Azərbaycan.- 2012.- 27 iyul.- 165.- S. 4.

 

Fədai

 

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı, yazıçı-dramaturq

 

Əziz Əliyev qeyri-adi insan idi. İrəvanda rus gimnaziyasında təhsil almaq və oranı qızıl medalla bitirmək, gənc ikən kömək üçün milyonçu Hacı Zeynalabdin Tağıyevə müraciət etmək, ondan bu köməyi almaq və bütün dünyada məşhur olan hərbi tibb akademiyasında ali tibb təhsili almaq üçün Peterburqa getmək - gənclik illərində bunu heç də hər kəs bacarmazdı. Heç də hər kəs bu qədər məqsədyönlü ola bilməzdi. Başqa sözlə, bu qeyri-adi istedadı ilahidən gələn insan özünün məqsədyönlülüyü, fədakarlığı, zəhmətsevərliyi, biliklərə can atması sayəsində çox şey qazanmış, hərtərəfli insani keyfiyyətlər əldə etmişdir. O, həm həkim, həm alim, həm də səhiyyə təşkilatçısı idi. O, dövlət xadimi, nazir, çətin illərdə Azərbaycanın rəhbərlərindən biri, XX əsrin ən ağır illərində Dağıstanın birinci rəhbəri idi, Moskvada, sonra isə Azərbaycanda məsul işdə çalışmışdı. Ancaq eyni zamanda, onun həyatı heç də asan keçmirdi, maneələrlə, çətinliklərlə, özünə qarşı edilən bir çox haqsızlıqlarla rastlaşırdı. Amma bunların hamısını aradan qaldırır və yolundan dönmürdü.

Heydər ƏLİYEV

Azərbaycan xalqının tarixində əbədi yer tutan görkəmli insanlar sırasında tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyevin adı hər zaman əlahiddə mövqedədir. Bu qüdrətli şəxsiyyətin portretini, şəxsi məziyyətlərini müəyyənləşdirərkən gözlərimiz önündə möhtəşəm xüsusiyyətlər toplusu canlanır: daxili azadlıq, ləyaqət, iti ağıl, möhkəm iradə, fədakarlıq, qətiyyət və ən nəhayət, Azərbaycan xalqına təmənnasız xidmətə həsr olunan saf əqidə. Bu gün ölümünün 50-ci ildönümünü qeyd etdiyimiz bu görkəmli alim və dövlət xadiminin xatirəsi uzun önilliklər ötməsinə baxmayaraq, hələ də xalqın yaddaşında hörmətlə anılır.

Şərəfli ömür yolu

Əziz Əliyev öz sələfləri N.Nərimanov, S.Əfəndiyev, Q.Musabəyov, M.İsrafilbəyov, T.Şahbazi, M.Vəkilov və digərlərinin şanlı işini davam etdirən, Azərbaycanda səhiyyənin ilk qurucuları olan nəslə mənsubdur. O, 1897-ci il yanvarın 1-də İrəvan quberniyasının Eçmiədzin qəzasının Hamamlı kəndində dünyaya göz açmışdı. Atası Məmmədkərim Kərbəlayı Qurbanəli oğlu mahalın hörmətli ağsaqqallarından idi. Anası Zəhra xanım isə İrəvan quberniyasının adlı-sanlı adamlarından olan İbrahim bəy Süleymanbəyovun ailəsində dünyaya gəlmişdi.

1905-ci ildə ailə İrəvana köçür. Əziz biliyə, oxumağa olan həvəsi ilə erkən yaşlarından fərqlənirdi. Valideynləri onu dövrün qabaqcıl təhsil ocağı sayılan rus-tatar (rus-Azərbaycan) məktəbinə qoydular, sonra o, gimnaziyaya daxil oldu. Birinci dünya müharibəsi Məmmədkərimin də ailəsinə öz təsirini göstərdi. Əziz Əliyev sonralar xatırlayırdı: "Gimnaziyada əla oxuduğuma görə mən təhsil haqqı verməkdən azad edilmişdim. Həqiqətən, ailəmizin ağır vəziyyəti üzündən biz təhsil haqqı vermək iqtidarında deyildik. Atamın ailəni saxlamaq imkanı azalmışdı, mən işləməyə başladım, gecələr şagirdlərlə məşğul olurdum."

Əziz Əliyevin uşaqlıq yoldaşı, sonralar isə onun həmkarlarından biri olan akademik Mustafa Topçubaşov öz xatirələrində yazırdı ki, Əziz qeyri-adi gənc idi - təhsildə, rəftarda, çalışmaqda, həlimlikdə və xeyirxahlıqda tayı yox idi. Görünür, tibbin atası Hippokrat "Həkimin andı"nı onun kimilərə baxıb yazıb. Ola bilsin, erkən yaşlarından əhalinin əziyyətli yaşayışını görməsi onda güclü mərhəmət hissi doğurmuşdu, onun əxlaq kredosunu təyin etmişdi. Gənc Əziz insanlara xidmət etmək kimi yüksək, xeyirxah ideyalarla yaşayırdı. O, 1917-ci ildə gimnaziyanı qızıl medalla qurtarıb, təhsilini Rusiyada davam etdirmək haqda fikirləşir. Və məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə müraciət edir. Hacı cavan oğlana üç yüz manat pul verərək ona həm maddi, həm də mənəvi kömək göstərir. O vaxta görə bu, böyük pul idi. Əziz bu pulun bir hissəsini anasına verir, bir hissəsini də götürüb Peterburqa yollanır. O, müsabiqədən keçərək, Rusiyanın sərhədlərindən uzaqlarda məşhur olan Hərbi Tibbi Akademiyaya daxil olur.

