Azərbaycan.-2016.-17 fevral.-36.-S.6.

 

Xocalıda qanla boğulan gecə

 

Yaxud qırılmayan ümid də bir təsəllidir

 

 Məhəmməd NƏRİMANOĞLU,

 

Qarabağın qanlı-qadalı illərində dəhşətli qırğınlar törədilən, yer üzündən silinərək yaddaşlarda daşlaşan Xocalı əsrin ən böyük faciəsi idi. Yurd-yuvası dağıdılan, fəryadları qulaqlardan getməyən, diri-diri tonqallara qalanan balalarına əli yetməyən bu yurdun adı çəkiləndə sinələr dağlanır... 

Xocalı müsibətini yaşayana qədər bu qədim türk-oğuz yurdunu, deyəsən, yaxından tanımamışıq. Yoxsa harayına yetər, od-alovdan qurtara bilərdik. Xocalı Yuxarı Qarabağın dağlıq hissəsində, Kiçik Qafqazın Kirs və Qırxqız dağlarının qoynunda yerləşir. Qədim türk sözü olan xocadan yaranıb. Türkdilli xalqların dilində hörmətli, bilikli, müqəddəs sayılan şəxslərə deyilib. Ona görə orta əsr mənbələrində Xocalı müqəddəs yurd da adlandırılıb.

Belə tarixi faktları sinəsində qoruyub saxlayan Xocalıya məxsus maddi mədəniyyət nümunələri isə sovetlər dövründən, təəssüf ki, Azərbaycandan çox-çox uzaqlarda - Moskva, Sankt-Peterburq, London, Paris, Drezden kimi dünyanın məşhur muzeylərinin eksponatlarına çevrilmişdi.

Doğma yurdlarından perik düşüb respublikanın əksər bölgələrinə səpələnmiş xocalılılar əsasən Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşıblar. Xocalı Soyqırımını Tanıtma İctimai Birliyi Binəqədi rayon şöbəsinin rəhbəri Ayna Novruzova o dəhşətli günlərdən salamat çıxan uşaqlardan olub. 24 ildir ki, Xocalı müsibətlərini 70 yaşlı atası Allahyar müəllim yaddaşında və dərdli-nisgilli misralarında, özü isə fəaliyyətində yeni nəslə çatdırır və daha geniş auditoriyalarda təbliğ edir. Bildirir ki, Xocalının inzibati təşkilatları, dövlət strukturları düşmənlə üzbəüz olan Ağcakənd qəsəbəsində yerləşir: Ona görə də, xocalılılar qəsəbəni rayon mərkəzi kimi tanıyırlar. Yurd-yuvaları yağmalananların bir qismi isə Bakı şəhərində, daha doğrusu, Abşeron rayonu ərazisində salınmış, Gənclik şəhərciyi kimi tanınan yeni yaşayış məhəlləsində məskunlaşıb. Ömrünün ixtiyar çağlarında yurd nisgili ilə bala soraqlayan, itkin, əsir, girov, yaxud da şəhid olduğu bilinməyən oğul yolu gözləyən ana-bacılar burada az deyillər. Bir vaxtlar Laçında dünyaya göz açıb, Xocalıda ocağı qaralan, çırağı sönən Kübra nənə kimi gözüyaşlılar bu qəsəbədə çox idi, amma əksəriyyəti yurd ayrılığına dözmədi. Qalanları isə darmadağın olan, yerlə yeksan edilən, külü göylərə sovulan Xocalısından sonra bir yerdə qərar tuta bilmədi. Bərdədə məskunlaşsalar da, bu qəsəbədəki qızı Səbinəni tək qoya bilmədiyini yana-yana deyirdi. Xocalısı ilə birlikdə itirdiyi oğul balasından - Vidadisindən bir soraq ümidi ilə yaşadığını da özünə bağışlamadı. Təkcə ona görə yox ki, övladının, ciyərparasının biri də burada məskunlaşıb. Ona görə ki, həyət-bacaya çıxanda dağılmış, viran qalmış Xocalısının sinəsi dağlıları ilə görüşüb.

