Xalq qəzeti.-2016.-20 mart.-№63.-S.3.

 

Yeni liderlik modeli: Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının mühüm aspektləri

 

Ankarada törədilən dəhşətli terror aktı bütün türk-müsəlman dünyasını sarsıtdı. Onlarla günahsız insanın qətlə yetirilməsinə etirazlar səsləndi. Təəssüf ki, bu amansız qətliam Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının keçirilməsi ərəfəsində baş verdi. Yaranmış vəziyyətdə Prezident İlham Əliyev böyük qətiyyət göstərərək, tədbirin Ankarada təşkil edilməsi təklifini irəli sürdü. Bu, dünyaya ciddi bir mesaj idi. Azərbaycan Prezidenti Türkiyədəki terrora qarşı etirazını konkret addımı ilə nümayiş etdirdi. Bir vaxtlar Parisə toplaşan dünya liderlərinin heç biri bu cəsarəti və səmimiyyəti göstərmədi. Ankaradakı toplantıda irəli sürülən fikirlər bir daha göstərdi ki, iki dövlət əməkdaşlıq nümunəsi olaraq strateji tərəfdaşlığın yeni modelini reallaşdırırlar.

 

Müstəqil kurs: böyük siyasətçinin qətiyyətli addımları

 

Siyasətçi səmimiyyətini, qətiyyətini və əzmkarlığını son nəticədə əməli ilə sübut edir. Diplomatik ustalıq, siyasi peşəkarlıq, dərin strateji düşünmək qabiliyyəti əlahəzrət konkret əməldən sonra gəlir. Qürur duyuruq ki, Azərbaycan Prezidenti İlham Əliyev sözü ilə əməli arasında vəhdətin olduğunu dəfələrlə sübuta yetirib. Dövlət başçısının son Türkiyə səfərində bunun bir daha şahidi olduq. Təşəkkürlər, cənab Prezident! Müstəqil Azərbaycanın tam müstəqil siyasət yeridən böyük dövlət adamı!

Geosiyasi ziddiyyətlərin sərt zərbələri altında mis kimi əyilən bir sıra ölkə rəhbərindən fərqli olaraq, başını dik tutub, dövləti maraqları bir daha bütün dünyaya çəkinmədən bəyan edən və addımları ilə sübuta yetirən Prezidentimizlə qürur duyur, daim onun yanında olduğumuzu açıq alınla bildiririk! Çünki Prezident İlham Əliyevin yanında olmaq müstəqilliyin, dövlətçiliyin, demokratiyanın və ədalətin yanında olmaq deməkdir!

Ankara səfəri ona görə möhtəşəm idi ki, qanlı terror hadisəsindən sonra Azərbaycan Prezidenti yeganə dövlət başçısı idi ki, dinc əhaliyə qarşı terrorçu qüvvələrin dəhşətli qətliamlarından əziyyət çəkən bir ölkəyə tam dəstəyini ifadə etdi. Parisdə törədilən terror aktına görə Fransaya dəstəyini nümayiş etdirən, yeri gəldi-gəlmədi demokratiyadan, humanizmdən, ədalətdən, insan haqlarından dəm vuran böyük dövlətlərin başçılarından heç biri Ankaraya ayaq basmadı. Türkiyə paytaxtında yaşayan ingilis sənətçisi Ceyms Teylorun ifadə etdiyi kimi, Qərb siyasətçiləri "Şarle oldular, Paris oldular, ancaq Ankara ola bilmədilər"!

Ümumiyyətlə, Türkiyə-Azərbaycan qardaşlığı etnik mənsubluğa deyil, siyasi praqmatizmə, səmimi əməkdaşlığa, terrora qarşı dayanışmaya və ən başlıcası, ədalətə söykənir. İlham Əliyev bunu Ankarada milyonların gözü qarşısında Türkiyə Prezidentini səmimiyyətlə bağrına basmaqla təsdiq etdi! İlham Əliyev Türkiyənin ən ağır günündə böyük nümayəndə heyəti ilə Ankarada konkret əməkdaşlıq sənədləri imzalamaqla nümayiş etdirdi ki, siyasətində ardıcıl, dönməz, qətiyyətlidir və bu yolun haqq yolu olduğuna tam əmindir. Bu məqamda Azərbaycan Prezidentinin bütün dünyaya çox vacib bir mesajı vardı.

