Respublika.- 2016.- 21 dekabr.- ¹ 283.- S. 5.

 

Görkəmli dövlət və elm xadimi

 

Nazim QASIMOV,

Əziz Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor

 

Xalqımızın şərəfli tarixində Vətəninə, xalqına sadiq olan şəxslər arasında Azərbaycanın dövlət xadimi, səhiyyənin və tibb elminin görkəmli təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin xüsusi yeri var. Əzəmətli təbib, təşkilatçı, həkim-tədqiqatçı, pedaqoq, maarifçi kimi xüsusiyyətlər bu gözəl və səmimi insana məxsus idi.

Əziz Əliyev 1897-ci il yanvar ayının 1-də qədim Azərbaycan torpağının İrəvan quberniyasında anadan olmuşdur. Atası Məmmədkərim Kərbəlayi Qurbanəli oğlu kənd işləri ilə məşğul idi, bəy nəslindən olan anası Zəhra xanım isə evdar qadın idi. Əziz Əliyev ibtidai təhsilini rus-tatar məktəbində aldıqdan sonra İrəvandakı gimnaziyaya daxil olur və oranı 1917-ci ildə bütün fənlər üzrə əla qiymətlərlə bitirir. Elə həmin il o, Bakı milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə Sankt-Peterburqa gedir və tələbkar alimlərin iştirakı ilə aparılan müsabiqədən müvəffəqiyyətlə keçərək Rusiyanın ən qabaqcıl ali tibb müəssisələrindən sayılan Hərbi Tibb Akademiyasına daxil olur. 1918-ci il iyun ayında yay tətilini evlərində keçirmək üçün Əziz Əliyev İrəvana gəlir və burada dəhşətli mənzərə ilə üzləşir. Həm atasının bir neçə ay əvvəl dünyasını dəyişməsi, həm də erməni daşnaklarının törətdikləri qanlı cinayətlər onu sarsıdır. Çox böyük çətinliklə anası və qardaşını İrəvandan Naxçıvanın Şərur rayonuna apara bilir və onlar Şahtaxtı kəndinə gedirlər. Ailənin ağır vəziyyəti və ermənilərin törətdikləri qırğınların fəlakətli nəticələri Əziz Əliyevi Sankt-Peterburqa qayıtmaq, təhsilini davam etdirmək imkanından məhrum edir. 1920-ci ilin may ayında İrəvanda məskən salmış daşnak qoşunları şimaldan gələn bolşevik havadarlarının birbaşa dəstəyi ilə silahlı hücuma keçərək Şərur rayonunu, o cümlədən Şahtaxtı kəndini yerlə yeksan edərək amansız qırğınlar törədirlər. Qanlı qırğından salamat çıxa bilən və didərgin düşən Şahtaxtı əhalisi, o cümlədən Əziz Əliyevin ailəsi erməni zülmünə tab gətirməyərək Arazı keçir və Cənubi Azərbaycanın Ərəblər kəndində daldalanırlar. Ə.Əliyev tibbi xidmətini burada da davam etdirir və həkim köməkçisi kimi çalışaraq əhaliyə lazımi yardımlar göstərir. Anası 1920-ci ildə Ərəblər kəndində vəfat edir. 1921-ci ilin iyun ayında onlar, nəhayət, Şahtaxtı kəndinə qayıda bilirlər və Əziz Əliyev 1923-cü ilin may ayına qədər kənddə orta tibb işçisi, həkim köməkçisi kimi çalışır.

