Bakı Xəbər.-2016.-6 dekabr- 221.-S.13.

 

Tarixdə iz buraxanlar: Dədə Qorqud

 

Fazil Qaraoğlu,

professor

 

Dədə Qorqud tarixi bir şəxsiyyət, əfsanəvi bir türk atası olaraq bilinir. Onun həyatına dair məlumatlar həqiqi islami ünsürlərlə islamiyyətdən əvvəlki türkün həyatından gələn bəzi xüsusların qarışmasından ibarətdir. Hekayələrdə Dədə Qorqud, Dədəm Qorqud, Qorqud sultan və Qorqud ata deyə yad edilir.

Türklər ona bəzi yerdə Ata, bəzi yerdə Dədə Qorqud deyərlər. O, türk xalqlarına yol-ərkan göstərən adət-ənənə bilicilərimizdən biridir. Uluğ Türk kimi, Irkıl Ata kimi bir ulu insanımızdır. Xanların yanında olan, onlara dəyərli məsləhətlər verən, çözülməsi müşkül olan işləri çözən atalarımızdan biridir.

Dədə Qorqud atamızın həyatına dair yazılan ən köhnə əsər Rəşidüddinin "Camiüt-Teravih" adlı əsəridir. Bundan əlavə, Əbul-Qazi Bahadur xanın "Şəcərəyi Tərakimə" və Əlişir Nəvainin "Nesaimül-Muhabbesi Tarihi Dost Sultan," "Teravihi Cedide", "Miratı Cihan" kimi əsərlərdə də Dədə Qorqudun adına rast gəlirik. "Şəcərəyi Tərakimə"də kayı boyundan olduğu, "Saltuknamə"yə görə də osmanlılarla eyni soydan gəldiyi yazılır. Övliya Çələbi Osmanlı-kayı dədələrindən Qorqud xanın Ehlatdakı məzarını ziyarət etdiyini yazır. İkinci Bəyazidin oğlunun adı da Qorqud olub. "Camiut-Teravih"də peyğəmbərimizlə eyni çağda yaşamış olan Oğuz hökmdarı Kayı İnal xanın Baş müşaviri Dədə Qorquddur. "Bahrül Ensab"da Qazan xanın Hz. Peyğəmbərə iki elçi göndərdiyi və geriyə Salmayi Farisi ilə döndükləri, Farisinin Qorqudu oğuzlara bir lider təyin etdiyi qeyd edilir. "Camiüt-Teravih" ilə "Dədə Qorqud kitabı"nın müqəddiməsində də bildirildiyi kimi, Dədə Qorqudun oğuzların Bayat boyundan olduğu bildirilir.

Dədə Qorqudun tarixi bir şəxsiyyət və qəhrəman olaraq öndə gələn bir insan olduğu qəti olaraq bəllidir. Hekayələrdə xalqın müşküllərini çözən, düşmənə qalib gəlmək üçün çarələr tapan, tədbir alan, uşaqlara ad qoyan Dədə Qorqud Oğuz türklüyü üçün mənəvi bir dəstək vəziyyətindədir. Cəmiyyət ən kiçik fərdlərindən bəylərə qədər ona möhtacdır. Oğuz boyları və bəyləri üçün dua etməsi, dastan söyləyib oğuznamələr qoşaraq oğuz əfsanələrini anlatması, oğuz boylarına mənsub olan insanlara keçmişdən dərs almalarını öyrətməsi, hadisələrin məna və hikmətlərin sirrinə çatma şövqünü aşılaması Dədə Qorqudun Oğuz türklüyündə tərbiyəçi bir rol oynadığını və xalqla bütünləşdiyini göstərir.

