Olaylar.-2016.-10 mart.-¹ 45.-S.5.

 

Azərbaycan-Qətər münasibətlərində yeni mərhələ

 

Körfəz ölkəsi hansı üstünlüklərə malikdir?

 

Son aylar Azərbaycana olan beynəlxalq maraq artmaqdadır. Xüsusilə, “Cənub Qaz Dəhlizi” layihəsinə dair Məşvərət Şurasının ikinci iclasından sonra bu maraq özünü daha qabarıq şəkildə göstərir. Belə ki, bir neçə gün əvvəl Macarıstan baş nazirinin geniş tərkibli nümayəndə heyəti ilə Azərbaycana səfərindən sonra ötən gün Qətər əmiri ölkəmizə təşrif buyurdu. Hər iki ölkə rəsmilərinin Bakıda keçirdiyi görüşlərdə müxtəlif sahələri əhatə edən sənədlər imzalandı ki, bu da Azərbaycan üçün yeni imkanlar deməkdir. Ekspertlər Avropa ölkəsi olan Macarıstanla yanaşı ərəb dövləti Qətərlə Azərbaycanın əlaqələrinin inkişaf etdirilməsinə müsbət yanaşır və bu əlaqələrin böyük fayda verəcəyini deyirlər. Bəs görəsən Qətərlə Azərbaycan arasındakı əlaqələr hansı dividentlər gətirə bilər? Ümumiyyətlə, Qətər dövləti hansı imkanlara malikdir.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, Xəzər dənizi ətrafı ölkələrinin hamısı neft və qazla zəngindir. Buna görə Xəzərin karbohidrogen ehtiyatlarına Qərbdə çox böyük maraq var və çox zaman bu hövzəni imkanlarına görə İkinci Ərəb Körfəsi adlandırırlar: “Körfəzin ərazicə ən balaca dövləti sayılan Qətər uzun müddət müstəmləkə torpaqları olub. Qətər portuqaliyalılardan tutmuş osmanlılara qədər və nəhayət ingilislərin nəzarətində olub. 1 sentyabr 1971-ci ildə Qətər dövlət müstəqilliyini əldə edib. Ölkənin dövlət quruluşu Konstitusiyalı monarxiyadır. Dövlətin başçısı Əmirdir. Ölkədə 45 nəfərdən ibarət bir palatalı Məclis əl-Şura fəaliyyət göstərir ki, onun da 30 nəfəri seçilir, 15 nəfəri Əmir tərəfindən təyin edilir. Qətərdə ilk neft 40-cı illərdə tapılsa da, onu hasil etməyə İİ Dünya müharibəsi mane olub. Buna görə də Avropaya 15 min tonluq ilk neft partiyasını ingilislər yalnız 1947-ci ildə yola sala biliblər. Hasilat həcmləri sonrakı illərdə böyük olmayıb”. Mərkəz rəhbəri deyir ki, Qətərin bəxti 1960-cı ildə “Shell” şirkətinin Körfəzdəki kəşfiyyat işlərinin müvəffəqiyyətlə başa çatdırılmasından sonra gətirməyə başladı: “Belə ki, dəniz sularında ilk neft yatağı tapıldı. Ancaq bununla neft gəlirləri “fontan” vurmadı. Çünki o zaman dənizdə neft hasilatı Qərb şirkətləri üçün də bir yenilik olduğundan bahalı bir sahə idi, xərci qurudakından qat-qat çox idi. Beləliklə, hər şey Qətərin dövlət müstəqilliyini elan etməsindən sonraya qaldı.1975-ci ildə Qətər neft və qaz sənayesində hasilatla bağlı bir neçə sənəd qəbul etdi, xarici şirkətlərdəki pay hesabına Dövlət neft şirkəti “Qatar Petroleum” yaradıldı, xarici tərəfdaşların fəaliyyətinə yenidən nəzər yetirildi və nəticə çox keçmədi ki, öz bəhrəsini verdi. 1990-cı ildə dövlət şirkətinin hasilatı gündəlik neft hasilatı 650 min barelə, 2005-ci ildə isə ilk dəfə olaraq 1 milyon bareli ötdü. Forbes jurnalının məlumatına görə, “Qatar Petroleum” şirkəti 2013-cü ilin yekunlarına görə, dünyanın ən iri neft-qaz şirkətləri içərisində 14-cü yerdə qərarlaşıb. Onun illik hasilatı 2,4 milyon barel neft ekvivalenti olub. Müqayisə üçün qeyd edim ki, 2013-cü ilin nəticələrinə görə, Azərbaycanın Dövlət Neft

