Respublika.- 2010.- 27 iyul.- 159.- S. 3.

 

GÖRKƏMLİ ŞƏXSİYYƏT - UCALIQ RƏMZİ

 

Reyhan MİRZƏZADƏ,

publisist-politoloq

 

Böyük ictimai-siyasi xadim və həkim Əziz Əliyevin vəfatından 48 il ötür. 65 illik qısa ömründə saysız-hesabsız xidmətlərini fədakarlıqla xalqına və millətinə bəxş edən Əziz Əliyev əbədiyaşardır. O, nəsildən-nəsilə insanların qəlbində öz əməlləri ilə yaşayacaqdır.

Dəqiq məlumata görə, Əziz Məmmədkərim oğlu zəngin və ecazkar təbiəti olan İrəvan xanlığının Hamamlı kəndində anadan olmuşdur.

1897-ci il yanvarın 1-də öz nüfuzu ilə sayılıb-seçilən Məmmədkərim kişinin və adlı-sanlı bəy nəslindən olan İbrahim bəy Süleymanbəyovun qızı Zəhra xanımın ailəsində dünyaya göz açan Əziz, hələ uşaqlıqdan zəkasına, fərasətinə, istedadına, elmə, təhsilə hədsiz marağına görə yaşıdlarından çox fərqlənir. İrəvanda rus-tatar məktəbində təhsil alan balaca Əziz 1908-ci ildə gimnaziyaya daxil olur, əla qiymətlərlə oxuyur. Bir qədər sonra ailənin maddi təminatının çətinliklərinə görə Məmmədkərim kişi ailəsi ilə bərabər Sibirə, orada yaşayan qızı Göyçəyin yanına köçdüyü üçün Əziz təhsilini Çita gimnaziyasında davam etdirməli olur. 1914-cü ildə yay tətilində İrəvana gələn Əziz, Birinci Dünya müharibəsi başlandığı üçün Çitaya dönə bilmir, təhsilini İrəvan gimnaziyasında davam etdirir. Məmmədkərim kişi ayrı yaşadığı üçün ailəni dolandırmaq qayğıları Əzizin üzərinə düşsə də, o, təhsilini davam etdirmək arzusundan dönmür, gimnaziyanı qızıl medalla bitirib 1917-ci ildə xüsusi müsabiqə yolu ilə Peterburq Hərbi-Tibb Akademiyasına qəbul olunur. Tələbəlik illərində bütün Rusiyanı sarsıdan tif əleyhinə hər yerdə güclü mübarizə kampaniyaları həyata keçirilirdi. Birinci kurs tələbəsi Əziz də tələbə yoldaşları ilə bu kampaniyalara qoşulur, tif əleyhinə dezinfeksiya briqadasında sanitar-dezinfektor işləyir.

 

1918-ci ildə Ermənistanda hakimiyyəti ələ alan daşnaklar yerli azərbaycanlılara qarşı terror və qətllər təşkil edir, onları doğma ocaqlarından didərgin salırdılar. O zaman Əzizgilin ailəsi Naxçıvana, Şərurun Şahtaxtı kəndinə pənah gətirir.

Daşnak Andronikin quldur dəstələri Azərbaycanın bir çox bölgələri kimi Naxçıvanda da kütləvi qırğınlar həyata keçirir, Şahtaxtı da hücuma məruz qalır. Kəndin bütün əhalisi canını qurtarmağa çalışır. Hamı kimi Əziz Əliyevin ailəsi də Arazın o tayına, İranın Ərəblər kəndinə sığınmalı olur. Əzab və dəhşətlərə dözə bilməyən Zəhra xanım 1920-ci ildə Ərəblər kəndində 37 yaşında vəfat edir. Məmmədkərim kişi də İranın Podkax kəndində mühacirətdə vəfat edir.

1921-ci ildə ara sakitləşən kimi Əziz ailəsi ilə Şahtaxtıya qayıdır, 1923-cü ilin mayına qədər orada həkim köməkçisi işləyir. Həmin il Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin göndərişi ilə təhsilini davam etdirmək üçün Əziz Əliyev Bakıya köçür. 1927-ci ilə qədər Xalq Komissarları Şurasında əvvəlcə iş icraçısı, ümumi şöbə müdirinin müavini, daha sonra katib köməkçisi və katib vəzifələrində işləyə-işləyə əslində iki sahədə elm və ictimai-siyasi həyatda gərgin əmək sərf edir. Peterburqda yarımçıq qalmış təhsilini davam etdirib 1927-ci ildə Bakıda Tibb Universitetini bitirir.

