Xalq qəzeti.-2016.-7 yanvar.-¹ 2.-S.1.

Prezident İlham Əliyev: Bu gün Azərbaycan müstəqillik və inkişaf yolu ilə uğurla gedir

Ölkə rəhbərinin dediyi kimi, bu gün dünyada sabitlik və təhlükəsizlik məsələləri mühüm önəm daşıyır. Regionlardakı qeyri-sabitlik, xalqların və ölkələrin dinc qonşuluq şəraitində yaşamalarına göstərilən təhdidlər dövlətlərin öz potensiallarını inkişaf etdirməsini, vətəndaşların rifahını yaxşılaşdırmasını çətinləşdirir. Dünyanın bu və ya digər regionunda yaşanan gərginlikdən, müharibələrdən, siyasi-iqtisadi kataklizmlərdən insanlar əziyyət çəkirlər.

 

Azərbaycanda isə vəziyyət göz önündədir. Müharibə şəraitində olan respublikamız dünya ölkələrinə nümunə göstərilə bilər. Çünki dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bununla bağlı  Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində deyilir: “Azərbaycan 2015-ci ildə uğurla inkişaf etmişdir. Bizim əsas vəzifəmiz ondan ibarət idi ki, Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edək, ölkəmizin dinamik inkişafına nail olaq. Azərbaycanda ictimai-siyasi sabitlik təmin edildi. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır və yaşayacaqdır. Eyni zamanda, 2015-ci ildə neftin qiyməti kəskin şəkildə aşağı düşmüşdür, üç dəfə aşağı düşmüşdür. Bunu ilin əvvəlində təsəvvür etmək mümkün deyildi. Ancaq bu, reallıqdır və yenə də Azərbaycanda aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində iqtisadi artım təmin edildi, Azərbaycanda qeyri-neft sektoru inkişaf etdi. Xüsusilə qeyri-neft sənayesinin 7 faizdən çox artması məni xüsusən sevindirir. Bu, onu göstərir ki, əvvəlki illərdə apardığımız siyasət öz bəhrəsini verir. Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır və neftdən asılılığımız getdikcə daha da azalacaq”.  Hazırda dünyada baş verən proseslərə nəzər saldıqda aydın görünür ki, cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, aparılan düzgün islahatlar nəticəsində  dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycan bütövlükdə Avratlantika coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrilir. Bu siyasət strategiyası müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatların və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində qurulub.   Konkret faktlar əsasında fikrimizi təsdiqləyə bilərik. Belə ki, möhtərəm dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, real sektora, sahibkarlığa dövlət dəstəyinin artırılması, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirləri, təmin edilmiş siyasi və makroiqtisadi sabitlik bu gün Azərbaycan iqtisadiyyatının xarici təsirlərə və yuxarıda qeyd olunan risklərə dayanıqlılığını şərtləndirən başlıca amillərdir. Hələ 2008-ci il qlobal böhrandan xeyli əvvəl iqtisadiyyatın şaxələndirilməsi tədbirlərinə başlanılması bu siyasətin nə qədər doğru olduğunu hazırkı dövrdə bir daha təsdiq edir. Xam neftin qiymətinin iki dəfədən çox enməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı məhz qeyri-neft sektoru hesabına inkişaf edir. Belə ki, əgər 2009-cu ildə ÜDM-də qeyri-neft sektorunun payı 47 faiz idisə, 2014-cü ildə 61 faiz təşkil edib. Ötən il isə həmin göstərici təxminən 70 faizə yaxın olub. 

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində, eyni zamanda,  deyilir: “Azərbaycanda sosial məsələlər öz həllini tapır. Baxmayaraq ki, gəlirlərimiz kəskin şəkildə azalmışdır, bir dənə də olsun sosial proqram təxirə salınmadı. Bütün sosial layihələrimiz icra edilmişdir. Bu da siyasətimizin mahiyyətini, yəni, mənasını göstərir. Onu göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz güclü dövlət qururuq, güclü iqtisadiyyat qururuq, eyni zamanda, insanların rifahı bizim üçün həmişə prioritet məsələ olubdur və olacaqdır”.

Bəli, dövlət başçımızın qeyd etdiyi kimi, respublikamızda  həyata keçirilən dövlət siyasətinin  mərkəzində Azərbaycan vətəndaşı dayanır. Məhz elə bunun nəticəsidir ki, son 12 ildə 1 milyonu daimi olmaqla, 1 milyon 400 mindən çox iş yeri açılıb, ötən ilin yekunlarına əsasən,  Azərbaycanda işsizlik 4,9 faiz, yoxsulluq 5 faiz səviyyəsində olub.

Azərbaycanda işsizliyin və yoxsulluğun azaldılması istiqamətində həyata keçirilən tədbirləri, bu sahədə əldə olunan müsbət dəyişiklikləri nüfuzlu beynəlxalq təşkilatlar da yüksək qiymətləndirirlər. Təsadüfi deyildir ki, Minilliyin İnkişaf Məqsədlərinə çatmaqda Azərbaycanın əldə etdiyi nailiyyətlərə görə ötən il Prezident İlham Əliyev BMT-nin “Cənub-Cənub” mükafatına layiq görülüb.