Burada onu xatırladaq ki, hələ iki il bundan əvvəl Avropa İttifaqının Praqada keçirilən "Şərq tərəfdaşlığı" sammitində Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyənin ünvanına söylədiyi tənqidi fikirlərə Azərbaycan Prezidenti İlham Əliyev sərt təpki göstərmiş və Sarkisyana birbaşa səslənərək "Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm!", deyə qardaş Türkiyənin mövqeyini böyük əzmkarlıqla müdafiə etmişdi. Bununla ölkə rəhbəri Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" konsepsiyasının əhəmiyyətini praktiki olaraq dünyaya çatdırmışdı.

Lakin İlham Əliyev siyasi proseslərdə həmişə obyektiv mövqe tutub. Prezident Türkiyədə baş verən terror hadisəsinə hansı münasibəti bildirdisə, ondan əvvəl Fransada, Suriyada və başqa yerlərdə törədilən terror aktlarına da eyni qiyməti verib. Londonda beynəlxalq konfransdakı çıxışında Suriyada müharibədən əziyyət çəkən milyonlarla insana yardım etmənin zəruriliyini vurğulayan dövlət başçımız eyni iradə və ruhla Türkiyədə terrora qurban gedənlərin qayğısını çəkdi. Deməli, İlham Əliyevin siyasətinin mahiyyəti demokratikdir, humanistdir, ədalətlidir. Bu da onu göstərir ki, Azərbaycan rəhbəri Dağlıq Qarabağ münaqişəsinin həllində də ədalətli mövqe tutub və onu heç zaman dəyişməyəcək! Bu mesajı həm rəsmi İrəvan, həm onların havadarları, həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkələri birdəfəlik qəbul etməli, yaddan çıxarmamalıdırlar.

Ankarada imzalanan 6 sənədin məzmunu Bakı ilə Ankaranın müasir dünyanın tələblərinə uyğun, regional və qlobal əməkdaşlığa xidmət göstərən, səmərəli təhlükəsizlik sisteminin yaradılmasına, beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı əlaqələrə xidmət etdiyini göstərir. Sənədlər diplomatik, siyasi, iqtisadi, sosial, hərbi, texniki, ədliyyə sahələri üzrə əməkdaşlığı əhatə edir ki, bunlar da yekunda iki ölkə arasında strateji əlaqələrin dərinləşməsinə yardım göstərir (bax: Azərbaycan-Türkiyə sənədləri imzalanıb / AZƏRTAC, 15 mart 2016).

 

Dünyaya mesaj: XXI əsr üçün liderlik modeli

 

Qardaş ölkələrin prezidentlərinin danışıqlardan sonra mətbuata verdikləri bəyanatlar isə tarixi əhəmiyyətli olmaqla iki ölkənin strateji əməkdaşlıqda nümunəvi model üzrə hərəkət etdiyini təsdiqləyib (bax: Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər / AZƏRTAC, 15 mart 2016). İlham Əliyev ifadə etdiyi hər bir fikri ilə strateji məqamları taktiki addımlarla ustalıqla uyğunlaşdırdığını nümayiş etdirib. Azərbaycan rəhbəri ölkəmizə edilən hər bir yaxşılığı yadda saxladığını və vəziyyətin dəyişməsindən asılı olmayaraq, bunu açıq ifadə etməyə qadir olduğunu göstərib. Bu bağlılıqda Türkiyə Prezidentinin Azərbaycanı "Böyük İyirmilik" (G20) ölkələrinin Liderlər Sammitinə dəvət etməsini ayrıca vurğulamaqla, bir siyasətçi olaraq atılan hər addımı layiqincə qiymətləndirdiyini nümayiş etdirib.

Məsələnin vacib tərəfi əməkdaşlıq üçün edilən hər bir təklifə emosiya səviyyəsində deyil, dövlət xadimi olaraq konkret siyasi mövqe ifadə etməkdən ibarətdir. İlham Əliyev müasir bir lider kimi siyasi kursun reallaşmasında hər bir faktoru ölkənin maraqları müstəvisində dəyərləndirdiyini, bütün digər məsələlərə də eyni meyarla yanaşdığını təsdiqləyib. Məhz bu aspektdə Azərbaycanın daim Türkiyənin yanında olduğunu vurğulayıb. Heç şübhəsiz, Prezident İlham Əliyevin "Türkiyə nə qədər güclü olsa, Azərbaycan da bir o qədər güclü olar" tezisi ölkə rəhbərinin gələcəkdə ən çox müraciət edilən fikirlərindən biri olacaq. Bu cümlədə ifadə olunan fikrin məzmun genişliyi və strateji əhəmiyyətini, ola bilsin ki, bir çoxları indi tam anlamasın, lakin zaman bunu hər kəsə sübut edəcək.

