Azərbaycan. - 2012.-1 yanvar. - 1. -S. 6.

 

Hər cəhətdən gözəl insan idi

 

Oqtay ŞİRƏLİYEV,

səhiyyə naziri

 

Əhliman ƏMİRASLANOV,

akademik, SSRİ Dövlət mükafatı laureatı, Milli Məclisin deputatı

 

Azərbaycan Tibb Universitetinin təşəkkül tapıb inkişaf etdirilməsində, beynəlxalq aləmdə tanıdılmasında, milli tibb kadrlarının, səhiyyə işçilərinin hazırlanmasında görkəmli alim və dövlət xadimi, bacarıqlı səhiyyə təşkilatçısı, əməkdar həkim, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyevin çoxşaxəli fəaliyyəti və müstəsna xidmətləri xüsusi vurğulanmalıdır. Onun şərəfli ömrünün böyük bir hissəsi Azərbaycan Dövlət Tibb İnstitutu (indiki Azərbaycan Tibb Universiteti) ilə bağlı olmuşdur.

Əziz Əliyev 1897-ci il yanvar ayının 1-də qədim Azərbaycan torpağı olan İrəvan quberniyasının (İrəvan xanlığının) Hamamlı kəndində anadan olmuşdur. İbtidai və orta təhsilinin bir hissəsini (1908-ci ilə qədər) həmin kənddə, bir hissəsini Çitadakı (Rusiyada) gimnaziyada, daha sonra isə İrəvandakı kişi gimnaziyasında almışdır. Həmin vaxtlar Əziz Əliyevin bibilərindən Göyçək xanım ailəsi ilə birlikdə Çita şəhərində yaşayırdı və o, bir müddət bibisigildə qalıb təhsilini orada davam etdirmişdir. Əziz Əliyev 1914-cü ildə yay tətili günlərində İrəvana gəlir. Lakin I Dünya müharibəsinin başlanması ilə əlaqədar yollar bağlandığına görə Çitaya qayıda bilmir. Odur ki, İrəvan gimnaziyasında oxuyaraq 1917-ci ildə oranı əla qiymətlərlə başa vurdu.

Əziz Əliyev uşaqlıq illərindən həkim olmaq həvəsinə düşmüş və arzusuna çatmaq üçün maliyyə köməyi baxımından xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə müraciət etmişdir. H.Z.Tağıyevdən maliyyə dəstəyi aldıqdan sonra 1917-ci ildə Sankt - Peterburqa gedib orada dünyanın ən məşhur tibb ocaqlarından olan Hərbi Tibb Akademiyasına daxil olmuşdur. Orada dərsdənkənar vaxtlarda səpgili yatalaq əleyhinə təşkil edilmiş sanitariya - dezinfeksiya briqadasında işə düzələrək həm praktik tibbi vərdişlərə yiyələnmiş, həm də aldığı maaşla özünün və ailəsinin minimal xərclərini ödəyə bilmişdir.

Birinci kursu müvəffəqiyyətlə başa vurduqdan sonra gənc Əziz 1918-ci ilin yay tətili günlərində doğma yurdu İrəvana qayıtmış və erməni daşnaklarının yerli əhalinin başına gətirdikləri işgəncələrin canlı şahidlərindən olmuşdur. Həmin illərin ağrı-acılarını yaşayanlardan biri də Əziz Əliyev və onun ailəsi olmuşdur. Bir müddət Naxçıvanın Şərur rayonunda və Şahtaxtı kəndində məskunlaşan didərginləri burada da sakit buraxmayıblar və erməni-bolşevik dəstələri Naxçıvana silahlı basqınlar edərək qırğınlar, dağıntılar törədiblər. Ailə məcbur olub Cənubi Azərbaycanın Ərəblər kəndinə keçib. Odur ki, həmin illərdə Əziz Əliyev Sankt-Peterburqda tibb təhsilini davam etdirə bilməyib.

