Kaspi.-2016.-17 mart.- 47-S.6.

 

Azərbaycan-Türkiyə: bir ananın iki övladı

 

Bu iki dövlət dünyada mahiyyətcə ən dərin və möhkəm münasibətlərə malikdir

 

Paytaxt Ankarada törədilən terror aktı səbəbindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 martda Azərbaycana nəzərdə tutulan səfəri son bir ayda ikinci dəfə təxirə salındı. Lakin bunun qarşılığında Azərbaycan Prezidenti Strateji Əməkdaşlıq Şurasının planlaşdırılan V iclasının Bakı əvəzinə Ankarada keçirilməsi barədə təşəbbüslə çıxış etdi və Türkiyəyə səfər etməyə qərar verdi. Bu o demək idi ki, Ərdoğanın səfərinin təxirə salınmasına gətirən Ankaradakı müdhiş və xain terror aktı Bakı-Ankara münasibətlərinin səviyyəsinə neqativ təsir etməyəcək. Tam tərsinə, iki qardaş ölkə arasında əlaqələr ənənəvi axarında - yüksələn xətlə davam edir. Terror hadisələri dövründə Ankaraya ilk mesaj da Bakıdan gəldi: Ankara şəhərində törədilmiş amansız terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca kədərləndirdi. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir və ona qarşı ən kəskin şəkildə mübarizəni labüd hesab edirik.

 

Tarixə bir nəzər

 

Türk Cümhuriyyətinin qurucusu Atatürkün Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir möhtəşəm kəlamı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səsləndirdiyi Bir millət-iki dövlət ifadəsi müasir dövrdə Azərbaycan-Türkiyə münasibətlərinin məzmununu və yönünü aydın göstərir. İki dövlət arasında münasibətlərin yeni və əsas mərhələsi 1991-ci ildə Sovetlər Birliyi dağıldıqdan sonra başlanmışdır. Türkiyə Azərbaycanın bərpa edilən dövlət müstəqilliyini tanıyan ilk ölkə olmuşdur. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinin bir hissəsini işğal etməsinə cavab olaraq rəsmi Ankaranın təcavüzkar dövlətlə sərhədlərini bağlaması zəruri bir addım olmaqla, Türkiyənin Azərbaycanın mövqeyini təkcə sözdə yox, həm də əməli işdə dəstəkləyən bir dövlət olduğunu ortaya qoymuşdur. Tarixi və etnik köklərə bağlı olan bu təbii yaxınlaşma ümumi maraqlar ətrafında səylərin birləşməsinə, gələcəyin möhkəm təməllər üzərində qurulmasına hüdudsuz imkanlar yaratmaqdadır.

 

Dərin köklərə bağlı bu günümüz

 

Azərbaycan ötən əsrin sonlarında dövlət müstəqilliyini əldə etdikdən sonra Türkiyə ilə münasibətlərin inkişafı üçün geniş siyasi və hüquqi imkanlar yarandı. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıtdıqdan sonra Türkiyə Cümhuriyyəti ilə münasibətlərin inkişafına xüsusi önəm verdi. Bu birlik, təsadüfi deyil ki, regionda sülhün, təhlükəsizliyin qarantı kimi dəyərləndirilir. Türkiyə və Azərbaycan böyük enerji layihələrinin həyata keçirilməsində strateji ortaqlıq nümayiş etdirərək, ümumilikdə regionun, eyni zamanda, dünyanın iqtisadi imkanlarının genişlənməsinə mühüm zəmin yaradır. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz layihələrinin gerçəkləşməsi də Türkiyə və Azərbaycan dövlətlərinin siyasi iradəsinin nəticəsidir. Bu birliyin möhkəmlənməsində ulu öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Regionda təhlükəsizliyin təminatında, bütün münaqişələrin sülh yolu ilə həllində maraqlı olan Türkiyə və Azərbaycanın dünyanın ən nüfuzlu təşkilatlarında eyni mövqedən çıxış edərək, beynəlxalq ictimaiyyəti ən mühüm problemimiz olan Ermənistan--Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe nümayiş etdirməyə çağırması, ikili siyasətin bu gün yaratdığı problemləri aradan qaldırmağa çalışması hər iki ölkənin ortaq maraqlarından irəli gəlir. Rəsmi Ankara daim Azərbaycanın yanında olduğunu bəyan edir. Azərbaycan və Türkiyə iki dövlət olsa da, ümumi hədəfləri birdir.

Azərbaycanla Türkiyə arasında mədəni-humanitar əlaqələr də yüksələn xətlə inkişaf edir. Elm və təhsil sahəsində əməkdaşlıq, tələbə mübadilələri, incəsənət xadimlərinin qarşılıqlı səfərləri, birgə mədəni tədbirlər ardıcıl olaraq həyata keçirilir. Mədəniyyət sahəsində əməkdaşlıq həm də TÜRKSOY çərçivəsində inkişaf etdirilir. Hazırda qardaş ölkədə təhsil alan azərbaycanlı tələbələrin sayı 3000 nəfərə çatır. Azərbaycanlı kursantlar Türkiyənin yüksək səviyyəli ali hərbi akademiyalarında NATO standartlarına uyğun kadr kimi formalaşmaqdadırlar. İki strateji müttəfiq arasında hərbi əməkdaşlıq ildən-ilə genişlənərək Azərbaycan ordusu üçün zabit kadrlarının hazırlanmasında, hərbi təlimlərin keçirilməsində, maddi-texniki bazanın möhkəmləndirilməsində, bir sözlə, ordumuzun NATO standartları səviyyəsində qurulmasında mühüm rol oynamışdır.