1929-cu ildə 32 yaşlı Əziz Əliyev Xalq Səhiyyə Komissarının müavini, eyni zamanda Dövlət Klinikasının, Dövlət Kliniki İnstitutunun direktoru, 1932-ci ildə Azərbaycan Tibb institutunun direktoru, 1934-cü ildə Bakı Səhiyyə Şöbəsinin müdiri, 1935-ci ildə yenidən Tibb institutunun direktoru, bu institutla bərabər, 1937-ci ildə Azərbaycan Dövlət Universitetinin rektoru, 1938-ci ildə Azərbaycan SSR Ali Sovetinin katibi, 1939-cu ildə Azərbaycan SSR Xalq Səhiyyə Komissarı, 1941-ci ildə Azərbaycan KP MK-nın katibi vəzifələrində çalışır.

1941-ci il Böyük Vətən müharibəsinin ilk aylarında ictimai, siyasi və mədəniyyət xadimlərindən ibarət böyük bir qrup İrana göndərilir. Alman faşistləri İranda güclü hərbi qüvvə yığır, agenturalarını gücləndirirdilər. Bu da SSRİ-nin cənub sərhədləri üçün təhlükə yaradırdı. İranla Sovet İttifaqı arasında bağlanmış müqaviləyə əsasən üçüncü dövlətin bu dövlətlərin ərazisində hərbi qüvvə saxlamağa ixtiyarı olmadığı üçün İran xalqı arasında geniş izahat işləri aparılaraq onların müharibəyə qoşulmamalarını təmin etmək lazım gəlir. Bu məqsədlə göndərilən qrupun əsas rəhbəri və koordinatoru Zaqafqaziya Hərbi Cəbhə Şurasının üzvü Əziz Əliyev təyin edilir. Bu təyinatda da özünü kamil bir rəhbər kimi təsdiqləyən Əziz Məmmədkərim oğlu Təbrizdə, Urmiyada, Sərabda, Zəncanda, Ərdəbildə, Mərənddə son dərəcə strateji əhəmiyyət daşıyan böyük və uğurlu əməliyyatlar həyata keçirir.

Tibb elmləri doktoru Abdulla Quliyevin qeydinə görə, 1936-1940-cı illərdə qızdırma xəstəliyi respublikamızın əhalisini demək olar ki, şikəst edirdi. Xalqın iztirablarını sözlə ifadə etmək mümkün deyildi. Qızdırmaya qarşı təxirəsalınmaz, ardıcıl mübarizə aparmaq, daha dəqiq desək, müharibəyə qalxmaq lazım idi. O dəhşətli düşmən xalqımızın sağlamlığını əzir, əzmini qırırdı. Adamlarımızla birlikdə torpaqlarımızın vacib nemətlərinin mənbəyi olan kənd təsərrüfatı da məhv olurdu. Bax, elə o gərgin, təlaşlı vaxtda Əziz Əliyev səhiyyə komissarı və həkim kimi qızdırmaya qarşı öz qəhrəmanlıq müharibəsinə başladı.

Onun şəxsi göstərişlərinə və əmrlərinə əsasən xəstəlik yayılan rayonlarda qısa müddət ərzində qızdırma əleyhinə dispanserlər və stansiyalar yaradıldı, texniki avadanlıqla təchiz edildi, qızdırma üzərinə kütləvi hücum başlandı. Səhiyyə orqanlarına dövlət milyonlarla vəsait ayırmışdı. Aviasiya da daxil olmaqla, xeyli nəqliyyat növü, qızdırma əleyhinə dərmanlar xalqın sağlamlıq xidmətinə yönəlmişdi. Ölkə taleyinin ağır vaxtlarında, qızdırma törədən həşəratın ən qorxulu çoxalma mənbələri olan bataqlıqlara havadan mazut tökmək lazım idi. Bunun üçün yük təyyarələrinə ehtiyac vardı. Həmin təyyarələrin alınması üçün Əziz Əliyev var qüvvəsini əsirgəmədi. Nəhayət, təyyarələr göydən bataqlıqlar üzərinə arasıkəsilmədən mazut axıtmağa başladı.

100 kilometrlik Samur-Dəvəçi kanalı tikintisi boyu Əziz Məmmədkərim oğlu hər 9 kilometrdən bir tibb məntəqəsi yaradır. Onun ciddi göstərişi və şəxsi qayğısı sayəsində bütün məntəqələr texniki cəhətdən təchiz edilir, tibb işçiləri ilə təmin olunur. O, tez-tez məntəqələrə baş çəkməyə gəlir, işlərin gedişatını yoxlayır, cəbhəyə şəxsən komandanlıq edir.

