Bakı xəbər.-2016.-20/22 fevral.-№33.-S.15.

 

Türkoloji görüşlər - azərbaycançılığın mühüm istiqaməti kimi...

 

Prezident sərəncamının tarixi rolu...

 

İradə SARIYEVA

 

Azərbaycanda milli-mənəvi dəyərlərə, xalqımıza, dövlətimizə, elmimizə başucalığı gətirən tarixi hadisələrə hər zaman dəyər verilir. Azərbaycançılıq ideyasının təbliğində rolu olan, bu sahədə yeni-yeni səhifələr açan hadisələr dövlət tərəfindən qeyd edilir. Bu önəmli yaşantılardan, hadisələrdən biri də 90 il bundan əvvəl, 1926-cı ildə paytaxtımızda keçirilən Birinci Türkoloji Qurultaydır. Birinci Türkoloji Qurultay türk xalqlarının tarixində əhəmiyyətli rola malikdir.

Bu il Birinci Türkoloji Qurultayın keçirilməsinin 90 illik yubileyidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi məqsədilə tarixi sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, 2016-cı ildə Bakı şəhərində Birinci Türkoloji Qurultayın keçirilməsinin 90 illiyi tamam olur: "Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələnin təməlini qoymuş diqqətəlayiq hadisələrdəndir. Qurultayda əsaslı müzakirə obyektinə çevrilmiş problemlərlə bağlı böyük perspektiv əhəmiyyətə malik qərarlar qəbul edilmiş, latın qrafikalı yeni əlifbaya keçidin elmi-metodik prinsipləri işlənib hazırlanmışdır. Həmin əlifbanın ilk kütləvi tətbiqinə türkdilli respublikalardan məhz Azərbaycanda başlanması hələ XIX əsrdən etibarən burada mütərəqqi ziyalıların əlifba islahatı uğrunda fəal şəkildə apardıqları mübarizənin nəticəsi idi. Lakin sovet idarə üsulu çox keçmədi ki, bütün bunların ardıcıl gerçəkləşdirilməsinin qarşısını müxtəlif vasitələrlə aldı".

Sənəddə vurğulanır ki, XX yüzilliyin sonlarına doğru Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini bərpa etməsi ilə Azərbaycan dilinin rəsmi dövlət dili statusu qəti surətdə təsbit edildi və Türkoloji Qurultay tərəfindən vaxtilə irəli sürülmüş tövsiyələrin müasir şəraitdə uğurla həyata keçirilməsi üçün əlverişli zəmin yarandı. Sərəncamda "Bir əsr boyunca üçüncü dəfə dəyişdirilməyə məruz qaldıqdan sonra latın qrafikalı yeni əlifbaya keçildi və ölkənin ictimai-siyasi həyatının, xalqın yazı mədəniyyəti tarixinin taleyüklü məsələlərinin həlli istiqamətində mühüm addımlar atıldı. Qurultaydan bəri ötən dövr türkologiyaya dair araşdırmalar sahəsində yeni konsepsiyaların formalaşdırılması, Azərbaycanın türkoloji araşdırmaların nüfuzlu mərkəzlərindən biri kimi tanınması və türk xalqlarının mədəni-mənəvi birliyinin nəzəri-elmi bünövrəsinin yaradılması ilə əlamətdardır. Qazanılan nailiyyətlər eyni zamanda qurultayın təşkili işinə töhfələr vermiş totalitar rejim qurbanı görkəmli alimlərin xatirəsinə ehtiramın ifadəsidir"-deyə vurğulanır.

Prezident İlham Əliyevin 18 fevral 2016-cı il tarixli Sərəncamında türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında müstəsna rol oynadığını nəzərə alaraq, Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin layiqincə keçirilməsi qərara alınıb. Ölkə başçısı Azərbaycan Milli Elmlər Akademiyasına Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Birinci Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməyi tapşırıb.

Elə çağlar olub ki, bütün türk elləri bir ağızda danışıb. Dili, sözü, adı, ürəyi bir olub. Bu gün də ürəyi birdir türkün. Ayrı-ayrı çağlarda yollar, illər, sərhədlər ayrısı olsalar da, bu gün qaynayıb-qarışır, birləşir türk elləri.