1921-ci ildə didərgin düşmüş əhali nəhayət ki, Naxçıvana qayıdıb. Bu illərdə Əziz Əliyev arası kəsilmədən didərgin düşən soydaşlarına və yerli əhaliyə orta tibb işçisi kimi yardım göstərib, həkim və əczaçı köməkçisi funksiyalarını yerinə yetirib.

Əziz Əliyev 1923-cü ildə yarımçıq qalmış ali tibb təhsilini davam etdirmək  ümidilə ailəsini də götürüb Bakıya köçür. O, Bakıya gələn kimi Xalq Komissarları Şurasında işə düzəlir və tapşırılan bütün işləri müvəffəqiyyətlə yerinə yetirir. Orada o, iş icraçısı, ümumi şöbə müdirinin müavini, katib köməkçisi və katib vəzifələrində çalışaraq, özünü bacarıqlı təşkilatçı kimi göstərir. 1923-cü ildə yenidən imtahan verərək Bakı Dövlət Universitetinin tibb fakültəsinə daxil olur. 1927-ci ildə arzusunda olduğu ali tibb təhsilini başa çatdırır. Elə həmin ildə Xalq Komissarları Şurasının göndərişi ilə klinikada elmi-pedaqoji işə başlayır. Əziz Əliyevin fenomen bir şəxsiyyət kimi formalaşdığını təsdiqləyən Bakı Dövlət Universitetinin rəhbərliyi onun tibb fakültəsini bitirdikdən sonra daxili xəstəliklər kafedrasında saxlanılması haqqında qərar verir. O, bu dövrdə də özünü bacarıqlı təşkilatçı kimi göstərərir. Buna görə də ona ictimai və dövlət əhəmiyyətli işlər də tapşırılır. O, 1928-ci ildə Xalq Səhiyyə Komissarlığında müalicə şöbəsinin müdiri vəzifəsinə işə götürülür.

1929-cu ildə isə Azərbaycan Klinik İnstitutunun direktoru vəzifəsinə təyin edilir və 1932-ci ilə qədər bu instituta rəhbərlik edir. Bakı Dövlət Universitetinin tibb fakültəsi öz fəaliyyətini dayandırdıqdan sonra, 1930-cu il may ayının 9-da bu fakültənin nəzdində Azərbaycan Dövlət Tibb İnstitutu yaradılır. Həmin ilin iyun ayının 19-da isə ADTİ-də ilk tələbə qəbulu aparılır. O zaman ADTİ-nin təşkili çox mürəkkəb bir proses olduğundan artıq mahir təşkilatçı kimi tanınan Əziz Əliyev də bu mühüm prosesin icrasına cəlb edilir. 1932-ci ildə isə Azərbaycan Tibb İnstitutunun direktoru vəzifəsi Əziz Əliyevə tapşırılır və o, 6 ilə yaxın bir müddətdə bu funksiyanı şərəflə yerinə yetirir.

1919-1930-cu illərdə fəaliyyət göstərmiş Bakı Dövlət Universitetinin tibb fakültəsində dərslər ancaq rus dilində aparılırdı və ona görə də Azərbaycanın ucqar rayonlarından gələn gənclərin tibb fakültəsinə qəbul olunması müşkül məsələyə çevrilmişdi. Azərbaycan Dövlət Tibb İnstitutu yaradıldıqdan sonra burada müalicə-profilaktika və sanitariya-gigiyena fakültələri fəaliyyət göstərməyə başladı. Həmin fakültələrdə dərslər rus dili ilə yanaşı, Azərbaycan dilində də aparılırdı. Bunun nəticəsində də respublikada mükəmməl milli tibb kadrları ordusunun hazırlanması üçün müəyyən addımlar atılmışdı.

Azərbaycan Tibb Universitetinin inkişafı və təşəkkülü bir neçə mərhələyə bölünür. Bu inkişafın ilk mərhələsi 1932-1938-ci illəri əhatə edən Əziz Əliyev mərhələsidir.