Xatırladaq ki, bir müddət əvvəl Filippində nəşr olunan və Asiya qitəsinin inkişaf etmiş ölkələrində həyata keçirilən uğurlu islahatları, dövlət başçılarının fəaliyyətini əks etdirən, geniş oxucu kütləsinə malik “BizNewsAsia” jurnalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi “İlin adamı” elan etmişdi. Həmçinin cənab İlham Əliyev Türkiyənin nüfuzlu “Ekovitrin” jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticəsinə görə türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda “10 ilin dövlət adamı” seçilmişdi. Dünyanın 40 ölkəsinin 50-dən artıq universitetini təmsil edən 170-dən çox gənc arasında canlı və 10 minə yaxın tələbə arasında “onlayn” keçirilən sorğuya əsasən, Azərbaycan Respublikasının Prezidentinin İƏT coğrafiyasında “İlin dövlət başçısı” seçilməsi bütün sahələrdə əldə edilən uğurlara verilən yüksək qiymətdir.

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində daha sonra deyilir: “2015-ci ildə enerji sahəsində önəmli addımlar atılmışdır. TANAP layihəsinin icrası başlamışdır. Artıq TANAP layihəsinin həyata keçirilməsi reallıqdır. Burada Azərbaycan tərəfdaş ölkələrlə çox mühüm rol oynayır, böyük işlər aparır. TANAP layihəsinin əsas səhmdarı və əsas investoru Azərbaycandır. Bu layihə bizə imkan verəcək ki, zəngin qaz resurslarımızı bundan sonra onilliklər ərzində dünya bazarlarına çatdıraq və beləliklə, ölkəmizin siyasi və iqtisadi maraqlarını daha dolğun şəkildə təmin edək.

Bu il nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı çox ciddi işlər aparılmışdır. Şərq-Qərb nəqliyyat dəhlizi artıq reallaşır. Çindən, Orta Asiyadan Azərbaycana, Azərbaycandan Gürcüstan, Türkiyə vasitəsilə Avropaya uzanan yeni “İpək yolu” layihəsi reallaşır və burada Azərbaycanın rolu kifayət qədər önəmlidir. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması üçün Azərbaycan konkret addımlar atır. Əminəm ki, bu layihə də uğurla reallaşacaq və beləliklə bundan sonra - bu iki mühüm layihə reallaşandan sonra Azərbaycan dünya miqyasında əvəzolunmaz tranzit ölkəsinə çevriləcəkdir. Bu, nə deməkdir, bunu izah etməyə ehtiyac yoxdur".

Xatırladaq ki, təxminən 10 milyard dollar dəyərində olan TANAP layihəsi üzrə tikinti işləri hazırda fasiləsiz davam etdirilir. Azərbaycanın “Şahdəniz-2" yatağından hasil olunacaq qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan TANAP-ın 2018-ci ildə istismara verilməsi nəzərdə tutulur. TANAP ilə Avropaya 10 milyard kubmetr, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin ötürücülük qabiliyyətinin 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

Burada Azərbaycan Prezidenti cənab İlham Əliyevin  “Şahdəniz-2" layihəsi ilə bağlı fikirlərini də xatırlatmaq yerinə düşər: ”Şahdəniz-2" layihəsi enerji təhlükəsizliyi layihəsidir. Hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyindən ayrılmazdır. Enerji təhlükəsizliyinin əsas elementlərindən biri təbii qazdır. Hazırda vəziyyət belədir və zənnimcə, növbəti illərdə heç bir dəyişiklik baş verməyəcəkdir. Bu səbəbdən enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi Azərbaycan kimi istehsalçı ölkə, həmçinin tranzit və istehlakçı ölkələr üçün eyni dərəcədə vacibdir. Əminəm ki, biz istehsalçı, tranzit və istehlakçı ölkələrin maraqlarının düzgün balansına birlikdə nail ola biləcəyik. Hamımız üçün faydalı əməkdaşlıq formatı yaradılacaqdır...".

Böyük potensiala malik olan nəqliyyat sektorunda regional və yerli əhəmiyyətli iri infrastruktur layihələrinin həyata keçirilməsi, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri çərçivəsində görülən işlər ölkəmizin tranzit imkanlarının reallaşdırılmasını təmin edir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsinin istifadəyə verilməsi, bu sahədə yeni infrastruktur layihələrinin icrası, nəqliyyat infrastrukturunun modernləşdirilməsi və nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, tranzit imkanlarına görə Azərbaycanın regionun aparıcı dövləti statusunu daha da möhkəmləndirir.

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində də qeyd etmişdir ki, iqtisadi sahədə apardığımız siyasət mötəbər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında 40-cı yerdədir. Bu, böyük və tarixi nailiyyətdir. Bu, onu göstərir ki, biz düzgün siyasət aparırıq və gələcəkdə, əlbəttə, Azərbaycan xalqının maraqlarını daim təmin edəcəyik.