1918-ci ildə atasının ölümü haqqında acı xəbər gəldi. İrəvana qayıdan Əziz azərbaycanlı əhalinin öz dədə-baba torpaqlarından qovulmasının, onlara tutulan dəhşətli divanın şahidi oldu. Cəzasız qalan daşnak hökumətinin orqanları qanlı soyqırımı törədirdilər. İri dövlətlərin müəyyən dairələri tərəfindən himayə və müdafiə edilən, Azərbaycana və Türkiyəyə qarşı çevrilmiş bu siyasət insanlıqdan kənar məqsədlər güdürdü və ağlasığmaz vəhşiliklərlə icra edilirdi. Elə həmin il Əziz Əliyev və ailəsi Naxçıvanın Şərur rayonuna, sonra da Şahtaxtı kəndinə köçür. Lakin bir neçə ildən sonra Naxçıvan torpağı da avantürist Andranikin başçılıq etdiyi erməni silahlı dəstələrinin müsəlman əhalini məqsədyönlü şəkildə qırıb məhv etdiyi cəbhəyə çevrilir. Qırğından sonra Əliyevlər sağ qalmış tanışları ilə birgə Cənubi Azərbaycanın Ərəblər kəndində sığınacaq tapırlar.

1920-ci ildə Əziz Əliyevin sevimli anası Zəhra xanım İranda vəfat etdi. Taleyin bu gözlənilməz faciələri ona Peterburqa qayıtmağa, orada təhsilini bitirməyə imkan vermədi. Amma o, tibdən ayrılmır, öz biliyini müstəqil surətdə artırır, tibbə aid dərslikləri dərindən öyrənir, ixtisasına dair ədəbiyyatı oxuyur, aşağı vəzifələrdən başlayaraq müxtəlif müalicəxanalarda, apteklərdə işləyir, əhaliyə tibbi kömək göstərilməsində iştirak edir. 1921-ci ildə Şahtaxtı kəndinə qayıdaraq, 1923-cü ilin yazına qədər orada işləyir. Sonra Bakıya gedərək təhsilini davam etdirmək qərarına gəlir.

O vaxt Azərbaycan Dövlət Universiteti yaradılır və gənc Əziz təhsilini bu ali məktəbdə davam etdirir. Nəhayət, 1927-ci ildə tibb fakültəsini bitirib, uzun müddət gözlədiyi həkim diplomunu alır. Bu istedadlı cavanı daxili xəstəliklər kafedrasında saxlayırlar. Əziz Əliyev ordinator, aspirant, assistent, dosent olur. O, universitetin ictimai və elmi həyatında fəal iştirak edir. 1929-cu ildə isə 32 yaşlı Əziz Əliyev Kliniki İnstitutun direktoru təyin olunur. Bu vəzifədə onun təşkilatçılıq istedadı və idarəçilik qabiliyyəti tam mahiyyəti ilə aşkara çıxır. Bir ildən sonra universitetin tibb fakültəsinin bazası əsasında Tibb İnstitutu yaradılır. Böyük işgüzarlığı və professional keyfiyyətləri sayəsində Əziz Əliyev 33 yaşında bu ali məktəbə rəhbər seçilir. O vaxt Tibb İnstitutunun qarşısında çox çətin vəzifələr və problemlər dururdu: Azərbaycan dilində dərsliklər və vəsaitlər yox idi, milli pedaqoji kadrlara böyük ehtiyac vardı... Təkcə üç il ərzində qırx beş dərsliyin və vəsaitin hazırlanıb nəşr edilməsi Tibb İnstitutunun birinci rəhbərinin nəhəng işini göstərən faktlardandır.

Əziz Əliyevin fəaliyyəti tədricən ümumdövlət əhəmiyyəti kəsb edir. Onun səhiyyənin təşkili və inkişafındakı xidmətləri 1930-cu illərdə özünü parlaq şəkildə göstərir. O, Xalq Səhiyyə Komissarlığında şöbələrdən birinə, sonra Bakı səhiyyə şöbəsinə rəhbərlik edir, xalq səhiyyə komissarının müavini, sonra səhiyyə komissarı olur... Əziz Əliyev kabinetdə oturub qalmağı xoşlamırdı. O, bütün Azərbaycanı rayon-rayon, kənd-kənd gəzirdi, insanların sağlamlığı ilə bağlı problemlərlə birbaşa tanış olurdu və məqsədyönlü şəkildə onların həlli ilə məşğul idi.