Qeyd etdiyimiz kimi, Əziz Əliyev   bu məsuliyyətli işə başlamazdan əvvəl bütöv bir həyat məktəbi keçmiş və kifayət qədər təcrübəyə malik idi. Ona görə də 1932-ci ilin iyun ayının 1-də Azərbaycan Dövlət Tibb İnstitutunun direktoru təyin edilərkən o, ilk günlərdən təşkilatçılıq imkanlarından istifadə edib, bir-birinin ardınca özünün hazırladığı layihələri həyata keçirməyə başladı. Onu narahat edən məsələlərdən biri də bu idi ki, milli həkim, milli elmi işçilərin yetişdirilməsi üçün ilk növbədə tədris prosesi ilə məşğul olan milli müəllim kadrları və ana dilində dərsliklər olmalıdır. Bunsuz tibbi fənləri tədris etmək  qeyri-mümkündür. Ona görə də Əziz Əliyev tibbin müxtəlif ixtisasları üzrə səriştəsi olan azərbaycanlı alimləri toplayaraq qısa müddətdə onları ana dilində dərsliklər yazmağa sövq etdi. Az vaxtda  onun rəhbərliyi ilə milli dildə 55 adda dərslik çap edilərək tələbələrin ixtiyarına verildi. Əziz Əliyevin təşəbbüsü ilə işıq üzü görən əsərlərdən özünün yazdığı "Klinik analizlər" kitabı, K.Balakişiyevin "İnsanın normal anatomiyası", M.Qəniyevin "Mikrobiologiya kursu", C.Hüseynovun "Patoloji anatomiya", Y.Qazıyevin "Ağciyər vərəmi", Ü.Musabəylinin "Göz xəstəlikləri", Ə.Talışinskinin "Travmatologiya", Q.Səfərov və Ə.Həsənovun "Bioloji kimya" və digər dərsliklər, eləcə də M.Mirqasımovun, M.Topçubaşovun, M.Mirsəlimovun, M.Əfəndiyevin, Z.Məmmədovun və başqalarının çap olunan dərs kitabları Azərbaycanın tibb tarixində abidəyə çevrilmiş nəşrlərdəndir. Bu kitablar indi də dəyərini saxlayır  və onların hər birinin işıq üzü görməsində Əziz Əliyevin müstəsna rolu olub. Professor qısa müddətdə rus dilində olan tibbi kitablardan ən vaciblərinin Azərbaycan dilinə tərcüməsinə də nail olub. Onun təşəbbüsü ilə "Boğaz, burun, qulaq xəstəlikləri", "Uşaq xəstəlikləri", "Farmakologiya kursu", "Histologiya" adlı kitablar və digər dərsliklər tərcümə edilərək çap olunub. O vaxtlar kitab çap etdirmək üçün texniki təchizat yox dərəcəsində idi. Ümumiyyətlə, ADTİ-nin maddi-texniki bazası çox zəif idi. Odur ki, Əziz Əliyev ali məktəblərə rəhbərlik etdiyi ilk illərdə hər işi sıfırdan başlamalı olurdu ki, bu da çox vaxt tələb edirdi.

Heç bir çətinlikdən çəkinməyən Əziz Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunun nəzdində tibbi kitabxana yaratmaq ideyasını reallaşdırmağa başladı. Onun səyi nəticəsində professor P.Rostovtsevin sədrliyi ilə ADTİ-də kitabxana komissiyası yaradılmışdır. Əziz Əliyevin yaratdığı bu komissiya 1936-cı ildə oxuculara belə bir təlimat göndərir: "Kitabxana plan üzrə SSRİ-də nəşr olunan bütün təzə kitabları, o cümlədən dövri tibbi - bioloji ədəbiyyatı alır. Bunlardan əlavə, kitabxana SSRİ-nin 231 elmi müəssisəsi və 87 xarici ölkə ilə kitab mübadiləsi aparır". Bundan sonra tibbi kitabxananın inkişafında və formalaşmasında ciddi dönüş yaranmışdır.