Azərbaycanın və Türkiyənin birlikdə həyata keçirdikləri əməkdaşlıqdan təkcə ölkələrimiz deyil, bu bölgə, eləcə də daha geniş coğrafiya faydalanacaqdır. Qardaş ölkələrimiz reallaşdırmaq istədikləri mühüm layihələri həyata keçirmək istiqamətində sarsılmaz iradə nümayiş etdirirlər. Bu baxımdan TANAP layihəsini xüsusilə qeyd etmək lazımdır. Bu, Türkiyə və Azərbaycan üçün vacib layihədir. Türkiye Petrolleri Anonim Ortaklığı (TPAO) şirkəti Şahdəniz yatağında bp-dən sonra ikinci ən böyük sərmayəçidir. Bu, Türkiyənin Azərbaycan ilə hər sahədə olduğu kimi, enerji sahəsində də ortaq uğurlarının parlaq göstəricisidir. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında da dövlət başçıları və əlaqədar nazirlər TANAP layihəsi ilə bağlı işlərin nəzərdə tutulduğundan da sürətlə görüldüyünü vurğulayaraq, sonrakı mərhələlərdə həyata keçiriləcək məsələlərlə bağlı müzakirələr apardılar.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin edəcəkdir. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi ilə hər iki istiqamətdə intermodal və konteyner daşımalarının həcmi artacaqdır.

 

Zaman sınağa çəkəndə bir olduq

 

Tarixin müxtəlif dönəmlərində həmişə bəzi güclər Azərbaycan ilə Türkiyə arasında nifaq salmağa çalışmışlar. Sürix protokolları- Cənubi Qafqazda yeni geosiyasi xəritə yaratmaq, işğalçı Ermənistanın blokadadan çıxması məqsədini ortaya qoyan protokol Azərbaycan-Türkiyə münasibətlərinin ruhuna zidd prinsipləri daşımaqla bərabər, iki ölkə arasındakı müttəfiqlik təməllərinin sarsılmasına hesablanmışdı. Amma Türkiyə özünün və ən yaxın tərəfdaşının milli maraqlarını zərbə altına qoymamaq üçün çevik diplomatik gediş etməklə növbəti dəfə dünyaya sarsılmaz qardaşlıq əlaqələrinin əbədiliyini sübut etdi. Ankara birmənalı şəkildə bəyan etdi ki, qardaş ölkə Azərbaycanın ərazi bütövlüyü bərpa olunmadan, Ermənistanın işğalçı siyasətinə və əsassız ərazi iddialarına son qoyulmadan sərhədlərin açılması baş tuta bilməz.

Bundan başqa, Qərbin və onun tərəfdaşlarının təxribat xarakterli addımları da Bakı-Ankara münasibətlərini sarsıda bilmədi. Sübut olundu ki, Azərbaycan-Türkiyə qardaşlığı kimi ali dəyərlərə söykənən möhkəm birliyi heç nə sıradan çıxara bilməz. Dünyanın aparıcı strateji araşdırma mərkəzləri və nüfuzlu analitikləri də o qənaətdədirlər ki, Azərbaycan və Türkiyə dünyada mahiyyətcə ən dərin və möhkəm münasibətlərə malik olan ölkələrdəndir. Dil, din, mədəniyyət faktorunu kənara qoysaq belə, siyasi-strateji mənada hər iki ölkə bir-biri üçün zəruri tərəfdaşlığa böyük önəm verir. Türkiyə üçün Cənubi Qafqazın lokomotivi olan Azərbaycan bölgəyə girişdir və orada möhkəmlənməyin başlıca təminatçısıdır. Buna görə də Azərbaycan-Türkiyə işbirliyi xüsusi önəm kəsb edir.

