Ekspress.-2016.-30 yanvar-1 fevral.-ą 18.-S.10. 

 

Dövlətin quruculuğunda azərbaycançılıq ideologiyasının rolu

 

Murad Məmmədli

 

Hüquqi dövlət olan Azərbaycan Respublikası qanunların aliliyi prinsipini mənimsəyib. Bu prinsip ədalət anlayışının əsasını meydana gətirir. O dövlət hüquqi dövlət kimi xarakterizə olunur ki, hüquqla özünün fəaliyyətini məhdudlaşdırır, insan və vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasını özünün başlıca məqsədi hesab edir.

Qanunun aliliyi dövlətin bütün mexanizmlərinin əvvəldən təsbit edilmiş bəzi qanun və qaydalar daxilində işləyəcəyi mənasını verir. Hər dövlət quruluşu konstitusiyanın və digər qanunların təsbit etdiyi hüquq və vəzifələrə malikdir. Heç kimin bu hüquq və vəzifələri aşmaq və dəyişdirmək gücü yoxdur.

Hüququn aliliyi prinsipi hüquqi dövlətin ən mühüm prinsipidir. Bu prinsip öz təzahürünü hər şeydən əvvəl qanunun aliliyində tapır. Ölkəmizdə Konstitusiya ən yüksək hüquqi qüvvəyə malikdir. Konstitusiya təkcə qanunvericilik sisteminin yox, eyni zamanda, hüquq sisteminin əsasını təşkil edir

Hüquqi dövlətdə yaşamaq bütün vətəndaşlar üçün böyük qazancdır. Çünki hüquqi dövlətdə hər kəsin mülkiyyəti, konstitusion hüquq və azadlıqları qorunur.

Hüquqi dövlət sistemi bir ölkənin vətəndaşları üçün ən ədalətli, azad və rahat sistemdir. Hər bir vətəndaş dövlətimizin bu əsas xüsusiyyətinə sahib çıxmalıdır. Əgər hüquqi dövlətin işlərində axsaqlıq meydana gələrsə, hər kəs əlbir olub dövlətə kömək etməli və hüququn üstünlüyü prinsipini qorumağa cəhd göstərməlidir. Bir sözlə, hər birimiz azərbaycançılıq ideologiyasına sadiq qalmalı, onu mütərəqqi dünya dəyərlərini özündə birləşdirən ideologiya kimi təbliğ etməliyik.

Azərbaycançılıq ideologiyası geniş əhatə dairəsi ilə yanaşı, konkret məqsədlər də güdür. Belə ki, bu ideologiya Azərbaycanda azad vətəndaş cəmiyyətinin inkişafına və güclü dövlət quruculuğuna xidmət edir. Azərbaycan insanının düşüncəsində azərbaycançılıq ideologiyasının formalaşması, onların fəaliyyətlərində bu ideoloji dəyərlərin rəhbər tutulması konstitusiya quruluşunun əsaslarının sabitliyinə də zəmin yaradır. Digər tərəfdən, bu ideologiyanın mövcudluğu Azərbaycanda yaranmış sosial birliyi kənardan qiymətləndirməyə imkan verir.

Azərbaycançılığın əsas elementlərindən biri vətəndaşlıqdır.

Vətəndaşlıq mövqeyindən çıxış edən hər bir şəxs vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır. Vətənpərvərlik və dövlətçilik azərbaycançılıq ideologiyasının mühüm əsaslarını təşkil edir. Bu ideologiyanın daşıyıcısı olan vətənpərvərlik mövqeyi dövlət quruculuğu prosesində olduqca vacib elementdir. Bu baxımdan Azərbaycanın bir nömrəli problemi olan ərazi bütövlüyümüzün bərpa edilməsi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, ölkəmizin məruz qaldığı işğala son qoyulması bütün vətəndaşlarımızın, eyni zamanda dünya azərbaycanlılarının ortaq məsələsi və ortaq hədəfi kimi milli ideologiyamızın da təməl müddəalarından birini təşkil edir.