Hazırda ATU 1 milyona yaxın kitab fonduna malikdir. Bu zəngin fondun bünövrəsini qoyan, respublikamızda ilk tibbi kitabxananın banisi Əziz Əliyevdir.

Görkəmli alim ümumiyyətlə, bütün şüurlu fəaliyyəti dövründə tibb nəşriyyatı yaratmağın, onu  təkmilləşdirmək və inkişaf etdirməyin yolları haqqında düşünüb. O, bu sahədəki ideyalarını tədricən həyata keçirməyə başlayıb və institut kollektivinin köməyi ilə 1934-cü ildə "Tibb nəşriyyatı" yaradıb. Professorun təşəbbüsü və redaktorluğu ilə ilk dəfə olaraq "Praktiki və nəzəri tibb jurnalı"nın nəşrinə başlanılıb. O, 1929-cu ildən etibarən "Azərbaycan Tibb Jurnalı"nın məsul katibi vəzifəsində çalışıb, 1935-ci ildə isə həmin jurnalın baş redaktoru təyin edilib. O dövrdə jurnal ADTİ-də yenicə təşkil edilmiş "Tibb nəşriyyatı"nda çap olunub. 1933-cü ildə yenə də Əziz Əliyevin təşəbbüsü ilə Azərbaycan Dövlət Tibb İnstitutunda "Tibb kadrları uğrunda" adlı çoxtirajlı qəzetin nəşrinə başlanıb. Hazırda bu qəzet "Təbib" adı ilə ATU-nun nəşriyatında çap olunub fəaliyyətini davam etdirir. 2003-cü ildə ATU-da "Təbib" qəzetinin yaradılmasının 70, 2008-ci ildə isə 75 illik yubileyləri təntənə ilə qeyd edildi və həmin mərasimlərdə qəzetin yaradıcısı Əziz Əliyevin adı ehtiramla xatırlandı.

Əziz Əliyev harada çalışırsa  çalışsın elmi axtarışlarını bir an belə dayandırmayıb. O, institutu bitirəndən 2 il sonra - 1929-cu ildə namizədlik dissertasiyası, 5 il sonra isə doktorluq dissertasiyası müdafiə edib. 1933-cü ilin avqust ayında Almaniyada elmi ezamiyyətdə olub. Oradan qayıtdıqdan sonra doktorluq dissertasiyasını müdafiə edib. Azərbaycandan ilk dəfə bu dissertasiya işi SSRİ Elmlər Akademsiyasının və ÜİLKGİ Mərkəzi Komitəsinin mükafatına layiq görülən dəyərli elmi əsər kimi qiymətləndirilib. Əziz Əliyev 1941-ci ildə Azərbaycan SSR xalq səhiyyə komissarı işləyərkən SSRİ  Elmlər Akademiyasının Azərbaycan filialının Rəyasət Heyəti nəzdində təşkil edilmiş Elmi Şuranın üzvü, 1956-cı ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru olarkən professor vəzifəsinə seçilib.

 Əziz Əliyevin Azərbaycan Dövlət Tibb İnstitutuna rəhbərlik etdiyi  dövrdə yazdığı "Klinik analizlər" kitabı tələbələr və gənc həkimlər tərəfindən rəğbətlə qarşılanıb və onların stolüstü kitablarından birinə çevrilib. Onun bir neçə elmi əsəri "Azərbaycan Tibb Jurnalı"nda çap edilib. İlk illərdə çap edilənlərə "Həzm zamanı qanın xloridləri" (1928), "Malyariyanın Karno metodu ilə müalicəsi" (1932), "Klinik analizlər üzrə rəhbərlik" (1933) əsərlərini misal göstərmək olar. Əziz Əliyev uzun müddət eksperimental nefritin öyrənilməsi problemi ilə də məşğul olub, elmi işlərinin əsas məğzini bu istiqamətə yönəldib, pedaqoji işlərlə məharətlə uzlaşdıra bilib və fakültə terapiyası kafedrasında müəllimlik fəaliyyətini davam etdirib. Belə ki, o, 1927-ci ildən BDU-nun tibb fakültəsinin diaqnostika kafedrasında ordinator və aspirant, 1930-cu ilin oktyabrından isə yenicə təşkil edilmiş Azərbaycan Dövlət Tibb İnstitutunun birinci terapiya və diyar patologiyası kafedrasında assistent və dosent vəzifələrində çalışıb.