Gözləri oğul yolu gözləməkdən nurunu itirmiş Kübra nənə sanki o gecənin vahimələrini yenidən eşidirdi. Oradakı kimi hiss edirdi özünü: dördgöz olub kimisə axtarırdı. Tez-tez soruşurdu: Ay bala, gör gəlmədi? Amma gedənlər qayıtmadığından, onun da oğul balasından soraq yoxdur, ona görə də gördüyü hər kəsdən soruşub ki, əsirlərdən, girovlardan təzə nə xəbər var? 

Kübra nənənin zorla eşidiləcək səslə dilə gətirdiyi dərdi yaddaşımıza çox ağrılı yazılıb: Kaş, elə mən də əsir düşüb onunla qalaydım, onda bilərdim, görərdim ki, balam necə oldu... Uşaq vaxtlarımda Ana və poçtalyon şeirini əzbərləmişdim: Dörd ay vardı, ananın gözləri yol çəkirdi, başqa bir dərdi yoxdu, oğul dərdiydi dərdi. Anaya baxın ey, dörd aya dözməyib! Onun bu ayrılığına şeir də qoşublar. Mənim balamdan isə gör neçə illərdi soraq yoxdur...

O gecə ermənilər Xocalıya soxulanda əli avtomatlılardan savayı, tank, top, qradla da hücum edilmişdi. Vidadi ilə qardaşı Tacir də ayrı-ayrı yerlərdəki postdaydılar. Camaat hara qaçdığını bilmirdi. Hara gəldi, üz tutmuşdu xocalılılar. 

Kübra nənənin diktofondan gələn qırıq-qırıq səsində sanki o müdhiş gecənin harayları eşidilir: Haray, ah-nalə, sızıltı tankın, topun, avtomatın, pulemyotun... vəhşi səsindən eşidilməz olmuşdu. Kimi Əsgərana sarı, kimi meşəyə tərəf üz tutmuşdu. Bir yaralı vardı, yaxınlaşdım ki, baxım görüm kimdir. Zarıya-zarıya dedi ki, qaç, ay ana, mənə bənd olma, durma, səni də vuracaqlar, əsir tutacaqlar. Oğlanlarımın ikisi də postdaydı, xəbərimiz yox idi onlardan. Onlar da bizim hara üz tutduğumuzu bilmirdilər, aralı düşmüşdük. Üzümlüklərlə birtəhər, nə zülmnən Ağdamın Şelli kəndinə gəldiyimizi Allah bilir, dilnən deyiləsi, söznən yazılası deyil. 

O gecə ermənilər daha 80 nəfəri girov götürmüşdülər, Kübra nənənin oğlanları da onların arasında idi. Kiçik oğlu Mikayılı əsir götürüb aparmışdılar. Əllərini bağlayıb yük maşınının üstünə atmışdılar. Yolda necə olursa, o, əlləri bağlı özünü maşından atıb. 5 gecə meşədə qalıb, çıxa bilməyib.

Xocalının o müdhiş gecəsindən canını götürüb qaçanlar Şellinin yuxarısına çıxanda Ağdam camaatı onları görüb haraylarına yetiblər: kimini evə, kimini xəstəxanaya qaçırıblar, ağır yaralıları isə Bakıya göndəriblər. 

Nənənin lentdəki səsindən: Yaralansam da, balalarımdan aralı dura bilmirdim. Oğlanlarım Tacirlə Vidadidən xəbər yox idi. Tacir polisdəydi, Xocalının aeroportunda, Milli Qəhrəman Əlif Hacıyevin milis (polis) dəstəsində qulluq edirdi. Bir dəfə Xocalıya köməyə gələn iki polisimizi ermənilər vurmuşdu. Onların meyitlərini götürmək olmurdu. Ölümün gözünə baxa-baxa polislərin meyitlərini çıxaranda komandiri və dostları onun bu qorxmazlığına və cəsarətinə heyran qalmışdılar. Dəfələrlə həyatını təhlükəyə atmışdı balalarım. Vidadi isə Milli Orduda idi. Ermənilər Vidadinin adını İsmayıl kimi tanıyırdılar və hədələyirdilər. Axı, ermənilərə qan uddururdu.

