Xalq qəzeti.- 2010.- 6 yanvar.- ą 2.- S. 3.

 

Dağıstanda onu doğma bir insan kimi sevirdilər

 

Böyük alim və nüfuzlu dövlət xadimi Əziz Əliyev Dağıstanın yüksəlişi yolunda fədakarlıqla çalışmışdır

 

Reyhan MİRZƏZADƏ,

publisist-politoloq

 

Əziz Əliyev bizim üçün müəmma idi. Çoxlu suallar doğurdu: Əziz Əliyev kimdir, haralıdır? Ancaq o, cəmi yarım il işləmişdi ki, hər şey məlum oldu. Sualları heyrət əvəz etdi.Bu insanın sirri nədədir, istedadı, hünəri nədədir? Bu insan ömrünün 45 ilində öz Vətənində təcrübə, cəsarət, müdriklik əldə etmiş və bütün bunları ürək genişliyi ilə, sədaqətlə digər xalqa, Dağıstana vermişdir.

 

Rəsul HƏMZƏTOV,

Dağıstanın xalq şairi

 

Əziz Əliyev dağıstanlılar üçün istedadlı rəhbər, səmimi və xeyirxah yoldaş, beynəlmiləlçi, respublikamızın rifahı naminə çoxlu qüvvə və enerji sərf etmiş yüksək mənəvi keyfiyyətlərə malik insan olmuşdur və onların qəlbində bu cür də yaşayacaqdır.

 

Məhəmmədəli MƏHƏMMƏDOV,

Dağıstanın dövlət xadimi

 

Böyük Vətən müharibəsinin ilk illərində Dağıstanın müdafiəsi ilə bağlı ağır problemlər Moskvanı ciddi narahat edirdi. Stalin həyəcan içində hey düşünürdü. Almanlar Şimali Qafqazı darmadağın və zəbt etmiş, Dağıstanın girəcəyinə yaxınlaşmışdılar. 1942-ci ildə alman qoşunları Qafqaz torpağında, Mineralnıye Vodıda azğınlıq edirdilər. Reyxin alpinistləri Elbrus dağının zirvəsinə üzərində faşist nişanı olan bayraq sancmışdılar. Bütün dünya Orconikidze yaxınlığında baş vermiş tank döyüşünün şahidi olmuşdu.

 

Qroznı bombalanır, Xasavyurd od tutub yanırdı, Mahaçqalanın müdafiə xətlərinə alman təyyarələri amansız hücumlar edirdi. Həmin təyyarələrin üzərində bu sözlər yazılmışdı: “Fürerin məğlubedilməz qoşunu tezliklə Mahaçqalada olacaq. Alman qoşunları sizə çörək və iş verəcəklər.” Vahiməyə düşənlər, fərarilər və quldurlar var idi. Belə bir vaxtda Dağıstanın ən yaxşı qüvvələrini, vətənpərvərlərini, ləyaqətli adamlarını, müdrik yaşlılarını, yurdsevər gənclərini öz ətrafında birləşdirib vahid yumruğa çevirə biləcək, otuzdan artıq xalqın və etnik qrupun yaşadığı respublikaya rəhbərlik etmək üçün təcrübəli, canıyanan bir insan lazım idi.

Dağıstan bomboş idi. Evlərini tərk etmiş kişilər, qadınlar, yaşlılar, qocalar, cavanlar canlarını faşist işgəncələrindən qurtarmaq üçün dağlara pənah aparmışdılar. Dağıstan sükut içində idi. Məmurların Dağıstanı xilas etmək gücü tükənmişdi. Bir yandan da aclıq və xəstəlik insanlara ağır zərbələr vurmaqda idi. Əslində, Dağıstan alman faşizmi üçün elə bir güclü hədəf deyildi. Məqsəd Bakı idi. Dünyanı heyrətə gətirən neft Bakısı və Bakı nefti.

Üzərində xəritə təsvir olunan tortun Bakı hissəsini kəsib asanlıqla həzm edən Hitler düşünmürdü ki, Azərbaycanın paytaxtını zəbt etmək ona nəsib olmayacaq, bu şirin arzusu “boğazında qalacaq”.