A. Quliyev yazır ki, müdiri olduğum 11-ci məntəqə daha çətin sahədə yerləşirdi deyə, kanal boyu piyada getmək çətinlik törədirdi.

Əziz müəllim bir dəfə at almaq üçün pul verərək mənə dedi: Al, şamaxılı balası, tərəkəmə babaların kimi, sən at çapa bilərsən. O köçəri camaat maldarlıqla məşğul olmuşdur.

Abdulla Xızıdan özünə Bozat adlı bir köhlən, işçilər üçün isə qazalaq alıb gətirir. Köhlən Əziz həkimin də karına gəlir. Həkim bəzən Bozatın belində özü sahələrə gedir, Samur-Dəvəçi kanalı boyu tibb işçilərinin işini yoxlayır...

Həmin illər qızdırmadan heç də az təhlükəli olmayan traxoma epidemiyası da respublikamızın Astara-Lənkəran zonasını, həmçinin Abşeronu bürüyür. Traxoma adamlarımızı şikəst edir, insanlar bir çox hallarda gözlərinin nurunu ömürlük itirirdilər.

Əziz Əliyev qızdırma ilə bərabər, traxomaya qarşı da mübarizə aparır. Bu vuruşda da onun tükənməz təşkilatçılıq, həkim-alim enerjisi özünü tam mənası ilə büruzə verir. Ümumi profilaktik tədbirlərin hər bölməsinə, müalicə ocaqlarının yaradılmasına, kadrların seçilib hazırlanmasına özü rəhbərlik edir, hamı ilə birgə çalışır.

Onun başçılığı ilə traxoma əleyhinə xüsusi dispanserlər, 50 yerlik kənd və şəhər göz xəstəxanaları açılır. Əziz Əliyev təbib-alim kimi həmin obyektlərin texniki təchizatına müstəsna diqqət yetirir, respublikamızda göz həkimlərinin hazırlanmasına xüsusi qayğı göstərir. Onun səyləri bütün tibb işçilərinin, həkim-mütəxəssislərin məhsuldar əməyi ilə birlikdə az müddət ərzində öz bəhrəsini verir - yurdumuzda traxomanın kökü kəsilmiş olur. Harada işləməsindən, harada çalışmasından asılı olmayaraq Əziz Əliyev bir təbib, səhiyyə təşkilatçısı və siyasi xadim kimi həmişə öz idealına, amalına sadiq qalır.

Əziz Əliyevin Dağıstana rəhbər göndərilməsi zəmanətinin verilməsi maraq doğuran məsələlərdən biridir. Belə ki, onun ailəsi ilə yaxın təmasda olan jurnalist Aydın Vəlixanov yazır...: Əziz Əliyev Dağıstanda rəhbər vəzifədə olarkən nəinki rəhbər kadrlar arasında, habelə sıravi işçilər, uzaq-uzaq aulların camaatı arasında böyük hörmət və izzətə sahib olub. Ona imam kimi hörmət eləyiblər. Bu böyük hörmət əlaməti idi ki, Əziz Əliyev Dağıstandan vətənə qayıdanda çoxminli bir mitinqlə onu yola, salıblar.

Dağıstan Ali Soveti Rəyasət Heyətinin sədri işləmiş Şahruddin Şamxalov xatirələrində qeyd edir ki, Əziz Əliyev çox diqqətcil, qayğıkeş adam olmaqla, işinin öhdəsindən gələ bilməyənlərə, səhlənkarlığa qarşı sərt və amansız idi. Hətta günahı olanlara qayğı göstərirdi, ayırd eləməyə çalışırdı ki, günah və nöqsanlar hansı səbəbdən törədilib, insanı düzgün yola dəvət edirdi.

... Əziz Əliyevin qayğıkeşliyi nəticəsində çoxlu adamlar həbsdən belə qurtara bildi. Kumık Dövlət Teatrının artisti içib tapançadan atəş açmışdı. Güllə Stalinin portretinə dəymişdi. Aktyora 10 il həbs cəzası verilmişdi. Onu Əziz Mamedoviç həbsdən azad elətdirdi. Bu, onun dağıstanlılara, onların milli kadrlarına olan qayğısı idi...

