Xalq Cəbhəsi.-2016.-8 fevral.-¹ 23.-S.14.

 

“Oğuz kağan” dastanı: araşdırmalar nə deyir?

 

İsmixan Osmanlı

araşdırmaçı

 

Qədim türklərin dünya xalqlarının mənəvi sərvətlər xəzinəsinə bəxş etdikləri çoxlu sayda ədəbi abidələri var. Ümumtürk təfəkkürünün mühüm mifoloji və tarixi qaynaqlarından olan uyğur hərfləri ilə yazılmış “Oğuz kağan dastanı” həmin abidələrdən biridir. Bir çox türkoloqların təsdiq etdikləri kimi, bütün türk xalqlarının mədəniyyəti və ədəbiyyatı tarixində mühüm yer tutan bu yazılı epik abidə dünya qəhrəmanlıq eposunun ən məşhur nümunələrindəndir.

Həmin abidənin orijinaldan naməlum şəxs tərəfindən uyğur hərfləri ilə üzü köçürülmüş yeganə əlyazma nüsxəsi məşhur fransız şərqşünası, İran tarixi və ədəbiyyatının tədqiqatçısı, filoloq və tarixçi Şarl Şeferə (1820-1898) məxsus olub. Əlyazmanın hansı şəraitdə Ş. Şeferin əlinə düşməsi məlum deyil. O, abidənin salamat qalmış hissələrini nə vaxt və haradan Parisə gətirməsi barədə heç bir məlumat qoymayıb.

Əlyazma əvvəlcə Ş. Şeferin Parisdəki şəxsi kitabxanasında saxlanıb, sonralar onun şəxsi kolleksiyası arasında Paris Milli Kitabxanasına bağışlanıb. Hazırda əlyazma nüsxəsi həm də lentə köçürülərək Paris Milli Kitabxanasının “Əlyazmalar Departament”ində “Türk əsərləri” bölməsində, həmin kitabxananın kataloqunda 1001-ci nömrə altında qeydə alınaraq saxlanılır. Özündə Oğuz kağanla bağlı mifoloji və tarixi hadisələri birləşdirən Paris mətninin əlyazma nüsxəsi bu möhtəşəm abidənin mükəmməl orijinal əlyazma nümunəsi deyil. Əlyazmanın orijinalının əsli hələlik elmə məlum deyil. Paris əlyazmasının mətni ya birbaşa qədim orijinaldan, ya da növbəti əlyazmaların birindən köçürülüb. Mətnin üzünü köçürən katib mətndə bəzi dəyişikliklər edib. Bizə gəlib çatan əlyazmanın üzü monqollar dövründə və ya onlardan sonrakı dövrlərdə köçürülüb. Bunu əlyazmanın 36-cı səhifəsinin son sətrindəki boşluğun monqol hərfləri ilə tamamlanması və mətndəki bəzi hərbi terminlərin monqol dilində olması təsdiq edir.

Uyğur hərfləri ilə yazılmış əlyazmanın mətni həcminə görə çox kiçikdir; indiki halda günümüzə gəlib çıxmış əlyazmanın mətni 21 vərəqdən, 42 səhifədən ibarətdir. Əlyazmadakı üç vəhşi heyvanın təsvirləri göy rənglə rənglənib. Dünya kitabxanaları və muzeylərində saxlanılan oğuznamələrinin islami variantlarının çoxlu sayda əlyazma nümunələrindən fərqli olaraq nadir təsadüfdür ki, “Oğuz kağan dastanı”nın yalnız bir əlyazma nümunəsi var. Bu, onunla izah olunmamalıdır ki, bu əsər qədimdə türk xalqları arasında məşhur olmayıb. Əksinə, onun yenidən üzünün köçürülməsi bu abidənin məşhur olduğunu göstərir. Əvvəldən əskik olduğundan hər hansı bir adı olmayan və elm aləmində şərti olaraq “Oğuz kağan dastanı” adlanan bu möhtəşəm abidənin qədimdə mövcud olmuş bütöv bir dastanın az bir hissəsi olduğunu düşünmək olar. İslamiyyətdən öncə yaranıb böyük bir tarixi yol keçərək, əlyazma şəklində bu günümüzə gəlib çatan bu abidə qədim türklərin mifoloji dünyagörüşünü öyrənmək baxımından çox dəyərli və mühüm ədəbi mənbədir.