Stalin həyəcan içində idi. Nə etməli? Vəziyyətdən necə çıxış yolu tapmalı? Yol verdiyi ciddi nöqsanlara görə Dağıstan rəhbərliyindən uzaqlaşdırılan Nikolay Linkundan sonra kimə etibar etməli? Bu sualların cavabını axtararkən Moskvada Əziz Əliyevin namizədliyi üzərində dayanmışdılar. Yalnız ona inanmaq olardı. Lakin Əziz Əliyev heç zaman Dağıstanda yaşamayıb, respublikanın ab-havasına bələd deyil. Yox, yalnız o, Əziz Məmmədkərim oğlu Əliyev...

Stalin haqlı qərar vermişdi. Bu seçimdə və təyinatda əsla yanılmamışdı. Əslində, Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi təyin olunmaqla, “olum və ya ölüm” səddi ilə üz-üzə dayanan Əziz Əliyevinsə üzərinə müsəlman, türk, azərbaycanlı övladı olaraq iki məsuliyyət düşürdü: Dağıstanı, eləcə də Bakını qorumaq, Azərbaycan xalqının adını, şərəf və ləyaqətini bir daha ucaltmaq.

Faşistlərin niyyətinə görə, nə olursa-olsun, Bakı və Bakı nefti xətər yetirilmədən ələ keçirilməli idi. Stalinin də sərtliyi bəlli idi. Belə çıxırdı ki, Bakı ələ keçsə onu da Stalinqradın aqibəti, Azərbaycanı isə əsl faciə gözləyir... Əlbəttə, Əziz Əliyev olmasaydı...

Əziz Məmmədkərim oğlu Əliyevin qarşısında çox ağır, çətin, məsuliyyətli, qayğı, zəhmət və həyəcan dolu yol uzanırdı. Bu yola isə onun üzündəki nur, ziya işıq saçırdı. Müxtəlif xarakteri, fərqli adət-ənənələri olan xalq və etnik qrupları, o cümlədən avarları, ləzgiləri, darginləri, qumuqları, lakları, azərbaycanlıları, noqayları, rutulları, tabasaranları, tatarları bir ailədə birləşdirib Dağıstanın müdafiəsinə səfərbər etmək ən vacib məsələ idi. Birinci katib həm də müsəlman övladı kimi yaxşı bilirdi ki, dağlı xalqların Allahdan sonra səcdə etdiyi ikinci varlıq varsa, o da ağsaqqallar, müdrik qocalardır. Onların sözü xalq üçün yazılmamış bir qanun idi.

Hər bir ləyaqətli adam yaxşı anlayır ki, xalq ölkənin ürəyidir. Dağıstan xalqları üçün milli şərəf ən yüksək mənəvi dəyər idi. Əziz Əliyev konstruktiv addım ataraq ilk öncə qocaları, hörmətli kişiləri, din xadimlərini toplayıb onlarla məsləhətləşdi, onların köməyinə və tövsiyələrinə arxalanmaqla əhalini yaşayış yerlərinə qaytara bildi. Camaat tədricən kəndlərə, evlərinə qayıtdı. Respublikanın ərazisində hərbi hissələr yaradıldı. 15 min nəfərdən çox könüllü ordu sıralarına yazıldı. Dağıstanın 840 min nəfər əhalisindən könüllülər də daxil olmaqla, 130 min nəfəri cəbhəyə yollandı.

Dağıstanda özünümüdafiə dəstələri təşkil edildi. Dağ cığırları müəyyənləşdirildi. Respublikada yerləşən hərbi qoşun hissələrinə yerli bələdçilər təhkim olundu. Düşmən paraşütçüləri, casusları və təxribatçılarını aşkara çıxarıb zərərsizləşdirmək üçün qırıcı dəstələri yaradıldı. Mübarizəyə mərdliyi və cəsarətinə görə kişilərdən heç də geri qalmayan qızlar və qadınlar da qoşuldu. Bir çox qadın əsgər şineli geyinərək dağlarda mühüm strateji obyektləri qoruyub, rabitə sahələrində növbə çəkdilər.

