Azərbaycan.- 2012.- 18 yanvar.- ¹ 12.- S. 2.

 

Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin anadan olmasının 115 illiyinə həsr edilmiş elmi konfrans keçirilmişdir

 

Bakı, 17 yanvar (AZƏRTAC). Yanvarın 17-də Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi konfrans keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, görkəmli dövlət və elm xadimi, pedaqoq-alim, professor Əziz Məmmədkərim oğlu Əliyevin 115 illiyinə həsr olunmuş konfransda tibb ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək Əziz Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı üzərinə əklil qoymuşlar.

Tədbiri açan səhiyyə naziri Oqtay Şirəliyev bildirmişdir ki, Azərbaycan səhiyyəsinin bu günü ölkə təbabəti tarixində xüsusi yeri olan Əziz Əliyevin səhiyyə quruculuğunda apardığı işlərlə sıx bağlıdır.

Görkəmli alimin Vətən və xalq qarşısında xidmətlərindən danışan nazir demişdir ki, professor Əziz Əliyevin həyat yolu hər bir mərhələdə elmi, pedaqoji, ictimai və dövlət fəaliyyəti sahələri ilə zəngin olmuşdur. Ölkədə ali tibb təhsilinin, ixtisasartırma və kadrların yenidən hazırlanması sisteminin, səhiyyə təşkilatları və müəssisələri şəbəkəsinin əsasını qoyanlardan biri kimi onun nəsillərə saxladığı irs öz dəyərini hələ də itirməmişdir.

Sonra institutun direktoru Sənan Kərimov çıxış edərək Əziz Əliyevin həyat və fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.

Bildirilmişdir ki, Əziz Əliyev 1897-ci il yanvarın 1-də İrəvan quberniyasının Hamamlı kəndində Məmmədkərim Kərbəlayi Qurbanəli oğlunun ailəsində anadan olmuşdur. Anası Zəhra xanım İbrahim bəy Süleymanbəyovun qızı idi.

O, 1908-ci ildə İrəvandakı gimnaziyaya daxil olmuş, 1917-ci ildə buranı bütün fənlər üzrə “əla” qiymətlərlə bitirmişdir. Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə Hərbi Tibb Akademiyasına daxil olsa da, təhsili yarımçıq qalmışdır.

Onun Bakı həyatı 1923-cü ildən başlanmışdır. Bakıda ilk vaxtlar Azərbaycan SSR Xalq Komissarları Şurasında iş icraçısı, həmin idarənin ümumi şöbə müdirinin müavini, katibin müavini və nəhayət, respublika Xalq Komissarlığı Şurasının katibi vəzifəsini icra etmişdir. O, bu çətin və məsuliyyətli vəzifələrdə çalışmaqla yanaşı, 1927-ci ildə Bakı Dövlət Universitetinin tibb fakültəsini bitirmiş və universitetin daxili xəstəliklər kafedrasında saxlanılmışdır.

Qeyd olunmuşdur ki, Əziz Əliyev İkinci Dünya müharibəsi illərində Azərbaycanda səhiyyənin təşkili məsələsinə xüsusi diqqət yetirmişdir. Xalq Səhiyyə Komissarlığı müalicə şöbəsinin müdiri, Bakı səhiyyə şöbəsinin müdiri, xalq səhiyyə komissarının müavini, xalq səhiyyə komissarı vəzifələrində çalışarkən səhiyyə sahəsində problemlərin aradan qaldırılması üçün əməli tədbirlər görmüşdür.

Əziz Əliyev 1934-cü il martın 30-da paytaxtda səhiyyə işlərini yaxşılaşdırmaq məqsədilə Bakı şəhər səhiyyə şöbəsinin müdiri, 1935-ci il yanvarın 14-də Azərbaycanda yüksək ixtisaslı milli tibb kadrlarının hazırlığını gücləndirmək məqsədilə Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru təyin edilmişdir.

Ə.Əliyev 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi, 1942-1948-ci illərdə isə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışaraq özünü bacarıqlı dövlət xadimi kimi göstərə bilmişdir. O, 1949-1950-ci illərdə Moskvada ÜK (b) P MK-nın inspektoru, 1950-1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, sonrakı illərdə Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru, həmçinin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifələrində işləmişdir.

Diqqətə çatdırılmışdır ki, Əziz Əliyev həm də gözəl ailə başçısı olmuşdur. Qızı Zərifə xanım Əliyeva atasının şərəfli yolunu davam etdirmişdir. O, görkəmli oftalmoloq kimi ad-san qazanmış, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Qızı Gülarə xanım Əliyeva görkəmli musiqiçi, mahir piano ifaçısı olmuşdur.

Oğlu Tamerlan Əliyev tibb elmləri doktoru, professor elmi dərəcələrinə yüksəlmişdir.

Əziz Əliyevin daha bir oğlu Cəmil Əliyev hazırda tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür.

Tədbirdə Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov, Elmi Cərrahiyyə Mərkəzinin direktoru, akademik Böyükkişi Ağayev, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru, professor Vaqif Verdiyev çıxış edərək görkəmli alimin ölkə səhiyyəsinin inkişafı sahəsində xidmətlərindən söhbət açmış və onunla bağlı xatirələrini bölüşmüşlər.

Konfransın elmi hissəsində “Uşaqlarda bağırsaq disbakteriozunun probiotiklərlə müalicəsi”, “Qırtlağın xronikistenozlarının endoskopik cərrahi müalicəsi”, “Teletibbin müasir aspektləri və s. mövzularda məruzələr dinlənilmişdir.