdoğanla görüşlərdə nümayiş etdirilən qardaş səmimiyyəti, təbiilik, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının materialları, imzalanan sənədlər, ümumiyyətlə, bütün detallar Türkiyə ictimaiyyəti, qardaş ölkənin mətbuat vasitələri və çoxsaylı ekspertlər, politoloqlar tərəfindən  yüksək səviyyədə təqdir və təbliğ olundu. Türk jurnalistlərdən birinin yazdığı Prezident Əliyev Türkiyənin  son beş aydakı üç terror hadisəsində aldığı  acıların azaldılmasını bacardı,ifadəsi , eləcə də müxalifət partiyalarından birini təmsil edən  İsa Yaşar Tezelin Azərbaycan Prezidentinin bu gözəl jestini dövlətimiz və millətimiz heç bir zaman unutmayacaq,- deyə nümayiş etdirdiyi qədirbilənlik nümunəsi mətbuatın diqqətindən yayınmadı.