Xalq cəbhəsi.-2016.-12 fevral.-¹27.-S.14.

 

Qaraçay-Malkar (Balkar) türklərinin ədəbiyyatı

 

Uğur

 

Bu gün Türk Dünyasındakı zəngin türk mədəniyyətinin öyrənilməsinə daha çox gərək var. Bu yazıda Qaraçay-Malkar (Balkar) türklərinin ədəbiyyatı haqqında danışılıcaq. Araşdırmaçı Ə.Şamil bildirir ki, uzun illər qaraçay-malkar (balkar) ədəbiyyatı tarixini araşdıranlar onun 18-ci yüzildən başladığını yazırdılar. Son zamanlar isə qaynaqlara dayanaraq Mikail Şamsi Baştu (835-900), Tram xan (X-XII yüzillər), Zurum Biyçe (13…-1396), Aqbilek Biyçe (13…-1396), Qoşayax Biyçe (XVI-XVI yüzillər), Qaltur Semenov (XVIII yüzil) kimi yaradıcı şəxsiyyətlər haqqında bilgi verməklə qaraçay-malkar yazılı ədəbiyyatının tarixinin 9-cu yüzildən başladığını bildirirlər: “Gənc araşdırıcıların bəziləri isə ədəbiyyat tarixlərini Orxon-Yenisey abidələri ilə başlayırlar. Bu da təbiidir. Xalq özünü tanıdıqca, tarixini öyrəndikcə milli şüuru artır, tarixinə də, ədəbiyyatına da, mədəniyyətinə də yiyə çıxır. Rusiya işğalçılarının yeritdiyi ayrı-seçkilik siyasəti gücünü itirdikcə qaraçay-malkarlar (balkar) arasında əski qıpçaq ədəbiyyatının, ümumtürk mədəniyyətinin öyrənilməsinə və təbliğinə da maraq artır. 20-ci yüzildə yaratdıqları ədəbi nümunələri yeni gözlə saf-çürük edir, Sovet dövründə yasaqlananlar üzə çıxarılır, dəyərlilərini yenidən çap edərək gənc nəslin ixtiyarına verirlər”. 

Qaraçay-malkarlar (balkar) günümüzədək zəngin folklorlarını qoruyub saxlaya bilib və onları toplayaraq çap etdiriblər: “Bunlara daxil olan nartları, tanrılar haqqında nəğmələri, uşaq folkloru nümunələrini öyrənmək ümumtürk folkloruna, mədəniyyətinə, dünyagörüşünə yiyələnmək baxımından olduqca vacibdir. Bu zəngin bir xəzinə vaxtında öyrənilməsə, dünya mədəniyyəti bir parçasını itirmiş olar”.

Qaltur Semenov (Semenlanı) (1751-1851), Küçük Bayramukov (Bayramuklanı) (1772-1862), Qasbot Qoçqarov (Qoçqarlanı) (1834-1940), Kazım Meçilanı (Meçiyev) (1859-1945), İslam Kırımşamxalov (Kırımşamxallanı-Teberdiçi) (1864-1910), İsmayıl Akbayov (Akbaylanı) (1874-1937) və b. qaraçay-malkar klassikləri ilə yanaşı 20-ci yüzildə ədəbiyyata gəlmiş İsmail Semenov (Semenlanı) (1891-1981), Ömər Əliyev (Aliylanı) (1895-1938), İslam Xubiyev (Xubiylanı) (1896-1938), İssa Qarakötov (Qarakötlanı) (1900-42), Daut Bayqulov (Bayqullanı) (1902-42), Abdulkerim Bayqulov (Bayqullanı) (1902-1942), Abidat Botaşov (1902-82) Asan (Xasan) Appayev (Appalanı) (1904-1938), Azret Örtenov (Örtenlani) (1907-37), Bert Qurtuyevin (Qurtulanı) (1910-2001), Axmat Bilimğotov (1910-60), Kerim Otarov (Otarlanı) (1912-74), Toxtar Borlakov (Borlaklanı) (1914-42), Maqomet Urusov (Uruslanının) (1916-42), Xabu Xatsiyev (Xatsilanı) (1916-74), Maksim Qıttıvanovun (Qıttıvanlan) (1916-86), Qaysın Quliyev (Qulilanı) (1917-85), Xalimat Bayramukova (Bayramuklanı) (1917-96), Osman Xubiyev (Xubiylanı) (1918-2001), İbraqim Maqammatovdur (1919), Azret Semenov (Semenlanı) (1924-2008), Tanzila Zumakulova (Zumakullanı) (1934), Jağafar Tokumayev (Tokumalanı) (1935), Xusey Caybayev (Caybalanı) (1936-99), Salix Qurtuyev (Qurtulanı) (1938), Salix Xoçuyev (Xoçulanı) (1910-42), Axmat Sozayev (Sozalanı) (1941), Muradin Ölmezayev (Ölmezlanı) (1949) və b. yaradıcılıqlarında bu zəngin söz xəzinəsindən yararlanmağa çalışıblar.