2015-ci ildə erməni soyqırımının 100 illiyi ərəfəsində Türkiyə-Ermənistan münasibətlərinin bərpası istiqamətində addımlar atılacağına dair bəzi iddiaların ortaya qoyulmasına cavab olaraq Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqunun örnək olacaq tarixi bir müsahibəsini xatırlatmaq yerinə düşər: Ermənistanın iddiaları həqiqəti əks etdirmir. İddia olunanlar tarixi həqiqətlər deyil... Türkiyə xarici siyasətin idarə edilməsində fərqli bir paradiqma ilə çıxış edir. Bizə pislik etdiyini bildiyimiz ölkələr də daxil olmaqla sülhsevər şəraitdə onları bu səhvlərindən daşındırmaq üçün müzakirəyə üstünlük verdik. Bundan da vacib nəticələr əldə etdik. Ad çəkmirəm, amma bu, asan bir proses deyil. Biz Ermənistanla onların ürəyində yara olduğu iddia etdikləri mövzunu müzakirə etməyə hazırıq, amma tarixin saxtalaşdırılmasının qəbul etməyə razı deyilik. Türkiyənin üzərinə və bütün türk dünyasının üzərinə soyqırımı kimi qeyri-ciddi, qəbul edilməyəcək ağır bir ittihamın sürülməsini qəbul etməyəcəyik. Ermənistanın iddiaları 2015-ci ildə pik nöqtəyə çatsa belə zirvəyə çıxsa belə, ümid edirəm ki, bölgə üçün bəhs etdiyim çox daha müsbət nəticələr yaşanacaq. Faciə tək tərəfin yaşadığı bir faciə deyil, hər kəsin yaşadığı bir faciədir. Xocalıdakı hadisələrə əgər siz bir şey hiss etmirsinizsə, onların olduğunu qəbul etmirsinizsə, tarixi saxtalaşdıraraq özünüzün iddia etdiyiniz həqiqətlərlə bağlı anlayış gözləməyə haqqınız yoxdur.

Strateji müttəfiq ölkələr müxtəlif beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir, ortaq maraqlardan çıxış edirlər. Türkiyə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Rəsmi Bakı isə öz növbəsində uydurma erməni soyqırımının ifşa olunmasında rəsmi Ankara ilə birgə addımlar atır.

Hələ 2010-cu ilin aprelində bədnam erməni lobbisinin təsiri altında Amerika Konqresində qondarma erməni soyqırımı məsələsinin ciddiliklə gündəmə gəlməsi rəsmi Ankaranı xarici siyasətdə ümumtürk birliyi xəttini gücləndirməyə sövq etdi. Türkiyə hökuməti terrorçu PKK təşkilatına qarşı mübarizədə müttəfiq saydığı Qərb dövlətlərindən gözlədiyi siyasi və mənəvi dəstəyi məhz Şərqdən - tarixi tellərlə bağlı olduğu türkdilli dövlətlərdən ala biləcəyini yaxşı başa düşür. Rəsmi Bakı bununla yanaşı, həm də qondarma erməni soyqırımının ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində tanınması, habelə İsrail hərbi dəniz qüvvələrinin "Azadlıq" donanmasına hücumu kimi məsələlərdə Türkiyənin haqlı mövqeyini müdafiə etmişdir.

Türkiyənin adekvat addımlarını da xüsusi vurğulamaq lazımdır. Qarsda erməni-türk dostluğuna ucaldılmış bədnam abidənin uçurulması, Ermənistanla şərti olaraq imzalanmış Sürix protokollarının təsdiqlənməməsi ortaq maraqlara sədaqətin əyani göstəricisidir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin gerçəkləşmiş növbəti rəsmi görüşləri də müəyyən mənada ümumtürk birliyinə qarşı yönəlmiş təhdidlərə, qısqanc yanaşmalara layiqli cavab reaksiyası kimi qəbul oluna bilər. Səfərin belə ağır bir dövrə təsadüf etməsi bir daha təsdiqləyir ki, ölkələrimiz arasında çoxyönlu əlaqələr tarixi-siyasi zəmin üzərində inkişaf etməklə, bütövlükdə regionun siyasi taleyinin və gələcək inkişaf perspektivlərinin müəyyənləşməsində mühüm rol oynayır. Yeri gəlmişkən bir faktı da söyləmək yerinə düşər ki, 2000-ci illərin əvvəllərindən Rəcəb Tayyib Ərdoğanın Türkiyədə hakimiyyətə gəlməsi ilə bu əlaqələr daha da inkişaf edib. İqtisadi əlaqələrin həcmi artıb, enerji layihələri ortaya çıxıb. TANAP layihəsi də məhz Ərdoğanın hakimiyyəti dövründə imzalandı. Azərbaycan Türkiyəyə böyük yatırımlar qoydu. Bu il böyük nəqliyyat layihəsi olan Bakı-Tiflis-Qars dəmiryolu layihəsi işə düşəcək. Bundan başqa, Ərdoğanın bir hədəfi də var ki, bu hədəfə çatmaq üçün iki ölkə arasında iqtisadi-ticarət mübadiləsi ən azı 15 milyard ABŞ dollarına çatmalıdır. Birmənalı demək olar ki, bu gün Qara dəniz-Xəzərətrafı bölgədə Türkiyə və Azərbaycanın iştirakı olmadan hər hansı layihəni gerçəkləşdirmək mümkün deyildir. Bu həm də Türkiyə və Azərbaycan birliyinin bariz nümunəsinin möhtəşəm təntənəsidir.

 

Namiq Əhmədov,

Azərbaycan Respublikasının Əməkdar jurnalisti,

Qızıl Qələm, Araz, Həsən bəy Zərdabi və Beynəlxalq TÜRKSOY mükafatçısı