Gənclik vaxtından həmkarları Əziz Əliyevə "təcili yardım" deyirdilər və o, həmişə işin ən çətin sahəsinə atılırdı, bütün qüvvəsini vəziyyəti düzəltməyə, problemi həll etməyə sərf edirdi. Professional səriştəliliyi, erudisiyası, uzaqgörənliyi, təşəbbüskarlığı, təşkilatçılıq istedadı, həssaslığı, ürəyiaçıqlığı, hər cür rəsmiyyətçiliyin, özünü "böyük məmur" kimi göstərmək adətindən uzaq olması Əziz Əliyevə ictimaiyyətin rəğbət və məhəbbətini qazandırmışdı. 1934-cü ildə o, Bakı səhiyyə şöbəsinə rəhbərlik edirdi. Bir ildən sonra onu Azərbaycan Tibb İnstitutunun rektoru vəzifəsinə qaytardılar. 1937-ci ildə ona bu vəzifədən əlavə Azərbaycan Dövlət Universitetinin rektorluğunu da həvalə etdilər. Eyni vaxtda bir neçə vəzifə aparmaq - əslinə baxanda, bu görünməmiş iş onun professional imkanlarının olduqca genişliyini, çox böyük bacarığını sübut edirdi. İki ali məktəbin rektoru olan Əziz Əliyev 1936-ci ildən "Azərbaycan tibb jurnalı"nın baş redaktoru olur. Tibb İnstitutunun bu günə qədər "Təbib" adı ilə nəşr edilən çoxtirajlı qəzetinin əsası onun təşəbbüsü ilə qoyulmuşdur (jurnal o vaxt "Tibb kadrları uğrunda" adlanırdı).

Əziz Əliyev Tibb İnstitutunda tibb elminin Mir Əsədulla Mirqasımov (sonralar Azərbaycan Respublikası Elmlər Akademiyasının ilk prezidenti), Mustafa Topçubaşov, Cahangir Hüseynov, Kamil Balakişiyev, Əbülfəz Qarayev (sonralar Azərbaycan Dövlət Universitetinin rektoru, dünya şöhrətli bəstəkar Qara Qarayevin atası) kimi ən məşhur simaları ilə çiyin-çiyinə işləmişdi. O, təkcə istedadlı təşkilatçı və öz təcrübəsini başqalarına öyrədən həkim deyildi, həm də dərin nəzəriyyəçi idi. Universiteti qurtarandan iki il sonra Əliyev müvəffəqiyyətlə namizədlik, səkkiz il sonra isə doktorluq dissertasiyasını müdafiə etdi. Onun nəzəri tədqiqatları təcrübə ilə üzvi surətdə bağlı idi. Görkəmli alim klinik və eksperimental təbabətə aid çoxsaylı əsərlərin müəllifi olmuşdur. Bunların içərisində "Həzmetmə zamanı qanda xloridlər", "Eksperimental nefrit", "Naftalan - onun keçmişi və gələcəyi" və başqa əsərlər var. Onun "Kliniki analiz üzrə dərslik" kitabı tibb ictimaiyyətinin həyatında hadisəyə çevrilmişdi. Bu kitab gənc kadrların hazırlanmasında əvəzsiz rol oynadı. Doktorluq dissertasiyası olan "Eksperimental nefrit" isə azərbaycanlı həkimlərin bu sahədə müdafiə etdiyi ilk doktorluq işi oldu. Əziz Əliyevin işləyib hazırladığı kəskin nefritin patogenezi ilə bağlı allergiya nəzəriyyəsi bu xəstəliyin terapiyasını dərəcələrə ayırmaq üçün geniş imkanlar açdı. Onun doktorluq dissertasiyası gənc alimlərin Ümumittifaq müsabiqəsində SSRİ Tibb Elmləri Akademiyasının və ÜİLKGİ-nin xüsusi mükafatına layiq görüldü.

Mütəxəssislər qeyd edirlər ki, Əziz Əliyevin bu əsərinin indi də bənzəri yoxdur. Görkəmli alim və dövlət xadimi ümumiyyətlə, özündən sonra səksən üç elmi əsər qoyub. Onlardan yetmişi tibb elminin müxtəlif sahələrinə, qalanları isə tarix və siyasət məsələlərinə həsr olunub.

1930-1940-cı illərdə respublikada tüğyan edən malyariya və traxomanın kökünün kəsilməsi Əziz Əliyevin ən görkəmli xidmətləri sırasına daxildir. Onun təşəbbüsü ilə yeni dispanserlər, xəstəxanalar yaradılır. Elə həmin illərdə o, respublika fövqəladə antiepidemiya komissiyasının sədri seçilir. Başqa sözlə, qorxulu yoluxucu xəstəliklərlə mübarizə cəbhəsinə rəhbərlik edir.

Cəbhədən cəbhəyə

Lakin tale ona başqa cəbhə də hazırlamışdı: faşist qoşunlarının xaincəsinə hücumuna qarşı ümumxalq mübarizəsi cəbhəsi. Əziz Əliyev tarixi kataklizmlərin hökmü ilə şimala və cənuba parçalanmış doğma torpağına, xalqına dərin məhəbbətlə bağlı idi. Öz milləti ilə qan bağlılığı, onun dərdlərinə, arzularına və maraqlarına bəslədiyi hərarətli hisslər özünü sonra - sovet hökumətinin tapşırığı ilə İrana yollanan mədəniyyət xadimlərindən və partiya işçilərindən ibarət böyük bir qrupa rəhbərlik edəndə daha mükəmməl surətdə büruzə verəcəkdi.

