Xalq qəzeti.-2016.-13 dekabr-¹ 276.-S.3.

 

Dövlət müstəqilliyimizin qorunub saxlanması ümummilli liderin adı ilə bağlıdır

 

Afaq Rüstəmova,

fəlsəfə elmləri doktoru

 

Ulu öndər Heydər Əliyev milli ideologiyamızın əsasını təşkil edən azərbaycançılığı ümummilli ideologiya səviyyəsinə qaldırdı və bu, onun Azərbaycan dövlətçiliyi qarşısında göstərdiyi böyük tarixi xidmətlərdən biridir. Ümummilli liderimiz Heydər Əliyev azərbaycançılıq ideologiyasının əsas prinsiplərinin "dövlətçilik" və "milli vətənpərvərlik" olduğunu dəfələrlə vurğulamışdır: "Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır, Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə hər bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalıdır".

Dövlətçiliyimizin möhkəmləndirilməsində milli-mənəvi dəyərlərimizin xüsusi çəkisi böyükdür. Heydər Əliyev hər zaman milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına xüsusi diqqət yetirmişdir və bu baxımdan xalqımız tərəfindən hər il iftixar və qürur hissi ilə qeyd edilən Respublika Gününün müstəsna yeri vardır.

1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar sülaləsinə son qoyuldu. Nəticədə Rus imperiyası dağıldı. Xalqlar öz müqəddəratlarını özləri həll etmək imkanı qazandılar. Bu imkandan istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını elan etdi. Bununla türk və İslam dünyasında ilk parlamentli respublika, demokratik, hüquqi və dünyəvi dövlət nümunəsinin təməli qoyuldu. Təəssüf ki, Azərbaycan Demokratik Respublikası mürəkkəb ictimai-siyası şəraitdə cəmi 23 ay yaşaya bildi.

Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində ona rəhbərlik etmiş şəxslərin böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımız tərəfindən sayğı ilə anılır.

Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən bir dövlət yaratmağı qarşıya məqsəd qoymuşdu. Demokratik dövlətin qurulması, azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanınması, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami Milli Ordunun, təhlükəsizlik strukturlarının yaradılması və sair məsələlər Xalq Cümhuriyyəti hökumətinin görəcəyi işləri əhatə edirdi.

Sonradan isə məlum hadisələr baş verdi. Müstəqil Azərbaycan Cümhuriyyəti bolşeviklərin hücumuna məruz qaldı və Sovet Rusiyası 1920-ci il aprelin 28-də 11-ci ordunu yurdumuza yeridərək müstəqilliyimizi devirdi. Nəticədə uzun bir dövr ərzində - 70 il boyunca Azərbaycan Sovet imperiyasının təsiri altında qaldı. Lakin xalqımız heç bir zaman azadlıq, müstəqillik arzusundan vaz keçməyib, bu arzunu həyata keçirmək üçün mübarizə aparıb və bu yolda çoxlu şəhid verib.

1991-ci ildə Sovet İttifaqının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Yəni əsrin əvvəlində müstəqilliyimiz süqut etsə də, sonunda suverenliyimizi bərpa edə bildik. Sözsüz ki, bu qələbənin qazanılmasında ulu öndər Heydər Əliyevin böyük rolu olmuşdur. Belə ki, onun hələ Sovetlər dövründə gördüyü işlər bu arzunun həyata keçirilməsi üçün münbit zəmin yarada bilmişdi. Tam məsuliyyətlə demək olar ki, indiki müstəqilliyimizin qorunub saxlanması bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Təkzibedilməz və danılmaz bir gerçəklik ondan ibarətdir ki, əgər Heydər Əliyevin zəngin və müdrik dövlətçilik təcrübəsi olmasaydı, bu gün müstəqil Azərbaycan haqqında, yəqin ki, söhbət gedə bilməzdi. Yəni azadlığı, müstəqilliyi qazanmaqla yanaşı, onu qoruyub saxlamaq da mühüm məsələdir.

Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də qəbul etdiyi "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı" ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan etdi və öz müstəqilliyini, suverenliyini beynəlxalq aləmə çatdırdı. Həmin gün tariximizə dövlət müstəqilliyinin bərpası günü kimi daxil oldu və onun yarandığı 28 may Respublika Günü kimi qeyd edilməyə başlandı.

Ulu öndərimizin "Müstəqilliyimiz əbədidir!" ifadəsinin məntiqində böyük həqiqət vardır. Bu həqiqətin mahiyyətini isə nəsillərdən-nəsillərə ötürülən ümummilli birlik ideyası təşkil edir. Azərbaycan dünyanın qədim dövlətlərindən biridir. Bunu qətiyyətlə qeyd etməyə müasir elmin inkişafı imkan verir. Son dövrlərdə tarix elmi sahəsində aparılan axtarışlar, bu istiqamətdə həyata keçirilən arxeoloji qazıntılar bu fikri sübuta yetirir. Aparılan tədqiqatlar sayəsində burada qədim mədəniyyət nümunələri aşkara çıxarılmışdır və artıq belə bir mövqe qətiləşmişdir ki, etnogenezinə və etnososial durumuna görə Azərbaycan tarixən burada yaşayan xalqların vətənidir. Buna ən real sübut ümummilli liderimiz Heydər Əliyevin UNESCO-nun qərarı ilə "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin keçirilməsinin təşəbbüskarı olmasıdır. Bununla o, təsdiq etdi ki, bu dastan dünya epos mədəniyyətinin böyük abidəsi olmaqla yanaşı, həm də Azərbaycan xalqının mədəniyyətinin, dövlətçilik ənənələrinin bariz nümunəsidir. Bu mənada müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycanın mədəniyyətinə və siyasətinə tarixi bütövlük kontekstindən qiymət verir.

Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını, himnini və gerbini dövlət atributları kimi qəbul edən Azərbaycan Respublikası 2 mart 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatına üzv seçildi. Lakin 1988-1992-ci illərdə cərəyan edən ictimai-siyasi hadisələr getdikcə Azərbaycan üçün son dərəcə təhlükəli məcraya yönəlirdi. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı ilə bu təhlükə daha da dərinləşdi. O dövrün rəhbərlərinin naşı siyasəti, düzgün qərarların qəbul olunmasında səriştəsizliyi ölkədə tam hərcmərclik və kəskin ziddiyyətlər yaratmışdı. Belə bir məqamda, təbii olaraq, xalq onu qoruya, çətin vəziyyətdən çıxara biləcək bir lider axtarırdı. Məhz bu zaman xalqın güvəndiyi, siyasi səriştəsinə bələd olduğu, çətin situasiyalarda millətin taleyini həll edə biləcək qətiyyətli qərarlar qəbul etmək bacarığına malik olan Heydər Əliyev Azərbaycan xalqının iradəsi ilə yenidən hakimiyyətə qayıtdı. Bununla da Azərbaycan öz tarixinin yeni bir səhifəsini açdı. Bu səhifədə artıq müstəqil dövlətin başçısı kimi ali vəzifəyə yüksələn ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ölkə həyatının bütün sahələrində quruculuq işlərinə başlandı. Lakin bu işləri həyata keçirmək asan olmadı, qarşıda duran mürəkkəb məsələlərin həlli bir çox çətinliklərlə qarşılaşdı. Yəni mövcud mürəkkəb şəraitdə, ilk növbədə, ölkədə nizam-intizam yaratmaq lazım idi. Bu prosesi dayandırmaq, hətta pozmaq cəhdləri göstərildi, lakin bütün bunlar Heydər Əliyev tərəfindən yeridilən ağıllı və uzaqgörən siyasət nəticəsində aradan qaldırıldı. Qarabağ probleminin həllində güclü Azərbaycan yaratmaqla qalibiyyət strategiyası seçildi. Azərbaycan Respublikasının ictimai, siyasi, iqtisadi, mədəni inkişafının başlıca məqsədləri və prinsipləri müəyyənləşdirildi. Azərbaycanın gələcək inkişafını təmin edə biləcək və beynəlxalq münasibətlər sistemində ona özünə layiq yer tutmasına imkan verə biləcək beynəlxalq layihələrin həyata keçirilməsinə başlandı. 20 sentyabr 1994-cü ildə Bakıda "Gülüstan" sarayında ölkə üçün müstəsna əhəmiyyətə malik "Əsrin müqaviləsi" imzalandı. "Əsrin müqaviləsi"ndə 8 ölkədən 13 şirkət iştirak etdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin bağlanmasına yol açdı.

Heydər Əliyevin rəhbərliyi ilə reallaşan inkişaf strategiyası sonrakı dövrlərin inkişafını təmin edə biləcək sarsılmaz təməl yaratdı. Bu təməl üzərində bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müasir Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi, onun gələcək inkişafının təmin edilməsi naminə ulu öndərin qoyub getdiyi mütərəqqi siyasəti uğurla davam etdirir. Hazırda Azərbaycan Respublikası regionun ən qüdrətli dövlətlərindən biri kimi uğurla inkişaf etməkdədir. Bu gün Azərbaycan Asiya ilə Avropa, Şərqlə Qərb, Cənubla Şimal arasında siyasi, iqtisadi, mədəni-intellektual və s. əlaqələrin reallaşdığı məkana çevrilib. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin fəaliyyətə başlaması, Bakı-Tbilisi-Qars dəmir yolunun və yeni limanın tikintisi və sair bu kimi digər qlobal layihələrə Azərbaycandan start verilməsi bu strategiyanın uğurundan xəbər verir.

Ölkə daxilində formalaşdırılan infrastruktur iqtisadiyyatın bütün sahələrinin əlaqəli şəkildə bir-birinin inkişafının şərtləndirilməsinə yönəlib. Ölkənin yalnız paytaxtının deyil, həm də onun bölgələrinin abadlaşdırılması istiqamətində böyük işlər görülür. Həyata keçirilən sosial siyasət əhalinin həyat şəraitinin yüksəldilməsinə istiqamətlənib. Formalaşmaqda olan sahibkarlığın və orta təbəqənin ölkənin sosial strukturunda xüsusi çəkisi getdikcə artır. Siyasi və intellektual elita həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə Azərbaycanı daha yüksək səviyyədə təmsil etmək bacarığına yiyələnir. Təhsilin, elmin və mədəniyyətin inkişaf səviyyəsinin ən yüksək standartlara çatdırılması istiqamətində ciddi işlər görülür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: "Azərbaycanın dövlət müstəqilliyi respublikamızın hər bir vətəndaşı üçün ən böyük sərvətdir". Tarixən formalaşmış humanist siyasi mədəniyyət ənənələrinə sadiq olan Azərbaycan bu gün bütün regionun inkişafında böyük rola malikdir. Ermənistanın işğalçılıq siyasəti isə onu regionun sürətli inkişaf prosesindən kənarda qoyur. Azərbaycan xalqı əmindir ki, ərazi bütövlüyümüz tezliklə bərpa olunacaq. Bu əminliyi xalqımıza ulu öndər Heydər Əliyevin yolunu davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət verir.

Bu yazını bütün ömrünü Azərbaycanın xoşbəxt gələcəyinə həsr etmiş, bu yolda hər cür çətinliyə sinə gərmiş, həyatı ilə hər bir Azərbaycan vətəndaşına örnək olan ulu öndərimiz Heydər Əliyevin nəsillərə yadigar qoyub getdiyi fikirlə bitirmək istəyirəm:  “...Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”!