Şirkətinin (SOCAR) gündəlik hasilatı təqribən 350 min barel neft ekvivalenti olub, Azərbaycan üzrə bu göstərici isə 1,76 milyon barel təşkil edib. “Qatar Petroleum” şirkəti ölkədə hasil edilən karbohidrogenlərin yalnız 50 faizdən bir qədər çoxunu çıxarır. Yerdə qalan həcmlər isə xarici şirkətlərin payına düşür”. İlham Şaban qaz ehtiyatları də Qətər üçün əlavə gəlir mənbəyidir və bu dövlət qaz hasilatından da müəyyən miqdarda gəlir əldə edir: “Neft hasilatı Qətərin müstəqilliyinin ayağa “durmasında” və “möhkəmləndirilməsində” vacib rola malik idisə, qaz bu ölkənin XXI əsrdə Körfəzdəkı sərhədləri aşaraq dünyaya bir ekspansiya siyasətinin başlanğıcını qoymuşdu. Çünki əvvəlcə qazın dünya bazarında olmayan dəyəri birdən birə qiymətdə 10 dəfə artması Qətərində istər-istəməz xüsusi çəkisini artırırdı. Qətərin yeni tarixini dəyişən hadisə 1997-ci ildən başlayır. Həmin il Körfəzdə “North Fild” qaz yatağının işlənməsinə start verilir. Dünyada təsdiq edilmiş qaz ehtiyatlarının 15 faizi bu yataqda cəmləşib. Qətərin özünün isə təbii qaz ehtiyatları nə az, nə çox 25,5 trilyon kub metrdir. Yəni Türkmənistan kimi ucu-bucağı görsənməyən ölkənin qaz ehtiyatlarından təqribən 8 trilyon kub metr çox. Qətər artıq dünyanın 3-cü qaz ölkəsidir, ondan irəlidə ancaq İran və Rusiya var. Bir maraqlı fakt da odur ki, Qətərin ən böyük qaz yatağı Körfəzdə İranın “Cənub Fars” yatağı ilə həmsərhəddir. İran dünyanın ikinci qaz ölkəsi ola-ola faktiki hasil etdiyi 165 milyard kub metr qazdan 156 milyardını özünün daxili bazarına yönəltmiş, Qətər isə Qərblə əməkdaşlığı siyasəti nəticəsində bu illər ərzində qazdan qaz vurub qazan doldurmağa nail olmuşdu. Hətta Qətərin paytaxtı Dohada gəzərkən adamda belə bir təsəvvür yaranır ki, bu şəhər reallıqda neft gəlirlərindən deyil, məhz qazın yaratdığı ab-havadan ucalıb. Sadəcə, Dohanın son 15 ildəki fotolarını seyr etmək kifayətdir”. Mərkəz rəhbərinin sözlərinə görə, rəsmi Dohanın Avropaya Yaxın Şərq ölkələri üzərindən boru kəməri vasitəsilə qaz ixracı Rusiyanın iqtisadi maraqları üçün böyük zərbə olar. Ona görə də rəsmi Moskva ABŞ ilə sıx əlaqələri olan bu ölkə ilə çox diplomatik davranışlara malikdir. Bir şeyi qeyd etmək gərəkdir ki, Qətər yüksək keyfiyyətli neft məhsulları istehsal edir və onlar ixrac edilir. Ancaq statistikada onlar emal məhsulu kimi göstərildiyindən neft və qaz sektorunun payı 85 faiz olub. Qətərdə yerli əhali demək olar ki, işləmir. Xarici şirkət ölkəyə gələrkən, yerli vətəndaşın xeyrinə 51 faiz olmaqla birgə müəssisə formasında təsis etməlidir. Ölkədə evsiz insan yoxdur, dövlət vətəndaşlarının hər bir sosial ehtiyacını təmin edir. İstənilən səviyyədə təhsil pulsuzdur. O cümlədən xaricdə. Ölkədə ictimai nəqliyyat yoxdur, çünki ona ehtiyac yoxdur. Hamının şəxsi avtomobili var. Ancaq yollarda tıxac da yaranmır, infrastruktur və qayda-qanuna əməl edilməsi yüksək səviyyədədir”. Mərkəz rəhbəri bildirib ki, Qətərin neft və qaz ixracından böyük gəlirləri yaranır. Ancaq ölkə onu sağa-sola heç də necə gəldi xərcləmir: “Bunu həyata keçirmək üçün bir sıra investisiya fondları yaradılıb. 2013-cü ilin fevralında investisiya portfeli 12 milyard dollar olan “Doha Global” Investment müstəqil investisiya Fondu yaradıldı. Onun məqsədi müəyyən problemlər üzündən satışa çıxarılan perspektivli xarici aktivlərin alınmasının həyata keçirilməsi idi. Təbii ki, bu vəsait ilkin kapitaldır. Bundan əvvəl isə Qətər xaricdəki aktivlərin alınmasında Qatar Investment Authority (Qətərin Suveren Fondu) imkanlarından yararlanırdı ki, burada 100 milyardlıq bir aktiv cəmlənmişdi. Doha Global Investment müstəqil