Professor Əziz Əliyevin Azərbaycan Dövlət Tibb İnstitutuna rəhbərlik etdiyi dövrdə 11 doktorluq və çox sayda namizədlik dissertasiyası müdafiə edilib. Bununla bağlı təkcə bu faktı qeyd etmək kifayətdir ki, onun təşəbbüsü ilə kafedraların nəzdində təşkil edilmiş aspiranturada 4 il ərzində 30 tibb elmləri namizədi hazırlanıb. Onlardan 19-u milli kadr olub. O, tibb sahəsi üzrə milli kadr hazırlığını daim ön plana çəkib.

Əziz Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alan tələbələrin həyatı ilə dərindən maraqlanır, onların probemləri barədə ciddi düşünürdü. 1933-cü ildə onun təklifi, təşəbbüsü və bilavasitə iştirakı ilə indiki Kliniki Tibbi Mərkəzin yaxınlığında "Tibb şəhərciyi"nin inşasına başlanır. Sonralar həmin şəhərcikdə tələbə yataqxanaları ilə birlikdə nəzəri kafedralar üçün tədris korpusları da tikilib. Bu işlərin genişləndirilməsi ulu öndər Heydər Əliyev tərəfindən yerinə yetirilib. Son 8 ildə isə Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilib.

1933-1934-cü illərdə ölkədə çörək qıtlığı yarandığından ADTİ-nin tələbələrinin də güzəranı xeyli ağırlaşıb. Vəziyyətdən çıxmaq üçün Əziz Əliyevin qayğısı sayəsində "Azad qadın" heykəlinin yaxınlığındakı orta məktəbin birinci mərtəbəsində tələbə yeməkxanası təşkil edilib. Burada ADTİ-nin tələbələrinə gündə 500-600 qr çörəklə bərabər pulsuz yemək verilib. Bundan əlavə, Əziz Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunda rektorluq fondu yaradıb. Həmin fondun hesabına ehtiyacı olan əlaçı tələbələrə hər il paltar, ayaqqabı aldırar,  bu da tələbələri daha yaxşı oxumağa sövq edərdi.

Əziz Əliyev hər il Azərbaycan Dövlət Tibb İnstitutunun son kurs tələbələrinin ən bacarıqlılarını Moskvanın və Sankt-Peterburqun məşhur ali tibb məktəblərinə ezam edər, onlara təcrübə toplamaları üçün əlverişli şərait yaradardı. Belə vaxtlarda da ölkədən xaricə gedən tələbələrə pul yardımı edər, onları başdan ayağa öz hesabına geyindirərdi.

Maraqlı faktlardan biri də budur ki, Əziz Əliyev 1934-cü ildə Bakıda səhiyyə xidmətinin səviyyəsini yüksəltmək məqsədilə Bakı şəhər səhiyyə şöbəsinin müdiri vəzifəsinə təyin edilib, bir neçə aydan sonra o, qarşısına qoyulan məqsədə nail olub və  yenidən Azərbaycan Dövlət Tibb İnstitutunun direktoru vəzifəsinə qaytarılıb.

1936-1940-cı illərdə Əziz Əliyevin iştirakı ilə malyariya və traxomaya qarşı mübarizəyə başlanılıb. Bacarıqla həyata keçirilən tədbirlər sayəsində ölkəmizdə tüğyan edən bu dəhşətli xəstəliklərin geniş miqyasda yayılmasının qarşısı alınıb. Onun rəhbərliyi altında müalicə - profilaktika məqsədilə respublikamızda  xüsusi dispanserlər, şəhər və kəndlərdə göz xəstəxanaları təşkil edilib.

