Xalq qəzeti.- 2007.- 4 fevral.- № 24.- S. 3.

 

Onun bütün fəaliyyəti xalqa xidmət nümunəsi idi

 

Nazim HÜSEYNOV,

Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri

Təkmilləşdirmə İnstitutunun kafedra müdiri, tibb elmləri doktoru, professor

 

Azərbaycanın böyük ictimai-siyasi xadimi, tibb elmləri doktoru, professor, görkəmli səhiyyə təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 110 ili tamam oldu. Bu böyük insanın əziz xatirəsini həmişə uca tutan səhiyyə işçiləri bu tarixi ehtiramla yad edir, onun irsini öyrənir, təbliğ edir və gənc nəslin təlim-tərbiyəsində örnək olaraq istifadə edirlər.

 

Azərbaycanda ali tibb təhsilinin, ixtisasartırma və kadrların yenidən hazırlanması sisteminin, səhiyyə müəssisələri şəbəkəsinin əsasını qoyanlardan biri kimi Əziz Əliyevin irsi öz dəyərini bu gün də saxlamışdır. Bu irsin öyrənilməsi və təbliği tarixi həqiqətlərin dəyərləndirilməsi, həmçinin səhiyyənin təşkilinin elmi-praktiki əsaslarının mənimsənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Əziz Əliyevin həyatını və fəaliyyətini əks etdirən tarixi sənədləri izlədikdə onun dərin təfəkkürünə, işgüzarlığına, ağır sınaqlardan mətanətlə çıxmasına, dəyanətinə heyran qalırsan. Onun fəth etdiyi zirvələrdə qalma müddəti bir qayda olaraq qısadır, çünki böyük istedadı onu daim yeni zirvələrə yürüşə səfərbər edir. Əziz Əliyev 1897-ci ilin yanvar ayının ilk günündə İrəvanda anadan olmuşdur. Anası Zəhra xanım o dövrün zəngin ailələrindən olan İbrahim bəy Süleymanbəyovun qızı olmuşdur. Əziz Əliyev ailəsinin yaşadığı İrəvan şəhərində rus - tatar məktəbinə daxil olur. Oradan əla təhsilinə görə 1908-ci ildə şəhər gimnaziyasına köçürülür. Gimnaziyada əla qiymətlərlə oxuyan Əzizi təhsil haqqından azad etmişdilər. Onun İrəvan həyatı uzun çəkmir, ailəsi 1908-ci ildə Rusiya imperiyasının Çita şəhərinə köçür. O, təhsilini 1914-cü ilə qədər Çita şəhər gimnaziyasında davam etdirir. 1914-cü ildə onun ailəsi İrəvana qayıdır. Əziz yenidən burada orta təhsilini davam etdirir və 1917-ci ildə İrəvan gimnaziyasını qızıl medalla bitirir. Əziz Əliyev böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 300 manatlıq pul dəstəyi ilə Peterburq şəhərinə gedir və 1917-ci ildə Hərbi - Tibb Akademiyasına daxil olur. Birinci kursu bitirəndən sonra rus imperiyasında baş verən iğtişaşlar, inqilabi hadisələr Əziz Əliyevin təhsilini yarımçıq qoyur. O, ailəsi ilə birlikdə əvvəl Şərurun Şahtaxtı, sonra isə İranın Ərəblər kəndinə köçür. Şahtaxtı ermənilərdən təmizləndikdən sonra onların ailəsi Şahtaxtıya qayıdır. Burada valideynlərini itirən Ə. Əliyev əsasən tibbi fəaliyyətlə məşğul olur, 1923-cü ildən onun Bakı həyatı başlanır. Burada o, Bakı Xalq Komissarları Sovetində əvvəlcə iş icraçısı, sonra isə ümumi şöbənin müdir müavini vəzifələrində çalışır. Tibb fakültəsində təhsilini davam etdirir və 1927-ci ildə həkim diplomu alaraq diaqnostika kafedrasının ordinatoru vəzifəsində işə başlayır.

Ali təhsilini bitirəndən sonra Ə. Əliyevin ictimai, elmi və tibbi fəaliyyəti yeni vüsət alır və onun istedadı tam şəkildə özünü büruzə verir. Onun ayn-ayn illərdə fəaliyyətini sistemləşdirsək dörd əsas mərhələyə bölmək olar: Xalq Səhiyyə Komissarlığında, Tibb institutunda, partiya işində və Həkimləri Təkmilləşdirmə İnstitutunda fəaliyyəti.

