Azərbaycan.-2016.-10 dekabr-¹ 274.-S.3.

 

Müstəqilliyi möhkəmləndirən mütərəqqi inkişaf strategiyası

 

Qüdrət Kərimov,

“Xəzər” Səhmdar Cəmiyyətinin sədri, iqtisad elmləri doktoru

 

Tarix sübut edir ki, müəyyən səbəblərdən milli dövlətçiliyini və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən xalqlar çətin sınaq anında məsuliyyəti üzərinə götürmüş qətiyyətli liderlərinin sayəsində mövcudluqlarını qorumuş, çətinliklərə sinə gərmiş, milli ideya ətrafında birləşmişlər. Belə taleyüklü mərhələlərdə bu həqiqət də təsdiqini tapmışdır ki, hər bir dövlətin üzləşdiyi təhdidlərə qarşı əzmkar müqavimət göstərməsi ona rəhbərlik edən siyasi liderin şəxsiyyətindən, idarəçilik səriştəsindən və qətiyyətindən asılıdır.

Bu ilin oktyabrında müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünü tamam olmuş Azərbaycan Respublikasının 1990-cı illərin əvvəllərində üzləşdiyi böyük sarsıntı və çətinliklər milli dövlətçilikdə lider amilinin müstəsna rolunu bir daha təsdiqləmişdir. Müstəqil Azərbaycanı iqtisadi sahədə inkişaf edən və qarşıya qoyduğu məqsədlərə doğru inamla irəliləyən dövlətə çevirmiş Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2016-ci il oktyabrın 11-də imzaladığı “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” sərəncamda bu reallıq önə çəkilir, ümummilli liderin milli dövlətçiliyin qurtuluşu yolundakı tarixi xidmətləri xüsusi vurğulanır: “1991-ci ildən etibarən müstəqillik yollarında ilk addımlarını atarkən Azərbaycan keçirdiyi dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasəti və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə üz-üzə qalmışdı. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkənin məhvolma təhlükəsinə, separatçılıq meyillərinə və başlanan vətəndaş müharibəsinə son qoyuldu, dövlətlə xalqın birliyi təmin edildi. İctimai-siyasi sabitliyin bərqərar olması, hərbi əməliyyatların dayandırılması və “Əsrin müqaviləsi”nin imzalanması bütün sahələrdə genişmiqyaslı islahatların başlanmasına zəmin yaratdı”.

 

Hərtərəfli inkişafın uğurlu təməli

 

Müstəqillik hər bir xalqın, dövlətin davamlı inkişafını milli ideya səviyyəsinə yüksəldərək mövcud iqtisadi, elmi-intellektual və mədəni potensialdan səmərəli istifadəyə geniş imkanlar yaradır. Fəqət, müstəqillik nemətinə qovuşan hər bir xalq ilkin mərhələdə onu qoruyub saxlamaq, möhkəmləndirmək, dövlətin gələcək inkişafına etibarlı bünövrə hazırlamaq kimi məsuliyyətli və çətin mərhələni də keçməli olur. Müstəqil Azərbaycan 1993-cü ilin iyun ayında üzləşdiyi bu taleyüklü mərhələni məhz qətiyyətli və müdrik lideri Heydər Əliyevin rəhbərliyi altında geridə qoymuş, elmi təməl üzərində davamlı inkişaf yolunu müəyyənləşdirmişdir.

Azərbaycanın 25 illik müstəqillik yolunda nail olduğu inanılmaz iqtisadi nailiyyətlərin milli inkişaf modeli ilə bağlılığı aksiom kimi qəbul edilən həqiqətdir. 1993-cü ildə yeni ictimai-iqtisadi formasiyaya keçidin çətinliklərini yaşayan Azərbaycanın hansı iqtisadi modelə üstünlük verəcəyi ilə bağlı çoxlu fikirlər, təkliflər irəli sürülsə də, böyük strateq Heydər Əliyev hansısa dövlətin təcrübəsinin olduğu kimi milli iqtisadiyyata köçürülməsini düzgün saymamış, milli resurslarla yanaşı, xalqın mentalitetini, tarixi ənənələrini, inkişaf yolunun özəlliklərini ciddiliklə nəzərə almışdır. Ümummilli lider mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini müdrikliklə irəli sürmüş, onun mərhələlərlə həyata keçirilməsinə çalışmışdır.