Professorun Azərbaycan Dövlət Tibb İnstitutunda göstərdiyi səmərəli fəaliyyəti dövlət orqanları tərəfindən yüksək qiymətləndirilib.

Göründüyü kimi, görkəmli alimin fəaliyyət dairəsi olduqca rəngarən və çoxcəhətli olub. O, müəyyən müddətdə Azərbaycan Dövlət Tibb İnstitutunun direktoru olmaqla yanaşı, Əczaçılıq İnstitutuna da rəhbərlik edib və 1937-ci ildə eyni zamanda Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışıb. İkinci Dünya müharibəsi illərinin əvvəllərində isə alay polkovniki rütbəsində siyasi rəhbər kimi Cənubi Azərbaycana göndərilib.

O, 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi, 1942-1948-ci illərdə Dağıstan MSSR Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışıb və bu vəzifələrdə də  özünü bacarıqlı dövlət xadimi kimi göstərə bilib. Professor 1949-1950-ci illərdə Moskvada ÜİK (b) P MİK-nın təlimatçısı, 1950-1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, sonrakı illərdə Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru olmuş, Sabunçu xəstəxanasında işləmiş, 1956-cı ildən etibərən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifəsində fəaliyyət göstərmişdir.

Əziz Əliyev I-II çağırış SSRİ Ali Sovetinin, I-III çağırış Azərbaycan SSR Ali Sovetinin, II çağırış Dağıstan MSSR-in Ali Sovetinin deputatı olmuşdur.

Görkəmli dövlət xadiminin vətən və xalq qarşısındakı misilsiz xidmətləri yüksək qiymətləndirilib. O, iki dəfə "Lenin" ordeni, "Qırmızı Əmək Bayrağı" ordeni, "I Dərəcəli Vətən Müharibəsi" ordeni, "Səhiyyə Əlaçısı" döş nişanı, bir çox medallar, o cümlədən 1948-ci ildə "Moskvanın yaranmasının 800 illik"  xatirə medalı və çoxsaylı fəxri fərmanlarla təltif edilib. 1960-cı ildə Əziz Əliyevə "Azərbaycan SSR əməkdar həkimi" fəxri adı verilib. Hazırda Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Bakının mərkəzi küçələrindən biri, Mahaçqalada bir küçə, Dağıstanda bir sovxoz, Kaspiyskidə bir tibb məktəbi Əziz Əliyevin adını daşıyır.

1998-ci ilin may ayının 14-də Əziz Əliyevin anadan olmasının 100 illik yubileyi Bakıda dövlət səviyyəsində qeyd edilərkən yubiley təntənələrində çıxış edən ümummilli lider Heydər Əliyev görkəmli dövlət xadiminin zəngin həyat yolu və yaradıcılığı barədə danışarkən demişdir: "Əziz Əliyev mənə danışırdı ki, o, 1937-ci il repressiyasından möcüzə nəticəsində xilas olmuşdur. Onu sonralar 50-ci illərin əvvəllərində repressiya etdilər. İşdən çıxarıb Ortopediya və Bərpa Cərrahiyyəsi İnstitutunun direktoru təyin etdilər. Amma tezliklə bu vəzifədən də çıxartdılar. Professoru, elmlər doktorunu, bu qədər xidmətləri olan bir insanı Sabunçu xəstəxanasına adi həkim kimi  göndərdilər və o, 3 il orada işlədi".

 Lakin xoşbəxtlikdən bu, uzun sürmədi və Əziz Əliyev yenidən  öz layiqli qiymətini aldı. Onun əvvəlki şan-şöhrəti yenidən özünə qaytarıldı.