1942-ci ildə Dağıstanda 91-ci atıcı diviziyası yaradıldı və sonralar ona “Melitopol” adı verildi. Diviziyanın keçdiyi bütün döyüş yolu ilə Əziz Əliyev yaxından maraqlandı. Əsgərlər məktubların birində Əliyevə yazırdılar: “Biz Dağıstan zəhmətkeşlərinin gündəlik qayğısını hiss edirik. Bu qayğı düşmənlə vuruşmaq üçün bizə yeni qüvvə verir. Dağıstan zəhmətkeşlərinin diviziyamızla yaxın əlaqəsi bizi qüvvətli və yenilməz etmişdir.”

Əziz Əliyevin təşəbbüsü ilə Dağıstanda vətəndaş müharibəsi qəhrəmanı Qara Qarayevin komandanlığı altında milli süvari eskadronu da yaradıldı. Eskadron cəbhəyə yola salınan zaman birinci katib əsgərlərə “Əlahiddə Dağıstan könüllü süvari eskadronu” sözləri yazılmış qırmızı bayraq təqdim etdi. Dağıstanlı döyüşçülər dağlı xalqlarının etimadını doğruldaraq verilən tapşırığı şərəflə yerinə yetirəcəklərinə, al bayrağı məğlub olmuş Berlinin üzərinə sancacaqlarına söz verdilər və bu andlarına sadiq qaldılar. Öz döyüş yolunu cənubi Mozdokun İşşer stansiyasından başlayan eskadron onu Berlində başa vurdu. 416-cı Taqanroq diviziyasının tərkibində zərbə bölməsi kimi fəaliyyət göstərən Dağıstan süvariləri ən mühüm döyüş tapşırıqlarını yerinə yetirirdilər. Diviziya komandiri vilayət partiya komitəsinin birinci katibi Əziz Əliyevin adına göndərdiyi məktubda yazırdı: “Dağıstanlı əsgərlər bizim sıralarımızda mətanətlə, mərdliklə döyüşərək vətənimizin düşmənlərinə güclü zərbə vurmuşlar. Diviziyanın bütün şərəfli döyüş yolunda dağıstanlı süvarilər gözlənilməz zərbələri ilə, düşmən arxasında sürətli reydləri ilə fərqlənmişlər.”

Əziz Əliyevin rəhbərliyi ilə Dağıstanda təşkil olunmuş azərbaycanlılardan ibarət diviziya, Dağıstan alayları və digər ordu birləşmələri öz vətənpərvərlik və insanpərvərlik borclarını şərəflə yerinə yetirdilər. Düşmənin Dağıstan ərazisinə, oradan da Azərbaycan torpağına girməsinə heç cür imkan yaratmadılar. Onlar digər ordu hissələri ilə birlikdə hücuma keçərək Şimali Qafqazın, Rostov vilayətinin, Taqanroqun azad olunmasında şücaət və qəhrəmanlıqla döyüşdülər, Berlinə qədər şərəfli döyüş yolu keçdilər.

Dağıstan zəhmətkeşləri düşməndən azad edilmiş respublikalara, diyar və vilayətlərə 28 min baş qoyun, 1100 at, 1200 baş qaramal göndərdilər. Müharibə illərində Dağıstan cəbhəyə 150 vaqondan çox isti pal-paltar və 140 vaqon hədiyyə yolladı. 1944-cü ildə Sevastopolun bərpası üçün respublikada fond təşkil edildi. Dağıstanlılar sevastopollulara 12 vaqon tikinti materialı və xeyli miqdarda pulla kömək etdilər. Təkcə Stalinqrad traktor zavodunun bərpasında 250 nəfər dağıstanlı oğlan və qız iştirak etdi.

Azərbaycanda səhiyyənin böyük təşkilatçısı kimi zəngin təcrübə qazanmış Əziz Əliyev Dağıstanda yeni hospitalların yaradılmasına nail olmuşdu. Bütün hospitalların dəqiq, rəvan işinə böyük diqqət yetirirdi. Onun tövsiyəsi ilə hospitallarda həkimlər və tibb bacıları ilə bərabər, məsul işçilər də daim növbə çəkir, xəstəxanaları ərzaq məhsulları, dava-dərman, yanacaqla fasiləsiz təchiz edirdilər. Müharibə illərində hospitallara 130 mindən çox yaralı gətirilmiş, onlardan 100 min nəfərə qədəri sağalmışdı.

