Azərbaycan.-2016.-12 noyabr.-250.-S.1,3.

 

Müstəqil dövlətin mükəmməl hüquqi əsası

 

Azərbaycan Konstitusiyası insan hüquq və azadlıqlarına etibarlı təminat mexanizmi yaradıb

 

Qulam ŞÜKÜROV,

hüquqşünas

 

Konstitusiya tarixən xalqların sabit və davamlı inkişaf yolunu beynəlxalq hüquq normaları əsasında formalaşdıran ali sənəd olmaqla yanaşı, ayrı-ayrı dövlətlərin siyasi sisteminin xarakterini açmış, ümumbəşəri demokratik dəyərlərə, insan hüquq və azadlıqlarına münasibətini özündə ehtiva etmişdir.

Qədim dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı da ötən əsrin sonlarına doğru müstəqilliyini bərpa etdikdən sonra dövlətçiliyin mühüm atributu olan milli Konstitusiyasını referendum yolu ilə qəbul etmiş, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu, eləcə də insan hüquq və azadlıqlarının prioritetliyini özü üçün tam yəqinləşdirmişdir.

Tarixən məhkəmə-hüquq sistemində köklü dəyişikliklərin həyata keçirildiyi, vətəndaş cəmiyyəti quruculuğu yönümündə inamlı addımların atıldığı dövlətlərdə insan hüquq və azadlıqlarına maksimum təminat yaradan yeni Konstitusiyanın qəbulu qaçılmaz olur. Cəmiyyətdə siyasi sabitliyin, ictimai sülhün, ümumi razılığın, bəzi hallarda hətta milli barışığın təminatçısı kimi çıxış edən Konstitusiya eyni zamanda dövlətin gələcək inkişaf prioritetlərini, şəxsiyyət, cəmiyyət və dövlət arasındakı münasibətlərin sivil çərçivələrini müəyyənləşdirir. Əsas Qanun bütün hüquq sisteminə xas olan hüquqi tənzimləmə funksiyasını yerinə yetirməklə yanaşı, sosial, siyasi, humanist funksiyaları da həyata keçirir. Dövlət quruluşunun təməl prinsiplərini müəyyənləşdirən Konstitusiya həm də cəmiyyət həyatının başlıca sahələrinə dövlətin müdaxiləsinin meyarlarını, yol verilən həddini dəqiqləşdirir, bu sahədəki dövlət siyasətinin ümumi istiqamətlərini təsbit edir. Bütün bu və ya digər xüsusiyyətləri ilə konstitusiyalar hər bir xalqın və dövlətin həyatında xüsusi rola malikdir.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə 1993-cü ilin oktyabrında yeni Konstitusiyanın hazırlanması üçün təşəbbüs göstərilsə də, ölkədə siyasi sabitliyin olmaması, sosial gərginlik, dövlət çevrilişi cəhdləri, həmçinin qarşıya çıxan bir sıra təxirəsalınmaz vəzifələr bu təşəbbüsün reallaşmasını ləngitmişdir. Ümummilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində dövlətçiliyə qarşı yönəldilmiş qəsdlərin qarşısı alındıqdan və ölkədə Əsas Qanunun qəbuluna imkan verən zəruri şərait, siyasi sabitlik yarandıqdan sonra - 1994-cü ilin iyul ayında Milli Məclisin iclasında ölkə Prezidentinin sədrliyi ilə Konstitusiya layihəsinin hazırlanmasına məsul olan xüsusi komissiya təşkil edilmişdir.

Görkəmli alimlərin, hüquqşünasların, mütəxəssislərin və rəhbər işçilərin daxil edildiyi bu komissiyanın iclasında geniş nitq söyləyən ümummilli lider Heydər Əliyev dəyərli tövsiyələrini, məsləhətlərini vermişdir. Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü, - ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır - deyən ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanmasında həm Azərbaycanın tarixi keçmişinin milli dəyərlərindən, həm də ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürmüşdür.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası nəinki dövlətin, habelə xalqın iradəsini, suverenliyini ifadə edən Əsas Qanun olmaqla, cəmiyyətin ictimai-siyasi institutlarının fəaliyyətini, dövlətin özünüidarə sistemini tənzimləyir, vətəndaş cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi təminatçısı qismində çıxış edir.

