Kaspi.-2016.-22 dekabr-¹ 212.-S.15.

 

Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş hüquqi aktlar barədə

 

Niyə qanunları Nazirlər Şurası qəbul edirdi?

 

İlham Abbasov,

Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının baş müəllimi,

hüquq üzrə fəlsəfə doktoru, baş ədliyyə müşaviri, prokurorluğun fəxri işçisi

 

1918-ci il mayın 28-də Tiflisdə keçmiş Qafqaz Canişininin sarayında Həsən bəy Ağayevin sədrliyi və M. Mahmudovun katibliyi ilə Milli İslam Şurasının ilk iclası keçirilir.

Milli İslam Şurasının həmin iclasının gündəliyində Zaqafqaziya Seyminin buraxılması və Gürcüstanın öz müstəqilliyini elan etməsi ilə əlaqədar, Azərbaycanda vəziyyət barədə məsələ  dururdu. Azərbaycan Milli İslam Şurası tərəfindən 28 may 1918-ci ildə «İstiqlal bəyannaməsi» qəbul edilməklə, Azərbaycanın dövlət müstəqilliyi elan edilir.

Sovetlər dönəmində ictimaiyyət bilmirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması hansı səbəbdən Tiflisdə elan edilmişdir. Həmin dövrdə daşnak S. Şaumyanın rəhbərliyi altında Bakıda azərbaycanlıların soyqırımı həyata keçirilirdi. Ona görə də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya gələ bilmir.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Tiflisdə cəmi 18 gün  fəaliyyət göstərir. 16 iyun 1918-ci ildə Müvəqqəti hökumət Yelizavetpol şəhərinə (Gəncə şəhərinə- İ.A.) gəlir və burada 15 sentyabr 1918-ci il tarixə kimi fəaliyyət göstərir.

Yalnız Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu 15 sentyabr 1918-ci il tarixdə Bakını ermənilərdən azad etdikdən sonra - 17 sentyabr 1918-ci ildə Fətəli Xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin Müvəqqəti Hökuməti Gəncədən Bakıya köçür və Bakı paytaxt elan olunur.

Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti 18 gün Tiflis şəhərində, təxminən 3 ay Gəncə şəhərində,  19 aydan bir az artıq isə  Bakı şəhərində fəaliyyət göstərmişdir.

Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 5 iyun 1995-ci il tarixli iclasındakı nitqində demişdir: «Azərbaycan Respublikasının ilk demokratik dövlətinin, 1918-ci il mayın 28-də yaranmış demokratik respublikasının Konstitusiyası olmayıb. Ancaq bu hökumət, bu dövlət fəaliyyət göstərdiyi dövrdə Konstitusiya xarakteri daşıyan bir neçə  aktlar, qərarlar qəbul etmiş və onların əsasında işləmişdir. Ona görə də onları, demək olar ki, müəyyən qədər Konstitusiya quruculuğunun başlanğıcı kimi qiymətləndirmək olar».

Azərbaycan Xalq Cümhuriyyətinin Milli İslam Şurası, Nazirlər Şurası Tiflis, Gəncə və Bakıda fəaliyyət göstərdiyi dövrdə 642-dən artıq hüquqi akt qəbul etmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti Müvəqqəti hökuməti Gəncədən Bakı şəhərinə köçdükdən sonra isə parlamentin təşkili işinə başlanmışdır. Parlament 17 aylıq fəaliyyəti dövründə 145 iclas keçirmişdir. Bu müddətdə 270-dən artıq qanun layihəsi müzakirəyə çıxarılmış, onlardan 230-a yaxını təsdiq edilmişdir.

Parlamentin açılışı 3 dekabr 1918-ci il tarixə təyin edilsə də, həmin vaxt baş tutmur. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin ilk iclası  7 dekabr 1918-ci il tarixdə, saat 13:25-də baş tutur. Azərbaycan Milli İslam Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə parlamentin açılışında geniş nitqi söyləyir.

Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti çox səmərəli fəaliyyət göstərir. Cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq, özünün həyatiliyi və yüksək işgüzarlıq qabiliyyətini sübut edir.

21 dekabr 2010-cu il tarixdə Azərbaycan Respublikasının «Normativ hüquqi aktlar haqında» Konstitusiya Qanunu qəbul edilmişdir. Həmin qanunun 30.1-ci maddəsində göstərilir ki, normativ hüquqi aktın struktur elementləri preambuladan, bölmədən, fəsildən, maddədən, hissədən, bənddən, yarımbənddən və abzasdan ibarətdir. Həmin Qanunun 30.3-cü maddəsində göstərilir ki, normativ hüquqi aktın preambulası onun qəbul edilməsinin səbəblərini, şərtlərini və məqsədlərini əks etdirən giriş hissəsidir. Preambulaya normativ göstərişlərin daxil edilməsinə yol verilmir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş bütün qanunların və müvəqqəti hökumətin qəbul etdiyi qərarların hamısı preambulasız (dibaçəsiz-girişsiz-İ.A.) qəbul edilmişdir. Bu isə Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin, o cümlədən müvəqqəti hökumətin rəhbərlərinin, həmçinin parlament üzvlərinin bu sahədə təcrübəsizliyindən irəli gəlirdi.

Başqa misal: Nazirlər Şurasının 9 noyabr 1918-ci il tarixli qərarı ilə yaşıl, qırmızı və mavi rənglərdən ibarət, üzərində ağ rəngli yarım aypara və səkkizguşəli ulduz həkk olunmuş bayraq milli bayraq hesab edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağının təsdiq edilməsi haqqında qərarların Nazirlər Şurası-Müvəqqəti Hökumət tərəfindən qəbul edilməsinin səbəbi ondan ibarət idi ki, həmin vaxt Azərbaycan Milli İslam Şurası buraxıldığından fəaliyyət göstərməmiş, Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti isə hələ fəaliyyətə başlamamışdı.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 19 iyun 1918-ci il tarixli qərarı ilə Azərbaycan ərazisində hərbi vəziyyət elan edilmişdir. Halbuki, hər hansı bir dövlətin ərazisində hərbi və ya fövqəladə vəziyyətin elan edilməsi ölkənin ali qanunverici orqanının - parlamentinin səlahiyyətinə aid olan məsələ idi.

Belə hallar isə Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti dövründə yeganə hal olmamışdır. Belə ki, yenə də eyni səbəb üzündən Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası 22 iyul 1918-ci il tarixdə «Torpaq haqqında islahatlar aparılması barədə Qanunun icrasının dayandırılması haqqında» qərar qəbul etmişdir. Həmin qərarın 1-ci bəndində göstərilirdi ki, Zaqafqaziya tərəfindən qəbul edilmiş «Torpaq islahatı haqqında Qanun»un icrası Müəssislər Məclisi çağırılanadək dayandırılsın.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Nazirlər Şurası məhkəmə aidiyyəti haqqında qərarlarının da qəbul edilməsi hallarına yol verilmişdir. Belə ki, Nazirlər Şurası «Bir sıra cinayət hərəkətlərinin ümumi məhkəmələrin səlahiyyətlərindən alınması haqqında» 23 iyun 1918-ci il tarixdə qərar qəbul etmişdir.

Nazirlər Şurası 23 iyun 1918-ci ildə «Rusiya və Zaqafqaziya qanunlarının qüvvədə olmasının müvəqqəti saxlanması haqqında» qərar da qəbul etmişdir. Halbuki, həmin məsələ barəsində yalnız ölkənin ali qanunvericilik orqanı - parlamenti qərar qəbul edə bilərdi. Lakin həmin dövrdə Azərbaycan Milli İslam Şurası buraxıldığından, parlament isə formalaşıb, fəaliyyətə başlamadığından bu haqda Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası qərar qəbul etməli olmuşdur.