Ulu öndər Heydər Əliyev böyük müdrikliklə bildirmişdir ki, bazar iqtisadiyyatı prinsipləri vətəndaşların sosial təminatının yaxşılaşdırılması tədbirlərini qətiyyən inkar etmir. Sosializm dövrünün populizmə əsaslanan “bir nəfər hamı üçün, hamı bir nəfər üçün” devizindən, formal səciyyə daşıyan “sosial bərabərlik” şüarından fərqli olaraq ümummilli lider Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin qorunması yolu ilə yanaşı, cəmiyyətin aztəminatlı təbəqəsi üçün sosial yardım sisteminin formalaşdırılmasına, sosial ədalət prinsipinin bütün səviyyələrdə bərqərar olmasına çalışmışdır. Bu model məhz cəmiyyətdə sosial ədalət prinsipinin qorunmasına xidmət etmişdir.

İqtisadi islahatların ardıcıl və sistemli şəkildə aparılmasının tərəfdarı kimi çıxış edən Heydər Əliyev yeni mərhələdə, ilk növbədə, torpaq islahatı və dövlət mülkiyyətinin özəlləşdirilməsi vacibliyini önə çəkmiş, bu proses keçid dövrünün bəzi kiçik çatışmazlıqlarına rəğmən, uğurla başa çatdırılmışdır. Ümummilli lider yaxşı başa düşürdü ki, dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olması, habelə milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə inteqrasiyası, insanların şüurunda, həyat tərzində əsaslı dəyişiklik deməkdir. Ölkədə həyata keçirilmiş özəlləşdirmə prosesinin məqsədi də məhz hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq olmuşdur. İqtisadiyyatın bütün sahələrini əhatə edən özəlləşdirmə prosesi müstəqil respublikamızda bazar iqtisadiyyatı meyarlarının sürətlə formalaşmasına, ölkənin xarici iqtisadi əlaqələrinin yüksəlməsinə ciddi zəmin yaratmışdır.

Özəlləşdirmə prosesi ilə paralel respublikamızda həyata keçirilən struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə, rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan vermişdir.

 

Yeni neft strategiyası - davamlı inkişafa təminat

 

25 illik müstəqillik yolunun ən mühüm göstəricilərindən biri də xalqın təbii sərvətləri üzərində yiyəlik hüququ qazanması və davamlı inkişafı naminə məqsədyönlü şəkildə istifadə etməsidir. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyev müdrik siyasətçi kimi yaxşı bilirdi ki, Azərbaycanın dünya miqyasında layiqli yerini tutması və dinamik iqtisadi inkişafı heç də sırf təbii sərvətlərin zənginliyinə söykənmir. Böyük strateq çıxışlarında daim vurğulayırdı ki, tarixdə neftlə zəngin bir çox dövlətlərin uğursuz siyasətinin nəticəsi kimi müstəqilliklərini itirmək, qeyri-stabillik şəraitində yaşaması, ağır sosial-iqtisadi problemlərlə, aclıq və səfalətlə üzləşməsi ilə bağlı çoxsaylı misallar mövcuddur. Dünya təcrübəsində iqtisadiyyatın yalnız neft amili üzərində qurulması və neft gəlirlərinə güvənlik nəticəsində iqtisadi sistemi iflic edən “Holland sindromu” kimi mənfi presedent də var.