Konstitusiyada Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq başlıca məqsədlər kimi irəli sürülmüşdür. Xalqın tarixi gələcəyi, tərəqqisi və inkişafı üçün böyük əhəmiyyət kəsb edən bu fundamental sənədin hazırlanmasında ulu öndər Heydər Əliyevin xidmətləri xüsusi vurğulanmalıdır. Azərbaycan Respublikasının Konstitusiya layihəsini hazırlayan komissiyanın 1995-ci il noyabrın 10-da keçirilmiş iclasında dərin məzmunlu nitq söyləyən Heydər Əliyev demişdir: Bu gün hamımız mənəvi rahatlıq hissi keçirə bilərik. Çünki tarixi bir iş görülmüşdür. Tarixi bir sənəd yaradılıbdır. Bu gün biz Azərbaycanın bugünü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq. Bizim Konstitusiya layihəsinin ən mühüm əhəmiyyəti ondan ibarətdir ki, xalqımızın, respublikamızın tarixində bu, ilk, tamamilə sərbəst, müstəqil şəkildə yaranmış konstitusiyadır.

Azərbaycan Respublikası Konstitusiyasını əvvəlki əsas qanunlardan fərqləndirən mühüm xüsusiyyətlərdən biri də onun sadəcə olaraq konkret niyyətləri ifadə edən bəyannamə deyil, ayrı-ayrı vətəndaşların, bütövlükdə dövlətin və cəmiyyətin qanuni maraqlarının və mənafelərinin real təminatına imkan verən Əsas Qanun olmasındadır. Konstitusiya maddələrinin üçdə birinin sırf insan hüquq və azadlıqları ilə bağlı olması ümummilli lider Heydər Əliyevin yüksək daxili demokratizmini, insanpərvərliyini bir daha təsdiqləyir. Əsas Qanunda insan hüquq və azadlıqlarına geniş yer verilməsi həm də Azərbaycan dövlətinin demokratik ənənələrə, insan hüquqları ideyasına əməl etmək, vətəndaş cəmiyyətinə qovuşmaq niyyətinin ifadəsinə çevrilmişdir.

Azərbaycan Respublikasının ilk milli Konstitusiyasında BMT-nin 1948-ci il 10 dekabr tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquq-azadlıqları tam və əhatəli şəkildə təsbit olunmuşdur. Kommunizm quruculuğunu özünün ali məqsədi elan etmiş keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan etmişdir. Konstitusiya bu deklorativ norma ilə kifayətlənməyərək başqa bir maddədə insan və vətəndaş hüquqlarını, azadlıqlarını gözləməyi və qorumağı qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə vəzifə olaraq qoymuşdur.

Əsas Qanunun 1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Konstitusiyanın 4-cü maddəsində vurğulanır ki, xalqın seçdiyi səlahiyyətli nümayəndələrdən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur. Hüquqi dövlətin mühüm prinsipi kimi çıxış edən hakimiyyət bölgüsü, Azərbaycan Respublikasının Konstitusiyasının 7-ci maddəsinin III hissəsində birbaşa göstərişlə təsbit olunmuşdur. Konstitusiyada qanunverici, icra və məhkəmə hakimiyyətlərinin səlahiyyətləri, hüquq və vəzifələri dəqiq müəyyən edilmişdir.

