Bakı xəbər.-2016.-8/9 mart.-№44.-S.15.

 

Nəsib bəy Yusifbəylinin ictimai-siyasi fəaliyyətində azərbaycançılıq ideyası...

 

İradə SARIYEVA

 

Azərbaycan dövlətçilik tarixində elə şəxsiyyətlər var ki, onlarla bizi böyük zaman ayırmır. O şəxsiyyətlərin mənəvi irsi, Azərbaycan dövlətçiliyi naminə verdikləri mücadilə tarixi mənbələrdə yer alır. Dövlətçiliyimiz, milli məfkurə, milli birlik hisslərinin formalaşmasında dövlət xadimlərimizin önəmli rolu var.

Onlardan barəsində hər zaman sayğı ilə söhbət açılan, Azərbaycan Xalq Cumhuriyyətinin liderlərindən biri olan Nəsib bəy Yusifbəylinin adını xüsusi qeyd etmək lazımdır. Bəllidir ki, Nəsib bəy Yusifbəylinin azərbaycançılığın inkişafında xüsusi rolu var.

O elə parlaq şəxsiyyətdir ki, onun haqqında nə qədər danışsan azdır. N.Yusifbəyli orta təhsilini Gəncə klassik gimnaziyasında başa vurduqdan sonra 1902-ci ildə Odessa Universitetinin hüquq fakültəsinə daxil olub və birinci rus inqilabı ərəfəsində siyasi fəaliyyətə başlayıb.

Tələbə Nəsibin ictimai-siyasi fəaliyyəti onun sonda böyük dövlət xadimi olması ilə nəticələndi. Azərbaycan Xalq Cumhuriyyətinin liderlərindən biri Nəsib bəy Yusifbəyli azərbaycançılığın inkişafında xidməti olan milli ziyalı və xadimlərimizdən biridir.

Tədqiqatçı Mövsüm Əliyev N.Yusifbəylinin ömür yolu haqqında belə yazır: "...O, universitetdə azərbaycanlı tələbələr tərəfindən yaradılan Azərbaycan Həmyerlilər Təşkilatının başçılarından biri idi. Bu təşkilatın rəhbərlərinin 1904-cü ildə çəkilmiş fotoşəklində biz Nəriman Nərimanov, Xosrov bəy Sultanov, Şahmalıyev qardaşları və başqa şəxslərlə yanaşı, N.Yusifbəylini də görürük. Tələbələrin inqilabi mübarizəsindən qorxuya düşən çar hökuməti 1907-ci ildə Odessa Universitetini müvəqqəti bağladıqdan sonra N.Yusifbəyli Krımın Bağçasaray şəhərinə köçmüş və orada görkəmli siyasi və ictimai xadim İsmayıl bəy Qaspıralının redaktor olduğu "Tərcüman" qəzetində məqalələrlə çıxış etməyə başlayıb. O, İsmayıl bəyin qızı Şəfiqə Sultan xanım Qaspıralı ilə ailə həyatı qurub və bir müddət bu şəhərdə yaşayıb. N.Yusifbəyli həmin illərdə Azərbaycan dramaturqlarının əsərlərini Bağçasarayda tamaşaya qoyub, özü də əsas rollarda çıxış edib. "Tərcüman" qəzetinin 13 yanvar 1907-ci il tarixli nömrəsində Bağçasaray şəhər teatr həvəskarları tərəfindən Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" faciəsinin tamaşaya qoyulduğu Nəcəf bəy rolunu Nəsib bəyin oynadığı xəbər verilir. Həmin qəzetdə verilən məlumatlardan aydın olur ki, N.Yusifbəyli o illərdə görkəmli Azərbaycan ədəbiyyatşünası F.Köçərlinin "Azərbaycan ədəbiyyatı" və Hüseyn Əfəndi Qayıbovun "Azərbaycanda məşhur olan şüaranın əşarına məcmuədir" adlı əsərlərinin Bağçasaray şəhərində çap olunması üçün çox çalışıb. Lakin naməlum səbəblər üzündən bu məsələ baş tutmayıb. Ümumiyyətlə, Nəsib bəy XX əsr Azərbaycan-Krım ədəbi-mədəni əlaqələrinin əsasını qoyanlardan biridir".

Aybəniz Kəngərli N.Yusifbəylinin İsmayıl bəy Qaspıralı ilə əlaqəsindən bəhs edərək yazır: "Güman etmək olar ki, Nəsib bəyi də İsmayıl bəy Qaspıralı ailəsi ilə Nəriman Nərimanov tanış edib. Universitetdəki siyasi fəallıq hökuməti qorxuya salmış, bir müddət hökumət Odessa Universitetini müvəqqəti bağlamalı olub. Sonra Nəsib bəy təhsilini Xarkov Universitetinin hüquq fakültəsində davam etdirmək istəsə də, universiteti yarımçıq atmalı olub.

Fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov yazır ki, N.Yusifbəyli 1907-ci ilin sonlarına doğru Bağçasaraya gəlmiş, "Tərcüman" qəzeti ilə əməkdaşlıq etməyə başlayıb. Bu tarixdən etibarən N.Yusifbəylinin adını tez-tez "Tərcüman" qəzeti səhifələrində görürük. Burada N.Yusifbəyli İsmayıl bəy Qaspıralının böyük qızı Şəfiqə xanımla evlənib, bu nikahdan iki uşaqları olub. Qızı Zöhrə xanım İsmayıl bəy Qaspıralının dünyadan vaxtsız keçmiş sevimli xanımının adını daşıyırdı və bu günə qədər İstanbulda "Zöhrə Göygöl" adı ilə yaşamaqdadır. Çox güman ki, o, atasının xatirəsinə bu soyadı qullanıb. N.Yusifbəylinin evlilik həyatı da İsmayıl bəy Qaspıralının "Dildə, fikirdə, işdə birlik!" çalışmaları kimi talesiz bir sonluğa düçar olmuşdu, 1909-cu ildə o, Şəfiqə xanımdan ayrılmış, sonralar başqa bir qadınla evlənmişsə də, ömrünün sonuna qədər uşaqlarına qayğı göstərmiş, hətta bu ayrılma belə onun İsmayıl bəylə münasibətlərinin pozulmasına səbəb ola bilməmişdi. İsmayıl bəy Qaspıralı 1914-cü ildə dünyasını dəyişdikdə onun məzarı başında çəkilmiş tarixi bir foto dediklərimizin canlı, əyani təsdiqidir. Yenicə torpağa tapşırılmış İsmayıl bəy Qaspıralının məzarı başında iki nəfər dizi üstə dayanıb: onlardan biri İsmayıl bəy Qaspıralının oğlu, bir müddət "Tərcüman" qəzetini redaktə etmiş Rifət bəy, ikincisi isə Nəsib bəy Yusifbəylidir. Təkcə bu şəkil, hətta qızı ilə ayrıldıqdan sonra da, N.Yusifbəylinin İsmayıl bəyə münasibətinin, ehtiramının dərəcəsini anlamağa imkan verir. İ.Qaspıralının yaxın silahdaşı Həsən Səbri Ayvazov İsmayıl bəyin son saatlarında onun yatağı yanında bulunan doğmalar sırasında N.Yusifbəylinin də olduğunu, İ.Qaspıralının vəsiyyətlərini həm də ona xitabən söylədiyini bildirir".

Tədqiqatçı yazır ki, N.Yusifbəyli bir müddət İstanbula siyasi mühacirət edib, orada "Türk dərnəyi" adlı türkçü cəmiyyətin qurucularından olub. Sonra 1909-cu ildə Gəncəyə qayıdıb orada ruhani mədrəsəsində müəllimlik edib. V.Ömərov qeyd edir ki, N.Yusifbəyli sonralar Azərbaycan türklərinin tanınmış liderlərindən biri kimi məşhurlaşmış, Azərbaycan Xalq Cumhuriyyətinin yaradıcılarından olub: "Fətəli xan Xoyskinin başçılıq etdiyi ilk üç kabinədə maarif naziri, daha sonrakı iki kabinədə isə baş nazir, eyni zamanda, daxili işlər naziri olub. Bundan əvvəl 1917-ci ildə Azərbaycanın muxtariyyəti uğrunda mübarizə aparan "Türk ədəmi mərkəziyyət partiyası"nı yaradıb. Bu faktı təsdiq edən Mövsüm Əliyev daha sonra yazıb: "Yoxsulluq üzündən N.Yusifbəyli ali məktəbi dördüncü kursdan atıb. Çar hökuməti orqanlarının təqiblərindən yaxa qurtarmaq üçün 1908-ci ildə bir müddət İstanbulda yaşayan Nəsib bəy "Türk dərnəyi" adlı cəmiyyətin banilərindən biri olub. Lakin sultan istibdadının rus çarizmi qədər qəddar olduğunu görən N.Yusifbəyli 1909-cu ildə Türkiyədən Gəncəyə qayıdıb. 1911-ci ildə Azərbaycan ziyalıları M.F.Axundovun anadan olmasının 100 illiyini geniş qeyd etmək üçün təşəbbüs göstərdilər. N.Yusifbəyli də onların arasında idi. Onun 1911-ci il mayın 20-də "Tərcüman" qəzetində çap etdirdiyi məqalə bu yubileyə həsr olunub. "Molla Nəsrəddin" satirik jurnalını o illərdə müdafiə edən ziyalılardan biri də N.Yusifbəyli idi. Onun 1909-cu il sentyabrın 4-də "Tərcüman" (36-cı sayı) qəzetində dərc edilmiş "Mətbuat" adlı məqaləsində Rusiyada çıxan müsəlman satirik jurnallarından bəhs olunur və "Molla Nəsrəddin"ə xüsusi qiymət verilirdi. Həmin qəzetin 40-cı nömrəsində çıxmış məqaləsində isə tatar jurnalı "Yulduz"un redaktoru ilə polemika aparan müəllif "Molla Nəsrəddin"ə hücumların haqsız olduğunu bildirirdi. O illərdə Gəncədə mövcud olan "Müsəlman xeyriyyə cəmiyyəti"nin, "Müsəlmanlar içində maarifi yayan cəmiyyət"in və "Aktyorlar cəmiyyəti"nin fəaliyyətində N.Yusifbəyli yaxından iştirak edib. O, "Azərbaycan ədəbiyyatı tarixi" əsərini də həmin dövrdə yazıb başa çatdırıb. Əlyazmanın sonrakı taleyi bilinmir. Bu əlyazmanın araşdırılıb üzə çıxarılması ədəbiyyatşünasların borcudur".