Çar Rusiyası Qafqazı işğal etsə də, burada etiraz dalğaları, üsyanlar uzun müddət sönmədi: “1830-cü illərdə başlayan üsyanların yatırılmasına hökumət 30 ildən çox vaxt sərf etdi. Döyüşlərdə 200 min nəfərdən çox əsgər və zabit məhv oldu. Düşmənə müqavimət göstərən, aclıqdan, xəstəlikdən, soyuqdan donub ölən dağlıların sayını isə qeydə alan olmadı. Qazilər şurasının qərarı ilə Şeyx Şamil döyüşü dayandırandan sonra da dağlarda üsyançı qruplar müqavimət göstərirdilər. Çar Rusiyasının hökumət dairələri məcburiyyət qarşısında qalıb ölkədə bir sıra islahatlar keçirməli oldular. 1861-ci il təhkimçilik hüququnun ləğvi haqqında qəbul edilmiş qanun dediklərimizə nümunə ola bilər. Bu qanunun qəbulundan sonra Qafqazda müridizm hərəkatı sönməyə başladı. Döyüşüb qan axıdan, itki verən qafqazlılar oldusa da, qanundan ən çox yararlanan isə Rusiya, xüsusən də təhkimli kəndlilər oldu. İşğal etdiyi ərazilərdə idarəetməni asanlaşdırmaq üçün hökumət 1861-ci ildə Qafqazı vilayətlərə-quberniyalara ayırdı. Qaraçay türklərini Kuban vilayətinin, malkar türklərini isə Terek vilayətinin tərkibinə daxil etdi. Basxan bölgəsində yaşayan, türkcə danışan toplum isə bəzi qaynaqlarda orusbiylər kimi göstərilir (Bölgü zamanı həmin ərazi – Baxsan başqa bir vilayətin tərkibinə qatılsaydı, yəqin ki, indi statistikada qaraçay, balkar adı ilə yanaşı orusbiy adlı bir “xalqa” da rast gələcəkdik). Beləliklə, eyni dildə danışan, eyni mədəniyyətin daşıyıcısı olan, eyni dinə inanan, eyni kökənli toplumdan iki xalq - qaraçaylar və malkarlar formalaşdırılmağa başlandı.

Statistikada “qaraçay”, “balkar” kimi qeyd edilən xalqların yaşadığı bölgə bir-birinə bitişikdir. Dilçiliyə, tarixə dair bütün ədəbiyyatlarda bu xalqların bir kökənli olduğu və yazılı ədəbiyyatlarının qaraçay, basxan-çeqem və malkar ağızı (şivəsi) əsasında formalaşdığı göstərilir. Yüzillər boyu ərəb qrafikalı əlifbadan istifadə edən qaraçay-malkarlar da 1929-cu ildə latın qrafikalı əlifbaya keçdilər. Lakin bu, uzun sürmədi. 1938-ci ildə onlar üçün də əlifba hazırlandı. Kiril qrafikalı bu əlifbada 38 hərf var. Türk dillərinin hamısında olduğu kimi, onların dili də səssizlərlə (saitlər) zəngindir. Bütün bunlara baxmayaraq, tarix, ədəbiyyat, folklorları ayrı-ayrılıqda öyrənilir və təbliğ olunurdu. Sovet strateqləri bu ayrılığı getdikcə dərinləşdirmək üçün malkarlara Nalçikdə, qaraçaylara Çerkesskdə elmi-mədəni mərkəzlər yaratmışdılar”.

Qaraçay-malkarlar haqqında İslam ensiklopediyasındakı məqaləsində azərbaycanlı bilgin Mirzə Bala yazır: “Dil, örf, adət, din, ictimai təşkilat, folklor edebiyat ve tarih itibari ile bir küll teşkil etdikleri halde, takriben XV asırdan sonra, karaçay ve balkar (b-m değişmesi ile malkar) veyahut tavlı (dağlı) adları altında ayrı-ayrı iki cami olarak, 1944 yılına kadar, şimali Kafkasiyada yaşamış eski bir türk kabilesidir”.

Mirzə Bala geniş məqaləsində qaracay-malkarların tarixindən, soykökündən söz açmaqla yanaşı folklorlarına, ədəbiyyatlarına da diqqət yetirib: “Görünür, hələ Bakıda yaşayarkən tanış olduqlarındanmı, yoxsa haqqında daha çox bilgisi olduğundanmı Qaracay-Çərkəz Respublikasının yaradıcısı və ilk rəhbəri, sonralar ədəbiyyat və elmlə ardıcıl məşğul olan, 1938-ci ildə güllələnən Ömər Əliyev (Bu insanın adı Umar, Omar, soyadı Aliyev, Aliylanı kimi də yazılır) haqqında diqqəticəkən bilgilər vermişdi.

