Yeni Azərbaycan.-2016.-12 noyabr-¹ 208.-S.2.

 

Konstitusiyamız müstəqil dövlətçiliyimizin və milli inkişafımızın başlıca hüquqi-siyasi əsasıdır

 

Müasir müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundan 21 il ötür

 

Nurlan Qələndərli

 

Prezident İlham Əliyev: Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir

 

Müasir müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundan 21 il ötür. 12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi vasitəsilə Konstitusiyanın qəbul edilməsi təkmil siyasi sistemin təşəkkülünü təmin etməklə vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin bərqərar olunmasını şərtləndirdi, eyni zamanda, milli inkişafın dərin siyasi-hüquqi əsaslarını formalaşdırdı. Bütövlükdə, 1995-ci ildə qəbul olunmuş ilk milli Konstitusiyanın Azərbaycanın hüquqi, demokratik dövlət kimi formalaşmasındakı rolunu, həmçinin həmin dövrdə baş verən ictimai-siyasi proseslərin, siyasi-hüquqi məsələlərin mahiyyətini anlamaq üçün bir sıra nüanslara toxunmaq gərəkdir.

 

Konstitusiyanın qəbulu strateji zərurət idi

 

Bəlli olduğu kimi, 1991-ci ildə öz müstəqilliyini əldə etmiş Azərbaycanın qarşısında çox ciddi vəzifələr dururdu. Belə ki, ilk növbədə, müstəqillik əldə etmiş dövlətin təməl komponentləri və atributları formalaşdırılmalı, daha sonra isə ictimai, siyasi, ideoloji və iqtisadi münasibətlər sisteminin əsaslarını müəyyənləşdirəcək sistem-struktur islahatları həyata keçirilməli idi. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir. Həyata keçiriləcək islahat xarakterli tədbirlərə əlverişli zəmin yaradacaq başlıca amil isə özündə yeni və daha təkmil struktur elementlərini ehtiva edən siyasi sistemin təşəkkül tapması idi. Amma müstəqilliyin ilk illərində ölkəyə “rəhbərlik” edən qüvvələrin totalitar təfəkkürlə hərəkət etmələri və xarici imperialist güclərin maraqlarına xidmət etmələri nəinki milli dövlət quruculuğunun həyata keçirilməsini mümkün etmədi, eləcə də ölkəni fərqli korporativ maraqlara malik olan subyektlərin mübarizə meydanına və ideoloji poliqonuna çevirdi. Bunun fonunda ictimai-siyasi münasibətlərdə meydana çıxan xaos daha da dərinləşdi və kataklizmlər, dissonanslar bütün sahələrə sirayət etdi.

Amma 1993-cü ildə Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra qarşıda duran bütün vəzifələrin həll edilməsi yönündə sistematik tədbirlər həyata keçirildi. Ümummilli liderimizin həyata keçirdiyi strateji tədbirlər sayəsində ölkə daxilində ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra siyasi sistemin təşəkkülü və struktur elementlərinin təkmilləşdirilməsi istiqamətində fundamental işlər görüldü. Qeyd etmək lazımdır ki, siyasi sistemin təşəkkülü istiqamətində islahatların səmərəlilik səviyyəsinin artırılması və əhatə dairəsinin genişləndirilməsi üçün qanunvericilik bazasının zənginləşdirilməsi lazım idi ki, bunun üçünsə yeni Konstitusiyanın qəbul edilməsi mütləq zərurət kimi çıxış edirdi. Ümumiyyətlə, yeni Konstitusiyanın qəbul olunmasını şərtləndirən zəruri strateji faktorlar sırasında aşağıdakıları qeyd etməliyik:

1. Suverenlik, müstəqillik və ərazi bütövlüyünün qorunmasının hüquqi əsaslarının formalaşdırılması zərurəti;

2. Konstitusiya çərçivəsində demokratik siyasi sistemin formalaşdırılması və demokratik transformasiya zərurəti;

3. Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu vəzifəsi;

4. Milli inkişafın konstitusion əsaslarının yaradılması zərurəti.

Yeni Konstitusiya dövrün tələbləri və reallıqlarına görə mükəmməl və təkmil siyasi-hüquqi sənəd idi

