Xalq qəzeti.-2016.-22 noyabr.-258.-S.1.

 

Prezident İlham ƏLİYEV: Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyat yaşaya bilərik

 

Əliqismət BƏDƏLOV

 

Bu gün Azərbaycan dünya miqyasında uğurlu inkişaf yolu ilə gedən bir ölkə kimi tanınır. Bizim həm sosial, həm də iqtisadi, hərbi quruculuq, enerji təhlükəsizliyi sahələrində, ictimai proseslərin inkişafı ilə, multikulturalizmlə, dinlərarası dialoqla bağlı təcrübəmiz öyrənilir. Bütün bu məsələlərdə Azərbaycan nümunə kimi göstərilir və biz bu yolla gedirik.

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEVİN
Füzuli rayonunda ictimaiyyət nümayəndələri ilə
görüşdəki çıxışından

 

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 25-ci ilini də başa vurdu. Əslində, 25 il  müstəqil yaşamaq dövlətçilik tarixi baxımından elə də böyük zaman deyil. Lakin bu illər ərzində ölkəmizin siyasi, iqtisadi və mədəni sahələrdə qazandığı nailiyyətlərə diqqət yetirsək, çox böyük uğurların şahidi olarıq. Bu müddət ərzində həyata keçirilmiş düşünülmüş daxili və xarici siyasət  respublikamızı dünya birliyində sayılıb-seçilən, söz sahibi olan ölkələrdən birinə çevirmişdir. Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə Füzuli və Beyləqan rayonlarına səfəri zamanı ictimaiyyətin nümayəndələri ilə görüşündə də bildirmişdir ki, Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Ölkə başçısı demişdir ki, bizim güclü potensialımız və güclü ordumuz var. Bu gün Azərbaycan dünya miqyasında uğurlu inkişaf yolu ilə gedən bir ölkə kimi tanınır.

 

Müstəqil Azərbaycan bu illər ərzində bir çox problemlərin öhdəsindən çətinliklə də olsa, layiqincə  gəldi. 1993-cü ilin ortalarından başlayaraq həyata keçirilən düşünülmüş strategiya  müstəqilliyimizə təhdidlərin, müdaxilələrin qarşısını aldı, ərazi bütövlüyümüzün qorunması və  Milli Ordunun formalaşdırılması, müasir texnika və silah-sursatla təminatında əvəzsiz rol oynadı. Prezident, Ali Baş Komandan  İlham Əliyev  Füzuli rayonuna səfəri zamanı ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olarkən və  ictimaiyyətin nümayəndələri ilə görüşərkən  ordumuzun peşəkarlığını, döyüş qabiliyyətini, əsgər və zabitlərin vətənpərvərlik ruhunu yüksək qiymətləndirmişdir: Ordumuzun gücü ilk növbədə, ordumuzda hökm sürən vətənpərvərlik ruhundadır. Döyüş qabiliyyətimiz də, Vətən sevgisi də buna bağlıdır. Hər bir Azərbaycan gənci, hər bir vətəndaş vətənpərvər olmalıdır, Vətəni hər şeydən çox sevməlidir və Vətən uğrunda öz qəhrəmanlığını göstərməlidir. Bizim Ordumuz belə ordudur, bizim hərbçilərimiz belə hərbçilərdir. Biz Ordumuzla, hərbçilərimizlə fəxr edirik.

Ölkəmizin müstəqillik tarixində keçdiyi uğurlu yolun beynəlxalq ekspertlər və dünyanın tanınmış kütləvi informasiya vasitələri tərəfindən yüksək dəyərləndirilməsi Azərbaycanın düzgün müəyyənləşdirilmiş siyasi kurs seçdiyinə dəlalət edir. Avropanın kifayət qədər tanınmış EU Reporter portalında dərc olunan  geniş məqalədən bir neçə cümləni diqqətə çatdırmaq istərdik: Müstəqil siyasəti, dinamik inkişafı, yüksək tolerantlığı  ilə diqqəti çəkən Azərbaycanda demokratik təsisatlar azad şəkildə fəaliyyət göstərir. Azərbaycan müstəqilliyini qazandıqdan sonra hər zaman Avropa İttifaqı və ona üzv olan ölkələrlə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa hazır olduğunu bəyan etmişdir.