Türk dil ailəsinin ayrılmaz üzvü olan ana dilimiz-Azərbaycan türkcəsi əsrlərdir cilalanır, hamarlanır, dolğunlaşır, inkişaf edir. Azərbaycan dövlətinin həyata keçirdiyi ana dili siyasəti sayəsində dilimiz daha da zənginləşir, bir vaxtlar itirdiyimiz sözlər, ifadələr yenidən dilimizə qaytarılır.

Türk xalqının ana dili tarixində zaman-zaman böyük hadisələr, dilin inkişafına təkan verən əhəmiyyətli addımlar atılıb. Böyük türkoloqlar, dilçilər, dil təəssübkeşləri bu hərəkatın başında durub. O şəxsiyyətlərin gördüyü işlər əvəzsizdir. Sevindirici hallardan biri odur ki, Azərbaycan dövləti bu məsələlərdə, xüsusən də müasir Azərbaycan türkcəsinin hansı yolla inkişaf etdirilməsi, onun hələ uzun əsrlər işlək olması yönündə gördüyü işlərdə o alimlərin miras qoyduğu ənənələrə, fundamental elmi əsərlərə istinad edir. Dövlətin xalqın dilinə, mədəniyyətinə bu qədər həssaslıqla yanaşması həqiqətən də təqdirəlayiq haldır.

Türk xalqının ana dili tarixində əlamətdar bir hadisə var ki, son illər o barədə xüsusi danışılır, haqqında geniş məqalələr yazılır, tədbirlər keçirilir. Özü də bu yığıncaqlarda türk dünyasının qüdrətli dil təəssübkeşləri, alimləri iştirak edir. 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayın keçirilməsi haqqında danışmaq istəyirik.

Məlum olduğu kimi I Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsini Azərbaycan alimləri, türkoloqlar böyük razılıqla qarşılayır.

Onu da qeyd edək ki, 23 aprel 2006-cı ildə Bakıda I Türkoloji Qurultayın 80 illiyinə həsr edilən elmi konfrans keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Təhsil Nazirliyinin birgə keçirdiyi konfransda Azərbaycan türkoloqları ilə yanaşı, Türkiyə, Qazaxıstan, Tatarıstan, Qaqauz Yeri, İran, Gürcüstan və Moskva alimləri, səfirlər iştirak edib.

I Türkoloji Qurultay türk xalqlarının tarixində ən böyük hadisələrdən biridir. Onu da qeyd edək ki, I Türkoloji Qurultayın 80 illik yubileyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 9 noyabr tarixli Sərəncamına əsasən qeyd edilib.

Sözügedən konfransda vurğulanırdı ki, birinci qurultayın işində keçmiş SSRİ məkanının türkdilli xalqlar yaşayan bütün bölgələrindən, xarici ölkələrdən dəvət olunan 131 tanınan alim iştirak edib. Qurultayda 600 nəfər alim iştirak edib. Doqquz gün ərzində 17 iclas keçirilib, türkdilli xalqların tarix və etnoqrafiyasına, ədəbiyyatına, dilçilik məsələlərinə, türk dillərinin tədrisi problemlərinə həsr olunan 37 məruzə dinlənib. Mənbələrdən də məlumdur ki, qurultayın diqqət mərkəzində olan əsas məsələ bütün türkdilli xalqlar üçün latın qrafikasına əsaslanan yeni əlifbanın qəbul edilməsi idi. Burada bütün sahələrdə, o cümlədən terminologiya, orfoqrafiya, ana dilinin tədrisi metodikası sahəsində olan problemləri meydana çıxarmış və onların həlli yollarını göstərmiş qurultay türkdilli xalqların həyatında böyük rol oynayıb, onların tarixinin, etnoqrafiyasının, ədəbiyyatının, incəsənətinin elmi cəhətdən dərindən öyrənilməsi, inkişaf etdirilməsi sahəsində yeni üfüqlər açıb.

Qeyd edək ki, I Türkoloji Qurultayla bağlı Türkiyədə Sami N.Özerdimin, M.Şakir Ülkütaşırın, Zeynep xanım Korkmazın, Necmettin Hacıeminoğlunun, Mertol Tulumun, Hamza Zülfikarın, Hasan Erenin kitab və məqalələri yazılıb.

