Xalq qəzeti.-2016.-30 oktyabr.-240.-S.3.

 

Azərbaycan-Pakistan əməkdaşlığı yaxın dost və müttəfiqlik səviyyəsində davam etdirilir

 

Əliqismət BƏDƏLOV

Pakistan bizim üçün ən yaxın dost və müttəfiqlərdən biridir. Pakistan Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk üç ölkədən biridir. Xalqımıza bildirmək istəyirəm ki, həmin vaxt Baş nazir cənab Şərif idi. O vaxtdan biz çox yaxın dostluq əlaqələri qurmuşuq. Biz beynəlxalq təşkilatlarda BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq qurumlarda hər zaman bir-birimizi dəstəkləyirik.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycandakı diqqətəlayiq siyasi sabitlik, ictimai həmrəylik və böyük iqtisadi inkişaf məndə dərin təəssürat yaratdı. Prezident Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi təqdirəlayiq iqtisadi inkişaf və sosial tərəqqi Pakistanda böyük rəğbətlə izlənilir.

Məhəmməd Nəvaz ŞƏRİF
Pakistan İslam Respublikasının

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, xüsusilə, ulu öndər Heydər Əliyevin ölkəyə  ikinci  rəhbərliyindən sonra müstəqil xarici siyasət  həyata keçirilməsində qətiyyətli addımlar atılmışdır. Bu siyasət Azərbaycan dövlətçiliyini və müstəqilliyini müntəzəm şəkildə möhkəmləndirmiş,  inkişaf etdirmiş və əsasən, milli mənafeləri qorumağa yönəldilmişdir. Azərbaycanın öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurması beynəlxalq əlaqələrini getdikcə genişləndirmişdir.

 

Dövlət müstəqilliyinin bərpasının ilk illərindən demokratik tərəqqi yolunu seçmiş Azərbaycan özünün qonşusu olan və olmayan digər dövlətlərlə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı faydalı münasibətlərin qurulub inkişaf etdirilməsini prioritet vəzifə kimi qarşıya qoymuşdur. Həmin vəzifə bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızın  mövcud əlaqələrini daha da inkişaf etdirmək, sıxlaşdırmaq, bütün sosial və iqtisadi aspektləri müzakirə etmək üçün zəngin resurs yaranmışdır. Ölkəmizdə iqtisadiyyatın neftdən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, iqtisadi imkanların daha da artırılması və digər sahələrdə ciddi addımların atılması dünya birliyinin diqqətindən yayınmır. Təkcə bu ilin doqquz ayı ərzində   iyirmidən çox dövlət, hökumət başçısının Azərbaycanda rəsmi və işgüzar səfərlərdə olması, dövlətimizin başçısının isə 14 xarici ölkəyə səfər etməsi ölkəmizin dünya birliyində olan reytinqinin göstəricisidir. 

Azərbaycanın sıx əməkdaşlıq qurduğu ölkələrdən biri də Pakistan İslam Respublikasıdır. İki ölkə arasında öz qloballığı və regional məsələlərin oxşarlığı ilə xarakterizə edilən əlaqələr mövcuddur. Pakistan 1991-ci ildə Azərbaycanın müstəqilliyini Türkiyə və Rumıniyadan sonra tanıyan üçüncü ölkə olmuşdur. 1992-ci ildə bu iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından az sonra Bakıda Pakistanın, 1997-ci ilin avqust ayında isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi açılmışdır.

Pakistanın keçmiş Prezidentinin 1995-ci ilin oktyabrında Azərbaycana səfəri və Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı ilin aprelində Pakistana unudulmaz səfəri zamanı iqtisadi, siyasi, mədəni sahələrdə əməkdaşlığa dair mühüm müqavilələr imzalanmış və bundan sonra iki ölkə arasındakı əlaqələr daha da möhkəmlənmişdir. Mütəmadi olaraq baş verən yüksək səviyyəli qarşılıqlı səfərlər regional məsələlər üzrə iki ölkə arasında mövcud olan mövqelərin oxşarlığına və qarşılıqlı əlaqələrin daha da inkişaf etməsinə  böyük zəmin yaratmışdır. İki ölkə arasında  müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı daha da möhkəmləndirmək üçün bir sıra mühüm sazişlər imzalanmışdır. Bütün bunlara rəğmən Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifin ölkəmizə rəsmi səfəri böyük maraq doğurmuşdur.

Qeyd edək ki, Pakistan ölkəmiz üçün ən yaxın dost və müttəfiqlərdən biri hesab olunur. Uzun müddət davam edən dostluq  və əməkdaşlıq əlaqələri bu gün də yüksək səviyyədə davam etdirilir. Beynəlxalq təşkilatlarda BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq qurumlarda hər iki ölkənin nümayəndələrinin bir-birini dəstəkləməsi də bundan xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev və Baş nazir Məhəmməd Nəvaz Şərif də keçirdikləri görüşdən sonra mətbuata verdikləri bəyanatlarda bunu təsdiqləmişlər. Dövlətimizin başçısı demişdir ki, biz Kəşmir və Dağlıq Qarabağ məsələlərində bir-birimizi dəstəkləyirik. Azərbaycan Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən həllini tam dəstəkləyir. Həmçinin, Pakistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən həllini müdafiə edir.