Amerikanın nüfuzlu Foreign Affairs jurnalında dərc olunmuş bir məqalədə də Azərbaycanın sürətli inkişafından bəhs olunmuşdur: Son on ildə Azərbaycan  iqtisadiyyatı dünyanın ən sürətlə inkişaf edən  iqtisadiyyatlarından biri olmuşdur. İqtisadi şaxələndirmə proqramı və gələcəyə  aydın baxış Azərbaycanı qlobal  oyunçuya  çevirir, ölkədə investisiya  yatırımı üçün əlavə imkanlar yaradır. Azərbaycanın iqtisadi uğurlarının digər  səbəbi investorları ölkəyə dəvət edən açıq qapı siyasətidir.

ABŞ-ın The New York Times qəzetinin hazırladığı 2015-ci il üzrə Dünyanın ən görməli 52 məkanı siyahısına Bakının da daxil edilməsi heç də təsadüfi deyildir. Məqalədə qeyd olunur ki, qədim mədəniyyət və Dubay tərzindəki ekstravaqantlığı Bakını turistlərin getmək istədikləri məkanlardan birinə çevirir. 

Azərbaycanın müstəqil siyasəti sayəsində ölkəmizin qazandığı uğurlardan bəhs edən belə faktları çox göstərmək olar. Bütün bunlar respublikamızın 25 illik müstəqillik tarixində qazandığı nailiyyətlərin dünya birliyində də qiymətləndirilməsini əks etdirir və ölkəmizə marağın beynəlxalq birliyin diqqət mərkəzində olmasından xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev  bu illər ərzində həyata keçirilən siyasi xətti qiymətləndirərək demişdir ki, biz bu uğurlarla bütün dünyaya sübut etdik ki, müstəqil yaşaya bilirik: Azərbaycan dünya miqyasında böyük rəğbətə malik olan bir ölkədir. İkitərəfli əlaqələr inkişaf edir, biz dünyada daha çox dostlar qazanırıq. Üzv olduğumuz bütün təşkilatlarda bizim sözümüzün böyük çəkisi var...Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyat yaşaya bilərik, uğurla yaşaya bilərik. Bizim gözəlləşən şəhərlər, abadlaşan regionlar və dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı bunun əyani sübutudur.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurlu davamı Azərbaycanı bölgədə ən güclü iqtisadiyyata malik ölkələrdən birinə çevirib. Əvvəlki illərdə, əsasən, neft-qaz sektoru hesabına inkişaf edən  respublikamız son illər qeyri-neft sektorunun inkişafında  xeyli irəliləyiş əldə edib. Bu gün kənd təsərrüfatı sahəsində  xüsusi canlanma müşahidə olunur. Bu sektorun bütün istiqamətlərinə, demək olar ki, dövlət dəstəyi  xeyli artırılıb.

Müstəqil, açıq siyasi xəttini uğurla davam etdirən ölkəmiz  bir çox beynəlxalq tədbirlərin, nüfuzlu idman yarışlarının keçirildiyi məkana çevrilib. Eurovision beynəlxalq mahnı müsabiqəsi, ilk Avropa Oyunları, Formula-1 yarışı, Ümumdünya Şahmat Olimpiadası ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırdı, mövqeyini möhkəmləndirdi. Qarşıda bizi hələ daha mötəbər idman yarışları gözləyir. Azərbaycan gələn il IV İslam Həmrəylik Oyunlarına, 2020-ci ildə futbol üzrə Avropa çempionatına və digər irimiqyaslı tədbirlərə ev sahibliyi edəcək. Bu, bütün dünyanın Azərbaycanı qəbul etdiyini, onun inkişafını yüksək qiymətləndirdiyini təsdiqləyən faktlardır.