Dağıstanın mədəniyyət xadimi, RSFSR xalq artisti, Böyük Vətən müharibəsi illərində Dağıstanın Buynaks şəhərindəki Kumık Teatrında baş rejissor işləmiş Həmid Rüstəmov, Əziz Əliyevin bu teatrın paytaxta Mahaçqalaya köçürülməsinə böyük qayğı ilə yanaşmasından danışırdı. Onun yazdığına görə, onların teatrı Mahaçqalaya köçəndən üç ay sonra Əziz Əliyevin H. Rüstəmovla görüşmək istədiyi bildirilir. Əziz Əliyev söhbət əsnasında teatrın işi, artistlərin ailə-məişət vəziyyəti barədə soruşur. O, bir az fikirləşərək deyir: Başa düşürəm, ağır zəmanədir müharibə gedir, hamımız qələbə naminə çalışırıq, insan varlığının məziyyətləri çətin günlərdə üzə çıxır. Çətinlikləri aradan qaldırmaq, bütün müsibətlərə mətanətlə sinə gərmək asan iş deyil. Bu baxımdan teatr vətənpərvərlik ruhu ilə aşılanmış tamaşaları ilə əhaliyə kömək edər, çətinliklərlə mübarizədə dəyanət, dönməzlik nümunəsi göstərə bilər. Teatrınız belə bir tamaşayla çıxış etsəydi yaxşı olardı. Necə bilirsiniz, baş tutarmı bu iş? − Əziz Məmmədkərim oğlu üzündə nurani təbəssüm, sınayıcı nəzərlərlə onu süzür. Rüstəmov cavabında kollektivin öz repertuarına M. Xurşilovun qəhrəmanlıq dramını daxil etdiyini bildirir.

Əziz Əliyev pyeslə tanış olmaq istəyir. Onların söhbətini tez-tez şəhər və rayonlardan vurulan telefon zəngləri kəsir. Əziz Məmmədkərim oğlu bildirir ki, faşistlər bizim dağ rayonuna desant - xəfiyyə dəstəsi atıblar və hazırda operativ qrup axtarışla məşğuldur. H. Rüstəmov onun telefon danışıqlarını müşahidə edə-edə heyrətə gəlir ki, xudaya, müharibə günlərinin ağır yükünü çiynində daşıyan, minlərlə təcili məsələ həll edən bu adam özü kabinetdə samovar çayı dəmləyib teatr haqda mənimlə danışmağa vaxt da tapır hələ?!

... 1948-ci ilin dekabrında Əziz Əliyev Moskvaya gəlir. Sov.İKP MK nəzdində ictimai Elmlər Akademiyasının Ali Partiya kursunu bitirir. Lakin doğma vətənində, Azərbaycanda ona yer olmur. Moskvada, Sov.İKP MK-da sektor müdiri kimi çalışmalı olur. Dağıstanda ikən qazandığı böyük nüfuz və müvəffəqiyyətlər, bir dövlət və siyasi xadim kimi yetkin keyfiyyətləri kimləri isə bərk narahat edir. Əziz Əliyevi iki dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, I dərəcəli Vətən Müharibəsi ordeni, SSRİ-nin səhiyyə əlaçısı və digər mükafatlarla təltif olunmuş, vaxtilə inqilab mübarizləri üçün iki dəfə Beynəlxalq Yardım Təşkilatı Bakı Komitəsinin, o cümlədən Voroşilov (indiki Səbail) rayon sovetinin, Qırmızı Aypara Cəmiyyəti Bakı təşkilatının, Azərbaycan KP MK-nın, Zaqafqaziya MİK-in üzvü, SSRİ Ali Soveti, Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, tibb elmləri doktoru, professor, 67 elmi əsərin müəllifi olmuşdur. 1945-il 9 may günü Əziz Əliyev Moskvadan Bakıya qayıdır. 1950-ci ilin fevralından 1951-ci ilin sentyabrına qədər Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsində çalışır. Amma necə? Təzyiqlərə məruz qala-qala, nəzarət altında yaşaya-yaşaya. Bütün bunlara baxmayaraq, vəzifəsini vicdanla yerinə yetirən Əziz Əliyev respublikanın mədəni, ictimai, maarif, səhiyyə işlərində çox böyük işlər görür. Sonra nə baş verir?

1951-ci il 12 iyun tarixində guya valideynlərinin ictimai mənşəyini və bacısının İranda olmasını gizlətdiyi üçün şəxsi işinə yazılmaq şərti ilə Azərbaycan KP MK bürosunun qərarına əsasən Əziz Əliyevə şiddətli töhmət verilir və o, aşağı vəzifəyə keçirilərək, Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutuna direktor göndərilir. Görün böyük şəxsiyyətin nəhəng zəhmətləri, fədakar əməyi qarşısında bu saxta addım və bu addımı atanların mənəviyyatı nə qədər cılız və çirkin görünür!.. Hələ bundan ürəkləri soyumamış kimi 1952-ci ildə Əziz Məmmədkərim oğlu daha aşağı vəzifəyə Caparidze adına 3 nömrəli kliniki xəstəxanaya sıravi həkim göndərilir.

