Azərbaycan.-2016.-11 dekabr-¹ 275.-S.1, 6.

 

Müstəqil Azərbaycan dövlətinin qurucusu

 

Elnur Hacalıyev

 

Azərbaycanın yeni tarixində xüsusi yeri və xidmətləri olmuş dünya şöhrətli siyasi xadim, ulu öndər Heydər Əliyev həm də müstəqil dövlətimizin xilaskarı kimi şanlı səhifə yazmışdır. Müstəqil Azərbaycanın milli inkişaf modelinin banisi olan dahi şəxsiyyət dövlətçiliyimizin iqtisadi, siyasi, hüquqi və ideoloji əsaslarını elmi prinsiplər əsasında müəyyənləşdirmişdir.

Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı böyük uğurlar ümummilli lider Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində böyük müdrikliklə formalaşdırdığı iqtisadi resurslardan, sənaye və istehsal potensialından qaynaqlanır.

1969-cu il iyulun 14-də Azərbaycanda siyasi rəhbərliyə irəli çəkilən Heydər Əliyev keçmiş İttifaqın iqtisadiyyatı üçün xammal bazasına çevrilmiş respublikanın yeni inkişaf strategiyasını işləyib həyata keçirmişdir. Bunun nəticəsi kimi bir sıra əsas göstəricilər üzrə geridə qalmış Azərbaycan qısa müddətdə inkişafının yeni mərhələsinə qədəm qoyaraq keçmiş İttifaqın qabaqcıl respublikalarından birinə çevrilmiş, milli gəlir səviyyəsini əhəmiyyətli dərəcədə artıra bilmişdir. Həmin illərdə Bakıda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə inşa olunan iri müəssisələr indinin özündə də milli iqtisadiyyatımızın güclü sənaye kompleksinin formalaşmasına zəmin yaradan möhkəm təməldir.

Ulu öndər Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi dövründə ən böyük xidmətlərindən biri ondan ibarət idi ki, sovet hakimiyyəti illərində mövcud neqativ halların, xüsusilə rüşvətxorluğun aşkar edilməsində və ona qarşı mübarizə aparılmasında cəsarətli hərəkət etmişdi. O dövrün insanları Heydər Əliyevin 1981-ci ildə “Literaturnaya qazeta”da dərc olunmuş “Qoy ədalət zəfər çalsın” sərlövhəli geniş müsahibəsini yaxşı xatırlayırlar. Nəinki keçmiş İttifaqda, SSRİ-dəki prosesləri diqqətlə izləyən əksər xarici ölkələrdə də böyük sensasiya doğurmuş bu müsahibədə Azərbaycan nümunəsinə istinadən ümumilikdə sovet cəmiyyətində mövcud problemlər və onların həlli yolları göstərilirdi. Moskvada “Literaturnaya qazeta”nın həmin nömrəsi əldən-ələ gəzir, insanlar bu müsahibədə irəli sürülən tezislər ətrafında müzakirələri də tərəddüdlə, qorxa-qorxa aparırdılar. Çünki o dövrə qədər dissident taleyinə hazır olan insanların səsləndirə biləcəyi bu cür cəsarətli fikirlərin indi İttifaq respublikalarından birinin rəhbərinin dilindən, həm də konkret dəlillərlə dünyaya bəyan edilməsi hər kəs üçün gözlənilməz idi.

Heydər Əliyev ölkə rəhbərliyinə gəlişindən bir ay sonra Azərbaycan KP MK-nın 1969-cu il avqust plenumunda məruzə ilə çıxış etdi. Həmin məruzədə respublika iqtisadiyyatında yaranmış acınacaqlı vəziyyətin hərtərəfli təhlili aparılır, buraxılmış nöqsan və çatışmazlıqlar diqqətə çatdırılırdı. 1969-1970-ci illər Azərbaycanın iqtisadi və ictimai-siyasi həyatında dönüş mərhələsi oldu. Respublikamızın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin yorulmaz fəaliyyəti, misilsiz təşəbbüskarlığı və böyük təşkilatçılığı 1970-1980-ci illərdə müvəffəqiyyətlərin rəhni oldu.