Milli Məclisin deputatı Rövşən Rzayev “Dövlət quruculuğunda azərbaycançılıq ideyasının rolu” yazısında qeyd edir ki, azərbaycançılıq ideologiyasının yaşaması vətəndaşın cəmiyyət və dövlət qarşısında məsuliyyətindən asılıdır. Vətəndaşlıq məsuliyyətini hüquqi məsuliyyətin bir növü kimi də nəzərdən keçirirlər. “Vətəndaşlıq məsuliyyəti azərbaycançılıq ideologiyası kontekstində geniş anlayışdır. O özündə hüquqi və mənəvi məsuliyyəti cəmləşdirir. Bu məsuliyyət növü daha çox konstitusiya məsuliyyətinə yaxın anlayışdır” deyən Rzayevə görə, azərbaycançılıq ideologiyası həm də vətəndaş məsuliyyətinin güclənməsinə xidmət edir. Hər bir kəs cəmiyyət qarşısında cavabdehliyini hiss etməlidir. Bu, tək qanunlara riayət etməkdə yox, eyni zamanda aktiv vətəndaşlıq mövqeyində əks olunmalıdır. Cəmiyyətin və dövlətin inkişafı və güclənməsi onların üzvlərinin hər bir fərdin fəal vətəndaşlıq mövqeyindən və vətəndaşlıq məsuliyyətindən asılıdır.

Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin sözlərinə görə, bu gün hər bir soydaşımız yaxşı dərk edir ki, ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli dünyada yaşayan bütün azərbaycanlıların birliyindədir. Belə birliyi isə tarixin bütün zehni və mənəvi təcrübələrini özündə əks etdirən milli ideologiya yarada bilər. “Bu ideologiya azərbaycançılıqdır. İdeologiya cəmiyyətdə milli birliyi və ümumxalq münasibətlərini qorumaq, millətin və onun dövlətinin mövqeyini izah və təsdiq etmək üçün yaradılır. O, xalqın milli-mənəvi varlığının ilkin əlamətlərindəndir; xalqın kimliyini əks etdirən təfəkkür, adət və inanclar sistemidir”.

Onun dediyinə görə, dil, ərazi, din və ideoloji birlik xalqın, millətin və dövlətin tarixi varlığının əsas atributlarıdır. Hər bir ideologiyanın əsasında gerçəkliyə real münasibət amili dayanır. Professor bildirir ki, bu münasibət tarixin təcrübəsinə əsaslanmalı, tarixi xarakter daşımalıdır. Şəmsizadə hesab edir ki, onun dəyişməsi tarixin cəmiyyət qarşısında irəli sürdüyü tələblərə müvafiq olmalı və əslində həmin tələblər ideologiyanın ideya mənbəyi, hərəkətverici amilləridir.

Nizaməddin Şəmsizadə azərbaycançılığın çağdaş dövlətçiliyə tətbiqinin Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirir. “O, Azərbaycan əhalisində dövlətçilik duyğusunu gücləndirdi, dövlətə hörmət hissi formalaşdırmağa nail oldu. Xüsusilə 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra o, Azərbaycan dili, Azərbaycan tarixi və mədəniyyətini azərbaycançılıq məfkurəsi işığında dünyaya tanıtmaq üçün konsepsiyaların əsasını qoydu. Məhz H.Əliyevin sayəsində azərbaycançılıq təkcə milli ideologiya yox, həm də çox qüvvətli dövlətçilik təlimi kimi nüfuz qazandı. Onun azərbaycançılıq nəzəriyyəsi sayəsində Azərbaycan dövləti çağdaş dünya inteqrasiyasında beynəlxalq diqqət mərkəzinə keçdi, sivil dövlət nümunəsi kimi həm Qərb, həm də Şərq aləmində qəbul olundu”.

Azərbaycançılıq Azərbaycanda baş vermiş milli azadlıq hərəkatlarının tarixi təcrübələrinin nəzəri yekunudur. O, dünyada və ölkəmizdə gedən ictimai proseslərin tarixi mənasını Azərbaycan xalqının mənafeyi baxımından izah edir. Azərbaycançılıq müstəqil, suveren Azərbaycanın tam tarixi istiqlalı uğrunda, bu ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. “Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır.

O, diktaturadan, avtoritarizmdən demokratiyaya keçid dövrünün nəzəriyyəsi, milli özgürlüyümüz haqqında təlimdir”.