investisiya Fondu yaratmaqda əsas məqsəd xarici bazarda bankların öz real qiymətindən ucuz satışa çıxardıqları istənilən cəlbedici aktivə sahib çıxmaq idi. Fond sonradan gəmin aktivləri satmaqla yenidən gəlir əldə edir. Yəni onun məqsədi bazarda uzunmüddətli aktivlərlə işləmək deyil. Qətər fondları vasitəsilə artıq Fransanın neft və qaz nəhəngi Total şirkətinin 3 faiz səhmlərinə nəzarət edir. Bundan əlavə Fransada Paris Saint-Germain futbol klubuna sahibdirlər. Məşhur Vinci tikinti şirkətinin 5,6 faiz səhmləri, Veolia şirkətinin 5 faiz səhmləri və Lagardere media qrupunun10,1 faiz səhmləri də Qətərin investisiya fondlarına məxsusdur. Qətər bununla kifayətlənməyib ABŞ-da Tiffany & Co (TIF) şirkətinin 5,2 faiz səhmlərinə sahib çıxıb. Həmçinin dünyada bər-bəzək istehsalı ilə ad çıxarmış LVMH Moet Hennessy Louis Vuitton SA (MC) brendə də sahib olub. Və təbii ki, avtomobil sənayesi də Qətərin nəzarətindən kənar qalmayıb: Porsche-nin 10 faiz səhmləri artıq onlara məxsusdur. İtaliyanın Sardinya adasındakı məşhur Smeralda Holding otellər şəbəkəsi də Qətərin nəzarətinə keçib. Dohadan olan investorlar Londondakı titullu Harrods univermağını da satın alıblar. Ümumiyyətlə, Qətərin planları böyükdür. Bu ölkədə siyasi, iqtisadi və s. planlar hər an gündəmə gəlir və korrektə olur. Onları həyata keçirmək üçün bu ölkənin yetərincə maddi imkanları da var. Ancaq horizontda görünən və hər bir qətərli üçün təxirəsalınmaz plan – 2022-cü ildə ilk dəfə olaraq Yaxın Şərqdə futbol üzrə Dünya Çempionatının final mərhələsini yüksək səviyyədə qəbul etmək məsələsidir. Bu məqsədlə hazırda Doha iri bir tikinti meydançasını xatırladır. Bunun üçün kondisionerli stadionlar da tikirlər, analoqu olmayan infrastruktur layihələrindən tutmuş idman-yaşayış komplekslərinədək. Yaxın bir neçə ildə təkcə Qətər paytaxtının çiçəklənməsinə 50 milyarddan artıq vəsait xərclənməsi nəzərdə tutulub. Qətər bütün dünyada neft və qaz ölkəsi kimi tanınsa da, onu məşhurlaşdıran daha iki brend var. Hər kəsin tanıdığı, Al-Jazeera telekanalı və Qatar Airways aviasiya şirkəti”.

 

Kamal