“Oğuz kağan dastanı”nın ilk dəfə tədqiqi və tərcümə edilərək dünya xalqlarının ən möhtəşəm mədəni abidələri sırasına daxil edilməsində, abidənin Avropa və Rusiya elmi ictimaiyyəti arasında tanıdılmasında türk xalqlarının dilinin, tarixinin, etnoqrafiyasının və xalq yaradıcılığının – folklorunun yorulmaz tədqiqatçısı, məşhur rus türkoloqu V.V. Radlovun (1837-1918) əvəzedilməz xidmətləri var. İlk dəfə onun təşəbbüsü ilə üzə çıxarılaraq elm aləminə məlum olmuş bu qiymətli abidənin dünyada ətraflı elmi tədqiqinin əsasını o qoyub. Onun xahişi ilə dastanın əlyazmasının fotosurətini Şarl Şefer V.V. Radlova göndərib, o isə dastanın 8 səhifəsinin faksimilesini ilk dəfə 1890-cı ildə Sankt-Peterburqda Yusif Xass Hacibin “Kutadqu bilik” əsəri ilə birlikdə çap etdirib.

Sonralar V.V. Radlov əsərin ilk dəfə bütöv halda transkripsiyası və alman dilinə tərcüməsini 1891-ci ildə, rus dilinə tərcüməsini isə 1893- cü ildə nəşr etdirərək bütöv halda elmi dövriyyəyə daxil edib. V.V. Radlovdan sonra əsər bir çox görkəmli alimlər tərəfindən nəşr edilib. Dastanın elmi tədqiqinə əslində onun V.V. Radlov tərəfindən nəşr edilməsindən sonra başlanıb. V.V. Radlovdan sonra əsəri nəşr etdirən türkoloq alimlər əsərin ədəbi dili, kompozisiyası, leksik xüsusiyyətləri, poetikası, filoloji-tarixi xüsusiyyətləri, eyni zamanda əsərin yazılma tarixi, toponimikası, etnonimikası haqqında bir sıra dəyərli fikirlər söyləyiblər. Əsər İslamaqədərki epik abidə kimi, əsasən filoloji və tarixi aspektlərdən demək olar, kifayət qədər öyrənilib. Bu illərdə ayrı-ayrı tədqiqatlar zamanı “Oğuz kağan dastanı”nın mifologiyasından ara-sıra söhbət açılsa da, XX əsrin 80-ci illərinə qədər bütövlükdə dastanın mifoloji problemlərinə həsr edilmiş tədqiqat işləri aparılmayıb.

“Oğuz kağan dastanı”nın mifoloji problemlərinin araşdırılması sahəsində ilk addımı məşhur türk alimi Baheddin Ögel atıb. “Türk mifologiyası” adlı məşhur əsərində dastanın mifoloji problemlərini araşdırmaya cəlb edən B. Ögel dastanın türkcəyə tərcüməsi də daxil olmaqla, ona xüsusi fəsil həsr edib. Əsərin kompozisiyasına uyğun olaraq fikir söyləyən B.Ögel onun XIII əsrdən sonra yazıldığını göstərsə də, mövzusunun çox qədim olduğunu bildirir. Oğuz kağanın atasının adını səhv olaraq “Ay kağan” (əslində “Ay kağan” anasının adıdır) kimi qəbul edən alim, adın Ay tərkibinin türklərin mani dinini qəbul etmələri ilə əlaqələndirərək, əslində Oğuzun atası haqqında fikir söyləyə bilməyib. O, dastanda Oğuzun möcüzəli doğulması, mifoloji heyvanla vuruşaraq onu öldürməklə qalib gəlməsi və boz qurd haqqındakı motivlərdən danışarkən əsasən türk mifoloji mətnlərinə istinad etsə də, hind, Çin, monqol, ərəbdilli və farsdilli mənbələrindən də örnəklər gətirməklə orijinal fikirlər söyləyib. Dastanda Oğuz kağanın yay və oxları torpağa basdıraraq uclarını torpağın üstündə qoyması, onların oğlanları tərəfindən tapılması və onlara görə ad, rütbə almalarına toxunan B. Ögel bunun lap qədim zamanlardan Orta Asiya türklərinin mifologiyasında vacib bir motiv olduğunu göstərir. Skif (sak) və hunlarda da belə bir motivin olduğunu qeyd edən alim, dastanda özünə yer tapmış bu ənənənin ən qədim Orta Asiya ənənələrinin davamı olduğunu bildirir. Bu və digər motivlərin arxaik qaynaqlarını bərpa etməyə çalısan B. Ögel əslində dastanın mifologiyasının bərpa edilməsi ənənəsinin əsasını qoyub.

B. Ögeldən sonra abidənin mifologiyası ayrıca tədqiqat obyekti kimi olmasa da, həm Azərbaycanda, həm də xarici ölkələrdə öyrənilməyə başlanıb. Dastandakı mifoloji motivlərin öyrənilməsində məşhur tədqiqatçı-alim X. Koroğlunun xüsusi xidməti var. O, “Oğuz qəhrəmanlıq eposu” adlı monoqrafiyasında dastanın mifologiyasına da xüsusi diqqət yetirib. Dastanı türklərin (oğuzların) daha erkən dünyagörüşlərinin, ənənə və inamlarının mənbəyi kimi xarakterizə edən X. Koroğlu, düzgün olaraq dastanın iki hissədən – birinci qədim miflərdən, ikincisi Oğuz kağanın başçılığı ilə qədim türk tayfalarının yürüşlərini əks etdirən epik tarixdən ibarət olduğunu göstərir. O, dastanın miflərdən ibarət olan hissəsindən danışarkən qurd mifologemi haqqında yazır: “Abidədəki miflər, əsasən totemistik görüşləri əks etdirir. Bu, təhkiyənin bütün mərhələlərində, gələcək qəhrəmanın tayfa totemi olan qurdun təsvirində özünü göstərir”.