Beləliklə, Azərbaycan rəhbərliyi həmin illərdə heç bir səhvə yol vermədən tanınmış Qərb şirkətləri ilə aparılan danışıqların uğurlu məntiqi sonluqla yekunlaşmasına nail oldu. 1994-cü ilin 20 sentyabrında Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə çağdaş tariximizə “Əsrin müqaviləsi” adı ilə düşmüş qlobal neft müqaviləsinin təntənəli imzalanma mərasimi keçirildi. Bununla da Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə irimiqyaslı saziş imzalayan ilk dövlət olmaqla, Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoydu. Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq”, Günəşli” yataqlarının birgə mənimsənilməsini nəzərdə tutan bu sazişin reallaşması təkcə respublikamız üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu üçün də strateji əhəmiyyət daşıyırdı.

Regionda beynəlxalq əməkdaşlığın təməlini qoymuş bu qlobal enerji müqaviləsi eyni zamanda, Azərbaycanın müstəqil dövlət olaraq öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını sonadək müdafiə etmək əzmində olduğunu göstərdi. Regionda digər qlobal enerji və kommunikasiya layihələrinin gerçəkləşdirilməsi anlamında da müsbət presedent yarandı, Azərbaycanın Qərb dövlətləri ilə münasibətləri strateji müstəvidə inkişaf etməyə başladı. Azərbaycanın keçdiyi yol və bugünkü uğurları yeni neft strategiyasının milli müstəqilliyin möhkəmləndirilməsindəki müstəsna rolunu bir daha təsdiqləyir.

 

Sahibkarlıq fəaliyyəti üçün mükəmməl qanunvericilik sistemi

 

Bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlətin müstəqil yaşaması və inkişafı prosesində orta təbəqənin - iqtisadi inkişaf və sabitliyin təminatçısı sayılan sahibkarlar sinfinin rolu müstəsnadır. Bu reallığı böyük müdrikliklə nəzərə alan ümummilli lider Heydər Əliyev milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun həlledici rolunu daim önə çəkir, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışırdı. Bunun nəticəsidir ki, 1995-2003-cü illərdə respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmış, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması məsələsi diqqət mərkəzində saxlanılmışdır.

İnvestisiyaların təşviqi üçün respublikada daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionların, qeyri-neft sektorunun inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilmişdir.

1997-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (1997-2000-ci illər) Dövlət Proqramı” əhəmiyyətinə, aktuallığına və miqyasına görə milli sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı olmuş, bu sahədə dövlət siyasətinin başlıca prinsiplərini müəyyənləşdirmişdir. Dövlət proqramında ilk dəfə olaraq milli sahibkarlığın stimullaşdırılması və onun dövlət maliyyə təminatı mexanizmlərinin formalaşdırılması, daxili bazarın qorunması yolu ilə istehsal sahibkarlığının inkişaf etdirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması ilə bağlı kompleks tədbirlər planı öz əksini tapmışdır. Dövlət proqramı çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində sahibkarlıq subyektlərində əsassız yoxlamaların aparılması qadağan edilmiş, iş adamlarının fəaliyyətinə əngəl yaradan problemlərin aradan qaldırılması yolları göstərilmişdir.

Kiçik və orta sahibkarlıq subyektlərinin normal fəaliyyəti üçün sonrakı mərhələdə “Azərbaycan Respublikasında kiçik sahibkarlığa dövlət köməyi haqqında” qanuna bir sıra mütərəqqi dəyişiklik və əlavələr edilmiş, habelə “Haqsız rəqabət haqqında”, “İnvestisiyaların qorunması haqqında”, “İstehlak bazarı haqqında” və digər zəruri qanunlar qəbul edilmişdir. Bu qanunlar yerli və xarici sahibkarların təhlükəsiz və xüsusi risklilik tələb etməyən biznes fəaliyyətinə dövlət tərəfindən verilən hüquqi təminatı daha da gücləndirmiş, investisiyaların qarşılıqlı təşviqinə və qorunmasına əsaslı zəmin formalaşdırmışdır.