Əziz Əliyev hərbi qulluqçuların və cəbhədə olanların ailələrinə daim diqqət göstərirdi. Onlara kömək etmək üçün respublikada böyük işlər görülmüşdü. Hərbçilərin ailələrinin 5 min nəfərdən çox üzvü işlə təmin olunmuşdu. 2 minədək ailəyə fərdi bostan yeri verilmiş, 30 min ailəyə maddi köməklik göstərilmişdi.

Dağıstanlılar həmişə qədirbilənliklə qeyd edirlər ki, Əziz Məmmədkərim oğlu Əliyev uzaqgörən, parlaq zəkaya malik insan idi. Qeyriləri üçün təhlükəli, Dağıstan xalqı üçün isə müqəddəs sayılan Şeyx Şamil hərəkatına düzgün qiymət verərək ona müdrikcəsinə yanaşırdı. Bu comərd qafqazlıya müsbət münasibətini kimsədən gizlətmirdi. Rəsul Məhəmmədov o vaxtlar Şamil hərəkatı haqqında əsər yazmışdı. Bu əsəri müəyyən qüvvələr pis qarşılanmışdı. Əziz Əliyev bu əsəri oxuyandan sonra onu müdafiə etdi, dəyərləndirdi. Beləliklə, söz-söhbətlərə son qoyuldu. O, Rəsul Məhəmmədovun cəbhədən qaytarılmasına nail oldu və onu maarif naziri təyin etdi. Rəsul Məhəmmədov qayıtdı və həmin illərdə Dağıstan üçün çox işlər gördü. Əziz Əliyev Abdulla Süleymanovu da cəbhədən geri çağırdı, o, Dağıstan Yazıçılar İttifaqının sədri oldu. Əziz Əliyev 22 yaşlı Abilovu da nəzərdən qaçırmadı, onu Vilayət Komsomol Komitəsinin birinci katibi təyin etdi. Yerlərdə milli kadrların yerləşdirilməsi işini uğurla davam etdirdi.

Əziz Əliyev bütün Dağıstan xalqlarının adət-ənənələrini, milli dəyərlərini və xüsusiyyətlərini yüksək qiymətləndirir, onları çox sevirdi. Dağıstanlılara daim ehtiramla yanaşırdı. Dağlıların milli dirçəlişinə sevinir, bu yolda köməyini əsirgəmirdi. Bütün sahələrdə olduğu kimi, respublikada milli kadrların yetişməsinə ən vacib və ən əhəmiyyətli məsələlərdən biri kimi baxırdı. Bu baxımdan “Dağıstanın yerli xalqlarından kadrların hazırlanması, yetişdirilməsi və irəli çəkilməsi” barədə qərar müstəsna rol oynadı. Bu qərarın yerinə yetirilməsi sonralar Dağıstanın gələcək taleyini məhz dağlılara həvalə etdi. Heyrətamiz dərəcədə incəqəlbli insan olan Əziz Əliyev Dağıstan Muxtar Respublikasının 25 illiyi zamanında bir qrup dağıstanlını — Əbilovu, Şamxalovu, Kaçkayevi və başqalarını Ali Partiya Məktəbinə oxumağa göndərdi. Bir qədər sonra isə Əziz Əliyevin təşəbbüsü ilə Mahaçqalada Vilayət Partiya Məktəbi açıldı.

Dağıstanın xalq şairi Rəsul Həmzətov qeyd edir ki, Əziz Əliyev vətənimizin böyük vətəndaşı idi. O, insanlara qarşı çox həssas və qayğıkeş bir adam kimi böyük nüfuz qazanmışdı. Mən öz ailəmizdən danışmıram. Hərçənd atam oğlunu müharibədə itirən kimi Əliyev dərhal bizə gəlib başsağlığı, anama təskinlik və ürək-dirək verdi. Mənim, qardaşımın və bacımın başını sığalladı. Demək olar o, hər gün gəlirdi — gah büro üzvləri ilə birlikdə, gah da təkcə özü. O, hər bir evə baş çəkirdi.

