Xalq qəzeti.-2016.-13 mart.-57.-S.3.

 

Qətər Əmirinin Bakı səfəri ölkələrimiz arasında əməkdaşlığın
inkişafına xüsusi töhfələr verəcək

 

İttifaq MİRZƏBƏYLİ

 

Enerji əməkdaşlığı, turizm, kənd təsərrüfatı, texnologiyalar, daşımalar və investisiya qoyuluşu sahələrində yaxşı imkanlar görürük. Düşünürəm ki, bütün bu sahələr əməkdaşlıq üçün cəlbedicidir.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Hər iki ölkədə enerji resursları mövcuddur və biz bu sahəyə sərmayə yatırmalıyıq, bu məsələnin üzərində işləməliyik.

Şeyx Təmim bin Həməd Al TANİ

Qətərin Əmiri

 

Azərbaycan öz dövlət  müstəqilliyini bərpa etdikdən sonra  dünyanın bütün ölkələri ilə qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq yolunu seçmişdir. Şərqi və ya Qərbi təmsil etməsinə,  yaxud hansı mədəniyyətin daşıyıcısı olduğuna fərq qoymadan bütün ölkələr bizim üçün dost və tərəfdaş kimi qəbul edilir. Hərtərəfli əməkdaşlıq etdiyimiz ölkələrdən biri də Qətərdir.

Bu ölkə ilə  Azərbaycan arasında mövcud əlaqələrin tarixi 22 ildir. Ölkələr arasında diplomatik münasibətlər 1994-cü il sentyabrın 14-də qurulub. Əlaqələr 2007-ci ildə iki ölkənin səfirliklərinin Dohada Azərbaycan, Bakıda isə Qətər səfirliyinin açılması ilə daha da inkişaf edib. Bu illər ərzində iki ölkə arasında bütün sahələri əhatə edən çoxsaylı qarşılıqlı əməkdaşlıq sazişləri bağlanıb. Qətər  Azərbaycanın  dövlət müstəqilliyini ilk tanıyan ölkələrdəndir. Təhlükəsizlik və hərbi sahələrdə də əməkdaşlıq var. İki ölkə arasında təhlükəsizlik sahəsində bir neçə əməkdaşlıq sazişi imzalanıb. Bu sazişlər narkotiklərə qarşı mübarizə, polislərə təlim, informasiya mübadiləsi, fövqəladə halların və fəlakətlərin qarşısının alınmasında əməkdaşlığı nəzərdə tutur.

Rəsmi məlumatlarda bildirilir ki, ölkələrimiz arasında mədəni əməkdaşlığın əsası  2004-cü ildə bir sıra sahələri əhatə edən əməkdaşlıq sazişinin bağlanması ilə qoyulub. Xatırladaq ki, Azərbaycanın paytaxtı Bakı 2009-cu ildə İslam Mədəniyyəti  Paytaxtı seçilmişdi. Bununla əlaqədar keçirilmiş tədbirlərdə Qətər yüksək səviyyədə iştirak edib. 2010-cu ildə isə Azərbaycan Dohanın Ərəb Mədəniyyətinin Paytaxtı seçilməsinə həsr olunmuş tədbirlərə qatılıb. Ölkələrimiz arasında informasiya kommunikasiya texnologiyaları  sahəsində qarşılıqlı əməkdaşlığı gücləndirmək, bu sahəni daha da inkişaf etdirmək məqsədilə 2014-cü ildə anlaşma memorandumu imzalanıb. Qətər dövləti də Azərbaycan kimi,  qarşılıqlı səfərlər, əlaqədar layihələrin həyata keçirilməsi vasitəsilə təcrübə və elm sahəsində iki ölkə arasında əməkdaşlığı gücləndirməyə çalışır.

Dost ölkənin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin bir neçə gün əvvəl ölkəmizə reallaşdırdığı rəsmi səfər də Bakı ilə Doha arasındakı yüksək səviyyəli dostluq və tərəfdaşlıq  münasibətlərinin göstəricisi idi. Dövlət başçılarının geniş tərkibdə görüşündə bu məsələni xüsusilə yada salan Azərbaycan Prezidenti qeyd etdi ki,  bizim mükəmməl siyasi münasibətlərimiz mövcuddur: Beynəlxalq təşkilatlarda, xüsusilə həmişə bir-birimizi dəstəklədiyimiz BMT-də, İslam Əməkdaşlıq Təşkilatında uğurla əməkdaşlıq edirik. Beynəlxalq təşkilatlarda tərəfimizdən irəli sürülmüş təşəbbüslərə dəstək göstərdiyiniz üçün Sizə minnətdarıq.