Həmin vaxtlar kənd təsərrüfatının inkişaf etdirilməsində heç də mövcud imkanlardan lazımınca istifadə edilmirdi. Əsas sahə sayılan pambıq, dənli bitkilər, əkin sahələri əsaslı surətdə azaldılmışdı. Kənd təsərrüfatında geriliyin səbəbləri avqust plenumunda prinsipiallıqla aşkarlanır, geridə qalan təsərrüfat sahələrinin inkişaf etdirilməsinin düzgün elmi yolları müəyyənləşdirilirdi.

Kənd təsərrüfatının daha səmərəli inkişafı üçün ilk növbədə istifadə edilən və suvarılan torpaqların yenidən istismara verilməsi, eyni zamanda xam torpaqlar və meliorasiya edilməsi lazım olan az məhsuldar torpaqlar hesabına əkin sahələrinin genişləndirilməsi nəzərdə tutulurdu. Bir sıra kənd təsərrüfatı məhsulları istehsalının daha da təmərküzləşdirilməsi və istehsalın ixtisaslaşdırılması vəzifəsi irəli sürülürdü.

Ümummilli lider Heydər Əliyev tərəfindən kənd təsərrüfatı istehsalında ixtisaslaşma, təmərküzləşmə, zonalaşdırma və rayonlaşdırma, intensivləşdirmə metodlarının tətbiqi müvəfəqiyyətlərin əsas bünövrəsi oldu. Kənd təsərrüfatı məhsullarının inkişafında böyük imkanları olan pambıqçılığın geridə qalmasından ciddi narahatlığını diqqətə çatdırır, bu sahənin inkişafı üçün əməli tədbirlər görürdü. Vəziyyəti elmi əsaslarla aydınlaşdırdıqda məlum olmuşdu ki, bəzi rayonlarda pambıqçılıq səmərəli olmadığı üçün onlarda pambıq əkilməsi məqsədəuyğun deyil. Bəzi rayonlarda isə pambıqçılığın səmərəli olmasına baxmayaraq, torpaqlardan lazımınca istifadə edilmir, hamısı əkilmirdi.

Ulu öndər Heydər Əliyev kənd təsərrüfatını inkişaf etdirməklə Azərbaycanın ayrı-ayrı bölgələrində kənd təsərrüfatı məhsullarının becərilməsinə xüsusi əhəmiyyət verirdi. Məsələn, Lənkəran zonasında faraş tərəvəz məhsulları yetişdirilməsi nəticəsində bu bölgə “Ümumittifaq bostanı” adını almışdı. Bu zonanın inkişafı əhalinin maddi məişət şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynayırdı. Azərbaycanda heyvandarlıq da geri qalırdı. Bunu onunla əsaslandırmağa çalışırdılar ki, guya respublikanın spesifik şəraiti ilə əlaqədar heyvandarlıq sahəsində son illərdə geriliyi aradan qaldırmaq qeyri-mümkündür. Heydər Əliyev bu fikrin əsassızlığını təcrübədə sübuta yetirdi. Onun təşəbbüsü və rəhbərliyi ilə respublikada heyvandarlığı inkişaf etdirmək üçün konkret tədbirlər müəyyənləşdirildi. 1970-ci ilin dekabr ayında keçirilən plenumda heyvandarlığın vəziyyəti ətraflı müzakirə edildi. Heydər Əliyevin məruzəsində respublikada heyvandarlığın inkişafı üçün bütün imkanların olduğu əsaslandırılırdı. 1970-ci ildə Azərbaycan heyvandarları da sözlərinə əməl etdilər. Onlar 1970-ci il noyabrın 1-dək ət, süd və yun, dekabrın 16-dək isə yumurta tədarükünə dair illik planı yerinə yetirdilər.