Heç təsadüfi deyil ki, ölkəmiz bir neçə il bundan əvvəl BMT kimi nüfuzlu qurumun Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Dövlətimizin  başçısı müstəqillik tariximizdə əbədi iz buraxmış bu əlamətdar hadisəni yüksək qiymətləndirərək demişdir: Bu hadisə təkcə ona görə önəmli deyil ki, biz dünyanın ali orqanına seçildik və orada iki dəfə sədrlik etdik. Ona görə önəmlidir ki, dünyanın 155 ölkəsi bizə səs verdi, özü də çox ağır mübarizə şəraitində. Bəzi qüvvələr bizə qarşı birləşmişdi və imkan vermək istəmirdilər ki, Azərbaycan seçilsin. Yəni, biz o yerə böyük çətinliklə sahib olduq. Bu da daha bir göstəricidir. Yəni, dünya birliyi deyəndə biz bütün ölkələri nəzərdə tuturuq. Dünya birliyi bu gün bizi dəstəkləyir.

Bu gün müasir Azərbaycanın uğurlu xarici və daxili siyasət yürütməsi ölkəmizin əlaqələrini  getdikcə genişləndirir. Dünyada münaqişələrin artdığı bir vaxtda Azərbaycanda sabitliyin hökm sürməsi, əhalinin həyat tərzinin getdikcə yaxşılaşdırılması, əmək haqlarının, pensiyaların, sosial müavinətlərin artırılması, nəzərdə tutulan layihələrin reallaşdırılması  müstəqli Azərbaycanın daxili və xarici siyasətinin böyük nailiyyətlərindəndir. Bütün bunlar Azərbaycanın siyasi, sosial və iqtisadi inkişaf baxımından nə qədər böyük inkişaf yolu keçdiyinin məntiqi nəticəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünyaya artıq öz inkişaf modelini təqdim edir və ən nüfuzlu beynəlxalq qurumlar ilə sıx əməkdaşlıq həyata keçirilir. 2011- ci ildə üzvlərinin sayına görə BMT-dən sonra ikinci ən böyük təşkilat olan Qoşulmama Hərəkatına üzv olmağımız bu uğurların məntiqli davamıdır. Həmçinin,  ölkəmiz  2014-cü ilin may-oktyabr aylarında Avropa Şurasının Nazirlər Komitəsinə uğurla sədrlik etmişdir. Bunlarla yanaşı, Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında da etibarlı tərəfdaş və beynəlxalq antiterror koalisiyasının fəal iştirakçısıdır. Bütün dünyada beynəlxalq antiterror çağırışlarına qoşulan ilk ölkələrdən biri  məhz Azərbaycan olmuşdur. Hərbçilərimiz Əfqanıstanda və İraqda NATO komandanlığı altında xidmət etmişlər. Hazırda NATO-nun Əfqanıstana yükdaşımalarında Azərbaycan mühüm rol oynayır. Azərbaycan bu gün BMT Təhlükəsizlik Şurasında, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatında aparıcı söz sahibidir.

Müstəqil, açıq siyasi xətt, davamlı ictimai-siyasi sabitlik Azərbaycanı müxtəlif dinlərin və mədəniyyətlərin təmsilçilərinin birgə yaşadığı müsəlman ölkəsi kimi tanıdıb. Xristianlar, yəhudilər və digər dini icmaların nümayəndələri  heç bir problem olmadan uzun əsrlərdir ki, dinc-yanaşı yaşayırlar. Bakı dünyada azsaylı şəhərlərdəndir ki, burada məscid, kilsə, sinaqoq yan-yanadır. Bu gün özünü demokratiyanın beşiyi hesab edən Qərbdə multikulturalizmin böhran içərisində çapalaması barədə müxtəlif fikirlər səsləndirildiyi bir dönəmdə, Azərbaycan üçün çoxmədəniyyətlilik min illərdən gələn bir həyat tərzinə çevrilib. Respublikamızda yaşayan  xalqlar etnik, yaxud da dini mənsubiyyətindən asılı olmayaraq, bütün hüquqlardan istifadə edir, bir ailə kimi bərabərhüquqlu şəraitdə yaşayırlar. Çünki biz multikulturalizmə, tolerant yanaşmaya siyasət kimi yox, gündəlik həyat tərzimiz və həyat fəlsəfəmiz kimi baxırıq.