Türkoloq və dilçilər qeyd edir ki, qurultayın qarşıya qoyduğu ortaq dil, ortaq əlifba, ortaq orfoqrafiya, terminlər sahəsində ortaqlıq kimi məsələlər keçmiş SSRİ məkanında yasaq olunan tədqiqat mövzuları olub. Ancaq imperiyanın dağılması bütün türk dünyası üçün də yeni üfüqlər açdı, yeni müstəqil dövlətlər yarandı. Azərbaycanın müstəqillik illərində əldə etdiyi ən böyük nailiyyətlərdən biri də ana dilimizin dövlət dili statusu qazanması, bütün sahələrdə geniş inkişaf yoluna çıxmasıdır. Hələ sovet dövründə, 1978-ci ildə Azərbaycan Respublikasının sabiq Prezidenti mərhum Heydər Əliyev Konstitusiyamıza Azərbaycan dilinin dövlət dili olması barədə ayrıca maddə salınmasına nail olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Birinci Türkoloji Qurultayın 80 illik yubileyi haqqında" Sərəncamında çox dəqiq qeyd edildiyi kimi, Heydər Əliyev tərəfindən imzalanan "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli və "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 9 avqust 2001-ci il tarixli fərmanlar isə ana dilimizin inkişafında mühüm istiqamətverici sənədlər hesab edilməlidir. Bütün bunlar I Türkoloji Qurultayın qərarlarının məntiqi davamı olmaqla, həmin qərarların tarixi əhəmiyyətini təsdiq edir və onların obyektiv zərurətdən meydana gəldiyini göstərir. I qurultayda müzakirə edilən məsələlərin bir çoxu postsovet məkanının türkdilli xalqlar yaşayan bəzi bölgələrində hələ də həllini tapmayıb. Orfoqrafiya sahəsindəki problemlərin bəziləri 1966-cı ildə Bakıda I Türkoloji Qurultayın 40 illiyi münasibətilə keçirilən Ümumittifaq Türkoloji Konfransın səviyyəsindən, demək olar ki, hələ də irəli gedə bilməyib. Latın qrafikalı əlifba qəbul edilərkən türk dillərinin fonetik quruluşu, ahəng qanunu, görünür, lazımınca nəzərə alınmayıb və nöqtəli saitlərin yazılışında müəyyən problem yaranıb. "Çərşənbə" sözünün yazılışında nöqtə düzməkdən şikayətlənən (ərəb əlifbası ilə həmin sözdə 7 nöqtə var) babalarımızın xələfləri indi "üzümçülüyümüzünkü sözünün görünüşü" kimi cəmi üç kəlmədən ibarət söz birləşməsində 30 nöqtədən istifadə etməli olurlar...