Heydər Əliyev respublikaya rəhbər seçildikdən sonra Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neft sənayesinin inkişaf etdirilməsinə də xüsusi fikir verirdi. O vaxta qədər Xəzər dənizinin 40 metr dərinliyinə qədər sahələrdə, demək olar ki, bütün neft-qaz yataqları kəşf olunaraq istismar edilirdi. Heydər Əliyev təşəbbüs irəli sürdü və 12 il ərzində Azərbaycana əvvəlcə dənizin 70 metr, sonra isə 200 metrədək dərinliyində işləyən 12 qurğu gətirildi. 1970-1980-ci illərdə Azərbaycana “Şelf-2”, “Şelf-3”, “Şelf-4”, “Şelf-5” qazma qurğuları gətirildi. “Dədə Qorqud” və “İstiqlal” qurğuları düzəldildi. Qurğuların işini təşkil etmək üçün “Süleyman Vəzirov”, “İsrafil Hüseynov” boruçəkən gəmiləri, 2500 ton yük qaldıra bilən “Azərbaycan” kran, gəmisi, geofiziki kəşfiyyat işləri aparan və başqa texniki gəmilər gətirildi. Ümumiyyətlə, o illərdə Xəzərdə 400-dən çox gəmi fəaliyyət göstərirdi. Açılan neft yataqlarında platformalar yaratmaq üçün Bakı Dərin Dəniz Özülləri Zavodu tikildi.

Respublika rəhbərinin xüsusi diqqət yetirdiyi məsələlərdən biri də əhalinin mənzil şəraitinin yaxşılaşdırılması idi. 14 ildə respublika əhalisinə 376,1 min yeni tikilmiş mənzil verilmişdi. Bu, Azərbaycanın hər üç sakinindən birinin məhz həmin dövrdə təzə mənzillə təmin edilməsinə imkan yaratmışdı. Azərbaycanın sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdı. Müasir Azərbaycan dövlətinin inkişafı məhz həmin illərdə yaradılan bünövrə üzərində qurulmuşdu.

Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etsə də, de-fakto bu istəyini reallaşdıra bilməmiş, hakimiyyətdə olan naşı və səriştəsiz qüvvələr ictimai-iqtisadi formasiya dəyişkənliyinin doğurduğu ağır problemlərin öhdəsindən gələ bilməmişdilər. Nəticədə ölkədə iqtisadi tənəzzül prosesi dərinləşmiş, xalqın yaşayış səviyyəsi pisləşmiş, qanunçuluğun, hüquq qaydalarının təminatında ciddi problemlər yaranmışdı. Xüsusilə də 1992-ci ilin mayında hakimiyyəti ələ keçirən AXC-Müsavat rəhbərliyinin siyasi səriştəsizliyi, qətiyyətsizliyi Azərbaycan dövlətçiliyinə ciddi təhlükəyə çevrilən neqativ meyillərin baş qaldırmasına - siyasi mübarizədə qanunsuz silahlı birləşmələrdən istifadəyə, etnik separatizmə, vətəndaş itaətsizliyinə gətirib çıxarmışdı.

Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın təkidi ilə Bakıya qayıtması onun nə qədər qətiyyətli, prinsipial, heç bir təhlükədən çəkinməyən, xalqının taleyinə biganə qalmayan fenomen şəxsiyyət olduğunu bir daha təsdiqlədi. Xalq başa düşürdü ki, yaranmış ekstremal şəraitdə ölkədə ictimai-siyasi gərginliyi aradan qaldırmaq, qiyamı yatırmaq, qanunsuz silahlı qüvvələri zərərsizləşdirmək, dövlət təsisatlarının normal fəaliyyətini təmin etmək bacarığına malik yeganə, alternativsiz lider məhz Heydər Əliyevdir! Həmin dövrdə xalqın ulu öndərə olan böyük sevgi və inamını dolayısı ilə etiraf etmək məcburiyyətində qalan AXC-Müsavat cütlüyünün Heydər Əliyevi Bakıya dəvət etməsi də məhz bu reallıqla şərtlənirdi.