Əziz Əliyev Xalq Səhiyyə Komissarlığında ayrı-ayrı illərdəki fasilələri nəzərə almasaq 1941-ci ilə qədər çalışmışdır. Əvvəl müalicə şöbəsinin müdiri, sonra isə Xalq Səhiyyə Komissarı olmuşdur. Həmin dövrlərdə onun fəaliyyətinin miqyasını və əhəmiyyətini təsəvvür etmək üçün bir sıra tarixi faktlara diqqət yetirilməlidir. Mənim diqqətimi cəlb edən və daha çox təqdirə layiq həmin dövrlərdə ölkədə tibbin bütün əsas sahələri üzrə elmi-tədqiqat institutlarının açılmasıdır: Ana və Uşaqların Mühafizəsi (1927), Kurortologiya və Fizioterapiya (1935), Rentgenologiya, Radiologiya və Onkologiya (1941), Tibbi Parazitologiya və Tropik təbabət (1931), Virusologiya, Mikrobiologiya və Gigiyena (1922), Dövlət Klinik (1922) institutları həmin dövrdə fəaliyyətə başlamışdır. Ə. Əliyevin Xalq Səhiyyə Komissarlığında rəhbər vəzifələrdə çalışdığı dövrdə komissarlığın kollegiyasının əksər üzvləri ölkənin aparıcı alimlərindən ibarət idi.

Ölkədə ilk dəfə yaradılan və ya ciddi çətinlikləri olan sahələrə rəhbərliyi əksər hallarda ona tapşırırdılar. Belə ki, o Xalq Səhiyyə Komissarının müavini olduğu dövrdə həm də Dövlət Klinikasına, Dövlət Klinik İnstitutuna rəhbərlik edirdi. Həmin illərdə Gəncədə yaranmış kadr problemi ilə bağlı çətinliklərin həlli, orada səhiyyənin təşkili Xalq Səhiyyə Komissarlığı kollegiyasının üzvü kimi Ə. Əliyevə həvalə edilmişdi. Ə. Əliyev Xalq Səhiyyə Komissarlığında çalışdığı bütün illərdə elmi və pedaqoji fəaliyyətini davam etdirmişdir. Onun elmi əsərlərinin böyük bir qismi həmin illərdə işıq üzü görmüşdür. Elmi-pedaqoji fəaliyyətə xüsusi meyil onu Azərbaycan Tibb İnstitutu ilə sıx bağlamışdı. Ə. Əliyevin elmi araşdırmaları prioritet hesab etməsi onun Tibb İnstitutunun rektoru olduğu dövrdə aspirantların əvəzçilik üzrə işləməsini məhdudlaşdıran qərarından aydın görünür. O, ölkənin ilk aspirantlarından biri kimi, onların çətinliklərini yaxşı bilirdi. Dövrün iqtisadi və kadr problemləri aspirantların elmi fəaliyyətini məhdudlaşdırırdı, onlar əksər hallarda elmi axtarışlara deyil, əvəzçilik üzrə digər işlərə cəlb edilirdilər. Ona görə də yuxarıda göstərilən əvəzçiliyi məhdudlaşdıran qərar aspirantların elmi potensialından düzgün istifadəni təmin edirdi.

Böyük Vətən müharibəsinin başlanması, ölkədə ilk növbədə dövlət və partiya rəhbərliyinə güclü kadrların cəmlənməsini tələb edirdi. Ə. Əliyevin müharibəyə qədərki elmi-pedaqoji, təşkilati, siyasi və ideoloji fəaliyyəti qabarıq şəkildə özünü göstərmişdi. Ona görə də onu partiya işində rəhbər vəzifəyə təyin etdilər. Ə. Əliyev 1941-ci ildən bir sıra rəhbər işlərdə çalışmışdır: 1941-1942-ci illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi, 1942-1948-ci illərdə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçısı, Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini olmuşdur. Bu illərdə onun təşkilatçılıq qabiliyyəti ölkənin iqtisadi, sosial və müdafiə potensialının artmasına xidmət etmişdir.

Səhiyyə və tibb təhsilinin təşkilatçısı kimi püxtələşmiş bir insanın belə iri miqyaslı siyasi fəaliyyəti, böyük və çətin bir sahədə əvəzsiz liderə çevrilməsi çox təqdirə layiq tarixi faktdır. İdarəçilik işi ilk növbədə dərin zəka tələb edir.

