Azərbaycan.-2016.-27 oktyabr.-237.-S.6.

 

Müstəqil Azərbaycanın Şərq siyasəti

 

Gövhər BAXŞƏLİYEVA,

Milli Məclisin deputatı, akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru,

AMEA-nın müxbir üzvü

Yaxın Şərq bu gün dünyanın ən gərgin və böhranlı regionlarından birinə çevrilmişdir. Burada mövcud olan zəngin neft ehtiyatları və digər təbii sərvətlər böyük dövlətlərin və beynəlxalq güc mərkəzlərinin diqqətini daim bölgəyə cəlb edir. Hazırda regionda gərginliyin kəskin artması, hərbi qarşıdurmanın yaranması, davam edən İsrail-Fələstin qarşıdurması, İraq və Suriya ətrafındakı hadisələrə bir sıra ölkələrin cəlb edilməsi, müxtəlif etnik münaqişələr, dini-fundamentalist cərəyanlar, beynəlxalq terrorizm təhlükəsi, əhalinin müharibə zonalarından kütləvi miqrasiyası və s. problemlər bütün dünyanın nəzər-diqqətini bu regiona yönəldib. Təsadüfi deyil ki, son illərdə Amerika və Avropada yeni-yeni Şərq araşdırmaları mərkəzləri yaranır, region ilə bağlı nəşrlərin sayı artır.

ABŞ Administrasiyasının elan etdiyi Böyük Yaxın Şərq strategiyası və regionda bir çox ölkələrin maraqlarının toqquşması yaxın gələcəkdə bu regionda əmin-amanlığın hələ bərqərar olmamasından xəbər verir. Bu baxımdan müstəqil Azərbaycanın milli və dövlət maraqları burada baş verən və gələcəkdə baş verə biləcək hadisələri ciddi təhlil edib daim nəzarətdə saxlamağı və xarici və daxili siyasətdə nəzərə alınmasını tələb edir. Eyni zamanda müxtəlif Şərq ölkələri ilə iqtisadi əməkdaşlığı genişləndirən respublikamız üçün bu sahənin prioritet istiqamətlərini aydınlaşdırmaq daim aktuallığını itirmir.

Tarixi inkişafın qaçılmaz qanunauyğunluğu nəticəsində Sovetlər Birliyi dağıldıqdan sonra Azərbaycan öz müstəqilliyini bərpa etdi, bununla da çoxəsrlik tarixinin yeni mərhələsinə qədəm qoydu. Qarşıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı ağır nəticələri aradan qaldırmaq, ölkədə əmin-amanlıq yaratmaq, sabitliyi bərpa etmək, iqtisadiyyatı dirçəltmək, dövlətçiliyi xilas etmək kimi çox mürəkkəb vəzifələr dayanmışdı. Həmin dövrdə hakimiyyətdə olan şəxslər tərəfindən tarixi təcrübədən düzgün nəticə çıxarılmamış, qeyri-peşəkar və strateji baxış olmadan daha çox həvəskarcasına yürüdülən xarici siyasət fəaliyyəti nəticəsində ölkəmiz təcrid vəziyyətinə sürüklənmiş, respublikamız ətrafında informasiya blokadası daha da daralmışdır. Xarici siyasət və diplomatik fəaliyyət mahiyyət etibarilə ölkənin dost və müttəfiqlərinin sırasını genişləndirməli və erməni təcavüzünün qarşısını almaq üçün əlverişli beynəlxalq mühit formalaşdırmalı olduğu halda, məsuliyyətsiz addımlar sayəsində onsuz da çətinliklər burulğanında çırpınan respublika ətrafında tamamilə əlverişsiz diplomatik mühit formalaşdırılmışdır.

Belə bir ağır vəziyyətdə geniş xalq kütlələrinin arzu və tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin çoxşaxəli və gərgin fəaliyyəti başladı. Dövlət quruculuğunun bütün sahələri kimi müstəqil dövlətimizin yeni beynəlxalq münasibətlərinin qurulması da Heydər Əliyevin adı ilə bağlıdır. Qüdrətli dövlətlərin mənafelərinin toqquşduğu mühüm geostrateji mövqeyi, zəngin yeraltı və yerüstü sərvətləri ilə böyük dövlətlərin diqqətini çəkən Azərbaycanda bütün bu məsələlərin həlli böyük müdriklik, uzaqgörənlik və polad siyasi iradə tələb edirdi.