Beləliklə, Ulu öndər Heydər Əliyevin gərgin əməyi sayəsində 1995-ci il noyabr ayının 12-də xalq referenduma gələrək öz dövlətçiliyinin əsas hüquqi istiqamətlərini müəyyənləşdirəcək başlıca siyasi-hüquqi sənəd olan Azərbaycan Respublikasının Konstitusiyasını qəbul etdi. Prinsip etibarilə bu tarixi müstəqil Azərbaycan dövlətçiliyində ilk Konstitusiyanın qəbulu günü kimi qeyd etmək olar. Çünki bu zamanadək istər 1921, istər 1937, istərsə də 1978-ci ildə qəbul edilmiş konstitusiyalar keçmiş SSRİ konstitusiyalarının müəyyən maddələrlə məhdudlaşdırılmış surəti olmaqla yanaşı, həm də tamamilə başqa bir ictimai-siyasi quruluşu əks etdirirdi.

Heç şübhəsiz, yeni Konstitusiya dövrün tələbləri, reallıqları və qanunauyğunluqlarına görə mükəmməl və təkmil siyasi-hüquqi sənəd idi. Konstitusiyanın hazırlanmasında dünya dövlətlərinin konstitusiya təcrübəsindən geniş istifadə edilməsi ilə yanaşı, respublikamızın tarixi ənənələri, spesifik özəllikləri və xalqımızın mentaliteti də nəzərə alınmışdı. Ana Qanunda bütün demokratik prosedurlar və prinsiplər öz əksini tapmış, eləcə də insan və vətəndaş hüquq və azadlıqları geniş surətdə təsbit edilmişdi (Konstitusiyanın 48 maddəsi, yəni üçdə biri insan və vətəndaş hüquq və azadlıqlarına həsr edilmişdi). Hakimiyyət bölgüsünün (qanunverici, icraedici və məhkəmə hakimiyyəti) təsbit edilməsi isə hakimiyyətin effektivliyinin artırılmasına xüsusi şərait və zəmin yaradan hüquqi əsas idi.

Qeyd etmək lazımdır ki, Konstitusiyada hakimiyyət bölgüsü prinsipinə dəqiq surətdə əməl edilməklə yanaşı, səlahiyyət bölgüsü də demokratik prinsiplər və meyarlar əsasında təsbit edilib. Bütün bunların fonunda isə qeyd edə bilərik ki, bəhs edilən Ana Qanunun qəbul edilməsi ilə mərkəzi və yerli hakimiyyət orqanlarının təşkilinin hüquqi əsaslarının, onların səlahiyyətləri və qarşılıqlı münasibətlərinin, dövlətlə vətəndaş arasında simmetrik münasibətlərin əsaslarının müəyyənləşdirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi kimi strateji vəzifələrə nail olunması yönündə siyasi-hüquqi nöqteyi-nəzərdən əhəmiyyətli zəmin formalaşdırıldı. Nəzərə alsaq ki, Konstitusiya demokratik siyasi sistemin ən mühüm siyasi-hüquqi təsisatlarından biridir, məhz bu zaman belə bir nəticəyə gələ bilərik ki, onun qəbul edilməsi milli dəyərlərə və maraqlara müvafiq surətdə həyata keçirilən demokratik transformasiyanı sürətləndirən və möhkəmləndirən fundamental faktor oldu.

 

Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edildi

 

Beləliklə, qəbul edilmiş yeni Konstitusiyanın fonunda hakimiyyət bölgüsü təmin edildi, siyasi partiyalar başda olmaqla subyektlərin fəaliyyətinə hüquqi zəmində əlverişli şərait yarandı. Bütün bunların fonunda isə həyata keçirilən islahatların davamlılığını təmin etmək mümkün oldu. Reallaşdırılan islahatların fonunda ölkədə sosial tərəqqini, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini təmin etməyə qadir olan səmərəli idarəçilik sisteminin formalaşdırılması istiqamətində mühüm uğurlar əldə edildi. Qısa zaman kəsiyində dövlət tənzimləməsinin metodlarında ciddi, kardinal reformativ dəyişikliklər edildi, plüralizm şəraitində rəqabət mühiti təmin olundu, icra hakimiyyəti orqanları və bütövlükdə dövlət sektorunun işinin səmərəliliyi artırıldı, dövlət idarəçiliyinin qanunvericilik və normativ-hüquqi bazası inkişaf etdirildi, dövlət hakimiyyəti orqanları üzərində nəzarət, onların işinin dəyərləndirilməsi metodları sistemi təkmilləşdirildi. Məhz bütün bunların fonunda siyasi sistemin struktur formalaşmasına nail olundu və onun struktur elementlərinin təkmilləşdirilməsi istiqamətində çox əhəmiyyətli nailiyyətlər əldə edildi.