Ümummilli lider Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (2002-2005-ci illər) Dövlət Proqramı” özəl sektorun inkişafını stimullaşdıran tədbirlərin davamı kimi mühüm əhəmiyyət kəsb etmiş, dövrün bir sıra reallıqları ilə şərtlənmişdir. Eyni zamanda, sahibkarlığa dövlət maliyyə dəstəyinin hüquqi əsaslarının formalaşdırılması üçün ulu öndər Heydər Əliyevin 27 avqust 2002-ci il tarixli fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondunun Əsasnaməsi təsdiqlənmiş, strukturu formalaşdırılmışdır. Fondun vəzifəsi ölkədə sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərmək, onlara müvəkkil banklar vasitəsilə güzəştli kreditlərin verilməsini təmin etmək, bir sözlə, iş adamlarının səmərəli biznes layihələrinin reallaşmasına yardımçı olmaqdır.

Ümummilli lider Heydər Əliyevin 10 sentyabr 2002-ci il tarixli “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət qayğısı haqqında” və 28 sentyabr 2002-ci il tarixli “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” fərmanlarında dövlət qurumları ilə sahibkarlıq subyektləri arasında dərin kök salmış və həllini gözləyən bir sıra ciddi problemlər tam açıqlığı ilə göstərilmiş, onların qarşısının alınması üçün kompleks islahatlar aparılmışdır. Bütün bu tədbirlərin nəticəsi kimi 1996-2003-cü illərdə Azərbaycanın bütün həyati əhəmiyyətli sahələrində dinamik inkişaf və tərəqqi təmin edilmiş, milli sahibkarlar ordusu formalaşmış, ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 75 faizə yüksəlmişdir.

 

Müstəqil siyasətin uğurlu davamı

 

Dünya şöhrətli ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyevin xalqın rəyinə əsaslanmaqla gerçəkləşdirdiyi müdrik və uzaqgörən siyasətini XXI əsrin başlanğıcında layiqincə davam etdirən Prezident İlham Əliyev Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapmasını, regional liderliyini təmin etmişdir. Davamlı inkişaf, tərəqqi və yüksəliş prosesi bu gün müstəqil Azərbaycanın siyasi simasını müəyyən edir. Sürətli intibah yolunda olan, qarşıya qoyduğu hədəflərə inamla yetişən, bütün sahələrdə yeniləşən respublikamız beynəlxalq aləmdə mövqelərini ildən-ilə möhkəmləndirir. Azərbaycan nəinki problemlərinin həllinə nail olur, hətta ümumregion əhəmiyyətli qlobal layihələri daxili imkanları hesabına gerçəkləşdirir. Aparıcı dünya dövlətləri Cənubi Qafqazın tərəqqi və yüksəlişini Azərbaycandan kənarda görmür, respublikamızın mövqeyi ilə tam hesablaşırlar. Ölkəmiz düşünülmüş neft-qaz strategiyası ilə ümumən Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan strateji əhəmiyyətli dövlətə çevrilir. Müstəqil daxili və xarici siyasət yeridən ölkə rəhbərliyi milli maraqları layiqincə müdafiə edir.

Hələ 2003-cü ilin 31 oktyabrında keçirilmiş andiçmə mərasimində “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm!” - deyən dövlət başçısı ötən 13 ildə verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirmiş, hər bir vətəndaşın həyatında kardinal dəyişikliklərlə müşayiət olunan iqtisadi islahatların müəllifinə çevrilmişdir.

Hələ 2003-cü ilin 31 oktyabrında səlahiyyətlərinin icrasına başlamış dövlət başçısı cənab İlham Əliyev ötən 13 ildə Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə yanaşı, ulu öndərin xaos və anarxiyadan qurtardığı respublikamızın “Güclü dövlət - müstəqil siyasət” konsepti əsasında inkişafını təmin etmişdir. Ötən 13 il ərzindəki fəaliyyəti dövlət başçısının verdiyi bütün vədlərin əməli fəaliyyətə və praqmatizmə söykəndiyini, respublikanın gerçək potensialı ilə uzlaşdığını tamamilə təsdiqləmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaratmış, hər bir vətəndaşın həyatında nəzərəçarpacaq irəliləyişlərə səbəb olmuşdur.