XV və XVI əsrlərdə "Dədə Qorqud"u yazıya köçürənlər o böyük türk insanını bizə belə anladırlar: "Rəsul əleyhissəlam zamanına yaxın Bayat boyundan Qorqud ata deyilən bir adam ortaya çıxdı. Oğuzun tam bilicisi idi o adam. Ağzı fal idi. Nə deyirdisə, olurdu. Qeyb olanlardan cürbəcür xəbərlər söyləyərdi. Allah Təala onun könlünə ilham verərdi. Qorqud ata Oğuz xalqının çətinliklərini həll edərdi. Hər necə iş olursa-olsun, Qorqud ataya danışılmadıqda həll olunmazdı. O nə buyursaydı, qəbul edilərdi. Onun sözü dərhal yerinə yetirilərdi. Dədə Qorqud belə deyib: "Allah demədikcə, işlər düzəlməz. Qadir Allah verməsə, adam zəngin olmaz. Əvvəldən yazılmasa, qul başına qəza gəlməz. Əcəl vaxtı çatmasa, kimsə ölməz. Qulluqçuya gözəl paltar geyindirməklə ondan xanım olmaz. Köhnə düşməndən dost olmaz. Qara qoç ata qıymayınca, yol tükənməz. Qara qılınc çalmayınca, düşmən dönməz. Adam malına qıymayınca, adı çıxmaz. Qız anadan görməyincə, öyüd almaz. Oğul atadan görməyincə, süfrə açmaz. Dövlətli oğlu oğul olsa, ocağının közüdür. Oğul nə etsin, atası öldükdə malı qalmasa. Ata malından nə fayda, başda dövlət olmasa. Sürətli bir ata namərd minə bilməz, minməsindən minməməsi daha yaxşıdır! Mərd qılıncı çalıb kəsər, namərd çalmasa, daha yaxşıdır! Vurmağı bacaran igidə ox qılıncdan daha yaxşıdır! Qonağı gəlməyən evlər dağılsa daha yaxşıdır. Xan, dövlətin şərindən sizi Allah saxlasın!"

"Dədə Qorqud"u yazıya köçürən adam bir ozan imiş. Aydındır ki, belə bir girişdən sonra o da "Dədə Qorqud" hekayələrinə başlayar. Tam 12 hekayə. Hər biri dastan nağıllar kimi bəzəkli, ayrı-ayrı bir gözəllikdə: "Dirsə xan oğlu Boğac xan..." "Salur Qazan evinin qarət edilməsi..." "Kam Pürenin oğlu Bamsı Beyrək..." "Qazan bəyin oğlu Uruz bəyin əsir olduğu..." "Dahi Qoca oğlu Dəli Dumrul..." "Kanqlı Qoca oğlu Qan Turalı..." "Qazılıq Qoca oğlu Yigənək..." "Basatın Təpəgözü öldürməsi..." "Begil oğlu Emrən..." "Uşun Qoca oğlu Seqrək..." "Salur Qazan oğlu Olup oğlu Uruzun Çıxardığı..." "İç Oğuza xarici Oğuz üsyanı olub, Beyrəyin öldüyü..."

Bu hekayələrin hər birində oğuz türkcəsinin gözəlliyi ən cəzbedici halı ilə göz qabağındadır. Mərhəmətli ana, yar sevgisi - türkün bütün xüsusiyyətləri "Dədə Qorqud"da vardır.

Dədə Qorqud kitabının içindəkilər, ümumiyyətlə, türk millətinin həyatına aid olması, türklərin qəhrəmanlıqlarına yer verməsi, yüksək bir coşqunluq ifadəsi daşıması, təbiət ünsürlərinin hekayələrdə ön sıranı işğal etməsi və aktiv bir həyatın yer alması, bu həyatın heyvanlarla rənglənməsi və sürətlə inkişaf etməsi, hunlardan başlayaraq Göytürk, Oğuz, Yabqu dövləti, Səlcuqlu, Ağqoyunlu və Osmanlı olmaqla bütün türk tarixini maraqlandırması, Orta Asiya və Türküstan coğrafiyasının ünsürləri olmaq şərtilə Azərbaycan və Şərqi Anadolunu içərisinə alan bir coğrafiyaya sahib olması kimi vəsflərlə "Dədə Qorqud kitabı" milli bir dastan mahiyyəti daşıyır.

Dədə Qorqud kitabındakı hekayələrin dili türkcənin ən gözəl nümunəsini təşkil edir. Bənzərsiz olan bu dil türkcənin şah əsəri olub, əsrlər boyu türk millətinin ağzından süzülən

ata sözlərilə bəzənən bir dildir. Bu yönü ilə də "Dədə Qorqud kitabı" bir dastan vəsfi daşıyır. Dünyaca tanınan elm adamı V.M. Jirmunski kimi bu sahədə çalışanlar "Dədə Qorqud kitabı" üçün: "Türk dilini danışan xalqın dastanıdır..." - deməkdən özlərini saxlaya bilməzlər.