1923-cü ilin mayında Əziz Əliyev Bakıya köçür. Bu andan etibarən onun həyatının yeni mərhələsi başlanır. Bakıda ilk vaxtlar Azərbaycan SSR Xalq Komissarları Şurasında iş icraçısı, həmin idarənin ümumi şöbə müdirinin müavini, katibin müavini və nəhayət, Respublika Xalq Komissarlığı Şurasının katibi vəzifəsini icra edir. O, bu çətin və məsuliyyətli vəzifələrdə çalışmaqla yanaşı, yarımçıq qalmış ali tibb təhsilini Bakı Dövlət Universitetinin tibb fakültəsində 1927-ci ildə böyük uğurla başa çatdırır və daxili xəstəliklər kafedrasında ordinator vəzifəsinə qəbul edilir. Əziz Əliyev sonralar həmin kafedrada aspirant, assistent və dosent kimi fəaliyyət göstərir və 1929-cu ildə Azərbaycan Klinik İnstitutun, o institut ki, sonralar (1935-ci ildə) Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu adı ilə fəaliyyət göstərir, rektoru vəzifəsinə təyin olunur. O, bu vəzifədə 1932-ci ilə qədər çalışır.

İkinci Dünya Müharibəsindən həm əvvəlki, həm də sonrakı illərdə Əziz Əliyev Azərbaycanda səhiyyənin təşkili məsələsinə xüsusi diqqət yetirmişdir.O, Xalq Səhiyyə Komissarlığı müalicə şöbəsinin müdiri, Bakı səhiyyə şöbəsinin müdiri, Xalq Səhiyyə Komissarlığında müavin, xalq səhiyyə komissarı və digər vəzifələrdə çalışarkən Respublikanın bütün rayonlarını qarış-qarış gəzmiş, bu sahədə problemlərin aradan qaldırılması üçün əməli tədbirlər görmüşdür. Həm özünə, həm də başqalarına qarşı son dərəcə tələbkar olan Əziz Əliyev bütün həyatı boyu ölkəmizdə tibb elminin inkişafına, yüksək ixtisaslı kadrların hazırlanmasına çalışmış və həmişə də istəyinə nail olmuşdur.

Görkəmli alimin həyatının Azərbaycan Dövlət Tibb İnstitutu ilə bağlı parlaq səhifələri Respublikanın tibb ictimaiyyəti, səhiyyə işçiləri, professor-müəllim heyəti və tələbə kollektivi üçün nümunə olacaq böyük bir ömür yoludur. 1930-cu il iyun ayının 19-da Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazası əsasında Azərbaycan Dövlət Tibb İnstitutunun yaradılması və bundan sonrakı çətin mərhələlərdə instituta rəhbərlik etmək böyük cəsarət tələb edirdi. Əziz Əliyev bu illərdə Tibb İnstitutunun yaradılmasının təşkilati işlərinin yerinə yetirilməsində mühüm rol oynayan əsas simalardan biri olmuş və 1932-ci il iyunun 1-dən etibarən həmin institutun rektoru vəzifəsinə təyin olunmuşdur. Həmin illərdə bir tərəfdən Respublikada yüksək ixtisaslı həkimlərin hazırlanmasına ciddi ehtiyac duyulması, digər tərəfdən də onların hazırlığını təmin edə bilən kadr çatışmazlığı, Azərbaycan dilində tibbin bütün sahələri üzrə dərslik və dərs vəsaitlərinin yoxluğu, tədris bazalarının zəifliyi, kitab fondunun lazımi səviyyədə olmaması, institutun özünün nəşriyyatının yoxluğu və digər məsələlər təhsil ocağının rektorunun işinə böyük maneələr törədirdi. Bu problemlərin aradan qaldırılması üçün o, rahatlıq bilmədən çalışmış və həmin dövrdə Tibb İnstitutu bir ali təhsil ocağı kimi formalaşmışdır.