Deputat Fazil Mustafaya görə, ideologiya müəyyən bir ideyaların, gələcəyə yönəlik müəyyən iddiaların bir toplusu kimi xarakterizə olunur. Onun sözlərinə görə, burada da hətta demək olar ki, reallaşması mümkün olmayanbir dünyagörüşlər öz əksini tapır. “İdeologiyalar çox vaxt subyektiv xarakter daşıyır və ola bilsin ki, cəmiyyət tərəfindən heç vaxt mənimsənilmir”.

Dediyinə görə, müasir dövr ideologiyalar dövrü deyil, onların çoxu arxa plandadır. “Azərbaycançılıq sadəcə praktik birgə yaşayış formasıdır. Praktik birgəyaşayış forması olaraq Azərbaycan cəmiyyətində bütün etnik və dini çalarların çoxşaxəli olduğu bir ölkədə insanların bir ortaq dəyər olaraq qəbul etdiyi praktik yaşam tərzidir”.

Onun sözlərinə görə, azərbaycançılıq özlüyündə eyni ərazidə yaşayan insanların Azərbaycan dövləti vətəndaşı kimi özünü bərabərhüquqlu hiss etməsi, hansısa bir diskriminasiyaya məruz qalmaması, hamının ortaq vətəni bölüşdürməsi anlamına gəlir. “Bu, müasir dövrdə Azərbaycan üçün ən faydalı tapıntılardan biridir. Bunu müsbət qiymətləndirmək lazımdır ki, bu hər hansı bir separatçılığın, bir-birini sevməmək, anti-tolerant yanaşmanın müəyyən dərəcədə cücərməsinə imkan vermir” deyən deputat bu baxımdan gənclərə bu istiqamətdə təbliğ etməyi faydalı sayır. Onun sözlərinə görə, hər kəs öz millətini sevməli, ona bağlı olmalı, bu vətənin müəyyən dərəcədə bir problemlər yaşamaması üçün hər kəs öz yanaşmasını, mövqeyini ortaya qoymalıdır.

Azərbaycançılıq ideyasının təbliğində QHT-lərin də xidmətləri danılmazdır. “Bu gün dövlətin əsas dayaqlarından biri də azərbaycançılıq ideyasıdır” deyən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev hesab edir ki, dövlətin dayaqlarının möhkəmləndirilməsində iştirak edən hər bir şəxs, vətəndaş cəmiyyəti seqmenti də fəaliyyətini bu istiqamətdə qurmağa çalışmalıdır. Onun fikrincə, azərbaycançılıq təkcə o demək deyil ki, bu ideyanın mahiyyəti barədə ancaq və ancaq məlumat vermək lazımdır. “Azərbaycançılıq hər şeydən əvvəl bu ölkəni sevmək, tolerantlıq, ölkədə yaşayan bütün insanların bərabər imkanlara malik olmasıdır. Bundan başqa, fəaliyyətin bu istiqamətdə qurulması deməkdir”.

Nuriyev bildirir ki, azərbaycançılıq vətənpərvərlik ideyalarının möhkəmlənməsi ilə bağlı olan məsələdir.

Onun sözlərinə görə, azərbaycançılıq Azərbaycanda yaşayan hər bir insanın bu ölkənin suverenliyi uğrunda mübarizədə daha ciddi şəkildə iştirak etməsinə kömək edəcək. III sektorun bu sahədə görəcəyi işlərə gəlincə, Ə.Nuriyevin bildirdiyinə görə, QHT-lər azərbaycançılığın təbliği yönündə əməkdaşlığı daha da gücləndirməli və bu istiqamətdə ortaya daha ciddi işlər qoymalıdır. “QHT-lərin qanunun aliliyinin təmin olunmasına və digər məsələlərə yardım göstərməsi bütövlükdə azərbaycançılığın daha dolğun şəkildə ehtiva olunmasına gətirib çıxaracaq. Belə olsa, qarşıdakı illərdə bu istiqamətdə bir sıra uğurların əldə olunmasına nail olacağıq. Çünki azərbaycançılıq məfkurəsi cəmiyyət üçün mühüm önəm kəsb edir”.

Kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq hər birimiz bizə tapşırılın vəzifənin öhdəsindən layiqincə gələ bilsək, o zaman dövlət quruculuğunda mühüm rol oynayan azərbaycançılığa ən böyük töhfə vermiş olarıq.