Xəstəxananın baş həkimi son dərəcə bilikli və təcrübəli professor alim Əziz Əliyevi özünə müavin edir. Bu işinə görə baş həkimə töhmət verilir. Buna baxmayaraq, Əziz Məmmədkərim oğlunun sıravi həkim maaşı alması baş həkimə ağır təsir etdiyi üçün onun əmək haqqını ştat yarımlıq edir. Az sonra baş həkimə ikinci töhmət verilir...

Əziz Əliyevin bacısı Göyçək xanımın oğlu Qurban Əliyev öz xatirəsində yazırdı: O vaxt Heydər Əliyev dayımgilə gəlib-gedirdi. Zərifə ilə nişanlı idi... Onda bütün dostları dayımdan qaçırdılar, salam vermirdilər. Bu ağır vaxtlarda Heydər Əliyev ayağını dayımgildən kəsmədi. Onda KQB-də məsul işdə işləyirdi. Ən ağır dəqiqələrdə dayıma təsəlli verirdi, dayaq dururdu.

Dayım Heydər Əliyevə çox böyük hörmət eləyirdi. Onu hamıdan çox sevirdi. Onun bütün keyfiyyətlərini yüksək qiymətləndirirdi. Mən dayımın uzaqgörənliyinə indi də təəccüblənirəm. O həmişə deyərdi: Heydərin gələcəyi böyükdür...

Əziz Əliyevə partiya cəzası veriləndən sonra da o, sınmadan həmişə olduğu kimi hər iki tibb ocağında işlərini davam etdirirdi.

İngilis yazıçısı Jozef Addison Heç bir dəyər ədalət qədər böyük ola bilməz - deyib. Qədim Roma dövlət xadimi və natiqi Mark Tulli Siseron isə etiraf etmişdir ki, ədalət dəyərli insanların sahib olduqları ən şərəfli tacdır. Bax, elə dəyərli insanlar özləri ədalət kimi ən şərəfli taclarının əsl sahibi oldular. Çoxsaylı səmərəli xidmətlərinə görə, institutdan, xəstəxanadan, eyni zamanda Azərbaycan Səhiyyə Nazirliyindən Əziz Məmmədkərim oğluna çox müsbət partiya və xidməti xasiyyətnamələr verilir ki, bu rəsmi sənədlər əsl həqiqəti üzə çıxarır. Partiya cəzası Əziz Məmmədkərim oğlunun üstündən götürülür. 1954-cü il fevralın 22-də Azərbaycan KP MK-nın bürosu qərəzli töhməti ləğv edir.

Əziz Əliyev həmin il yenidən Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı institutuna, 1956-cı ildə isə Həkimləri Təkmilləşdirmə İnstitutuna direktor vəzifəsinə göndərilir.

Əziz müəllim həm də son dərəcə mehriban, həssas, uzaqgörən, səmimi bir ailə başçısı idi. Onun işdən gəlməsini ailə üzvləri səbirsizliklə gözləyər, içəri girən kimi hamı ayağa qalxardı. Ömür-gün yoldaşı Leyli xanım olduqca nəcib, müdrik, xeyirxah, gülərüz, geniş qəlbli, eyni zamanda sadə bir xanım-xatın qadın idi. Dilindən dürr tökülər, insanlara yalnız xeyir dillər, dua, alqış edər, davranışı, faydalı tövsiyələri ilə həmişə ehtiram, məhəbbət qazanardı.

Əziz həkim zarafatı, yumoru sevməsinə baxmayaraq, çox ciddi şəxsiyyət idi. O, kiçik qızı Gülarənin qoşduğu nəğmələri zümzümə edər, hər hansı bir tibb prosesinin mahiyyətini açmaqda sənətini davam edən övladlarına peşəkar köməklik göstərər, istiqamət verərdi. Zəngin və mütərəqqi ailə məktəbi keçmiş bu övladların həyat yolu müstəqil olmuş, özləri öz ağlı-kamalı, savadı, zəhmətsevərliyi sayəsində böyük müvəffəqiyyətlər qazanmışlar.

1962-ci il 27 iyul günündə kədərli xəbər Azərbaycan və Dağıstan xalqlarının ürəyini sızıldadır. Əziz Məmmədkərim oğlu Əliyev vəfat edir. Bəşəri dəyərlərin carçısı, görkəmli ictimai xadim və həkim Əziz Əliyevin xatirəsi əbədi yaşamaq üçün yüz minlərlə insanın qəlbində özünə yer tapır.