Əziz Əliyev öz dünyagörüşünə görə humanist idi. Xalqların milli mentalitetinə hörmət edirdi. Bu həqiqi beynəlmiləlçilik böyük müharibənin dəhşətli günlərində Əziz Əliyev Dağıstan Vilayət Partiya Komitəsinə rəhbərlik edəndə də özünü parlaq bir şəkildə göstərdi. Azərbaycanın sədaqətli oğlu Dağıstan xalqlarının da, Arazın o tayındakı qardaş və bacılarının da yüksək hörmətini qazandı. Əziz Əliyevi yaxından tanıyan yazıçı İmran Qasımov qeyd edirdi ki, müxtəlif dövlət missiyalarını yerinə yetirən Əziz Məmmədkərim oğlu ömrünün iyirmi ildən çoxunu Azərbaycandan kənarda keçirib. Fəaliyyət göstərdiyi bütün sahələrdə vətəndaş, humanist və vətənpərvər vəzifəsini şərəflə daşıyıb...

1941-ci ilin aprelində Əziz Əliyevi Azərbaycan K(b)P MK-nın katibi təyin etdilər. Artıq Qərbdə İkinci dünya müharibəsinin alovu yanırdı. Böyük Vətən müharibəsi Əziz Əliyev şəxsiyyətinin daha bir keyfiyyətini - onun bacarıqlı hərbi təşkilatçı və istedadlı siyasi rəhbər olduğunu üzə çıxardı. 1941-ci ilin 25 avqustunda Zaqafqaziya hərbi dairəsinin qoşun hissələri Sovet-İran sazişinə əsasən İranda faşist agenturasının fəaliyyətini aradan qaldırmaq və sərhədlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə qonşu ölkənin ərazisinə daxil oldu və Təbrizə girdi.

İranda Sovet kontingentinin siyasi rəhbəri vəzifəsinə polkovnik Əziz Əliyev təyin olundu. Təbriz gərgin və həyəcanlı günlər yaşayırdı. Şah rejimi qədim prinsiplə - "parçala və hökmranlıq et" prinsipi ilə hərəkət edərək etnik qruplar arasına nifaq toxumu səpirdi. Hər dəqiqə kürdlərlə azərbaycanlılar arasında qardaş qırğını başlaya bilərdi. Milli azadlıq qüvvələrinin istinadgahı, Cənubi Azərbaycanın paytaxtı Təbriz hakim rejim tərəfindən iqtisadi blokadaya məruz qalmışdı. Həmin vaxt Əziz Əliyev qorxmadan xalqın içinə gedir, birbaşa əhaliyə müraciət edir və onlara Sovet kontingentinin humanist və sülhsevər missiyasını izah edirdi: "Biz İranın daxili işlərinə qarışmırıq. Lakin çəkişməyə yol vermədən ölkədə sabitliyi qoruyub saxlamalıyıq. Biz bu ölkəyə müharibə etmək üçün gəlməmişik. Biz bütün əhaliyə açıq şəkildə elan etməyə borcluyuq ki, xanlarla, mülkədarlarla, tacirlərlə... işimiz yoxdur".

Əhali ilə inam və əməkdaşlıq atmosferinin yaradılmasında, ən başlıcası, Arazın o tayındakı Azərbaycan xalqının mədəni həyatının bərpasında və yüksəldilməsində, maarif ocaqlarının və humanitar mərkəzlərin təsis edilməsində, Azərbaycan dilində qəzetin nəşr olunmasında və İranda yaşayan milyonlarla həmvətənimizin milli mədəniyyətə qovuşmasında, sovet Azərbaycanı ziyalılarının, görkəmli ədəbiyyat ustalarının, elm xadimlərinin İranın Azərbaycan regionlarında tez-tez qonaq olmasında Əziz Əliyevin müstəsna xidmətləri vardı.

Polkovnik Əziz Əliyev emissar və rəhbər kimi Təbrizin, Mərəndin, Ərdəbilin, Urmiyanın əhalisinin müxtəlif təbəqələri ilə ünsiyyətdə olur və özünəməxsus duyğu, incəlik və fərasətlə bu mürəkkəb işi istiqamətləndirirdi. Onun insanlarla təmiz, açıq, səmimi, ürəkdən gələn söhbətləri adamlarda etibar doğururdu, qorxunu və yanlış fikirləri aradan qaldırırdı, etnik qruplar arasında etibar yaradırdı.

Əziz Əliyev "21 Azər" milli-azadlıq hərəkatının aparıcı iştirakçıları ilə də görüşürdü, hərəkatın rəhbəri Seyidcəfər Pişəvəri "şurəvi rəisi" Əziz Əliyevə xüsusi hörmət bəsləyirdi.