Son 13 il həm də dünya siyasətinə təsir göstərən möhtəşəm layihələrin reallaşdırılması ilə səciyyəvidir. Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, Bakı-Tbilisi Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, “Ümid”, “Abşeron” kimi perspektivli yataqlar kəşf olunması, Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi,

TANAP, TAP layihələrinin gerçəkləşməsi bu baxımdan xüsusi qeyd olunmalıdır.

 

Qlobal böhranın mənfi təsirləri dəf edilir

 

Qlobal səviyyədə cərəyan edən mürəkkəb siyasi, iqtisadi proseslərin mənfi təsirlərinə, bir çox ölkələrin ciddi iqtisadi, maliyyə və sosial problemlərlə üzləşməsinə baxmayaraq Azərbaycan iqtisadiyyatı bu il də dayanıqlılığını qoruyub saxlayır. Dövlət başçısı cənab İlham Əliyevin hələ 2016-cı ilin əvvəlində açıqladığı antiböhran paketi Azərbaycanın yaranmış yeni iqtisadi və siyasi şəraitə uyğun olaraq, neftdən asılı olmayan, ixracyönümlü, dayanıqlı inkişaf strategiyası seçdiyini göstərir. Dövlət başçısı hesab edir ki, hazırkı dövrdə bir tərəfdən yaranmış vəziyyətin ölkəyə mənfi təsirinin qarşısını almaq üçün çevik tədbirlər həyata keçirilməli, digər tərəfdən də prioritet sahə hesab olunan qeyri-neft sektorunun daha sürətli inkişafını təmin etmək üçün əlavə təsirli mexanizmlər işə salınmalıdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin son 13 ildə imzaladığı bir sıra dövlət proqramları, ilk növbədə, regionların tarazlı və davamlı inkişafını, qeyri-neft sektorunun möhkəmləndirilməsini, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılmasını, infrastrukturun yeniləşdirilməsini təmin edən kompleks proqram sənədləri olmaqla yanaşı, bölgələrdə özəl sektorun inkişafına təkan vermişdir. 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən regional inkişaf proqramları bu baxımdan xüsusi əhəmiyyət kəsb etməklə, regionlarda intibah mərhələsinin əsasını qoymuş, sahibkarlığın yüksəlişinə zəmin yaratmışdır.

Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclası respublikamızın böhranın mənfi təsirlərindən sığortalanmaq istiqamətində həyata keçirdiyi tədbirlərin real nəticələr verdiyini göstərir. Bu mərhələnin ən nəzərəçarpacaq göstəricilərindən biri ölkə iqtisadiyyatının postneft mərhələsinə uyğunlaşması, qeyri-neft sektorunda 3,4 faizədək artımın əldə olunmasıdır.

Ümumiyyətlə, son illər məlum geosiyasi səbəblərlə bağlı neftin qiymətinin 3 dəfəyədək aşağı düşməsi və neft-qaz ölkələrinin süni böhranla üz-üzə qoyulması fonunda respublikamızın nümayiş etdirdiyi makroiqtisadi dayanıqlıq milli inkişaf modelinin qlobal təhdidlərə çevik müqavimət əzmini bir daha nümayiş etdirir. Əlbəttə, böhranın mənfi təsirlərini digər ölkələr kimi, Azərbaycan da hiss edir və buna müəyyən mənada təbii yanaşmaq lazımdır. Çünki region ölkələrinin iqtisadiyyatı, idxal-ixrac əməliyyatları, xarici ticarət dövriyyəsi, tədiyyə balansının formalaşması bir-biri ilə sıx şəkildə bağlıdır. Bu gün nəinki Azərbaycan, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı kimi böyük ölkələr də böhranın mənfi təsirlərinə məruz qalırlar. Lakin əsas məsələ budur ki, ölkəmizin rəhbərliyi yaranmış vəziyyətdən çıxış yolları üzərində ciddi şəkildə düşünür və səmərəli addımlar atır.