Bütün tarix boyu böyük istedadın haqsız və qəddar düşmənləri olmuşdur. İstedadlı insanların vəzifə tutmuş yarımçıq mənəviyyatsızlar tərəfindən məhvi bəşəriyyət üçün ləkədir. Azərbaycanda tibb təhsilinin, səhiyyənin və elmin zirvəsində duran, ictimai xidmətində təmənnasız çalışan, partiya dövlət strukturlarında rəhbər vəzifələr tutan, Respublika Nazirlər Sovetinin sədr müavini işləyən Ə. Əliyevin 1952-ci ildən 1954-cü ilə qədər Çaparidze adına 3 saylı klinik xəstəxanada baş həkimin müavini kimi kiçik bir vəzifədə istifadəsi böyük ədalətsizlik idi. Görəsən həmin əməllərin sahibləri heç olmasa vicdanları qarşısında əzab çəkirdilərmi? Bu sualları insanlara ünvanlayanda ilk növbədə məqsədim müasirlərimizə Ə. Əliyevi öyrənməyi tövsiyə etməkdir. O, mətin bir insan, böyük təfəkkür sahibi, həm də çox sadə bir şəxsiyyət idi. Onu oturduğu kreslonun böyüklü­yü, vəzifəsinin imkanları maraqlandırmırdı. O, bir şəxsiyyət kimi özünün bu dünyada rolunu insanlara, öz xalqına xidmət etməkdə görürdü. Odur ki, özünün yaratdığı tibb müəssisələrinin birində, özünün təhsil verdiyi bir şəxsin yanında müavin işləməyə razılıq vermişdi. Bu hərəkət əsl ziyalının, alimin və şəxsiyyətin ədalətsizliyə qarşı üsyan formasıdır. Belə hərəkəti yalnız dahi insanlar etməyə qadirdirlər.

Ə. Əliyevin şərəfli ömrünün son yeddi ili onun hələ 1932-ci ildə yaratdığı təkmilləşdirmə kursu kimi əsası qoyulan, sonralar Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutu ilə bağlıdır. Onun bu instituta rektor təyin edilməsi həkimlərin diplomdan sonrakı hazırlıq sistemində rəhbərliyi səhiyyənin inkişafına böyük təkan verdi. Ə. Əliyev indi onun adını daşıyan Həkimləri Təkmilləşdirmə İnstitutuna köklü yeniliklər gətirdi. İlk növbədə püxtələşmiş bir şəxsiyyət kimi o professor-müəllim və müdavim heyəti üçün Vətənə, xalqa təmənnasız xidmətin canlı nümunəsi idi. O, ilk növbədə təhsili və elmi obyektiv idarə edə bilən yüksək səviyyəli rəhbər idi. Ona görə də Ə. Əliyev ətrafında yaltaq və prinsipsiz insanları deyil, yüksək səviyyəli, intellektual şəxsləri cəmləyirdi. Onun böyük nüfuzu, tələbkarlığı, işgüzarlığı sayəsində Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutu Sovetlər İttifaqında qabaqcıl təhsil müəssisəsinə çevrildi. Artıq 60-cı illərdə İttifaq miqyaslı institut hesab edilən bu təhsil ocağına bütün respublikalardan həkimlər göndərilirdi.

Ə. Əliyevin həyat yolu, gördüyü işlər indiki və gələcək nəsillərə qiymətli töhfədir. Onun adı ölkəmizin hər yerində olduğu kimi yaratdığı Ə. Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda da hörmətlə yad edilir, həyat və fəaliyyəti, Vətənə və xalqa təmənnasız xidmətin parlaq nümunəsi kimi dəyərləndirilir.

Əziz Əliyev ailəsində də məktəb yaratdı, görkəmli elm adamları, səhiyyə təşkilatçıları yetişdirdi. Qızı Zərifə xanım, oğulları Tamerlan və Cəmil elmdə və səhiyyədə ata yolunun layiqli davamçıları oldular. Onlar elmi işçidən akademikliyə qədər çətin, şərəfli yol keçdilər. Bu böyük elm və səhiyyə fədailəri özləri də bir məktəb yaradıblar.

Bu gün Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun kollektivi akademik M. C. Cavadzadənin rəhbərliyi ilə ölkə səhiyyəsinin ən mürəkkəb sahəsində - ixtisasartırma və yenidən ixtisaslaşma istiqamətində səmərəli fəaliyyət göstərir, ölkəmizin iqtisadi, sosial və mədəni inkişafı naminə Prezident İlham Əliyevin siyasətini qətiyyətlə dəstəkləyir.