Səs.- 2016.- 26 aprel.- 73.- S. 5.

 

Müdrik insan - Mir Cəlal Paşayev

 

Mürsəlova Ofelya,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqoqika kafedrasının baş müəllimi

 

Böyük alim-pedaqoq, tədqiqatçı Mir Cəlal Mir Əli oğlu Paşayev 26 aprel 1908-ci ildə Cənubi Azərbaycanın Ərdəbil kəndində doğulmuşdur. Bu kənd Təbrizin yaxınlığındadır. Mir Cəlalın atası Mir Əli Mir Əsrəfi çoxlu mülkiyyət sahibi idi. O, kəndin və təsərrüfatın işlərini dörd oğluna tapşıraraq sonbeşik Mir Cəlalla Gəncəyə köçür. Məqsədi oğluna mükəmməl təhsil vermək idi. Mir Cəlalın nəvəsi, filologiya elmləri doktoru, professor Nərgiz xanım yazır: "Gəncə şəhərində acı tale kiçik yaşlı Mir Cəlalı erkən yetim qoyur. Vəfat etməmişdən bir qədər əvvəl Mir Əli böyük oğlanlarına deyir: "Bu uşağı oxudun, onun mükəmməl təhsili olsun.

Beləliklə, Mir Cəlal Gəncə şəhərində qalıb təhsilini davam etdirir, uşaqlıq və gənclik illərini burada keçirir. Mir Cəlal Gəncə Pedaqoji Texnikumunu bitirib iki il Gəncə şəhərində və Gədəbəy rayonunda dərs demişdir. 1930-cu ildə Kazan şəhərinə gedərək Dövlət Şərq Pedaqoji Universitetinin ədəbiyyat fakültəsinə daxil olub. İki ilin tamamında Bakıya qayıdıb, burada aspiranturaya imtahan verib oranı yüksək qiymətlərlə bitirib. Mir Cəlal Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil almaqla bərabər, müəllimlik edib. Eyni zamanda, "Kommunist", "Gənc işçi", qəzetləri ilə əməkdaşlıq yaradıb, oçerklər, hekayələr və məqalələr yazıb".

Mir Cəlal 1940-cı ildə "Füzulinin poetik xüsusiyyətləri" mövzusunda sanballı elmi tədqiqatlarına görə filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. Yeddi il sonra isə "Azərbaycanda ədəbi məktəblər" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Ədibin 400-dən yuxarı məşhur hekayələri ilə yanaşı "Dirilən adam", "Bir gəncin manifesti", "Açıq kitab", "Təzə şəhər", "Yaşıdlarım", "Yolumuz hayanadır?" kimi romanları var. Nəsrin böyük ustadı Mir Cəlalın "Sağlam yollarda" adlı ilk kitabı çapdan çıxanda 24 yaşı vardı. Öz sağlığında müxtəlif nəşriyyatlarda yazıçının 48 kitabı nəşr olunmuşdur.

1978-ci il sentyabr ayının 28-də vəfat edən yazıçısı - alim, pedaqoq, tədqiqatçı ikinci Fəxri Xiyabanda dəfn edilib.

Mir Cəlalın yaradıcılıq yolu çoxşaxəlidir. Mir Cəlal nasir, publisist, dramaturq, ədəbiyyatşünas - alim və nəhayət, ustad-pedaqoq idi. Bu, ömür və həyat yolunu vicdanla, namus, qeyrətlə başa vurmaq hər kəsə nəsib olmur.

1961-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Universitetinin (bugunkü Bakı Dövlət Universiteti) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri işləmişdir. 1940-1970-ci illərdə filologiya elminə gəlmiş alimlərin böyük əksəriyyəti (məsələn Kamal Talıbzadə, Bəxtiyar Vahabzadə, Pənah Xəlilov, Firudin Hüseynov, Təhsin Mütəlimov, Cəlal Abdullayev, Elçin, Xalid Əlimirzəyev, Abbasov Abdulla, İnayət Bəktasi) Mir Cəlal alimlik məktəbinin yetirməsidir. Mir Cəlal elmdə qayğıkeçliyin, prinsipiallığın və müdrikliyin timsalı olub, tanınıb, şöhrətlənib və sevilmişdir.

Mir Cəlal Azərbaycan gəncliyinin mübarizlik ruhunun formalaşmasını, azadlıq uğrunda çarpışmalarını xalqın idrakı, təkamülü kimi səciyyələndirən ilk nasirlərimizdən biridir.

Mir Cəlal - bu iki kəlmə görkəmli bir insanın əzəmətli obrazı kimi simvollaşıbdır.

 

Böyük alim, əsil ustad,

Xatırlanır daim bu ad.

Əsərləri ərməğandır...

Mir Cəlalın ruhu da şad.

 

Elm açarı əlindəydi,

Dürlü sözlər dilindəydi.

Nurlu aləm ziyasıyla,

Müdrikliyin selindəydi.