Son 200 ildə aramsız basqılarla üzləşən, torpaqları əllərindən alınıb yerində sanatoriya və kurortlar, istirahət evləri tikilən, bir sözlə, mülkiyyətləri başqalarına verilən, kütləvi sürgünlərə uğrayan, həbs edilən, güllələnən bir toplumun dilini qoruması, folklorunu yaşatması və ana dilində bədii əsərlər yaratması heyrətamizdir. Azsaylı xalqın şair və yazıçılarından İsmail Akbaylanı (1874-1937), Ömer Ali Aliylanı (1895-1938), İslam Xibiylanı (1896-1938), Asxat Bicilanı (1900-1958), Sait Otarlanı (1903-1975), Xasan Appalanı (1904-1938), Axmadiya Malkarlı (1905-1965) və digərləri 1937-ci il irticasına uğramış, Salix Xoçuyev (1910-1942), Toxtar Borlaklanı (1914-1942), Azret Budaylanı (1916-1942), Maqomet Oruslanı (1916-1942), İssa Qarakölanı (1900-1942), Daut Baygullanı (1902-1942) və başqaları isə İkin¬ci Dünya Savaşında faşizmə qarşı döyüşlərdə qəhrəmanlıqla həlak olublar”.

Qaraçay-malkarlar Quzey Qafqazın mərkəzi bölgəsində-yüksək dağlıq ərazidə məskunlaşıblar: “Qaraçaylar Kuban çayının başlanğıcındakı Xurzuk, Uçkulan, Kart Curt kəndlərində, oradan batıdakı Duvut, Teberdi, Morx, İsxavat, Urup, Laba çaylarının yuxarı axarlarındakı kəndlərdə və Mara, Cögtey, Zelençuk (İncik - Ə.Ş.) vadilərindəki kəndlərdə yaşayırlar. Malkarlar isə Elbrus dağının doğusunda Basxan (Baksan, Bahsan) vadisindən doğuda yerləşən Çeqem, Xolam, Bızıngı və Malkar (Çerek) vadilərindəki ərazilərdə, Köndelen, Aksuv, Xasaniya, Kaşqatav, Karasuv, Gerpegey və başqa kəndlərdə yaşayırlar. Bir sözlə, qaraçay-malkarları güneydən Böyük Qafqazın qarlı zirvələri alınmaz qala kimi qoruyur. Quzeydə isə onların məskənləri iti çaylar, dərin dərələr, dar keçidlərlə əhatə olunublar. Kəndlərin uca dağlar qoynunda yerləşməsi, gediş-gəlişin çətinliyi onları uzun müddət ətraf aləmdən ayrı salıb. Onlar bəlkə buna görə soydaşları arasında islamı elliklə ən gec - XVIII yüzildə qəbul edənlərdir. 

Bəzi araşdırıcılar bölgədəki kilsə qalıqlarına əsaslanaraq yazırlar ki, “Gürcü kraliçası Tamara 1207-ci ildə onları hakimiyyəti altına almış və burada xristianlığı yayıb”. XIV yüzilin başlarında Avropalı missionerlərin qıpçaqlar arasında xristianlığı yaymaq məqsədilə hazırladıqları “Codex Cumanicus” adlı əsərdə işlənən sözlərin dörddə üçünün bugünkü qaraçay-malkar dilində işlək olması da onların ətraf mühitdən daha çox təcrid olunduqlarını, arxaik sözləri daha çox qoruyub saxladıqlarını göstərir. Qaraçay-malkarların etnik mənşəyinə dair çoxlu fikir və mülahizələr olsa da, araşdırıcılardan İ.M.Miziyev və Kazıy T.Layran bu toplumun soykökündə kimmer, saka (skif, iskit) kimi prototürk tayfalarının və hunların, bulqarların, as-alanların, xəzərlərin, sabirlərin və qıpçaqların olması fikrində yekdildirlər. İ.M.Miziyev şumer (sumer) yazıları ilə çağdaş qaraçay-malkar kəlmələrini müqayisə edərək bir çox oxşarlıqlar tapıb. O, araşdırmalarında bu nəticəyə gəlib ki, qaraçay-malkarların ulu babaları – prototürklər iskit (skif) - sarmat, hun, bulqar, alan, as və s. adlarla tarix səhnəsinə daxil olublar”.

Araşdırmaçı bildirir, soydaşlarından təcrid olunmuş halda, uca dağlar qoynunda yaşayaraq təbiətin şıltaqlığına və yadelli işğalçılara qarşı döyüşlərə mətanətlə sinə gərmiş xalqın bugünkü varlığını və adət-ənənəsini yaşatması möcüzə sayıla bilər: “1790-1800-cü və 1808-14-cü illərdə bölgədə yayılan vəba xəstəliyindən minlərlə insan məhv olub. Bunun ardınca rus ordusunun basqını başlayıb. Qaraçay-malkarlar nə qədər cəsarətlə döyüşsələr də, çoxsaylı və daha mükəmməl atıcı silahlarla silahlanmış ordunun qarşısında duruş gətirə bilməyiblər. Formal olaraq 1827-ci ildə malkarlar, 1828-ci ildə qaraçaylar çar Rusiyasının tərkibinə daxil olublar. Dağlarda partizan dirənişi isə müxtəlif aralıqlarla 1940-ci illərin sonlarınadək davam edib”.