Alimin yazdığına görə, 1917-ci ildə Rusiyada fevral-burjua inqilabı baş verdi. O qeyd edir ki, həmin ilin mart ayında N.Yusifbəylinin rəhbərliyi altında yaradılmış "Türk ədəmi-mərkəziyyət partiyası" Gəncədə fəaliyyətə başladı: "Bu partiya Rusiyanı federativ şəkildə qurmaq və onun tərkibində Azərbaycana muxtariyyət vermək uğrunda mübarizə aparırdı. Yeni partiya xalqı öz proqramı ilə tanış etmək üçün şəhərin Şah Abbas məscidinin həyətində böyük mitinq təşkil etmişdi. Bu mitinq "Yaşasın demokratik respublika!", "Yaşasın Azərbaycan muxtariyyəti!", "Yaşasın türk ədəmi-mərkəziyyət partiyası!" şüarları altında keçirilmişdi. ("Baku", qəzeti, 12 aprel 1917, 80-ci sayı). Həmin ilin aprelində Bakıda çağırılan Qafqaz müsəlmanlarının qurultayındakı çıxışında N.Yusifbəyli Rusiyanın tərkibində Azərbaycana muxtariyyət verilməsini qəti şəkildə tələb edib. May ayında isə o, Moskvada keçirilən Rusiya müsəlmanlarının qurultayının iştirakçısı olmuş, "Müsəlman demokratik müsavat partiyası" ilə N.Yusifbəylinin başçılıq etdiyi "Türk ədəmi-mərkəziyyət partiyası" birləşib. Partiyanın Gəncə şöbəsinə N.Yusifbəyli rəhbərlik edirdi. Həmin il oktyabrın 26-dan 31-dək Bakıda davam edən birinci partiya qurultayında N.Yusifbəyli yaxından iştirak edib. Bu qurultaydan sonra "Azərbaycana muxtariyyət" şüarı altında hərəkat başlanıb. N.Yusifbəyli Zaqafqaziya Seyminin üzvü, 1918-ci il aprelin 26-da yaranmış müstəqil Zaqafqaziya Respublikası hökumətinin maarif naziri idi.

1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. N.Yusifbəyli bitərəf F.İ.Xoyskinin (1875-1920) baş nazir olduğu birinci kabinədə xalq maarifi naziri vəzifəsini icra edib. O, Xoyskinin başçılıq etdiyi ikinci və üçüncü kabinələrdə də həmin vəzifədə işləyib. 1919-cu il aprelin 14-də Azərbaycan Respublikası Nazirlər Şurasının sədri təyin olunan N.Yusifbəyli bu vəzifəni 1920-ci il aprelin 1-nə kimi icra edib. Həmin illərdə sinfi ziddiyyətlərin qalmasına baxmayaraq, N.Yusifbəylinin baş nazir olduğu vaxt həyata keçirilmiş bir sıra tədbirlər müsbət xarakter daşıyırdı. Öz dövrünün görkəmli siyasi-ictimai xadimi olmuş, mürəkkəb və ziddiyyətli bir həyat yolu keçmiş N.Yusifbəyli 1920-ci il mayın əvvəllərində Azərbaycanın Kürdəmir qəzasında Yevlaxın Qorxunlu kəndindən olan quldur Əşrəfin yaxın adamları tərəfindən qətlə yetirilib".

Bir sıra tədqiqatçılar, cumhuriyyət tədqiqatçıları N.Yusifbəylini Azərbaycanın müstəqilliyi uğrunda şəhid adlandırır. Bəli, Nəsib bəy xalq, dövlətçilik, azərbaycançılıq yolunda şəhid olub. Bütün fəaliyyəti boyu azərbaycançılığa, dövlətçiliyimizə, milli birliyə xidmət edib. Bu gün Bakıda N.Yusifbəylinin adına küçə var, yubileyləri keçirilib, barəsində kitablar nəşr edilib, saysız məqalələr yazılıb. Milli dövlətçilik ənənəsinə sadiq qalan, azərbaycançılığın bayraqdarlarından olan N.Yusifbəylinin xatirəsi unudulmazdır. Dövlətçilikdən, milli birlikdən, azərbaycançılıqdan danışanda millət, dövlət yolunda canını qurban verən şəhidimiz N.Yusifbəyli də xatırlanır.

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.