Ana xəyalında Xocalının o məşəqqətli günlərini yaşadır. Deyir ki, məni gah xəstəxanaya, gah da dəmiryol stansiyasına aparırdılar ki, bəlkə uşaqlardan bir xəbər tuta bilim. Axtarmadığım yer qalmır. Xocalıda Canan adlı bir baytar həkimi var idi. Əsirlikdən qurtarıb gələndən sonra danışıblar ki, Vidadi də onların arasında olub. Vidadiyə hansı zülmün verildiyini anasından gizlədiblər. Deyiblər ki, ermənilər onu girovluqda öldürüb, Canan da orda basdırıb. Cananı, yoldaşı Gülayəni, Almaranı, Rəhimi, Samsonu, qızlarını da tutub Əsgərana aparmışdılar. 

Ayna Novruzova fikri dağılan anaya kömək etməyə çalışır, yaddaşını təzələyir: Əsirlikdən qayıdan Almara adlı qadın danışıb ki, bir erməni generalının qəbri üstündə Vidadinin başını kəsmək üçün içəridən çağırıb çıxarıblar. Sonra bayırdan güllə səsi də gəlib. Amma güllələnənlərin paltarları içəri qaytarılanda, heç birininki olmayıb. Ana da fikirləşir ki, bəlkə ona düzünü demirlər? Vidadinin Ülviyyə adlı bir qız yadigarı qalıb. Streslə dünyaya gəldiyindən, xəstə doğulub. Yeganə şəhid balası olduğuna görə həkimlər onu müsibətlə sağaldıblar. 

Vidadi haqqında verilən məlumat doğru çıxmayıb. Canan kişi Şükürün oğlu Oqtayla, Əhlimanı orada dəfn edib. Deyib ki, kaş, Vidadini görəydim, öldürülübsə dəfn edəydim. Görmədim hara apardılar. Ermənilərin bizimkilərə verdiyi işgəncələrə dözmədi: Canan kişi də girovluqdan qurtarıldıqdan sonra dünyasını dəyişdi. 

Kübra nənənin Xocalıda aldığı yaralar göynəyə-göynəyə söylədikləri deyilmiş. Qızı Fatma ilə həyat yoldaşı Oqtay Quliyev Qarabağ əlilidirlər. Oqtayın atası da 40 gün girov qaldıqdan sonra buraxılıb. Qızı Gülnarın həyat yoldaşı isə Xocalı müsibətlərinin ağrı-acısını ömürlük qazandığı xəstəliyində daşıyır. Nənənin bacısı Ulduza İbadullayeva isə şəhid anasıdır. Bacısı oğlu Əli İbadullayev Xocalısı ilə bir gecədə şəhid edilib. Qardaşı Hüseyn Nurməmmədov həyat yoldaşı Pakizə ilə birlikdə 23 dekabr 1991-ci il tarixdə Meşəlidə şəhid olublar. Meşəlidə şəhid olan bacısı oğlu Əli Mehralıyev Azərbaycan Bayrağı ordeni ilə təltif edilib. Sanki bir nəslin kökü kəsilib. Kübra nənənin dayısı oğlu Novruz Novruzovun beş nəfərlik ailəsi (həyat yoldaşı Adilə, polis oğlu Allahverdi, qızları Rübabə və Rahilə) məhv edilib. Yeganə salamat qalan oğlu Baratı isə ermənilər girov götürüblər. Əl-qolunu bağlayıb KaMAZ maşınının üstündə Kosalara kimi aparıblar. Orada necə olursa, özünü öldürmək üçün çaylağa atılır və canını qurtarır. 

Bütün bu ağrı-acılar ömrünün ixtiyar çağlarında da itkin oğul yolu gözləyən Kübra nənənin söylədiklərinin bir qismidir. Axı, cəmi yeddi ayın bəyi olmuş Vidadinin məzarı da yoxdur ki, ziyarət etsinlər...