Azərbaycan Respublikası Konstitusiyası insan hüquqlarının qorunması məsələsinin dövlətin prioritet vəzifələrindən biri olduğunu təsbit etmişdir. Konstitusiyanın 12-ci maddəsinin I hissəsinə əsasən, İnsan və vətəndaş hüquqlarının təmin edilməsi, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

24-cü maddənin 1-ci bəndində qeyd olunur ki, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları vardır. Azərbaycan dövləti ölkə ərazisində yaşayan bütün vətəndaşların toxunulmazlıq hüququnu tanıyır və bu hüququn qorunmasına təminat verir. Təbii ki, bu azadlıqlar sərhədsiz deyildir - həmin maddənin 2-ci bəndində bildirilir ki, hüquq və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də özündə ehtiva edir. Yəni hər bir vətəndaşın hüquq və azadlıqları digər vətəndaşın hüquq və azadlıqlarının başladığı yerdə qurtarır. Heç bir şəxsin öz toxunulmazlıq hüququndan istifadə edərək digərlərinin hüquqlarını pozmasına yol verilmir.

Əsas Qanuna görə hər bir şəxsin öz hüquqlarını və azadlıqlarını qanunla qadağan olunmayan vasitələrlə müdafiə etmək hüququ var və bununla bərabər dövlət özü də bu hüquq və azadlıqların qorunmasına real təminat verir. Yəni Azərbaycan dövləti bütün vətəndaşlara münasibətdə məhz bu prinsipdən çıxış edir. Bu hüquq və azadlıqların əhatə dairəsi olduqca genişdir. İnsan hüquq və azadlıqları anlayışı yaşamaq hüququ, əmək hüququ, istirahət hüququ, tətil hüququ, sosial təminat hüququ, təhlükəsizlik hüququ, mənzil toxunulmazlığı hüququ, təhsil hüququ, milli mənsubiyyət hüququ, fikir və söz, vicdan, sərbəst toplaşmaq azadlıqları, cəmiyyətin və dövlətin siyasi həyatında və dövlətin idarə olunmasında iştirak etmək hüquqları və s. əhatə edir.

Sosial təminat hüququ Əsas Qanunda vacib insan hüquqlarından biri kimi qeyd olunmuşdur. 38-ci maddədə göstərilir ki, hər kəsin sosial təminat hüququ var və ehtiyacı olanlara yardım etmək, ilk növbədə, onların ailə üzvlərinin borcudur. Azərbaycan dövləti vətəndaşların sosial hüquqlarının qorunmasını özünün ali vəzifələrindən biri kimi qiymətləndirir. 38-ci maddənin 3-cü bəndində göstərilir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

Hüquq cəmiyyətin iradəsinin sanksiyalaşdırılmış forması olduğundan, ictimai həyatın müxtəlif sahələrində özünü göstərən yeniliklər onun xarakterində təkmilləşmə və müasirləşməni obyektiv zərurət kimi ortaya çıxarır. Eləcə də iqtisadi inkişaf tempinə adekvat olaraq insanların demokratik-siyasi şüurunda baş verən kardinal dəyişikliklər cəmiyyətin hüquqi bazasının əsasını, istinad mənbəyini təşkil edən Konstitusiyada bir sıra əlavə və dəyişikliklərin edilməsinə obyektiv tələbat yaradır.

Əsas Qanuna əlavə və dəyişikliklər tarixi zərurətdən, ictimai tələbatdan irəli gəlməklə proqressiv nəticələrə imkan yaradırsa, onun sabitliyini və dəyişilməzliyini önə çəkərək qanunvericilik islahatlarından imtina etmək heç bir halda mütərəqqi addım kimi qiymətləndirilə bilməz. Bu baxımdan Azərbaycan Konstitusiyasına hələ 2002-ci ilin 24 avqustunda, 2009-cu ilin 18 martında və 2016-cı ilin 26 sentyabrında ümumxalq referendumu əsasında edilmiş bir sıra əlavə və dəyişikliklər cəmiyyətin sosial sifarişindən, ictimai münasibətlər sisteminin xarakterindən irəli gəlmişdir.