Ulu öndər müstəqilliyi kövrək, mövcudluğu isə real təhlükə qarşısında olan Azərbaycan dövlətini çoxlu sayda daxili və xarici qəsdlərdən qorudu. Bir sıra xarici dövlətlərin maliyyə dəstəyi, diktəsi, habelə planlaşdırması ilə hazırlanıb həyata keçirilən qəsdlərin qarşısı qətiyyətlə alındı. Bu qəsdlərdə “hakimiyyət xəstəliyi”nə tutulmuş, şəxsi ambisiyaları xalqa məhəbbət hissindən müqayisəedilməz dərəcədə böyük olan, xalqın maraqlarını düşünmədən şəxsi mənafeyinə qurban verməyə hazır olan Azərbaycanın bəzi vətəndaşları ilə yanaşı, xarici ölkələrin vətəndaşları, habelə diplomatik toxunulmazlıq hüququ ilə respublikamızda çalışan bəzi xarici ölkələrin vətəndaşları da həlledici rol oynayırdılar. Heydər Əliyevi fiziki cəhətdən məhv etmək məqsədilə hazırlanmış qəsdlər də nəticəsiz qaldı. Azərbaycan əleyhinə çirkin məqsəd birliyinə malik olan belə qüvvələr yüksək dövlət vəzifələri tutan insanları öldürməkdən, kütləvi qırğına səbəb olan müxtəlif partlayış və terror hadisələri törətməkdən də çəkinmədilər. Azərbaycan dövləti əleyhinə hazırlanmış bütün qəsdlərin qarşısı Heydər Əliyevin və xalqın birgə səyi ilə alındı. Qəsdləri hazırlayan və bu istiqamətdə böyük maliyyə vəsaiti xərcləyənlər Heydər Əliyev və xalq birliyinin hansı gücə malik olduğunu nəzərdən qaçırmışdılar. Hadisələrin sonrakı gedişatında bu gücün nəyə qadir olduğunu tarix dönə-dönə təsdiqlədi.

Böyük siyasi liderlər üçün səciyyəvi cəhətlərdən biri də onların tarixi milli irs və ənənə əsasında dövlətin və xalqın bugünkü və gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmələri, sabit və tarazlı iqtisadi tərəqqi üçün zəmin hazırlamalarıdır. Bu mənada 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə hakimiyyətə gəlmiş ulu öndər Heydər Əliyevin qarşısında ölkəni siyasi və iqtisadi tənəzzüldən, hərc-mərclikdən, müstəqilliyin itirilməsi təhlükəsindən çıxarmaq, sabit və tarazlı milli inkişaf strategiyasının konseptual istiqamətlərini müəyyənləşdirmək, bütün sahələrdə modernləşməni həyata keçirmək kimi taleyüklü vəzifələr dayanırdı. Şübhəsiz ki, sovet ideologiyasının zehinlərdəki və sosial gerçəklikdəki yaşantılarını aradan qaldırmaq, sürətlə yeni ictimai-iqtisadi münasibətlər sisteminə keçmək, cəmiyyət həyatının müxtəlif sahələrində demokratikləşməyə nail olmaq, yeni mərhələnin tələblərinə uyğun mükəmməl hüquqi baza formalaşdırmaq, qanunun aliliyini bütün səviyyələrdə təmin etmək ardıcıl və davamlı səylər göstərilməsini tələb edirdi. Ulu öndər müdrik siyasi addımları ilə ilk gündən sübuta yetirdi ki, demokratiya heç də hüdudsuz azadlıq deyil, qanunların aliliyinə söykənən siyasi mədəniyyətdir. Onun müəyyən qanunauyğunluqlarından kənara çıxdıqda demokratiya insanların, dövlətin inkişafına deyil, demokratik idealların, prinsiplərin buxovlanmasına, məhvinə gətirib çıxarır.

1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Qərb şirkətlərinin Xəzər hövzəsinə külli miqdarda investisiya yatırması Azərbaycana ən müasir innovasiya və informasiya texnologiyalarını gətirməklə yanaşı, demokratik proseslərin, hüquqi-siyasi islahatların sürətlənməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına, habelə Avropanın nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq xəttinin güclənməsinə ciddi təkan verdi. Avropa Şurası, ATƏT, Avropa Birliyi kimi mühüm beynəlxalq təşkilatlarla əməkdaşlıq təkcə hüquqi, siyasi deyil, ictimai həyatın digər sahələrində də kardinal dəyişikliklərə yol açmış, respublikamıza xarici sərmayə qoyuluşlarının həcmi artmış, iqtisadi modernləşmə və siyasi liberallaşma üçün əlverişli zəmin formalaşmışdır.

Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapmış, zamanın tələbi ilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılmışdır. Konstitusiyada əksini tapmış müddəaların təxminən üçdə ikisinin birbaşa insan hüquq və azadlıqları ilə bağlı olması da ulu öndərin insan hüquqlarına necə böyük həssaslıqla yanaşmasının bariz təcəssümüdür.