Yuxarıda qeyd etdiyimiz kimi, "Dədə Qorqud kitabı" türk millətinin ən böyük mədəni varlıqlarından biri olaraq ən öndə gələn dastanıdır. Bu kitab keçmişdən bəri, başda Türkiyə olmaqla, bu gün dağınıq halda yaşayan bütün türklüyü əhatə edən, şərəf, namus, əxlaq səciyyəsini daşıyan, bəzi anlaşmazlıqlar bir tərəfə dursun, milli birliyi öndə tutan, insan haqq və hüquqlarına dəyər verən, qısacası, türk millətinin zövqlərini, dünyagörüşünü və digər hikmət və hökmlərini özündə ehtiva edən tarixi bir əsərdir.

Avropada prof.Bartolddan başlayaraq E. Rossiyə qədər bir çox elm adamları bu əsər üzərində ciddi araşdırmalar aparıb. Türk dünyasında isə, başda Fuad Köprülü olmaqla, Zəki Vəlidi Toqan, Abdulqadir İnan, Faruk Sümer, Fəxrəddin Kırzıoğlu və başqaları bu mövzuda elmi tədqiqat işləri görüb. Bütün bunlarla yanaşı, "Dədə Qorqud kitabı"nı elmi baxımdan ciddi olaraq araşdıran İstanbul Universiteti Ədəbiyyat fakültəsinin müəllimi prof. dr. Məhərrəm Erginin bu əsəri 1969-cu ildə bugünkü Anadolu türkcəsində nəşr etdirdiyini xüsusilə qeyd etmək istərdik. Bundan əlavə, bu tarixi əsərin ingiliscə, rusca, italyanca, almanca və serbcə tərcümələri də var.

Milli dastanlar millətin, xalqın hafizəsindəki tarixdir desək, yanılmarıq. Türk milləti zəngin tarixinə yaraşan dastanların sahibidir. Oğuz xan, Manas, Dədə Qorqud kimi bir çox dastanlar ulu türk millətinin tarixini anladır.

Müsəlmanlığı qəbul etdikdən sonra ən böyük dastanımızın "Manas" olduğunu bilirik. "Manas"dan sonra "Dədə Qorqud" gəlir... Bu iki dastan diqqətlə incələndikdə görünür ki, hadisələrin, hekayələrin əmələ gəlməsi və işlənməsi bizə millətimiz haqqında geniş məlumatlar verir. "Manas" müsəlman olmuş şərq türklərinin iman və həyəcanı üzrə qurulmuş bir çox hadisələrin əksidir. "Manas"dakı mövzuları qərb türkləri arasında əmələ gələn "Dədə Qorqud" dastanında da görə bilirik. Bunu da ifadə etmək istərdik ki, "Dədə Qorqud"da da, eynən "Manas"da olduğu kimi, türklərin müsəlmanlıqdan əvvəlki inamlarının təsirini görə bilirik.

"Manas" dastanında hər bir hekayə bilavasitə və ya digər bir səbəblə Ər Manasın ətrafında cərəyan edərkən "Dədə Qorqud"da Bayandır xanın hökmü altındakı oğuz xalqlarında yaşanan hadisələr nəql olunur. Yenə bu iki dastanda nəql olunan hekayələrdə "Oğuz xan" dastanının izlərini və Göytürk Benqü daşlarında yazılan ifadələrin təsirini görürük. Bu baxımdan dastanlarımız türk xalqlarının ortaq tarixi, ortaq kədər, ortaq mədəniyyət və ortaq gələcəyinin qiymətli və unudulmaz bir nişanəsidir.

"Dədə Qorqud" hekayələrinə görə, Bayandır xan oğuzların başçısıdır. Ancaq oğuzları Bayandır xan adından Qazan bəy idarə edir. Bu vəziyyət türk tarixindəki rəhbərlik anlayışına da uyğundur. Bir nümunə vermək lazımdırsa, o zaman Teymur xanın sağlığında oğlunun ölkəni idarə etməsini göstərə bilərik...