Əziz Əliyevin təşəbbüsü ilə Təbrizdə xəstələrə pulsuz xidmət göstərən xəstəxana açıldı; Sovet Azərbaycanının incəsənət ustaları şəhər əhalisinin qarşısında çıxış etdi, opera və balet teatrı Təbrizə qastrol səfərinə getdi. Həmin hadisələrin iştirakçısı, görkəmli şair Süleyman Rüstəm sonralar xatırlayırdı ki, Cənubi Azərbaycanda Əziz Əliyevin adı həqiqətən, dillərdə gəzirdi. Əziz Əliyevin İrandakı fəaliyyətini hərbi kontingentə rəhbərlik edən general-polkovnik N.Trufanov yüksək qiymətləndirirdi: "Ordunun hərbi sovetinin üzvü olan Əziz Əliyev İranda işləyərkən özünü bacarıqlı təşkilatçı və dərin siyasi savada malik şəxs kimi göstərdi. Mübaliğəsiz demək olar ki, Əziz Əliyev sözün həqiqi mənasında, mərd insan idi."

Əziz Əliyev İranda böyük ictimai-siyasi və humanitar fəaliyyət göstərməkdən əlavə, həm də tədqiqatçı alim kimi işləmişdi. O, bu ölkədə qazandığı bilik və təcrübələrini 1942-ci ildə nəşr olunan "Cənubi Azərbaycanın iqtisadi coğrafiyası oçerki" (SSRİ EA filialının nəşri) kitabında ümumiləşdirmişdi.

Səkkiz il dağlar ölkəsində

1942-ci ilin sentyabrında Dövlət Müdafiə Komitəsinin sədri İ.Stalinin əmri ilə Əziz Əliyev K(b)P Dağıstan Vilayət Komitəsinin birinci katibi təyin olundu. Eyni vaxtda Dağıstan Müdafiə Komitəsinin sədrliyi vəzifəsi də ona tapşırıldı; Əziz Əliyev 58-ci ordunun hərbi şurasının və havadan müdafiə qüvvələri Bakı sovetinin üzvü seçildi. Alman komandanlığı Mahaçqalanı Xəzər üçün özünün qalasına çevirmək niyyətində idi. Cəbhə xətti zonasında olan Dağıstan çox çətin şəraitdə yaşayırdı. Bəzi müəssisələr köçürülmüşdü. İşğal təhlükəsi real şəkildə Dağıstanın başının üstünü almışdı.

Əziz Əliyevin xatirələrindən: "Vilayət komitəsinin iclası çox kəskin keçdi... Yerli partiya, sovet orqanlarını ayağa qaldırmaq, rəhbərlərin məsuliyyət hissini yüksəltmək, xalq kütlələrini səfərbər etmək lazım idi. Ancaq necə, kimin köməyi ilə? Nədən başlamalı? Necə başlamalı? Dağıstanın ərazisi əlli min kvadrat kilometrdən çoxdur. Burada əllidən çox inzibati rayon, bir neçə min kənd, qəsəbə, aul var. Onların çoxuna ancaq piyada, yaxud atla gedib çıxmaq olar. Elə birinci gündən muxtar respublikanın təbii şəraitini, yaşayış məntəqələrinin yerlərini, xalqların və etnik qrupların kompakt yaşadıqları məntəqələri, Çeçen-İnquş muxtar respublikası ilə sərhəd zonasının zəif nöqtələrini, dağ aşırımlarını, əsas yolları, dağ cığırlarını müəyyənləşdirmək və onların müdafiəsini təşkil etmək lazım idi. Dağıstanda otuzdan çox xalq və etnik qrup yaşayır. Avarlar, ləzgilər, darginlər, kumıklar, laklar, azərbaycanlılar, tabasaranlılar, noqaylar, rutullar, tatarlar sayca daha çoxdurlar. Qarşıda müxtəlif xarakterli, müxtəlif adət-ənənələri olan çox sayda xalqı və etnik qrupu vahid bir ailədə birləşdirmək vəzifəsi dururdu..."

Əziz Əliyev çoxmillətli Dağıstanı, onun fədakar, qonaqpərvər əhalisini ürəkdən sevirdi. Dağlılar da tezliklə Əziz Məmmədkərim oğlunu sevdilər, onun bütün təşəbbüslərini və işlərini müdafiə etdilər. Birinci katib tez bir zamanda Mahaçqalada ağsaqqalların müşavirəsini keçirir. Yaşlıların şurası yaradılır. Qəsəbə mərkəzlərində və yaşayış məntəqələrində isə ağsaqqallar qrupu toplanır. Qocalar böyük məmnuniyyətlə əhalini dağlıq ərazilərdən doğma ocaqlarına qaytarmağı vəd edirlər. Həqiqətən, adamlar yavaş-yavaş öz evlərinə qayıdır və fəal surətdə təsərrüfatın bərpasına başlayırlar. Eyni vaxtda təbliğat fəaliyyəti də inadla davam etdirilir. Həmin günlərin şahidləri - ləzgilər, avarlar və başqa xalqların nümayəndələri sonralar danışacaqlar ki, Əziz Əliyev vaxtla hesablaşmayaraq, yorğunluğa fikir verməyərək iki mindən çox kənddə olmuş, hər yerdə adamlarla görüşmüş və söhbət etmişdi, gəncləri qayıtmağa, arxa cəbhədə işə qoşulmağa, vətənin müdafiəçiləri sırasında durmağa inandırmışdı. Birinci katib döyüş mövqelərini də gəzirdi. O, blindajda da gecələməli olub, çovğuna da düşüb, dağlı yapıncısına bürünüb gecəni maşında da keçirib...