Ölkələr arasında siyasi əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edən dövlət başçımız digər sahələrdəki əməkdaşlığın da bu səviyyəyə qaldırılmasının zəruriliyindən danışdı: İqtisadi əməkdaşlığımızın səviyyəsini siyasi əməkdaşlıq səviyyəsinə qaldırmalıyıq və hesab edirəm ki, bu sahədə çoxlu imkanlar mövcuddur. Bu gün imzalanacaq sənədlərdən biri xüsusilə bunun üçün yaxşı baza yaradacaq. Əminəm ki, birgə komissiyanın yaradılması ölkələrimiz arasında iqtisadi və ticari əməkdaşlığı artıracaq. Enerji əməkdaşlığı, turizm, kənd təsərrüfatı, texnologiyalar, daşımalar və investisiya qoyuluşu sahələrində yaxşı imkanlar görürük. Düşünürəm ki, bütün bu sahələr əməkdaşlıq üçün cəlbedicidir.

Qətərin   dünyada çox dinamik, iqtisadi cəhətdən sabit və çiçəklənən bir ölkə kimi tanındığını qeyd edən dövlət başçımız qarşılıqlı münasibətlərdəki perspektivin nədən ibarət olacağını da söylədi: Hesab edirəm ki, yaxın gələcək üçün ən vacib hədəflərdən biri qarşılıqlı ticarət dövriyyəsinin səviyyəsinin artırılması olmalıdır və bunun üçün yaxşı imkanlar mövcuddur. Eyni zamanda, daha da çox sayda Qətər vətəndaşlarının Azərbaycana səfər etməsi bizi məmnun edir. Bildiyiniz kimi, indi sizin vətəndaşlarınız üçün sadələşdirilmiş viza rejimi tətbiq olunur və ziyarətçilərin sayı artmaqdadır. Bu da, əlbəttə ki, xalqlar arasında əlaqələr üçün xüsusi fürsət yaradacaq. Birbaşa uçuşlarımız var, indi Azərbaycana çıxışınız daha da asanlaşıb. Bu da, əlbəttə ki, turizmin inkişafına stimul verəcək və öz növbəsində xalqlarımız arasında daha da sıx münasibətlərin formalaşmasına gətirib çıxaracaq. Biz ölkələrimiz arasında bundan da sıx münasibətlərin formalaşmasını istəyirik.

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani isə Azərbaycanda gördüklərindən məmnun olduğunu dilə gətirdi:  Maşallah, hər dəfə buraya səfər etdikdə böyük dəyişiklikləri müşahidə edirik... Bizim siyasi münasibətlərimiz çox güclüdür, iki ölkə arasında yüksək səviyyədə anlaşma var. Qonaq əmin olduğunu bildirdi ki,  bu razılaşmalardan sonra işlər daha da sürətlə irəliləyəcək: Öz tərəfimizdən biz bu münasibətlərə çox sadiqik. Zati-aliləri, bu münasibətləri daha da gücləndirmək üçün tərəfimizdən bütün səylərin göstərilməsini təmin edəcəyəm... Daha çox Qətər vətəndaşlarının Sizin gözəl ölkənizə gəlməsi bizi məmnun edir və ümidvarıq ki, eyni halı Qətərdə də müşahidə edəcəyik. Həmçinin mədəniyyət sahəsində də əməkdaşlıq etməliyik. Mədəniyyət sahəsində bir çox ortaq dəyərlərimiz var... Hər iki ölkədə enerji resursları mövcuddur və biz bu sahəyə sərmayə yatırmalıyıq, bu məsələnin üzərində işləməliyik.

Dost ölkənin dövlət başçısının Bakı səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin iştirakı ilə Azərbaycan Qətər sənədlərinin imzalanması mərasimi də keçirilmişdir. İmzalanan səkkiz sənəd Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qətər Dövlətinin Baş Gömrük İdarəsi arasında kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Qətər Dövlətinin Nəqliyyat və Rabitə Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Qətər Dövlətinin Maliyyə Nazirliyi arasında büdcə və maliyyə məsələləri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, Azərbaycan Respublikası hökuməti ilə Qətər Dövləti hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, Azərbaycan Respublikası hökuməti ilə Qətər Dövləti hökuməti arasında təhsil, ali təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu,  Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Qətər Dövlətinin Ədliyyə Nazirliyi arasında hüquq sahəsində əməkdaşlıq haqqında Saziş, Azərbaycan Respublikası hökuməti və Qətər Dövləti hökuməti arasında diplomatik və xüsusi pasportlara malik müvafiq vətəndaşlar üçün viza tələblərinin ləğv edilməsi haqqında Sazişə dəyişikliklər edilməsi barədə Protokol və Azərbaycan Respublikası hökuməti ilə Qətər Dövləti hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın yaradılması haqqında Saziş ölkələrarası əməkdaşlığın səviyyəsinin məhz dövlət başçılarının arzuladığı səviyyəyə çatdırılmasını təmin edəcəkdir.

Dost ölkənin dövlət başçısının Bakı səfəri zamanı dövlət və hökumət rəhbərləri ilə görüşlərdə energetika, sərmayə qoyuluşu, kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafı, eləcə də, üçüncü ölkələrdə birgə investisiya qoyulması kimi mühüm məsələlər də müzakirə edilmişdir.