Əlbəttə, mövcud qlobal şərait iqtisadi islahatları genişləndirməklə onların müntəzəmliyinin təmin edilməsini, sahibkarlıq subyektləri tərəfindən mütərəqqi elmi-texniki çağırışlardan, stimullaşdırıcı mexanizmlərdən və innovasiyalardan istifadə yolu ilə yeni konseptual yanaşmaların tətbiqini, iqtisadi potensialdan, əlverişli investisiya mühitindən səmərəli istifadəni zəruri edir. 2016-cı ildə bu və digər praktik məqsədlərin həyata keçirilməsi məqsədilə imzalanmış fərman və sərəncamlar göstərir ki, ölkə başçısı cənab İlham Əliyev orta və uzunmüddətli perspektivdə hökumətin həyata keçirəcəyi iqtisadi islahatların innovasiya yönümlü olmasını, dərin elmi əsaslara, proqnozlara, habelə mütərəqqi dünya təcrübəsinə əsaslanmasını vacib sayır.

İlin əvvəllərindən etibarən həyata keçirilən tədbirlər, xüsusilə də Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Maliyyə Sabitliyi Şurasının yaradılması iqtisadi islahatların dərin elmi əsaslarla aparılması niyyətinin əyani təzahürüdür. Bunlar həm də ölkə başçısının 2016-cı ilin dərin islahatlar ili olacağı ilə bağlı cəmiyyətə verdiyi mesajın praktik surətdə gerçəkləşdiyini göstərir.

Azərbaycan Prezidentinin 16 mart 2016-cı il tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” sərəncamı da qarşıya qoyulmuş məqsədlərin gerçəkləşdirilməsi baxımından müstəsna əhəmiyyətli sənəddir. Sərəncamla həyata keçirilmiş iqtisadi siyasətin və islahatların davamlılığının təmin edilməsi, iqtisadiyyatın mövcud vəziyyətinin dərin təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədi ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” adlı sənəd təsdiqlənmişdir. Həmin sənədə müvafiq olaraq ölkənin gələcək inkişaf planlarının işlənilməsi məqsədi ilə müvafiq işçi qrupu yaradılmışdır. Strateji əhəmiyyətli sənəddə göstərilir ki, gələcəkdə Azərbaycan iqtisadiyyatının bir sıra sektorlarının inkişafı xüsusi diqqət mərkəzində olacaqdır. Buraya əsasən, kənd təsərrüfatı, istehlak malları, ağır sənaye və maşınqayırma istehsalı, ixtisaslaşmış turizm, logistika və ticarət sahələri aiddir. Bu məqsədlə: a) qarşıdakı bir il üçün təfsilatlı yol xəritəsinin: b) 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasının və tədbirlər planının: c) 2025-ci il üçün uzunmüddətli baxışın hazırlanması: d) 2025-ci ildən sonrakı hədəf baxışının müəyyənləşdirilməsi qarşıya məqsəd qoyulmuşdur.

Ölkə başçısının 3 fevral 2016-cı il tarixli “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apelyasiya şuralarının yaradılması haqqında”, 20 aprel 2016-cı il tarixli “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında, 19 may 2016-cı il tarixli “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” və “Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanları, habelə 2016-cı il 21 may tarixli fərmanla təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”, 21 aprel 2016-cı il tarixli Azərbaycan Respublikasında “Sahibkarlar Günü”nün təsis edilməsi haqqında” sərəncamı, 1 iyun 2016-cı il tarixli “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” fərmanı ölkədə sahibkarlığın inkişafına ciddi təkan verən sənədlər kimi yüksək dəyərləndirilməlidir.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərmanı da keyfiyyətcə yeni mərhələdə iqtisadi inkişafı stimullaşdırmaq və böhranın mənfi təsirlərini aradan qaldırmaq məqsədi güdür. Sərəncamda qeyd olunduğu kimi, son dövrlər istər regionda, istərsə də qlobal iqtisadiyyatda gedən proseslər, neft gəlirlərinin kəskin azalması, mürəkkəb xarici iqtisadi mühit ölkənin makroiqtisadi və maliyyə sabitliyinə öz təsirini göstərməkdədir: “Dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir”.