Dağlılar həmçinin qeyd edirlər ki, Əliyevin Dağıstan üçün gördüyü bütün işləri lazımınca qiymətləndirmək çətindir. O, özü ilə Azərbaycanın və azərbaycanlıların ən yaxşı cəhətlərini gətirmişdi. Həmin vaxtlar Azərbaycandan Səməd Vurğun, Bülbül Dağıstanı ziyarət etdilər. Dağıstanlılar Rəşid Behbudovu ilk dəfə olaraq səhnədə gördülər, Niyazini alqışladılar.

Əziz Əliyev Mahaçqalanı mədəniyyət mərkəzinə çevirdi. Qumuq teatrı, Avar teatrı buraya gəldi. O, Dağıstan yazıçılarına, rəssamlarına çox qayğı ilə yanaşırdı. Onun icazəsi ilə görkəmli rəssamların, yazıçıların çörək kartoçkalarındakı pay artırılırdı. Əliyevin dövründə Dargin teatrı yaradıldı, Lak teatrı təzələndi. Dağıstan Dövlət Filarmoniyası işə başladı. Məhz onun dövründə Dövlət tədris – pedaqoji nəşriyyatının bünövrəsi qoyuldu. Dağıstanın ədəbiyyat və incəsənət xadimlərinə fəxri adlar verilməsi haqqında qərar qəbul edildi. Tahir Xürüklü Dağıstanın xalq şairi, Patimat Daniyalova əməkdar artist, Qotfrid Həsənov, Əsgər Sarıca və başqaları əməkdar incəsənət xadimi fəxri adlarına layiq görüldülər. O, “Dağıstanın görkəmli adamlarının həyatı” silsiləsindən kitablar buraxılmasını təklif etdi.

Elmin müxtəlif sahələrinə, xüsusən, Dağıstan tarixinə, dillərinə, etnoqrafiyasına dair ciddi elmi tədqiqatlara başlandı. Mahmudun, Yetim Eminin, Süleyman Stallının, Abutalıbın və başqa yazıçıların əsərləri, folklor topluları nəşr olundu. Həmin illərdə çox gənc və istedadlı şair olan Rəsul Həmzətovun ilk kitabı işıq üzü gördü. Əziz Əliyev onu Moskvaya, Qorki adına Ədəbiyyat İnstitutuna oxumağa göndərdi. 1944-cü ildə, müharibə dövründə birinci katib Dağıstanın tanınmış şairi, Lenin ordeni ilə təltif olunmuş Həmzət Sadasanın yubileyinin — ədəbi fəaliyyətinin 50 illiyinin keçirilməsini təşkil etdi. Beləliklə, Əliyev dağıstanlıları daha da yüksəldib ucaldır və Dağıstanın şan-şöhrətini qaldırırdı.

Əziz Əliyevin dərin təfəkkürü, rəhbərlik məharəti Dağıstan xalqlarını bəlalardan qorudu. Dağlılar Krım tatarlarının, Mesxeti türklərinin, çeçenlərin, inquşların, kalmıkların acı taleyini yaşamadılar. O, Dağıstan xalqlarını Stalin repressiyalarından, deportasiyalarından qurtardı. Onlara yeni, işıqlı həyat bəxş etdi.

Cəmi 6 il ərzində Əziz Məmmədkərim oğlu Əliyevin Dağıstan Muxtar Respublikasında iqtisadiyyatın, mədəniyyətin, elm və təhsilin inkişafına verdiyi böyük töhfəni dağlı xalqları minnətdarlıqla xatırlayırlar. O, Mahaçqalada Akademik Mərkəzin yaradılmasına böyük səy göstərdi ki, sonralar həmin mərkəzin əsasında SSRİ Elmlər Akademiyasının Dağıstan filialı, indi isə Rusiya Elmlər Akademiyasının Elmi Mərkəzi təşkil edilmişdir. Onun bilavasitə iştirakı ilə Dağıstanda Elmi-Tədqiqat Məktəblər İnstitutu, Qadın Müəllimlər İnstitutu, Pedaqoji məktəb açılmışdır.