Ümummilli lider Heydər Əliyev Əziz Əliyevin yubiley  gecəsində çıxış edərkən bu böyük şəxsiyyətin insani keyfiyyətlərindən söhbət açmışdır: "Azərbaycanda və Dağıstanda işlədiyi illərdə o, elm xadimləri ilə çox sıx əlaqədə olurdu. Bütün tibb professorları onun dostları idi. Onların çoxunu o hazırlayıb irəli çəkmişdi. Azərbaycan incəsənəti və ədəbiyyatının Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Bülbül, Niyazi, Səməd Vurğun, Süleyman Rüstəm, Qara Qarayev kimi görkəmli xadimləri ilə onun çox yaxın, mehriban, ailəvi münasibətləri vardı. Bütün bunlar ona görə olurdu ki, o, çox ziyalı bir adam idi, yüksək səviyyədə savadlı, mədəni adam olduğuna görə həmişə məhz bu mühitlə təmasda olmağa çalışırdı. Həmin adamlar da onunla yaxın olmaq istəyirdilər. O, hər cəhətdən gözəl insan idi".

Əziz Əliyev həyat yoldaşı Leyli xanımla birgə böyütdükləri övladlarına layiqli  valideyn olublar. Onların övladları da öz istedadları, bacarıqları hesabına ucalıblar. Bu ailənin övladlarından Zərifə Əliyeva Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra həyatını bütünlüklə Azərbaycanda oftalmologiya elminin inkişafına, bu sahədə yüksəkixtisaslı tibb kadrlarının hazırlanmasına, müalicəyə ehtiyacı olan saysız-hesabsız xəstələrin şəfa tapması üçün çalışıb, onlara nur, şəfqət bəxş edib. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda da, Moskvada da eyni uğurla çalışan Zərifə Əliyeva oftalmologiya sahəsində akademik səviyyəsinə qədər yüksəlib və 1981-ci ildə keçmiş SSRİ Elmlər Akademiyasının çox nüfuzlu mükafatı sayılan Averbax mükafatına layiq görülüb. Əziz Əliyevin digər övladları  Ləzifə Əliyeva bacarıqlı göz həkimi, ADTİ-nin göz xəstəlikləri kafedrasının dosenti, Dilbər xanım adlı-sanlı mühəndis - rabitəçi olmuşdur. Əziz Əliyevin kiçik qızı əməkdar incəsənət xadimi Gülarə xanım Əliyeva uzun müddət "Dan ulduzu" instrumental ansamblına rəhbərlik edib və populyar pianoçu, peşəkar müsiqişünas kimi xatirələrə əbədi həkk olunub. Əziz Əliyevin böyük oğlu əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Tamerlan Əliyev respublikanın tanınmış terapevtlərindən idi. O, uzun müddət ATU-nun daxili xəstəliklər kafedrasında kafedra müdiri vəzifəsində çalışıb. Əliyevlər ailəsinin kiçik övladı Cəmil Əliyev də həyatını tibb elminin inkişafına həsr edib, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik səviyyəsinə qədər yüksəlib. O, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının, Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş direktorudur. Akademik  Cəmil Əliyevin elmi əsərləri təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da geniş yayılıb, müəllifinə nüfuz qazandırıb.

1962-ci ilin iyul ayının 27-də Əziz Əliyev vəfat etmiş Fəxri xiyabanda dəfn olunmuşdur.

Əziz Əliyevin anadan olmasının 115 illik yubileyi Azərbaycan Tibb Universitetində böyük ruh yüksəkliyi ilə qeyd olunur, bu böyük şəxsiyyətin xatirəsi universitein professor-müəllim heyəti və tələbələri tərəfindən hörmətlə anılır, ehtiramla yad edilir.

Bir sözlə,  görkəmli dövlət xadimi, bacarıqlı səhiyyə təşkilatçısı, qayğıkeş alim, həkim və müəllim kimi yaddaşlara əbədi həkk olunan Əziz Əliyevin zəngin və mənalı həyat yolu bir örnəkdir və həmişə örnək olaraq qalacaq.