Xalq qəzeti.- 2007.- 26 yanvar.- ¹ 16.- S. 6.

 

Əziz Əliyevin xatirəsi yad edildi

 

Bakı şəhərindəki 1 nömrəli orta məktəbdə böyük alim və ictimai xadimin anadan olmasının 110 illiyinə həsr olunmuş dəyirmi masa keçirilmişdir

 

Mehdi MÜKƏRRƏMOĞLU

 

Dəyirmi masanı giriş sözü ilə açan məktəbin direktoru Elida Rzayeva bildirdi ki, böyük düha sahibi, görkəmli dövlət xadimi, mahir pedaqoq, XX əsr Azərbaycan tibb təhsili və səhiyyəsinin təşkilinin banilərindən biri, Azərbaycan Respublikasının əməkdar hakimi, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyevin 110 illik yubileyi dövlət səviyyəsində qeyd olunur. Respublika Prezidenti cənab İlham Əliyev bu münasibətlə dekabr ayının 5-da xüsusi sərəncam imzalamışdır. Sonra Elida xanım böyük alimin tərcümeyi-halı haqqında qısa məlumat verdi. Bildirdi ki. Əziz Əliyev 1897-ci ildə qədim Azərbaycan torpağı olan İrəvan quberniyasının Hamamlı kəndində anadan olmuşdur. 1908-ci ildə İrəvandakı gimnaziyaya daxil olub və 1917-ci ildə buranı əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan milyonçusu Hacı Zeynalabdinin maddi köməkliyi ilə Sankt-Peterburq Ali Tibb Akademiyasına daxil olub.

Əziz Əliyevin istedadı elə ilk illərdən özünü büruzə verib. Erməni daşnaklarının törətdikləri faciəli qırğınlar onun təhsilini yarımçıq qoyaraq doğma kəndlərinə dönməyə məcbur edib. Atasının vəfatı, baş verən fəlakətlər bu ailəni böyük çətinliklərlə üzləşdirib. Onlar əvvəl Naxçıvanda, sonra isə Arazı keçiblər. Cənubi Azərbaycanın Ərəblər kəndində məskunlaşıblar. Burada anasını da itirən Əziz Əliyev sonradan Naxçıvanın Şahtaxtı kəndinə qayıdır. 1923-ci ildə isə Bakıya köçür. Burada o Azərbaycan SSR XKS Şurasının iş icraçısı kimi fəaliyyəti başlamaqla yanaşı, həm də təhsilini davam etdirir. Bakı Dövlət Universitetinin tibb fakültəsini bitirir, elə burada da əvvəl ordinator, sonra aspirant. assistent və dosent kimi çatışır. 1929-1932-ci illərdə isə Azərbaycan Klinik İnstitutunun rektoru vəzifəsində işləyir.

Müharibə illərində Ə. Əliyev Azərbaycanda səhiyyənin təşkili işində xüsusi xidmətlər göstərib O, Xalq Səhiyyə Komissarlığı müalicə şöbəsinin müdiri, Bakı Səhiyyə Şöbəsinin müdiri, xalq səhiyyə komissarı və digər vəzifələrdə çalışmışdır. O, Azərbaycan Dövlət Tibb İnstitutunun yaradılmasının təşkilatçılarından biri olub. 1932-ci ildə bu instituta rektor təyin olunan Əziz Əliyev bir sıra tədbirlər həyata keçirib, ana dilində dərsliklər hazırlanmasını təşkil edib. 1930-1945-ci illərdə 80 adda dərslik və dərs vəsaiti yaradılıb ki, onun da 55-i məhz Əziz Əliyevin İnstituta rəhbərlik etdiyi dövrdə nəşr olunub.

Əziz Əliyevin elmi fəaliyyəti barədə söhbət açan natiq bildirdi ki, o, ictimai fəaliyyəti ilə yanaşı, tədqiqatçı-alim kimi də axtarışlarını davam etdirib. 1929-cu ildə namizədlik, beş il sonra isə doktorluq dissertasiyası müdafiə edib. O, 1941-ci ilin may ayından SSR EA-nın Azərbaycan filialının rəyasət heyətinin nəzdində təşkil edilmiş elmi şuranın üzvü, 1956-cı ildə isə professor vəzifəsinə seçilib. Onun “Klinik analizlər” dərsliyi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. “Həzm zamanı qanın xloridləri”, “Malyariyanın Karko metodu ilə müalicəsi”, “Klinik analizlər üzrə rəhbərlik” və s. kitabları tibb elminin inkişafına böyük töhfələr vermişdir. Onun rəhbərliyi altında 11 doktorluq və xeyli namizədlik dissertasiyaları müdafiə edilmişdir.

Müharibə illərində sovet hərbi kontingentinin tərkibində siyasi rəhbər kimi Cənubi Azərbaycanda fəaliyyət göstərib.

Ümumiyyətlə, Əziz Əliyevin fəaliyyət dairəsi olduqca rəngarəng olub. O, müəyyən müddət Bakı Dövlət Universitetinə də rəhbərlik edib.

1942-ci illərdə Azərbaycan KP MK-nın katibi, 1948-ci illərdə isə Dağıstan MSSR Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. O, 1950-ci illərdə Moskvaya YİK (b) P MK-nın inspektoru, 1951-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədrinin birinci müavini, sonrakı illərdə Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru, həmçinin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifələrində çalışmışdır. O, I-II çağırış SSRİ Ali Sovetinin deputatı seçilmiş, bir neçə dəfə Azərbaycan SSR-in və Dağıstan MSSR-in Ali Sovetlərinin deputatı olmuşdur.

Elida xanım çıxışının axırında onu da bildirdi ki, şərəfli bir ömür yaşayan, keşməkeşli yollardan keçib zirvələrə yüksələn Əziz Əliyev Azərbaycan səhiyyəsində, Azərbaycan tibb elmi sahəsində böyük irs qoymuş şəxsiyyətdir. Onun parlaq ömür yolu gənclərimizə əsl mənada nümunədir.

Sonra məktəbin tərbiyə işləri üzrə direktor müavini Sevinc Məhərrəmova, tarix müəllimləri Kəmalə Qarayeva, Çingiz Abdullayev, kitabxana müdiri Zemfira Hüseynova çıxış edərək böyük alim, ictimai xadim Əziz Əliyevin Azərbaycan tibb elminin və səhiyyəsinin inkişafındakı rolundan, eyni zamanda, ictimai xadim kimi fəaliyyətindən danışdılar.

Görkəmli ictimai xadim Əziz Əliyevin 110 illik yubileyi münasibətilə məktəbin foyesində onun həyat və fəaliyyətini əks etdirən fotostend təşkil edilmişdir.