Sonrakı dönəmdə də konstitusion əsaslarla siyasi-hüquqi islahatların ardıcıllıqla davam etdirilməsi ilə həm hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, həm də siyasi sistemin struktur elementlərinin təkmilləşdirilməsi nöqteyi-nəzərindən əhəmiyyətli işlər görüldü. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının fonunda siyasi sistemin struktur elementlərinin təkmilləşdirilməsi məqsədilə reallaşdırılan siyasi-hüquqi islahatlar hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin bərqərar olunması işinə fundamental töhfələr bəxş etdi. Belə ki, bu sıraya ictimai-siyasi institutlaşma tendensiyasının sürətləndirilməsini, təsisatların leqal və legitim fəaliyyətinə əlverişli şəraitin yaradılmasını, hakimiyyətin hər üç müstəqil qolunun suveren və leqal əsaslarla təsbit olunmuş fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılması yönündə hüquqi mexanizmlərin təkmilləşdirilməsini, dövlətlə vətəndaşların qarşılıqlı məsuliyyətinə əsaslanan leqal münasibətlər sisteminin formalaşdırılmasını və s. aid etmək olar.

Beləliklə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir. Bu tarixi sənədin müəllifi xalqımızın Ümummilli lideri Heydər Əliyev olmuşdur”.

 

Konstitusiya islahatları Azərbaycan dövlətinin qüdrətinin artmasına xidmət edir

 

Milli inkişafın konstitusion əsaslarından bəhs edərkən bir məqama xüsusilə diqqət yetirmək lazımdır ki, 24 avqust 2002-ci il və 18 mart 2009-cu ildə keçirilən ümumxalq səsverməsi - referendumlar da bu prosesə xüsusi töhfələr bəxş edib. Belə ki, bəhs olunan ümumxalq səsvermələri qanunvericilik bazasının zənginləşməsi, insan və vətəndaş hüquq və azadlıqlarının əhatə dairəsinin genişlənməsi, sosial-siyasi təsisatların fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılması istiqamətlərində müstəsna əhəmiyyət kəsb edib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasının xarakterik cəhətlərindən biri onun sabit olmasıdır: “Bununla belə, cəmiyyətimizin sürətli inkişafı ölkənin əsas qanununun da təkmilləşdirilməsini şərtləndirmişdir. ...Referendumlar, habelə qəbul edilmiş bir sıra konstitusiya qanunları vasitəsilə Konstitusiyaya insan hüquqlarının qorunmasının və dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına yönəlmiş mühüm dəyişiklik və əlavələr edilmişdir”.

Bu məqamı da qeyd edək ki, sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi - referendum vasitəsilə Azərbaycan Respublikası Konstitusiyasına bir sıra əlavə və dəyişikliklərin edilməsi ölkəmizin gələcək inkişafı, dövlətimizin daha da gücləndirilməsi, siyasi sistemin təkmilləşdirilməsi, əhalinin rifah halının daha da yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Digər tərəfdən, referendumda vətəndaşların olduqca fəal iştirakı və təklif olunan əlavə və dəyişikliklərə müsbət münasibəti ona dəlalət edir ki, ümumxalq səsverməsinə çıxarılan məsələlər cəmiyyətin sosial sifarişini əks etdirir. Eyni zamanda, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin vətəndaşlar tərəfindən birmənalı şəkildə dəstəklənməsi həm ölkəmizdə yüksək seçki və seçici mədəniyyətinin olduğunu təsdiq etmiş oldu, həm də seçicilərin bu məsələlərə intellektual yanaşmasını əks etdirdi.

Hər şeydən əvvəl, ölkəmizdə keçirilən ümumxalq səsverməsinin nəticələri də vətəndaşların Prezident İlham Əliyevin siyasətinə dərin inam və etimad bəslədiyini göstərdi, eyni zamanda, Prezident İlham Əliyevin adı və fəaliyyətinin inkişaf və sabitliklə assosiasiya olunduğunu ifadə etdi. Azərbaycan vətəndaşları referenduma çıxarılan məsələlərə “HƏ” deməklə, əslində, dövlətimizin başçısının uğurlu, milli maraqlara əsaslanan siyasətinə yüksək qiymət verdilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, referendum bir daha bizim siyasətimizə xalq tərəfindən böyük etimadın göstəricisidir: “...Referendum ölkəmizin gələcək inkişafını müəyyən edir. Azərbaycan xalqının mütləq əksəriyyəti referenduma birmənalı şəkildə “hə” deyib, bizim təkliflərimizi dəstəkləyib, bəyənib. Buna görə mən bir daha bütün Azərbaycan xalqına dərin minnətdarlığımı bildirmək istəyirəm”.