Onun rəhbərliyi altında tez bir zamanda özünümüdafiə dəstələri təşkil edildi. Muxtar vilayətdə yerləşən nizami ordu hissələrinə yerli xalqdan bələdçilər təyin edildi. Təxribatçıların aşkar edilməsi və zərərsizləşdirilməsi üçün xüsusi qruplar təşkil edildi. Dağıstanın müxtəlif xalqlarını və etnik qruplarını birləşdirmək və onlar arasında etibar yaratmaq Əziz Əliyevin əsas nailiyyəti idi. Müharibə illərində orada milli zəmində bir dəfə də olsun münaqişə olmadı. Dağıstanlılar həm arxada vicdanla işlədilər, həm də cəbhədə şərəflə döyüşdülər.

Əziz Əliyevin təşəbbüsü ilə vətəndaş müharibəsi qəhrəmanı Qara Qarayevin adına milli eskadron yaradıldı. O, döyüşçü süvariləri cəbhəyə yola salarkən onlara üzərində "Dağıstan fövqəladə könüllü süvari eskadronu" yazılmış qırmızı bayraq verirdi. Hərbi qulluqçu Penkolun 14 mart 1944-cü ildə Əziz Əliyevə yazdığı məktubdan bir parça: "Bu gün balaca qızımdan məktub aldım. O, məndən aldığı bağlamaya görə sevincini bildirir; bağlamanı isə əlbəttə, mən göndərməmişəm. Arvadımın məktubundan bildim ki, Sizin tapşırığınızla aparatınızın işçisi ailəmgilə gəlib və Qızıl Ordunun yaranmasının 26-cı ildönümü münasibətilə hədiyyə verib. Uşaqlar belə hesab ediblər ki, həmin yoldaş mənim adımdan gəlib və çox seviniblər. Yoldaş Əliyev, mənim ailəmə göstərdiyiniz qayğıya görə Sizə ürəkdən təşəkkür edirəm. Mən bunu heç vaxt unutmayacağam..."

Özünün həkimlik təcrübəsindən istifadə edən Əziz Əliyev hərbi xəstəxanalarda işin dəqiq təşkilinə çoxlu vaxt sərf edirdi. Onun tövsiyəsi ilə partiya təşkilatları ağır yaralıların yanında gecə növbələri təşkil edirdilər. Hərbi klinika fasiləsiz olaraq ərzaqla təmin edilirdi. Dağıstanda müalicə olunmuş yüz otuz beş min xəstədən yüz iki mini yenidən cəbhəyə qayıtdı.

Əziz Əliyevin Dağıstanın yaradıcı ziyalılarına, mədəniyyət ustalarına və gənclərinə qayğıkeş, son dərəcə həssas münasibəti xüsusi söhbətə layiqdir. Xalq şairi Həmzət Sadas xatırlayırdı ki, Əziz Məmmədkərim oğlunun yüksək mədəniyyətinə, xeyirxahlığına və alicənablığına kölgə sala biləcək söz və eyham eşitməmişdi və o, həqiqətən, çox gözəl insan idi. 1944-cü ildə şəxsən Əziz Əliyevin təşəbbüsü ilə Lenin ordeni ilə təltif olunmuş Həmzət Sadasın yaradıcılığının əlli illiyi Dağıstanda təntənəli şəkildə qeyd edildi. Həmzət Sadasın oğlu Rəsul Həmzətov xatırlayır: "Atamı birinci məhz Əziz Əliyev təbrik etdi və birdən mənə müraciət etdi: Rəsul, gəl, biz səni Moskvaya, Qorki adına Ədəbiyyat İnstitutuna göndərək."

Əziz Əliyevin yüngül əliylə gələcəyin şöhrətli şairinin böyük ədəbiyyata yolu beləcə başladı. Moskvada ədəbiyyatın beşiyi və rus ədəbiyyatının ustadları ilə tanışlıq və dostluğun gənc Rəsul Həmzətovun yaradıcılığının formalaşmasında və taleyində oynadığı rol hamıya məlumdur.

Dövlətin Əziz Əliyevin fəaliyyətini qiymətləndirdiyi yüksək mükafatlardan - iki Lenin ordeni, Vətən müharibəsi ordeni, Qırmızı Əmək Bayrağı ordeni, "Qafqazın müdafiəsi uğrunda", "Almaniya üzərində qələbəyə görə", "Böyük Vətən müharibəsi illərində şərəfli əməyə görə" medallarından onun şərəfli və inadlı əməyinin əks-sədası gəlir. Amma görünür, Əziz Məmmədkərim oğlu üçün ən böyük mükafat qədirbilən Dağıstan xalqının məhəbbəti idi.