Fərmanla iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına dair strateji yol xəritələrinin təsdiq olunması həm də qlobal böhrandan çıxış yollarını özündə ehtiva edir. Bu sənədin icrası Azərbaycanın digər sahələri kimi, Sumqayıt şəhərində də sənayenin bir sıra sahələrinin inkişafına yeni təkan verəcək, ümumən iqtisadi fəallığın artımına səbəb olacaqdır.

Xüsusi vurğulamaq istərdim ki, bu gün Azərbaycanın ən böyük sənaye mərkəzlərindən olan Sumqayıt şəhəri regional inkişaf tədbirlərinin nəticəsi olaraq dinamik inkişaf edir, müasirləşir. Cənab İlham Əliyevin ötən 13 ildə dəfələrlə Sumqayıtda olması, şəhərin problemləri, qayğıları, nailiyyətləri ilə yaxından maraqlanması, istehsal və sənaye potensialının inkişaf etdirilməsi ilə bağlı dəyərli tövsiyələrini verməsi də şəhərə yüksək diqqətin bariz təzahürüdür. Dövlət başçısının Sumqayıtın sənaye potensialının möhkəmləndirilməsi, burada sahibkarlığın inkişafı, yeni iş yerlərinin açılması vacibliyi ilə bağlı söylədiyi fikirlər şəhərin iş adamları tərəfindən böyük rəğbətlə qarşılanır.

Şəhərdə sənayenin qeyri-neft sektorunun inkişaf istiqamətlərinin genişləndirilməsi, rəqabətədavamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixracyönümlü istehsal sahələrinin yaradılmasının təşviqi qarşıya qoyulan əsas məqsədlərdəndir. Nəticə etibarilə burada müxtəlif təyinatlı məhsulların istehsalı ilə məşğul olan müəssisələrin maddi-texniki bazası davamlı olaraq möhkəmləndirilir, müasir tələblərə uyğunlaşdırılır, yeniləri inşa edilir. Bütün bunlar həm də yeni iş yerlərinin yaradılmasına, əhalinin sosial rifahının yaxşılaşmasına səbəb olur, ictimai münasibətlər sistemini sağlamlaşdırır. İnanırıq ki, sənayeləşmə istiqamətində həyata keçirilən tədbirlər Sumqayıtda strateji əhəmiyyətli müəssisələrdən olan şüşə zavodunun da fəaliyyətinin bərpasına, respublikamıza bu sənaye məhsulunun idxalının azalmasına imkan verəcəkdir.

İctimai həyatın bütün sahələri üzrə əldə olunan uğurlar bir daha təsdiqləyir ki, əbədiyyətə qovuşmasının 13-cü ildönümü tamam olan ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyası praktik bəhrələr verir. Müəyyən obyektiv çətinliklərə, qlobal iqtisadi böhrana baxmayaraq, bu gün Azərbaycan xalqı sülh, sabitlik, tərəqqi və əmin-amanlıq şəraitində yaşayır və dövlət müstəqilliyini əvəzsiz nemət kimi qiymətləndirir. Bəli, 90-cı illərin əvvəllərindən fərqli olaraq, bu gün heç kim respublikamızın müstəqilliyi ilə bağlı hansısa bədgüman fikirlərə düşmür, sovet dövrünün “nostalgiyası” ilə yaşamır. Çünki bu gün müstəqil Azərbaycan dövlətinin yürütdüyü siyasət tam mahiyyəti ilə vətəndaş amilinin mənafeyinin təmin olunmasına, insanların rifah halının yüksəlməsinə xidmət edir.

Müstəqilliyin müsbət bəhrələrini zaman keçdikcə Azərbaycan vətəndaşı öz taleyində, həyatında daha qabarıq hiss edir. Və həm də ürəkdən inanır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev yürütdüyü praqmatik siyasətlə qarşıda müəyyənləşdirdiyi milli ideyanı - müstəqil Azərbaycanın müasir və qüdrətli dövlətə çevrilməsini inamla təmin edəcəkdir.