Qədim türk, o cümlədən Azərbaycan xalqının mifologiyasının öyrənilməsi sahəsində xüsusi xidmətləri olan professor M. Seyidovun “Oğuz kağan dastanı”nın mifologiyası haqqında da orijinallığı və polemikliyi ilə seçilən bir sıra özəl mülahizələri var. Onun dastanın mifoloji motivləri haqqındakı mülahizələri “Azərbaycan xalqının soykökünü düşünərkən”, “Azərbaycan mifik təfəkkürünün qaynaqları”, eləcə də “Qam - şaman və onun qaynaqlarına ümumi baxış” adlı əsərlərində özünə yer tapıb. M. Seyidov əsərlərində dastandakı ayrı-ayrı mifoloji motivlərin tarixi-mifoloji kökünü, mifoloji obrazların etimoloji anlamını verməyə daha çox meyl edib.

M. Seyidov türklərin mifik düşüncəsində önəmli yer tutan “Boz qurd” obrazına adları çəkilən əsərlərində və digər yazılarında xüsusi yer versə də, bu obrazın semantikasının müəyyənləşdirilməsinə kiçik həcmli bir əsər də həsr edib. Azərbaycanda “Oğuz kağan dastanı”nın tədqiqi ilə daha çox professor Füzuli Bayat məşğul olub. O, həm filologiya üzrə fəlsəfə doktoru, həm də filologiya üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün yazdığı dissertasiya işlərində dastanı müxtəlif aspektlərdən tədqiq edib. Alim nəşr etdirdiyi “Oğuz epik ənənəsi və “Oğuz kağan” dastanı” adlı əsərində dastandakı bəzi arxaik obrazların semantikasından danışarkən öküz və boz qurd obrazlarının təhlilinə xüsusi diqqət ayırıb.

Son illər Azərbaycan alimlərindən Seyfəddin Rzasoy oğuznamələri geniş ritual-mifoloji aspektdən öyrənməklə məşğuldur. Alim “Oğuz mifinin paradiqmaları” adlı əsərini bu sahəyə həsr edib. Onun “Oğuz mifi və oğuznamə eposu” adlı ikinci əsəri isə Oğuz mifi və oğuznamələrin struktur-semiotik metodla müqayisəsi əsasında oğuz ritual-mifoloji dünya modelinin bərpa edilməsinə həsr edilib. Araşdırmaların obyektində bütövlükdə oğuznamə eposları, başlıca olaraq isə “Kitabi - Dədə Qorqud” oğuznamələri dayansa da, müəllif yeri gəldikcə “Oğuz kağan dastanı”nı da elmi araşdırmaya cəlb edib. Oğuzun doğulması mifologemindən danışarkən onun Ay kağanın gözündən, başqa sözlə, onun gözü olaraq doğulduğunu göstərən müəllif, bunun dastanda gözdən doğulma mifologeminin nümunəsi olduğunu qeyd edir. Bu məsələ ilə bağlı fərqli baxışların olduğunu inkar etmədən S.Rzasoyun yeni, fərqli bir baxış təqdim etməsi bu mifologemin tədqiqi yolunda mühüm addım kimi qiymətlidir. Müəllif oğuz mifologiyasının bərpasının nəzəri-metodoloji modeli, oğuz mifologiyasının ritual modeli, oğuz mifologiyasının paradiqmatik struktur modellərinin bərpasına həsr etdiyi “Oğuz mifologiyası” adlı növbəti əsərində də “Oğuz kağan dastanı”ndakı bəzi mifoloji motivləri araşdırmaya cəlb etmiş və onları dünya xalqlarının oxşar mifoloji dünyagörüşündəki tipoloji oxşarlıq və ayrı-ayrı türk xalqlarının mifoloji dünyagörüşündəki genetik oxşarlıq prinsipi əsasında təhlil etmişdir. Dastandakı mifoloji obrazların, xüsusən mifoloji Oğuz obrazının C.Məmmədov tərəfindən araşdırılması, obrazın son dövr araşdırıcıları arasında xüsusilə seçilir. Onun “Türk mifoloji obrazlarının funksional-semantik xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyasında həm mifoloji Oğuz kağan obrazı, həm də obrazın linqvistik (etimoloji) təhlililə bağlı mülahizələri obrazın sistemli araşdırılması istiqamətində son illərdə aparılan uğurlu addımlardan biridir.