"Dədə Qurqud" mövcud dastanlarımız arasında verdiyi xəbərlər baxımından ilk sırada yer alır. Bu vəziyyət həqiqətən çox önəmlidir. Məlumdur ki, dastanların yaradıcısı bir nəfər deyil, bütün bir millətdir. Dastan bir millətin güzgüsüdür. Biz onda bir millətin xüsusiyyətlərini rahatca tapa bilirik. Türk dastanları türk millətinin ortaq dahiliyinin məhsuludur. Türk millətinin misilsiz xüsusiyyətləri Dədə Qorqud dastanında bir-bir sıralanıb: türk dilinin ifadə gözəlliyi, səmimi müsəlmanlığımız, qəhrəmanlığımız, Uca Allaha və Vətənə olan sevgimiz, qonaqpərvərliyimiz, heyvanlara və təbiətə olan sevgimiz, dövlət şüurumuz, birlik və bərabərliyə verdiyimiz qiymət, çalışqanlığımız, qəzəbimiz, fitnə nəticəsində doğan milli fəlakətlər... Bunlardan əlavə, daha bir çox xüsusiyyətlərimiz "Dədə Qorqud"un bağrında yaşayır.

Dədə Qorqud hekayələrində hiss edilməsi çətin olan bir xüsusiyyətimiz də var. Bu xüsusiyyət hekayələrin nəql olunmasında sezilən "üstün şüurumuzdur". "Dədə Qorqud"da mövcud olan 12 hekayədən hansını oxusanız, hakimiyyət ədasının verdiyi o coşqun üslubu görə bilərsiniz. Bu üslub türklərin özlərinə olan inamını ifadə etməklə yanaşı, onların dünyada ən qüvvətli və iqtidarlı bir millət olduğunu "dastan dili ilə" nəql edir.

"Manas"ımız kimi "Dədə Qorqud" da bir ulu dəryadır... Sizi yüzillər öncəsinə aparır. Dədə Qorqudda VIII əsrdə türk tarixinin izlərini çox rahat tapa bilərsiniz. Yeri gəlmişkən, Göytürklərin zamanında tikilən Orkun Benqü daşlarında yazılan "Sağdakı Şadapıt bəyləri, soldakı Tarkanlar, buyuruq bəyləri," deyə başlayan sözlərin bir bənzəri Dədə Qorqudda belə keçir: "Sağda oturan sağ bəylər, solda oturan sol bəylər, dibdə oturan təmiz bəylərdir, xoşbəxt olsun dövlətimiz..."

İndi bir hesab aparaq: "Dədə Qorqud" hekayələri XV və XVI əsrlərdə yazılıb. Orkun Benqü daşları isə VIII əsrə aid əsərlərdir. Arada yeddi yüz illik bir zaman var... Digər tərəfdən, "Dədə Qorqud" hekayələrinin keçdiyi yerlər Azərbaycan və Anadoludur. Orkun Benqü daşları isə Asiyanın göbəyindədir. Arada minlərcə kilometrlik bir məsafə var! Bax bu vəziyyət bizə - biz dünya türklərinə dildə, fikirdə, işdə birlik süurunun zaman və məkan tanımadığını, hər an millətimizin yaddaşında canlı olduğunu isbat edir.

Biz dahi Dədə Qorqudun dililə yazımıza son verək: Qırğız qazaxdan kəsməsin! Türkmən özbəyə arxa çevirməsin! Azəri sahildə durmasın! Anadolu türkü uzaqda qalmasın! Aramıza fitnə qılıncı girməsin! Sıralarımız sıx olsun! Arxamız güclü olsun! Qoy türk xalqları özgənin fitnə dolu şirin sözlərinə uymasın!

Türk xalqları yatmasın!

Bir olsunlar! Diri olsunlar! İri olsunlar!

Ey görklü Tanrı, Ucasan!

Bu dünyada Türkü güclü qıl!

Dədə Qorqud atamızın türklük üçün nə qədər alışıb yandığı bu ifadələrdən bəlli olur.

Biz bu ulu atamızın xidmətlərini həmişə anmağa borcluyuq.

Ruhu şad olsun!