I Türkoloji Qurultay haqqında daha geniş danışmaq istəyirik. Qeyd edək ki, 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayın əhəmiyyəti, burada qaldırılan məsələlər və s. barədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov özünün "Türkiyə türkcəsi də, Azərbaycan türkcəsi də, digər türkcələr də bir kökə bağlıdır" məqaləsində çox dəyərli faktlar üzə çıxarır: "I Türkoloji Qurultay işini 1926-cı il fevralın 26-da başlayıb və martın 6-na kimi davam etdirib. Qurultay Bakı şəhərində çağırılıb. Türk xalqlarının tarixində ictimai-siyasi əhəmiyyət daşıyan toplantıya kimi türk xalqlarının keçmişi və gələcəyi ilə bağlı ən vacib məsələləri müzakirə obyektinə çevirən belə bir qurultay olmayıb. Qurultay dünya mədəniyyəti tarixində türk xalqlarının da payının az olmadığını bir daha sübuta yetirdi. Eyni zamanda, türkoloqların və geniş ictimaiyyətin diqqətini cəlb etdi. I Türkoloji Qurultayın proqramı, orada müzakirə olunan gündəlik məsələlər hazırda da türkologiyamızın qarşısında duran ən vacib məsələlərdir. Bu mənada qurultayda müzakirə olunan mühüm məsələlərdən bəzilərinin çağdaş türkologiyamız üçün də aktual olduğunu nəzərdən keçirək. Türk xalqlarının tarixinin öyrənilməsinin vəziyyəti ilə bağlı akademik V.V.Bartoldun məruzəsi dinlənib və bu məruzə əsasında qətnamə qəbul edilib. Qətnamədə qeyd edilirdi ki, türk xalqlarının yazılı abidələrinə ciddi şəkildə fikir vermək lazımdır. Yazılı abidələrin siyahısı tutulmalı və onlar qorunmalıdır. Hətta onlardan ən iriləri qoruq yeri elan olunmalıdır. Müqayisə üçün təkcə onu qeyd etmək kifayətdir ki, indi Ermənistan adlanan ərazidə Azərbaycan türklərinə aid yazılı abidələr ermənilər tərəfindən məhv edildi, dağıdıldı. Məsələn, Cücəkənd yazılı abidələri, Nüvədi yazılı abidələri və s. Hələ gizli qalan, aşkarlanan neçə-neçə yazılı abidəmiz ermənilərin əlindədir, daha doğrusu, işğalı altındadır. I Türkoloji Qurultayda türk xalqlarının tarixini öyrənməklə bağlı qəbul olunmuş qətnamədə monoqrafik tədqiqatları gücləndirməyin lazımlı olduğu da nəzərə alınıb. Çağdaş türkologiyamızın qarşısında da monoqrafik tədqiqatlara xüsusi diqqət yetirmək kimi vacib tələblər durur. Hər bir xalq öz tarixini, tarixi-mədəni irsini bilməlidir və buna borcludur. Hazırda bütün dünyada insan təfəkkürü inkişaf edir, elmin, texnikanın tərəqqisi baş verir. Ancaq bu qloballaşmada xalqlar öz milli irsini qoruyub saxlamalıdır. Bütün türkdilli ölkələrdə ümumi türk tarixinin, mədəniyyətinin tədrisi həyata keçirilməlidir. Bunun üçün, hər şeydən əvvəl, türk xalqlarının tarixi yazılmalıdır. Bu iş ayrı-ayrı tarixçilərin fərdi fəaliyyət dairəsinə çevrilməməlidir. Əksinə, tanınmış tarixçilərin birgə fəaliyyəti ilə, koordinasiya olunması ilə, koordinasiya şurasının nəzarəti ilə həyata keçirilməlidir. Fakt ondan ibarətdir ki, türk xalqlarının tarixini öyrənən tarixçilərin koordinasiyası yoxdur. Bu isə ümumi məqsədin, amalın nədən ibarət olması işinə böyük əngəl törədir".

Alimin bildirdiyinə görə, I Türkoloji Qurultayda qəbul olunan qətnamədə qeyd olunurdu ki, türk xalqlarının tarixinə dair ən vacib mənbələrin çapına ardıcıl surətdə başlamaq lazımdır: "Hələ də bu məsələlər öz həllini gözləməkdədir. Çap olunmamış arxiv materiallarının türk xalqlarının dilinə tərcümə edilərək çap olunması olduqca vacibdir. Türk xalqları ilə bağlı müxtəlif salnamələr toplanmalı və çap olunmalıdır. Hələ də türk xalqlarının tarixinə dair rus və xarici alimlərin ən vacib işləri türk dillərinə tərcümə olunmayıb".

Türk xalqlarının etnoqrafiyasının öyrənilməsinin hazırkı vəziyyəti və yaxın vəzifələri məsələsini araşdırmaq məqsədilə tarixi mənbələrə müraciət edən alim yazır ki, bu mövzuda I Türkoloji Qurultayda S.İ.Rudenkonun "Türk tayfalarının etnoqrafiyasının öyrənilməsinin hazırkı vəziyyəti və yaxın vəzifələri", Y.Messaroşun "Balkan türklərinin etnoqrafiyasının öyrənilməsinin hazırkı vəziyyəti və yaxın vəzifələri", Q.T.Çursinin "Qafqaz türklərinin etnoqrafiyasının öyrənilməsinin yaxın vəzifələri" məruzələri geniş müzakirələrə səbəb olub: "Bu müzakirələrin nəticəsi olaraq qəbul olunmuş qətnamələr hazırda da böyük əhəmiyyət kəsb edir".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin I Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi barədə Sərəncamı bütün türk xalqları üçün böyük dəyərə, çəkiyə malikdir.

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.