Bütövlükdə, referendumun nəticələrinin əks etdirdiyi bir sıra nüanslara diqqət yetirək:

Əvvəla, mütərəqqi bir yenilik kimi vitse-prezidentlik institutunun yaradılması təklifi xalqımız tərəfindən birmənalı şəkildə müsbət qarşılandı. Bu, xalqımızın yeni idarəetmə institutunun yaradılmasını olduqca müsbət qarşıladığını əks etdirdi. Ölkə vətəndaşları əmindirlər ki, vitse-prezident vəzifələrinin təsis edilməsi Azərbaycanda prezident üsul-idarəsinin daha da təkmilləşdirilməsinə, onun funksionallığının artırılmasına, o cümlədən fors-major hallarda dövlət idarəçiliyinin arzuolunmaz vəziyyətə düşməsinin qarşısının alınmasına, yeni şəraitdə başlanan islahatların dairəsinin genişləndirilməsinə gətirib çıxaracaq.

İkincisi, seçkili vəzifələrə yaşla bağlı məhdudiyyətlərin tətbiq olunmaması təklifi mütərəqqi yenilik kimi qəbul edildi. Ümumxalq səsverməsi zamanı prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsinə dair dəyişikliklərin də seçicilər tərəfindən yüksək səs çoxluğu ilə qəbul olunması ayrıca qeyd edilməlidir. Azərbaycan seçiciləri bu mütərəqqi təklifi yekdilliklə dəstəkləməklə idarəetmə sahəsində yeni keyfiyyət dəyişikliklərinə yol açacaq addımları müsbət qarşıladıqlarını əminliklə ifadə etdilər;

Üçüncüsü, ümumxalq səsverməsinin - referendumun nəticələrində əks olunan mühüm məqamlardan biri isə ölkəmizdə həyata keçirilən sosial məzmunlu siyasətin, eləcə də bu sahəyə aid islahatların vətəndaşlar tərəfindən dəstəklənməsidir. Referendum Aktının layihəsində əks olunmuş sosial məzmunlu dəyişikliklər və əlavələrə seçicilər tərəfindən birmənalı şəkildə “HƏ” deyildi;

Dördüncüsü, vətəndaşların hüquq və azadlıqlarının qorunması, ayrı-ayrı vəzifəli şəxslərin və dövlət orqanlarının vətəndaşlar qarşısında məsuliyyətinin artırılması məsələsi də ümumxalq səsverməsi zamanı seçicilər tərəfindən birmənalı şəkildə müsbət qarşılandı. “Hüquqlardan sui-istifadəyə yol verilmir” məzmunlu əlavənin, eləcə də “Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər” kimi bu və digər dəyişikliklərin qəbul olunması həm dövlət siyasətinin mərkəzində vətəndaşların durması məsələsini bir daha aşkar etdi, həm də irəli sürülmüş təkliflərin vətəndaşlar tərəfindən məmnunluqla qarşılandığını göstərdi. Digər tərəfdən, “Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanunazidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar” məzmunlu əlavənin də yüksək səs çoxluğu ilə qəbul edilməsi həm vətəndaşların hüquqlarının qorunması, həm də yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması baxımından olduqca əhəmiyyətlidir;

Beşincisi, referendumdan çıxan nəticələrdən biri də Azərbaycan xalqının öz iradəsini ortaya qoyaraq ümumxalq səsverməsi vasitəsilə anti-Azərbaycan dairələrə və radikal ünsürlərə layiqli cavab verməsi oldu. Vətəndaşlar ümumxalq səsverməsinə çıxarılan məsələləri dəstəkləməklə ölkənin yeni inkişaf mərhələsinə qədəm qoymasına, sabitlik və tərəqqinin davamlı olmasına səs verdilər. Beləliklə, Azərbaycan xalqı və dövlətini hədəf alan anti-Azərbaycan dairələrin plan və niyyətləri baş tutmadı;

Altıncısı, sentyabrın 26-da keçirilmiş referendum nəticəsində Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər qarşıdakı dövrdə görüləcək işlərin, həyata keçiriləcək islahatların hüquqi və siyasi bazası qismində çıxış edəcək.

Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir”.