Eyni məntiqlə, Azərbaycanın dövlət başçısının "Türkiyə dünya çapında güc mərkəzinə çevrilibdir" fikri yalnız real faktın konstatasiyası deyil, həm də İlham Əliyevin ən ağır gündə belə Ankaraya dəstək verməyə hazır olduğunun, Türkiyənin dövlət kimi regionda və dünyada rolunu yüksək qiymətləndirdiyinin bariz nümunəsidir. Türkiyəyə dünya birliyi tərəfindən inam və rəğbətin artığını xüsusi vurğulamaqla, Azərbaycan rəhbəri bütün ziddiyyətli məqamlara baxmayaraq, qardaş dövlətin yüksələn xətlə inkişaf etdiyinin fərqində olduğunu və buna çox sevindiyini bildirir!

Doğrudan da, Ulu Öndərin siyasi kursunun layiqli davamçısına xas olan bir davranışdır. Belə rəhbəri olan ölkə – Azərbaycan heç zaman müstəqilliyini itirə bilməz. Ankarada İlham Əliyevin mətbuata verdiyi açıqlamanı izləyərkən hər an beynimizdən keçən fikir bundan ibarət oldu, fəxr etdik!

Bunların fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan rəhbəri ilə qarşıda duran birgə fəaliyyətlərini sadalaması maraqlı təəssürat yaratdı. Aydın göründü ki, iki qardaş ölkə regional və qlobal səviyyədə sivilizasiyalar və mədəniyyətlərarası dialoq sahəsində ciddi təşəbbüslər irəli sürüblər. Özü də Türkiyə və Azərbaycan birgə, yanaşı addımlayırlar. R.T.Ərdoğan islamafobiyanın, ksenofobiyanın və irqçiliyin gücləndiyi bir dövrdə Bakıda Sivilizasiyalar Alyansının Qlobal Forumunun keçirilməsini təklif edib. Bundan başqa, İlham Əliyev dünyada ilk olaraq Türkiyədə təşkil olunacaq Dünya Humanitar Zirvə toplantısına dəvət edilib. Deyilənlərlə yanaşı, Azərbaycan Türkiyədə turizmin inkişafına dəstək verir, Ankara da Naxçıvanda turizmin inkişafı üçün əlindən gələni edəcəkdir. Bu, əsl qardaşlıq, real əməkdaşlıq nümunəsidir. İki ölkə maddi mənfəəti deyil, qarşılıqlı faydalı əməkdaşlığı, dünya miqyasında dövlətlərimizin nüfuzunun daha da yüksəlməsini öncə düşünürlər.

Bununla da Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq gözəl bir məzmun kəsb etmiş olur. İki ölkə qlobal miqyasda təsirləri olan, qarşılıqlı fayda gətirən, regionda sülh və əmin-amanlığa xidmət göstərən ciddi layihələr üzərində işləyirlər. Onlar geniş geosiyasi məkanda qoşa dayanaraq lider dövlətlər rolunu oynamaqda qərarlıdırlar. Buna kifayət qədər potensial vardır!

Bu, bütün dünyaya yeni liderlik modelinin təklifidir. Bu, ayrıca bir ölkənin deyil, iki çox yaxın olan dövlətin lider kimi əməkdaşlıq etmək, ədalətli siyasət əsasında demokratiyanı inkişaf etdirmək niyyətinin təzahürüdür. XXI əsrin mahiyyətinə uyğun olan, dünyaya sülh və barış gətirə biləcək yeganə liderlik modeli budur. Azərbaycan Prezidentinin aşağıdakı fikirləri bu kontekstdə çox maraqlı və ibrətamizdir. İlham Əliyev Ankarada bəyan edib: "Bir daha qeyd etmək istəyirəm, – mən hesab edirəm və əminəm ki, həm Türkiyədə, həm Azərbaycanda bu fikirlə hər kəs razı olar, – bu gün dünya çapında Türkiyə və Azərbaycan qədər bir-birinə bağlı olan ölkələr yoxdur. Bu birlik bizim milli sərvətimizdir. Biz bu birliyi qoruyuruq, qoruyacağıq. Əminəm ki, gələcək illərdə biz bundan da böyük qələbələr əldə edəcəyik" (bax: əvvəlki mənbəyə).

Şübhə etmirik ki, Azərbaycan və Türkiyə rəhbərliyi strateji tərəfdaşlığı bundan sonra da dərinləşdirəcəklər. Həmin əməkdaşlıq yalnız iki ölkə üçün deyil, həm də region və bütövlükdə dünya üçün faydalı olacaqdır.

Newtimes.az