2009-cu ilin 18 mart referendumundan ötən 7 ildə Azərbaycanda iqtisadi və siyasi islahatların dərinləşməsi, beynəlxalq qurumlarla əməkdaşlığın genişləndirilməsi, ölkəmizin postneft erasına qədəm qoyması, cəmiyyətin hüquqi və siyasi cəhətdən kamilləşməsi Konstitusiyaya yenidən əlavə və dəyişikliklərin edilməsini zərurətə çevirmişdi. Belə bir mühüm mərhələdə Azərbaycan Respublikası Konstitusiyasına əlavələrin və dəyişikliklər edilməsi ilə bağlı 2016-cı il sentyabrın 26-na təyin edilmiş referendum da tamamilə təbii və məntiqəuyğun olub, ölkədə həyata keçirilən islahatların mahiyyətindən irəli gəlmişdir.

Referendum Aktı layihəsində əksini tapmış əlavə də dəyişikliklər mahiyyət etibarilə Azərbaycanın çağdaş inkişaf dinamikası, cəmiyyətin şüur səviyyəsi, çağdaş modernləşmə strategiyasının tələbləri ilə uzlaşmışdır. Konstitusiyaya edilmiş 23 dəyişiklik və 6 əlavənin üçdə ikisi insan hüquq və azadlıqları ilə bağlıdır və bu da Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən siyasətin insanpərvər və humanist səciyyə daşıdığını göstərir.

Sentyabrın 26-da Konstitusiyaya əlavə və dəyişikliklərə münasibəti öyrənən ümumxalq səsverməsi Heydər Əliyev siyasi kursuna yüksək ictimai etimadı bir daha nümayiş etdirmişdir. İnkişaf edən, qüdrətlənən Azərbaycan dövləti Konstitusiyaya əlavə və dəyişikliklərlə hər bir vətəndaşın hüquqlarının daha etibarlı qorunması ilə bağlı üzərinə əlavə öhdəliklər götürmüşdür. İnsan ləyaqətinə hörmət; insanların etibarlı məhkəmə müdafiəsi; hüquq və azadlıqlardan sui-istifadənin yolverilməzliyi; xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması; dövlətin sahibkarlıq sahəsində yalnız tənzimləyici rol oynaması; şəxsi toxunulmazlıq hüququnun daha etibarlı müdafiəsi; və digər aktual hüquqi məsələlər Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər sırasında yer almışdır. Həmçinin Konstitusiyaya əlavə və dəyişikliklərlə passiv və aktiv seçki hüququ üçün yaş həddinin eyniləşdirilməsi (18 yaş), vətəndaşların məhkəmələrdə hüquq və azadlıqlarının qorunması mexanizmlərinin təkmilləşdirilməsi, insan ləyaqətinin qorunmasına konstitusion statusun verilməsi və digər yeniliklər mütərəqqi mahiyyəti ilə diqqəti çəkir.

Konstitusion dəyişikliklərlə seçkili orqanlarda və idarəetmədə təmsil olunmaq üçün yaş məhdudiyyətinin aradan qaldırılması da obyektiv reallıqlardan irəli gəlmişdir. Bu zərurət həm də uzun illərin dövlət qayğısı nəticəsində ölkəmizdə yeni intellektual gənc nəslin yetişməsi, onların potensialından milli və dövlət maraqları üçün istifadə olunması məqsədəuyğunluğu ilə şərtlənir. İnsan hüquq və azadlıqları sahəsində hər hansı məhdudiyyətin aradan qaldırılması, - başqalarının mənafeyinə toxunmursa, - mahiyyətcə mütərəqqi xarakter daşıyaraq hüquq və azadlıqlar sferasının genişləndirilməsinə xidmət göstərir.

Şübhəsiz, xalqın siyasi iradəsi ilə qüvvəyə minmiş bu əlavə və dəyişikliklər mahiyyətcə postneft dövründə ölkəmizin davamlı və sabit inkişafını təmin etmək, siyasi və hüquqi idarəçilik mexanizmlərini müasir dünyanın aktual çağırışlarına uyğunlaşdırmaq, iqtisadi islahatları sürətləndirmək məqsədi daşıyır. Bu da təsadüfi deyil ki, konstitusion dəyişikliklər insan hüquq və azadlıqlarına maksimum təminat yaratması ilə cəmiyyət tərəfindən də ciddi şəkildə dəstəklənmişdir.