Əziz Əliyev azərbaycanlı kadrları işə cəlb edərək onların fəaliyyət dairəsini genişləndirmiş və ana dilində dərsliklər, dərs vəsaitləri, monoqrafiya və tövsiyələr yazılmasına nail olmuşdur. Belə ki, 1932-1935-ci illər ərzində Əziz Əliyevin rəhbərliyi altında əməkdaşlar tərəfindən Azərbaycan dilində latın qrafikası ilə 45 adda dərslik və dərs vəsaiti tərtib edilərək tibb təhsili alan tələbələrin ixtiyarına verilmişdir. Bu, o dövrün texniki imkanları üçün çox böyük göstərici idi. Ümumiyyətlə, 1930-1945-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun əməkdaşları tərəfindən 80 adda dərslik və dərs vəsaiti nəşr olunub ki, onun da 55-i Əziz Əliyevin instituta rəhbərlik etdiyi 5 il ərzindəki yaradıcı və məhsuldar dövrə təsadüf edir.

Professor Əziz Əliyev Azərbaycan Tibb Universitetinin əsaslı kitabxanasının təşkilatçısı və yaradıcısıdır. Onun qurduğu tibbi kitabxana unikal kitabxanaya çevrilmiş və ehtiyacı olanların hamısı istədiyi vaxt kitabxana fondundan istifadə edə bilmişlər. Əziz Əliyevin rəhbərliyi ilə institutda “Tibb nəşriyyatı” yaradılmış, onun təşəbbüsü ilə “Praktiki və nəzəri tibb jurnalı”nın nəşri əsaslı surətdə təkmilləşdirilmişdir. 1933-cü ildə o, həmin jurnalın baş redaktoru təyin edilmişdir. Həmin ildə Əziz Əliyevin təşəbbüsü ilə Tibb İnstitutunda “Tibb kadrları uğrunda” adlı çoxtirajlı qəzetin çapı qaydaya salındı. Hazırda bu qəzet “Təbib” adı ilə Azərbaycan Tibb Universitetində çap olunmaqdadır.

Ə.Əliyev hansı ictimai, inzibati, təşkilati işdə çalışsa da, elmi axtarışlarını bir an belə dayandırmadı. O, institutu bitirəndən iki il sonra 1929-cu ildə namizədlik, 5 il sonra isə doktorluq dissertasiyasını müdafiə etdi. Əziz Əliyevin doktorluq dissertasiyası Azərbaycanda ilk dəfə olaraq SSRİ Elmlər Akademiyasının, Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin mükafatına layiq görülən dəyərli elmi iş idi. Əziz Əliyev 1941-ci il mayın 13-də Azərbaycan SSR xalq səhiyyə komissarı işləyərkən SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının rəyasət heyəti nəzdində təşkil edilmiş elmi şuranın üzvü seçilmişdir.1956-cı ildə ona professor elmi adı verilmişdir. Əziz Əliyevin Tibb İnstitutuna rəhbərlik etdiyi dövrdə 11 doktorluq və xeyli namizədlik dissertasiyası müdafiə edilmişdir. Professorun təşəbbüsü ilə kafedraların nəzdində təsis edilmiş aspiranturada 4 il ərzində 30 tibb elmləri namizədi hazırlanmışdır. Onlardan 19-u milli kadr olub. O, tibb sahəsi üzrə milli kadr hazırlığını daim ön plana çəkmiş və onların yetişməsində müstəsna rol oynamışdır. Ə.Əliyev hər il Tibb İnstitutunun son kurs tələbələrindən ən bacarıqlılarını Moskvanın və Sankt-Peterburqun məşhur ali tibb məktəblərinə ezam edərək onlara təcrübə toplamaları üçün əlverişli şərait yaratmışdır. 

1933-cü ildə Əziz Əliyevin təklifi, təşəbbüsü və bilavasitə iştirakı ilə “Tibb şəhərciyi”nin inşasına başlanıldı. Sonralar həmin şəhərcikdə tələbə yataqxanaları ilə birlikdə nəzəri kafedralar üçün tədris korpusları da tikildi və bu iş ulu öndər Heydər Əliyevin ölkəmizə başçılıq etdiyi dövrdə uğurla başa çatdırıldı. 
Əziz Əliyev İkinci Dünya Müharibəsi illərində alay polkovniki rütbəsində sovet əsgərləri ilə birlikdə siyasi rəhbər kimi Cənubi Azərbaycana ezam olunmuşdu. Orada o, yerli əhali ilə yaxından ünsiyyət yaradaraq onlara ortaq dəyərləri çatdırmış, ordu ilə əhali arasında əlaqələri təmin etmişdir.