Ciddi həyat və zəngin bacarığı Əziz Əliyevi Dağıstanın ləyaqətli rəhbəri etdi. Onunla işləyən və görüşən bir çox dağlılar Əziz Əliyevin ilk növbədə özünə qarşı hədsiz tələbkarlığını, mühüm məsələlərin həllində son dərəcə səriştəli olmasını və hər cür problemin aradan qaldırılmasında böyük məsuliyyət hiss etməsini indi də yaxşı xatırlayırlar. O, respublikanın spesifik şəraitini dərindən başa düşürdü. Bu, təbii ki, Azərbaycan və Dağıstan xalqlarının dostluğunun, qardaşlığının daha da möhkəmlənməsində böyük rol oynadı. Əziz Əliyevin xidmətlərini yüksək qiymətləndirən Dağıstan zəhmətkeşləri onu 1946-cı ildə SSRİ Ali Sovetinə, 1947-ci ildə isə Dağıstan Ali Sovetinə deputat seçdilər. Təltif olunduğu çoxsaylı mükafatlar onun həyat səhifələrini bəzədi.

1948-ci ildə Dağıstandan əvvəlcə Moskvaya, sonra isə Bakıya gələn Əziz Məmmədkərim oğlu qardaş respublika ilə əlaqələrini kəsmir, onun həyatı ilə əvvəlki kimi dərindən maraqlanır, ömrünün sonunadək müntəzəm olaraq “Daqestanskaya pravda” qəzetinə abunə yazılırdı. Bu anlarda dağıstanlı professor Abutalıb Əbilovun xatirəsini yada salmamaq mümkün deyil: “Mənim üçün yaddaqalan və Əziz Məmmədkərimoviçi yüksək mədəniyyətə, nəcibliyə və mənəviyyata malik insan kimi səciyyələndirən hadisə haqqında danışmaya bilmərəm. Mən 1960-cı ildə Azərbaycan Dövlət Universitetində dissertasiya müdafiə etməli idim. O vaxtkı qaydalara uyğun olaraq, ”Bakı" axşam qəzetində bu barədə kiçik bir elan dərc edilmişdi. Müdafiə günü salona elmi şuranın bütün üzvlərindən əvvəl əlində böyük bir gül dəstəsi ilə Əziz Məmmədkərimoviç gəlmişdi. Şuranın üzvləri məni əvvəlcədən müdafiə münasibətilə təbrik etdilər. Çünki belə mötəbər, son dərəcə hörmətli bir adam şuranın iclasına hamıdan əvvəl gəlmişdi. Müdafiə, həqiqətən, çox gözəl keçdi və bu münasibətlə məni birinci olaraq Əziz Məmmədkərimoviç təbrik etdi."

Azərbaycan və Dağıstan vətəndaşları hər iki xalqın sevimlisi və xilaskarı olan Əziz Məmmədkərim oğlu Əliyevi daim hörmətlə xatırlayır və nəsillər dəyişdikcə də hər zaman ehtiramla xatırlayacaqlar. Əziz Əliyevin Dağıstanda keçirilən 100 illik yubileyi mərasimində Rəsul Həmzətovun çıxışındakı bu məqamlar çox ibrətlidir: “Dünyaya Nizami, Füzuli, Mirzə Fətəli Axundov, Şəhriyar, Səməd Vurğun, Rəsul Rza, Mehdi Hüseyn, Məmməd Rahim kimi görkəmli xadimlər və qədir-qiyməti hələ axıradək lazımınca dəyərləndirilməmiş, əziz xatirəsi qarşısında borclu qaldığımız Əziz Məmmədkərimoviç Əliyev kimi görkəmli şəxsiyyət verdiyinə görə Azərbaycan xalqına böyük minnətdarlığımızı bildiririk.”

İnanırıq ki, yaxın gələcəkdə xalqımızın şərəfli övladının istər Azərbaycandakı, istərsə də qardaş Dağıstandakı fəaliyyət və xidmətləri daha dərindən araşdırılacaq, lazımınca dəyərləndiriləcəkdir.