Heydər Əliyevin 1993-cü ildən tətbiqinə moratorium qoyduğu ölüm hökmü 1998-ci il fevralın 10-da tamamilə ləğv edilmiş, Azərbaycan bütövlükdə Şərqdə bu qətiyyətli və tarixi qərarı verən ilk ölkə olmuşdur. Bu addım Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmiş, 2001-ci il yanvarın 25-də müstəqil respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilmişdir. Təşkilatla səmərəli əməkdaşlıq Azərbaycanın milli qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılmasına, mütərəqqi məhkəmə-hüquq islahatlarının aparılmasına ciddi təkan vermişdir.

Ümummilli lider Heydər Əliyevi böyük şəxsiyyət və insan kimi xarakterizə edən mühüm keyfiyyətlərdən biri də onun yürütdüyü siyasətin yüksək humanizm və insanpərvərlik prinsiplərinə əsaslanması olmuşdur. 1995-2003-cü illər ərzində Heydər Əliyev tərəfindən 32 əfv fərmanı imzalanmış, bu fərmanlar 3091 məhkuma şamil edilmişdir. Ulu öndərin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis 1996-2003-cü illərdə amnistiya haqqında 8 qanun qəbul etmiş, 31 mindən artıq məhkum azadlığa buraxılmış, yaxud cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdır. Bu addımlar ciddi tərbiyəvi əhəmiyyət daşımaqla cəmiyyətə pak mənəvi dəyərlər, humanizm hissi aşılamış, ölkədə cinayətkarlığın dinamikasının azalmasını təmin etmişdir.

Son 13 ildə ölkədə həyata keçirilən effektiv iqtisadi islahatlar kursunu uğurla davam etdirərək dövrün tələblərinə uyğun zənginləşdirən dövlət başçısı cənab İlham Əliyev xalq qarşısında verdiyi bütün vədləri səylə, ardıcıl və sistemli surətdə yerinə yetirmişdir. Azərbaycanın sosial-iqtisadi yüksəlişi bu gün ilk növbədə insanların gündəlik həyatında özünü qabarıq büruzə verir. Azərbaycan Prezidentinin yürütdüyü siyasətin məqsədyönlüyü, ardıcıllığı, obyektiv gerçəkliyə adekvatlığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır. Cənab İlham Əliyev qısa dövr ərzində imzaladığı fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin etmiş, dövrün tələbi kimi qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olmuşdur.

Heydər Əliyev ideyalarını hər sahədə uca tutan, onları praktik şəkildə gerçəkləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin əsasında xalqın milli-mənəvi, mədəni və elmi-intellektual potensialının gücləndirilməsi məqsədi ön planda dayanır. Dövlət başçısının müasir azərbaycanlı təfəkküründə vətən və xalq təəssübkeşliyi, Şərqin pozitiv ənənəçilik meyilləri, türk mənəvi-əxlaqi dəyərləri, habelə Qərb və Avropa liberal ideyaları üzvi vəhdət təşkil edir. Prezident İlham Əliyev mədəni, elmi, habelə yaradıcılıq sahələrində irəliləyişi, mənəviyyat məsələlərinə dövlət himayəsini iqtisadi-sosial tərəqqi ilə ayrılmaz şəkildə bağlayır. Bu, dünyanın ümumi həyatının rəhnidir və hər bir millətin gələcəyində, dövlətin qabaqcıl ölkələrlə eyni hüquqi səviyyədə yaşayıb inkişaf etməsində mühüm amildir.

Son illər bütün sahələrdə əldə edilən nailiyyətlər Heydər Əliyev siyasətinə alternativin olmadığını bir daha təsdiqləyir. Bir zamanlar əlçatmaz olan, xəyal kimi görünən iri layihələrin real həyata vəsiqə alması, şəhərlərimizin, rayonlarımızın, kəndlərimizin sürətlə abadlaşaraq göz oxşaması, insanların yaşayış səviyyəsinin ildən-ilə yaxşılaşdırılması çoxlarımız üçün adiləşib. Geridə qalan illər tarix baxımından böyük olmasa da, xaosdan sabitliyə, tərəqqidən sürətli inkişafa keçid mərhələlərini özündə ehtiva edir.