Son illər Azərbaycanda keçirilən humanitar forumlar artıq ölkəmizi dünyada mədəniyyətlərarası inteqrasiya və dialoq problemlərinin müzakirə edildiyi məkan kimi tanıdıb. Müasir dövrümüzün aktual problemlərinin, əməkdaşlıq məsələlərinin müzakirə edildiyi mötəbər beynəlxalq tədbirlərin, sammitlərin, beynəlxalq konfransların mütəmadi olaraq Bakıda keçirilməsi də bundan xəbər verir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, Qlobal Açıq Cəmiyyətlər Forumunun, Dini Liderlərin Ümumdünya Sammitinin, Ümumdünya Gənclər Forumunun, Davos İqtisadi Forumunun, Eurovision mahnı müsabiqəsinin, Bakı Humanitar Forumunun, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun və digər mötəbər tədbirlərin keçirilməsi üçün məhz Azərbaycanın seçilməsi uğurlu müstəqil siyasətimizə dünya  birliyi tərəfindən verilən yüksək dəyərin nəticəsidir.

Artıq dünya birliyinə də bəllidir ki, Azərbaycan  heç bir dövlətdən asılı olmayan, müstəqil həyat yaşayan bir ölkədir. Cəmi 25 il müstəqillik tarixi olan ölkəmizin bu müddət ərzində 177 ölkə ilə diplomatik münasibətlər qurması, xarici ölkələrdə və beynəlxalq təşkilatların yanında 91 diplomatik missiya təsis etməsi, eyni zamanda, bu günə qədər paytaxtımızda  62 ölkənin diplomatik nümayəndəliyinin fəaliyyət göstərməsi sürətlə artan reytinqin göstəricisidir.

Silahlı Qüvvələrimizin ən müasir  hərbi sursat və texnika ilə təmin olunması  iqtisadi qüdrətimizin getdikcə yüksəlməsinin nəticəsidir. Bizim hamımızın bir problemi var-- ölkə ərazisinin 20 faizinin təcavüzkar Ermənistan tərəfindən işğalının hələ də həll olunmamasıdır. Rəsmi Bakı problemin beynəlxalq hüquq normaları əsasında, sülh yolu ilə həllini istəyir. Bununla yanaşı, Azərbaycan torpaqlarını işğaldan hərbi yolla azad etmək hüququnu da özündə saxlayır. Ölkənin bugünkü hərbi gücü buna imkan verir. Azərbaycan Ordusunun bu ilin aprelində Ermənistan silahlı qüvvələrinin təxribatına verdiyi cavabı xatırlatmaq kifayətdir. Əgər bu gün düşmən ordusu tamamilə kənar sədəqələrdən asılıdırsa, Azərbaycan öz gücünə Qafqazın ən qüdrətli Milli Ordusunu yaradıb.  Ölkəmizdə  istehsal olunan silah-sursat Milli  Ordunun döyüş qabiliyyətinin ən yüksək səviyyədə saxlanılmasına imkan verir. Bu sahədə daha qətiyyətli addımlar atılacağını bəyan edən dövlətimizin başçısı Füzuli rayonunda hərbçilərlə görüşərkən demişdir: Azərbaycan Ordusu yenilməz ordudur. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bunu biz bilirik, Azərbaycan xalqı bilir və bütün dünya bilir. Güclü orduların reytinqlərində Azərbaycan Ordusunun çox yüksək yeri vardır. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, günbəgün artır. Ordumuzda nizam-intizam hökm sürür. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Biz son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika almışıq. O texnikalar ən son texnologiyaya malikdir. Aprel döyüşləri bunu bir daha göstərdi. Aprel döyüşlərindən sonra ordumuzun maddi-texniki təminatı ilə bağlı əlavə tədbirlər görülür, vəsait ayrılıb, ən müasir, yüksək dağıdıcı qüvvəyə və dəqiqliyə malik olan silahlar, texnika alınır və artıq bizim sərəncamımızdadır.