Pakistanın bütün məsələlərdə ölkəmizi dəstəkləməsini təsdiqləyən faktlardan biri də Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanla bu vaxta qədər  diplomatik əlaqələr qurmamasıdır. Bu, ölkəmizə olan dostluq münasibətlərinin bariz nümunəsidir. Təbii ki, bu qardaşcasına yanaşma xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bununla yanaşı, 2012-ci ildə Pakistan Senatı Xocalı faciəsini rəsmi olaraq soyqırımı kimi tanımışdır. Bu, dostluq və tərəfdaşlığın daha bir göstəricisidir. İki ölkə arasında əlaqələrin davamlı olması  regional təhlükəsizlik və əməkdaşlıq üçün  də çox mühüm rol oynayır.

Azərbaycana rəsmi səfərdən məmnunluğunu ifadə edən Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərif səmimi dəvətə və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirmiş və Bakının bir çox pakistanlıya doğma Vətənini xatırlatdığını demişdir. Bakının mərkəzində yerləşən Multanı karvansarayını ziyarət etdiyini vurğulayan Baş nazir buranın iki ölkə xalqları arasındakı tarixi bağlılığı təsdiqlədiyini bildirmişdir. O demişdir ki, regionumuzda mövcud olan belə karvansaraylar böyük bir həqiqəti ifadə edir ki, biz minilliklər boyu əsas ticarət marşrutları kimi istifadə edilən regionun mərkəzində yerləşirik.

Azərbaycandakı diqqətəlayiq siyasi sabitlik, ictimai həmrəylik və böyük iqtisadi inkişafdan mənunluğunu ifadə edən Baş nazir demişdir ki, bütün bu uğurların başında  Prezident Əliyevin müdrik rəhbərliyi dayanır. Baş nazirin sözlərinə görə, Azərbaycanın əldə etdiyi təqdirəlayiq iqtisadi inkişaf və sosial tərəqqi Pakistanda böyük rəğbətlə izlənilir: Pakistan və Azərbaycan hər zaman bir-birinə bənzər baxışlara malik olmuşlar və Prezident Əliyev ilə bu görüşümdən sonra məmnunluqla əmin oldum ki, bizim ideallarımız da üst-üstə düşür.

Azərbaycanın dünyada sülh tərəfdarı olmasını və münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini yüksək dəyərləndirən Baş nazir qeyd etmişdir ki, regional və qlobal məsələlər beynəlxalq hüquq çərçivəsində, sülh və dialoq vasitəsilə həll edilməlidir.  O demişdir ki, biz sülh prinsipinə sadiq olan ölkəyik. Biz digər dairələrin açıq-aşkar təcavüzünə baxmayaraq, sülh naminə inkişaf prinsiplərinə sadiqik. Ancaq sülh prinsipinə cəsarətli sadiqliyimiz heç vaxt yanlış olaraq, zəiflik kimi qəbul edilməməlidir.

Münaqişələrdən Pakistanın da əziyyət çəkdiyini vurğulayan Məhəmməd Nəvaz  Şərif demişdir ki, Kəşmir və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qarşılıqlı dəstək ölkələrimiz arasında yaxın anlaşmanın olduğunu və mövqelərimizin nə dərəcədə üst-üstə düşməsini sübut edir. O, Dağlıq Qarabağ məsələsi ilə bağlı Pakistanın mövqeyini bəyan edərkən bildimişdir ki, Azərbaycanın işğal olunmuş bütün torpaqlarının tamamilə azad edilməsinin, Dağlıq Qarabağdan və ətraf rayonlardan erməni silahlı qüvvələrinin çıxarılmasının, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasının tərəfdarıyıq: Mən Kəşmir münaqişəsi ilə bağlı Pakistanın mövqeyinin Azərbaycan tərəfindən dəstəklənməsini, yəni, məsələnin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun dialoq və sülh vasitəsilə həll edilməsinin tərəfdarı olmasını yüksək qiymətləndirirəm. Hesab edirəm ki, hər iki məsələnin tam həllinə qədər qarşılıqlı dəstək sarsılmaz olaraq qalacaq. Bizim regionlarımızın inkişafının və firavanlığının, əmin-amanlığının və təhlükəsizliyinin perspektivləri həmin münaqişələrin girovuna çevrilib.

İki ölkə arasında dostluq və əməkdaşlığın yeni mərhələyə qədəm qoyması  siyasi  və iqtisadi əlaqələrin  bundan sonra da ardıcıl olaraq inkişaf etməsindən xəbər verir. Dövlət başçıları arasında keçirilən görüşdə iqtisadiyyat, sərmayə qoyuluşu, ticarət, enerji, müdafiə, kənd təsərrüfatı, sənaye, elm, mədəniyyət və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi barədə razılıq əldə olunması da bundan xəbər verir. Həmçinin Azərbaycan və Pakistan arasında bundan sonra da  beynəlxalq müstəvidə  BMT, İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığımızı davam etdirmək barədə razılıq əldə olunmuşdur.

Həm Azərbaycan Prezidenti İlham Əliyev,  həm də Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərif  səfərin yekunlarını yüksək dəyərləndirmiş, bunun iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin daha da  güclənməsində mühüm rol oynayacağına əminliklərini ifadə etmişlər.