Müharibədən sonrakı illərdə, 1948-ci ilin dekabrına qədər o, həmişəki kimi tükənməz enerji ilə muxtar respublikanın rəhbəri vəzifəsində işləyir. Akademik mərkəzin, sonra isə SSRİ EA Dağıstan filialının yaradılmasında, muxtar respublikanın ali məktəblərinin inkişafında onun töhfəsi misilsizdir. Dağlı gənclərin təhsilə cəlb edilməsi, qadın mütəxəssis-kadrların hazırlanması və onların ictimai fəaliyyətə, təsərrüfat fəaliyyətinə cəlb olunması, Mahaçqalada Qadın Pedaqoji İnstitutunun və Qadın Pedaqoji Məktəbinin əsasının qoyulması da vilayət komitəsinin birinci katibinin xidmətləri sırasına daxildir.

1946-cı ildə Əziz Əliyev muxtar respublikadan SSRİ Ali Sovetinin katibi, bir il sonra Dağıstan Ali Sovetinin deputatı seçilir. Dekabrda onu Moskvaya oxumağa göndərirlər, ancaq o, Dağıstanla sıx əlaqə saxlamağa davam edir.

Məğrurluq mücəssəməsi

Əziz Əliyev çox gözəl və mehriban ailə başçısı idi. Həyat yoldaşı Leyla xanım xeyirxahlıq və zəriflik təcəssümü idi. Bu mehriban ailədə altı övlad: iki oğlan - Tamerlan və Cəmil, dörd qız - Ləzifə, Zərifə, Dilbər və Gülarə böyüyürdü. Uşaqlardan dördü atalarının yolu ilə getdi, həkim oldu. Dilbər rabitəçi-mühəndis peşəsini seçdi, ən kiçiyi Gülarə isə istedadlı pianoçu kimi məşhurlaşdı.

Əziz Əliyev Moskvada İctimai Elmlər Akademiyasının dinləyicisi və eyni zamanda ÜİK(b)P MK aparatının əməkdaşı kimi İttifaq əhəmiyyətli, görkəmli kadrlar sırasına daxil idi. 1950-ci ildə onu Bakıya məsul dövlət vəzifəsinə - Azərbaycan Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə dəvət edirlər. O vaxtın üsuluna görə yüksək vəzifə üçün nəzərdə tutulan kadrların siyahısı əvvəlcədən tərtib edilirdi; Siyasi Büroda baxılırdı və bu, siyahı məxfi sənəd kimi saxlanılırdı.

Çətin dövr idi. Casusluq, çuğulçuluq M

oskvadan, yuxarılardan başlayıb müttəfiq respublikaların paytaxtlarına qədər uzanırdı. Elə mühit idi ki, adam təkcə vəzifəsini yox, həyatını da itirə bilərdi. Əziz Əliyevin müvəffəqiyyətlə yüksəldiyini çoxdan bəri qısqanclıqla müşahidə edən və onun şəxsində öz rəqibini görən, onun artan nüfuzuna qərəzli münasibət bəsləyən Mir Cəfər Bağırov nəyin bahasına olur-olsun onu siyasət meydanından uzaqlaşdırmaq qərarına gəlir. Özünün məkrli niyyətində o, L.P.Beriyaya ümid bəsləyirdi. Onun köməyi olmadan Bağırov Əziz Əliyev kimi parlaq və istedadlı liderin təmiz adına qəsd etməyə cürət göstərə bilməzdi.

Respublika Kommunist Partiyası MK-nın 12 iyun 1951-ci il tarixli qərarı ilə M.C.Bağırov ilk zərbəni vurur: "Təqdim etdiyi avtobioqrafiyada və digər sənədlərdə özünün, doğmalarının və yaxınlarının həqiqi sosial vəziyyətini gizlətdiyinə, partiyanı aldatdığına görə şiddətli töhmət elan etmək."

Həmin il iyunun 24-də göstərilən qərarın nəticəsində Ə.Əliyev Nazirlər Soveti sədrinin müavini vəzifəsindən azad edildi. Əlbəttə, bütün ittihamlar tamamilə əsassız idi. Əziz Əliyevin həm avtobioqrafiyasında, həm də başqa sənədlərdə ailəsi və qohumları haqqında dəqiq və etibarlı məlumatlar verilmişdi. Lakin həmin şəraitdə nəyi isə təkzib etməyə və ya sübuta yetirməyə çalışmaq mənasız idi. Nəticə fəlakətli ola bilərdi.

Əziz Əliyevi əvvəlcə Ortopediya və Bərpaedici Cərrahiyyə İnstitutuna direktor təyin edirlər. Ancaq təqib zəncirinin halqaları bununla qurtarmır. Tezliklə onu elmi-tədqiqat institutunun direktorluğundan azad edib Sabunçu xəstəxanasına köçürürlər. Yəqin Bağırova elə gəlirdi ki, o, rəqibini əzib, hörmətdən salıb. O, necə də səhv edirdi?! Əziz Əliyev nə yüksək vəzifəni, nə də rütbəni qiymətləndirirdi. Onun üçün həqiqi cəza, ona işləməyi, fəaliyyət göstərməyi qadağan etmək olardı. Burada isə sevinc, fərəh mühiti var: ona həvalə olunmuş sevimli həkimlik peşəsi! Hər gün zəhmətkeş insanlarla birlikdə elektrik qatarına minib bu fəhlə qəsəbəsinə yollanır, xəstələrlə görüşən kimi bir anda "birincinin" düşmən münasibəti də, köhnə tanışların qorxaqlığı - onu görəndə tələsik üzlərini yana çevirmələri də yaddan çıxırdı.