Yeri gəlmişkən, ötən il Azərbaycanın sosial - iqtisadi sahədə qazandığı nailiyyətlər, eləcə də ölkədə həyata keçirilən liberal iqtisadi islahatlar, rəqabətə davamlı, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl və qətiyyətli addımlar dünyanın aparıcı iqtisadi və maliyyə institutlarının, reytinq agentliklərinin, iqtisadi azadlıq səviyyəsini tədqiq edən fond və mərkəzlərin diqqətindən kənarda qalmadı  və yüksək qiymətləndirildi.  “Fiç Reytingz” (Fitch Ratings) beynəlxalq kredit reytinq agentliyi Azərbaycanın uzunmüddətli yerli və xarici valyutada reytinqini “BBB-” investisiya səviyyəsində bir daha təsdiq edərək proqnozu “sabit” saxladı.

Agentliyin hesabatında qeyd olunurdu ki, Azərbaycanın investisiya səviyyəli reytinqi ölkənin aşağı suveren borcu, 2006-cı ildən yüksək xammal qiymətləri və cari hesabın müsbət saldosu nəticəsində yığılmış iri həcmdə xarici valyuta aktivlərini əks etdirir. Reytinq üzrə proqnozu sabit saxlayan agentlik bu qənaətdə idi ki, hökumət vergi gəlirlərində və kapital xərclərində, habelə milli valyutanın məzənnəsi ilə bağlı təsirli nizamlayıcı addımlar atmaqla mövcud valyuta ehtiyatlarının azalmasının qarşısını alacaq.

Qlobal iqtisadi mühitdə cərəyan edən qeyri-sabitlik və xammal məhsullarının, o cümlədən neft və neft məhsullarının qiymətlərinin kəskin şəkildə aşağı düşməsi fonunda “Fiç Reytingz” tərəfindən Azərbaycanın uzunmüddətli yerli və xarici valyutada reytinqinin “BBB-” investisiya səviyyəsində bir daha təsdiq olunması ölkə iqtisadiyyatının dayanıqlıq potensialını nümayiş etdirirdi.

Sözügedən  hesabat bir daha təsdiqləyirdi ki, Azərbaycan artıq  iqtisadi cəhətdən azad ölkədir. Respublikada əlverişli biznes, investisiya mühiti mövcuddur. Eyni zamanda, hökumət vergi gəlirlərində və kapital xərclərində, habelə milli valyutanın məzənnəsi ilə bağlı təsirli nizamlayıcı addımlar atmaqla mövcud valyuta ehtiyatlarının azalmasının qarşısını alır. Bu isə liberal iqtisadi islahatların, düşünülmüş, elmi əsaslara malik inkişaf konsepsiyasının həyata keçirilməsi, siyasi iradə nəticəsində mümkün olub və Azərbaycan dövlətinin dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindən xəbər verir.

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində həmçinin qeyd etmişdir ki, 2015-ci ildə parlament seçkiləri keçirilib. Bu da ölkəmizin inkişafı üçün çox önəmli hadisə idi. Parlament seçkiləri şəffaf, ədalətli keçirilmişdir. Bütün beynəlxalq müşahidəçilər bunu qeyd etmişlər. Azərbaycan xalqının iradəsi öz əksini tapmışdır. Parlament seçkilərinin nəticələri xalq tərəfindən bizim siyasətimizə verilən yüksək qiymətin təzahürüdür.

Yeri gəlmişkən, burada V çağırış Milli Məclisə seçkilərlə bağlı bir məqama da toxunmaq istərdik. Hazırda ölkəmizin müstəqil siyasət yürütməsinə, uğurlarla müşayiət olunan islahatlar keçirməsinə, sosial-iqtisadi sahələrdə müsbət göstəricilər əldə etməsinə qısqanclıqla yanaşan bəzi daxili və xarici qüvvələr Azərbaycandakı sözügedən seçki prosesinə qarayaxmağa,  proses başa çatmamış onun legitimliyini şübhə altına almağa cəhd göstərdilər. Təbii ki, onların bu davranışları heç bir halda seçki prosesinin ahənginə, Azərbaycan seçicisinin iradəsinə hər hansı formada təsir edə bilmədi.   Çünki hər birimiz Azərbaycanda baş verən proseslərdən yaxşı xəbərdarıq. Azərbaycanda azad və demokratik seçkilərin keçirilməsi üçün Seçki Məcəlləsinə uyğun olaraq hər cür şərait yaradılması hamının gözü önündədir.

Azərbaycan hakimiyyəti yaxşı bilir ki, dövlətin inkişafı demokratik seçkilərdən asılıdır. Ona görə də  istər dövlət, istər vətəndaş cəmiyyəti azad və demokratik seçkilərin keçirilməsində maraqlıdır.

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikindən də göründüyü kimi,  dünya iqtisadiyyatında, xüsusən də maliyyə bazarlarında baş verən böhrana baxmayaraq, ötən il Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib, xarici və daxili investisiyaları cəlb etməyə yüksək imkanlar yaradılıb. Xalqımız cari ildə də ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə səy göstərəcək və Azərbaycanın  daha da çiçəklənməsinə nail olacaq.  

 

Vaqif BAYRAMOV.