Parlament tərəfindən qəbul edilmiş bütün hüquqi aktlar-qanunlar da preambulasız (dibaçəsiz-müqəddiməsiz-İ.A.) qəbul edilmişdir.

 

Məhkəmə aidiyyəti  barədə qərar qəbul edilib

 

Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası hətta, bir sıra hallarda məhkəmə aidiyyəti  barədə də qərar qəbul edirdi. Belə ki, Nazirlər Şurasının 26 iyun 1918-ci il tarixli qərarı ilə casusluqda ittiham olunan 13 nəfər haqqında cinayət işinin Hərbi məhkəməyə verilməsi haqqında qərar qəbul edir.

Belə hallar da yeganə olmamışdır. Belə ki, Nazirlər Şurası 5 dekabr 1918-ci ildə Gəncə dairə məhkəməsi yanında hərbi məhkəmənin təşkili haqqında qərar qəbul etmişdir.

Nazirlər Şurasının «Ələt stansiyasında baş verən hadisələr barədə» 27 yanvar 1919-cu il tarixli qərarında beynəlxalq zəmin üzərində ölümlə, quldurluqla, qadınlar üzərində zorakılıqla müşayiət edilən hərəkətləri törədən şəxslər barəsində cinayət işlərinin hərbi səhra məhkəmələrinə verilməsi və onlar barəsində ölüm cəzasının da tətbiq edilməsi barədə göstəriş verilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası, hətta cinayət işinin başlanması barədə qərarlar da qəbul edirdi. Belə ki, Quba barışıq məhkəməsinin hakim köməkçisi, Quba şəhər istintaq sahəsinin müdiri S.M. Sayılovun barəsində cinayət işi başlanması və istintaq və məhkəmə prosesi başa çatanadək tutduğu vəzifəsindən kənarlaşdırılması haqda 16 iyun 1919-cu il tarixdə qərar da qəbul etmişdir?!

Həmçinin, Nazirlər Şurası 27 iyun 1918-ci il tarixdə dövlət dilinin türk dili (azəri türkcəsi-İ.A.) qəbul edilməsi barədə qərar qəbul etmişdir. Qərarda göstərilirdi ki, bütün məhkəmə, inzibati və s. vəzifəli şəxslər bu dili öyrənənə qədər, hökumət idarələrində rus dilinin də tətbiqinə yol verilir.

Nazirlər Şurası bir sıra hallarda cinayət qanunvericiliyi, hətta müstəsna cəza tədbiri - ölüm cəzasının tətbiq edilməsinin müvəqqəti bərpa edilməsi haqda 12 avqust 1918-ci il tarixdə qərar da qəbul etmişdir.

Yenə də eyni səbəb üzündən Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası «Neft sənayesinin milliləşdirilməsinin ləğv edilməsi haqqında» 1 oktyabr 1918-ci il tarixdə qərar qəbul etmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası həqiqi hərbi mükəlləfiyyət haqqında hüquqi aktlar da qəbul etmişdir. Belə ki, Nazirlər Şurasının 18 yanvar 1919-cu il tarixli qərarı ilə ailədə tək olanlar və xalq müəllimləri hərbi mükəlləfiyyətdən azad olunmuşlar.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş hüquqi aktların öyrənilməsi göstərir ki, həmin dövrdə Nazirlər Şurası haqqında müvafiq normativ hüquqi akt qəbul edilməmişdir. Məhz ona görə də, Nazirlər Şurası bir sıra hallarda cinayət qanunvericiliyi, məhkəmə aidiyyətinin müəyyən edilməsi, cinayət əməllərinə görə konkret cəza növünün təyin edilməsi və s. barədə qərarlar da qəbul etmişdir. Halbuki, bu xarakterli qərarlar qəbul etmək Nazirlər Şurasının səlahiyyətinə aid ola bilməzdi. Həmçinin, Nazirlər Şurası tərəfindən qəbul edilmiş qərarlara nömrə qoyulmamışdır. Buna baxmayaraq, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti özünəməxsus şərəfli bir yol keçmişdir.