Mənəvi terror onu sındırmadı. Hətta özü üçün ağır olan bu vaxtlarda da o, nikbinliyini, həyat eşqini itirmədi. Oğlu Tamerlan Əliyev xatırlayırdı: "Baxmayaraq ki, atam daxilən çox narahat idi, bunu büruzə vermirdi. Hər vasitə ilə çalışırdı ki, biz onun həyəcanını, iztirabını görməyək. O illər elə ağır illər idi ki, istər-istəməz öz təsirini göstərir, bizim taleyimizdə öz izini qoyurdu. Ancaq bununla belə, ruh yüksəkliyi, zarafat hissi atamı tərk etməmişdi."

Həmin illərdə tək Əziz Əliyev deyil, onun bütün ailəsi repressiyaya məruz qalmışdı. Görkəmli alimin qızı Zərifə xanımla ailə həyatı qurmağa hazırlaşan DTK zabiti Heydər Əliyevə qarşı bu komitə tərəfindən həyata keçirilən psixoloji təsirlərin, aşkar şantaj və hədə-qorxuların da əsas məqsədi məhz bu ailəni təkləmək idi. Çox sonralar - Əziz Əliyevin 100 illik yubileyinə həsr olunmuş anım gecəsində Heydər Əliyev bu ağır dövrü belə xatırlayacaqdı: "Əlbəttə, o, vaxtilə məruz qaldığı repressiyalara görə son illərdə çox həyəcan keçirirdi. Lakin bununla yanaşı, Əziz Əliyev ona qarşı ədalətsizlik edərək repressiya törədənləri də, onların özlərinin nə kimi cəzalar çəkdiyini də görmüşdür. O, nəinki Mircəfər Bağırovun tutulduğunu, həm də 1956-cı ildə Bakıda onun və digər cinayətkarların məhkəmə prosesini də görmüşdür. Müttəhimlər kürsüsündə Mircəfər Bağırovla birlikdə həmin general Stepan Yemelyanov da əyləşmişdi, o Yemelyanov ki, Əziz Əliyevlə əlaqə saxladığıma görə mənə iki dəfə xəbərdarlıq etmiş və məni danlamışdı. Ona 25 il həbs cəzası kəsdilər. Görün, tale necə olur. Sonralar, 70-ci illərdə mən MK-nın birinci katibi işləyərkən, Yemelyanov öz cəzasını çəkib Bakıya qayıtdı və mənə məktub yazaraq ona bəzi şəxsi işlərində kömək göstərməyi xahiş etdi. Həyat bax, belədir".

Bəli, Əziz Əliyevi sındıra bilmədilər. O, sovet repressiya maşınının qarşısından geri çəkilmədi, qorxmadı. Və nticə etibarilə də, qətiyyətinin, prinsipiallığının zəfərini gördü. Lakin bu amansız mücadilə illəri görkəmli dövlət xadiminin səhhətinə, ürəyinə təsirsiz ötüşmədi. 1962-ci il iyulun 27-də Əziz Əliyev qəflətən vəfat etdi. Bu itki yalnız Azərbaycan elmi və siyasi həyatı üçün deyil, həm də qardaş Dağıstan və Cənubi Azərbaycan vətəndaşları üçün də böyük ağrı idi. Matəm mərasiminə Dağıstandan da çoxlu adam gəlmişdi: həmkarlar, ziyalıların nümayəndələri, partiya, dövlət xadimləri, mədəniyyət və incəsənət işçiləri, sadə adamlar... Azərbaycan xalqının görkəmli oğlu məşhur elm və dövlət xadimlərinin, sadə insanların izdihamlı dəstəsinin müşayiəti ilə Birinci Fəxri xiyabanda son mənzilə yola salındı.

Əziz Əliyevin vəfatından iki ay sonra, 27 sentyabr 1962-ci ildə respublika hökumətinin qərarı ilə Həkimləri Təkmilləşdirmə İnstitutuna onun adı verildi. 1982-ci il yanvar ayının 8-də isə Əziz Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş elmi sessiyada çıxış edən tibb elmləri doktoru, professor Zərifə xanım Əliyeva demişdi: "Atam ömrünün əvvəlindən ta sonunadək insanlarda yalnız nəciblik, xeyirxahlıq, humanistilik, beynəlmiləlçilik, prinsipiallıq hisslərinin bərqərar olunması uğrunda çalışmış, adamları daim xoşbəxt görmək arzusu ilə yaşamışdır".

Bəli, Əziz Əliyev daim bu amalla yaşadı, bu məfkurə uğrunda mübarizə apardı və bu əqidəsinə görə indi də ehtiramla, minnətdarlıqla anılır, xatırlanır. Azərbaycan xalqı onun nurlu çöhrəsini və vətən qarşısında xidmətlərini hec zaman unutmayacaq!