Əziz Əliyev 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi, 1942-1948-ci illərdə isə Dağıstan MSSR Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışaraq özünü bacarıqlı dövlət xadimi kimi də göstərmişdir. Dağıstanda işləyərkən Dağıstan zəhmətkeşləri Əziz Əliyevə üzərində onun əksi həkk olunan xüsusi medalyon bağışlamışlar və bunu xalq məhəbbətindən doğan ali duyğuların təntənəsinin bariz nümunəsi kimi qeyd etmək olar. Həmin medalyon Azərbaycan Tarixi muzeyində saxlanılır.

Əziz Əliyev 1949-1950-ci illərdə Moskvada Kommunist Partiyası Mərkəzi Komitəsinin inspektoru, 1950-1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, sonrakı illərdə Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru vəzifələrində işləmişdir. 1956-cı ildə Əziz Əliyev Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru olmuşdur. İnstitutun tarixinin bir çox şanlı səhifələri onun adı ilə bağlıdır. Onun rəhbərliyi dövründə institutun kafedralarının Bakının böyük xəstəxanalarında yerləşdirilməsi nəticəsində elmlə təcrübənin vahid istiqamətdə fəaliyyəti təmin edilmiş və həmin kafedralar respublika əhalisinə yüksək səviyyəli ixtisaslı yardımgöstərən mərkəzlərə çevrilmişdir. Bu dövrdə institutun kafedra və laboratoriyaları genişləndirilmiş, maddi-texniki bazası möhkəmləndirilmişdir. 1950-ci ilin sonundan başlayaraq, institut SSRİ tərkibində olan respublikaların tələbatına və sifarişinə əsasən, ali təhsilli tibb kadrlarının təkmilləşdirilməsi və ixtisaslaşmasını həyata keçirməklə yanaşı, Bolqarıstan, Monqolustan, İran, Türkiyə və Yəmən kimi ölkələr üçün də təbabətin müxtəlif sahələri üzrə həkimlərin hazırlanmasını həyata keçirmişdir. Artıq 1960-cı ildə institutda 16 tibb elmləri doktoru, professor, 17 dosent və 27-i tibb elmləri namizədi olmaqla 58 assistent fəaliyyət göstərirdi. Ə.Əliyevin rəhbərliyi dövründə maddi çətinliklərə baxmayaraq, 621 elmi-tədqiqat işi yerinə yetirilir və onların sayı 488 məqalədə öz əksini tapır. Aparılmış elmi-tədqiqat işlərinin nəticələri əsasında institut əməkdaşları tərəfindən 14 monoqrafiya çap olunur, təkcə 1960-cı ildə 6 doktorluq və 42 namizədlik dissertasiyaları müdafiə olunur. Eyni zamanda İnstitut kitabxanasının fondları 10 il ərzində 2 dəfədən çox artırılaraq təxminən 33 min nüsxəyə çatdırılır, ayrılan büdcə vəsaitlərinin bu dövr ərzində 4 mln rubldan 5,5 mln rubla çatdırılır.

