Xalq qəzeti.- 2007.- 9 iyun.- 125.- S. 2.

 

Kaspiysk Tibb Məktəbinin binasında Əziz Əliyevin xatirə lövhəsi açılmışdır

 

Dağıstan ictimaiyyəti Azərbaycan və Dağıstanın görkəmli dövlət xadimi və ictimai xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin anadan olmasının 110-cu ildönümünü geniş qeyd edir. Baş nazir Artur Rasizadənin rəhbərliyi ilə Azərbaycanın geniş tərkibli nümayəndə heyəti yubiley tədbirlərində iştirak etmək üçün iyunun 7-də Dağıstan Respublikasına gəlmişdir.

Mahaçqala hava limanında qonaqları Dağıstan Xalq Məclisinin sədri Məhəmməd Süleymanov, respublika hökumətinin sədri Şamil Zeynalov, dövlət katibi Təkibat Mahmudova və digər rəsmi şəxslər səmimiyyətlə qarşıladılar.

Sonra nümayəndə heyəti Kaspiyskdə uzun illər Əziz Əliyevin adını daşıyan tibb məktəbinin binasında onun xatirə lövhəsinin açılışında iştirak etmək üçün bu şəhərə yola düşdülər.

Tibb məktəbinin müəllimi Rövzənət Gitinova açılış mərasimində çıxışında bildirdi ki, Dağıstan xalqları Azərbaycan xalqının şanlı oğlu Əziz Əliyevi fəxrlə öz oğlu adlandırırlar. Onlar Əziz Əliyevin ömrünün ən parlaq səhifələrinin Dağıstan Muxtar Respublikasında işlədiyi dövrlə bağlı olduğunu yaxşı xatırlayırlar.

Dağıstanın səhiyyə naziri İlyas Mamayev Əziz Əliyevin həyat və fəaliyyətindən danışaraq dedi ki, Ə. Əliyev 1942-1948-ci illərdə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi işləmişdir. Bu, respublika qarşısında duran mürəkkəb vəzifələrin həllində qüvvələrin səfərbərliyə alınması üçün böyük zəhmət və məsuliyyət tələb edən olduqca ağır dövr idi. Dağıstanda insanlara təmənnasız xidmət ideyası da Əziz Əliyevin adı ilə bağlıdır. O, çoxmillətli respublikanın yerli xüsusiyyətlərini dərindən başa düşür, Dağıstan xalqları nümayəndələri arasından kadrların hazırlanıb irəli çəkilməsinə böyük əhəmiyyət verirdi. 1945-ci ilədək 25 min mütəxəssis hazırlanmışdı ki, onların da yarısı yerli xalqların nümayəndələri idi.

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev həmvətənimiz haqqında xatirələri yaşatdığı üçün Dağıstan xalqına minnətdarlığını bildirdi, məktəbə Qız qalasının təsvir olunduğu tablo hədiyyə etdi.

Əziz Əliyevin oğlu akademik Cəmil Əliyev və Dağıstan Xalq Məclisinin sədri Məhəmməd Süleymanov alqış sədaları altında xatirə lövhəsinin üzərindən örtüyü götürdülər.