Əziz Əliyevin vətən və xalq qarşısındakı misilsiz xidmətləri görkəmli həkim və alim, əla səhiyyə təşkilatçısı və səriştəli rəhbər və təcrübəli dövlət xadimi kimi yüksək qiymətləndirilmişdir. O, iki dəfə “Lenin” ordeni, “Qırmızı Əmək Bayrağı” ordeni, I dərəcəli Vətən müharibəsi ordeni, “Səhiyyə əlaçısı” döş nişanı, bir çox medallar və çoxsaylı Fəxri fərmanlarla təltif edilmişdir. 1960-cı ildə Əziz Əliyevə “Azərbaycan SSR əməkdar həkimi” fəxri adı verilmişdir. Rektor kimi fəaliyyət göstərdiyi Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Bakının mərkəzi küçələrindən biri, Mahaçqalada bir küçə bu görkəmli dövlət və elm xadiminin adını daşıyır. Əziz Əliyev I-II çağırış SSRİ Ali Sovetinin deputatı seçilmiş,həmçinin Azərbaycan SSR Ali Sovetinin I-III çağırış, Dağıstan MSSR Ali Sovetinin II çağırış deputatı olmuşdur. 

1998-ci il may ayının 14-də dövlət səviyyəsində Əziz Əliyevin anadan olmasının 100 illik yubileyi keçirilərkən yubiley təntənələrində çıxış edən ümummilli liderimiz Heydər Əliyev Əziz Əliyevin zəngin həyat yolunun və dəyərli yaradıcılığının bizə məlum olmayan məqamlarının incəliklərindən ətraflı söhbət açmışdı. XX əsrin ağır repressiya illərində Azərbaycanda milli həkim kadrlarının böyük bir dəstəsini səbəbsiz işgəncələrdən, vaxtsız ölümdən xilas etmiş Əziz Əliyevin özü 50-ci illərin əvvəllərində haqsız olaraq təqiblərə məruz qalmışdır. Bu haqda danışarkən ulu öndər demişdir: “Əziz Əliyev mənə danışırdı ki, o, 1938-ci il repressiyalarından möcüzə nəticəsində xilas olmuşdur. Onu sonralar, 50-ci illərin əvvəllərində repressiya etdilər. İşdən çıxarıb Ortopediya və Bərpa Cərrahiyyəsi İnstitutunun direktoru təyin etdilər, amma tezliklə bu vəzifədən də çıxartdılar. Professoru, elmlər doktorunu, bu qədər xidmətləri olan bir insanı Sabunçu xəstəxanasına adi həkim göndərdilər və o, üç il orada işlədi. Lakin xoşbəxtlikdən bu uzun sürmədi və o yenidən öz layiqli qiymətini aldı, onun əvvəlki şan-şöhrəti özünə qaytarıldı”. Heydər Əliyev öz çıxışına davam edərək Əziz Əliyevin alimə xas olan xüsusiyyətlərin incəliklərinə yaxşı bələd olduğunu söyləmiş və onun insani keyfiyyətlərindən də danışmışdır: “Azərbaycanda və Dağıstanda işlədiyi illərdə o, elm xadimləri ilə sıx təmasda olurdu. Bütün tibb professorları onun dostları idi, onların çoxunu o hazırlayıb irəli çəkmişdi. Azərbaycan incəsənəti və ədəbiyyatının Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Bülbül, Niyazi, Səməd Vurğun, Süleyman Rüstəm, Qara Qarayev və bir çox görkəmli xadimlərlə onun çox yaxın, mehriban, ailəvi münasibətləri vardı. Bütün bunlar ona görə olurdu ki, o, ziyalı bir adam idi, yüksək səviyyədə savadlı, mədəni adam olduğuna görə həmişə məhz bu mühitlə təmasda olmağa çalışırdı. Həmin adamlar da onunla yaxın olmaq istəyirdilər. O, hər cəhətdən gözəl insan idi”.

Əziz Məmmədkərim oğlu Əliyev yaddaşlarda yüksək rəhbərlik qabiliyyətinə malik, prinsipial, çox məsuliyyətli, tabeliyində olan işçilərə qarşı daim xoş münasibətdə olan, sözün əsl mənasında böyük dövlət və səhiyyə təşkilatçısı, görkəmli bir şəxsiyyət kimi qalmışdır. Onun kimi oğullar dünyaya hər zaman gəlmir. Onun kimi oğullar Azərbaycanı yaşadır və daim yaşadacaqdır!