İlk günlərdən Heydər Əliyev dövlətin xarici siyasətinin istiqamətlərini, prinsiplərini, xarakterini müəyyənləşdirdi, strateji ana xəttinin konturlarını cızdı. Ulu öndər ilk növbədə Azərbaycan ətrafında formalaşmış çox gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq istiqamətində iş aparmağa başladı, ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı. Ölkəmizin yaxın və uzaq tarixi keçmişi, üzləşdiyi geosiyasi reallıqlar dərindən təhlil edilərək ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılan xarici siyasət strategiyası ilk növbədə respublikamızın milli maraqlarının aydın və dəqiq şəkildə müəyyən edilməsini, bərabərhüquqlu, daxili işlərə qarışmamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında qonşu dövlətlər və dünya birliyi ilə mehriban münasibətlərin qurulmasını, uğurlu enerji və nəqliyyat infrastrukturları diplomatiyası vasitəsilə uzunmüddətli perspektivdə davamlı inkişafın əldə edilməsini, xarici siyasətimizin manevr imkanlarının və strateji dərinliyinin artırılmasını, ən əsası Ermənistanın Azərbaycana qarşı təcavüzünün məhəlli səviyyədən çıxarılaraq beynəlmiləlləşdirilməsini, işğalın nəticələrini aradan qaldırmaq üçün Ermənistana qarşı beynəlxalq siyasi təzyiqin gücləndirilməsini və son hədəf olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının təmin olunmasını özündə ehtiva etmişdir.

Şərq və Qərb arasındakı strateji mövqeyimizdən yararlanan respublika rəhbərliyi öz xarici siyasətində Azərbaycanın Şərqlə Qərb arasında siyasi, iqtisadi, elmi, mədəni və s. sahələrdə körpü rolunu oynamasından maksimum istifadə etməyə çalışırdı. Heydər Əliyevin xarici siyasətində, Şərqə münasibətdə, qonşu ölkələrlə, xüsusilə Türkiyə, İran və s. ölkələrlə münasibətlərdə dahi uzaqgörənlik, müdriklik və mahir davranış həmişə duyulurdu.

Ölkəmizlə çoxsaylı dini, mədəni, etnik tellərlə bağlı olan Yaxın və Orta Şərq ölkələrinə münasibətdə dünya siyasətinin istiqamətlərini və qanunauyğunluqlarını çox gözəl anlayan Prezident bu ölkələrlə düzgün münasibətlərin qurulmasına nail olmuşdur. Regionda yerləşən bütün dövlətlərlə yaxın əlaqələr saxlamaq, bu əlaqələri inkişaf etdirib daha da möhkəmləndirmək Azərbaycan üçün çox vacib idi. Burada əsasən dünyada geostrateji əhəmiyyətə malik olan, eyni zamanda region problemləri ilə hər hansı bir əlaqəsi və bizə coğrafi və siyasi cəhətdən yaxın olan ölkələrlə münasibətlərə daha çox diqqət yetirilirdi. Belə ölkələrə birinci növbədə Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Misir, Pakistan və s. aiddir. Bu və İslam Əməkdaşlıq Təşkilatına daxil olan digər ölkələrin Azərbaycana dəstəyi, mənəvi yardımı gənc dövlətimiz üçün çox vacib idi. Bütün bu amilləri nəzərə alan Heydər Əliyevin apardığı siyasət nəticəsində bu sahədə böyük uğurlar qazanılmış və qazanılmaqdadır.

Heydər Əliyev türk dünyasının problemlərinə də daim diqqət yetirmişdir. İstanbulda İqtisadi Əməkdaşlıq Təşkilatının II forumunun iştirakçılarına 5 iyul 1993-cü il tarixli müraciətində o özünün türklük düşüncəsinin əsas aspektlərini açıqlamışdır: ayrı-ayrı türk dövlətlərinin müstəqilliyinin müdafiə olunması, türk dünyasının birliyinə çalışılması və həmin birliyin dünyada harmoniya yaradılmasına xidmət etməsi.

Türk dünyasına məxsus, indi müstəqil dövlətlərə çevrilən sabiq sovet respublikaları ilə qonşuluq, dostluq və qardaşlıq münasibətlərinin bərpası və inkişaf etdirilməsi məhz yuxarıdakı prinsiplərdən irəli gəlirdi. Azərbaycan indiyə qədər türk dövlətləri başçılarının bütün sammitlərində iştirak etmiş, bu ittifaqı möhkəmləndirmək üçün əlindən gələni əsirgəməmişdir. 2000-ci ildə Azərbaycanda keçirilən növbəti sammit bütün türk dünyası və türk dövlətləri ailəsi üçün çox mühüm olan və gələcək əməkdaşlıq üçün proqram xarakteri daşıyan məşhur Bakı bəyannaməsinin elan edilməsi ilə başa çatmışdır.

Azərbaycanla ən uzun sərhədlərə malik olan İranla mehriban qonşuluq münasibətlərinin ölkəmiz üçün zəruriliyini, İranla Azərbaycan arasında çoxsaylı mədəni, tarixi və etnik tellərin olmasını gözəl anlayan Prezident bu sahədə də uzaqgörən, düşünülmüş, tarazlaşdırılmış siyasətə üstünlük verdi.

Ərəb dünyasının nəhəngləri olan Səudiyyə Ərəbistanı, Misir Ərəb Respublikası, müsəlman dünyasının liderləri olan İndoneziya, Pakistan, Malayziya və başqa dövlətlərlə də qardaşlıq və dostluq əlaqələri qurmaq Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri kimi Heydər Əliyev tərəfindən diqqətə alındı. Əlbəttə, regiondakı siyasi durum bu siyasətin taktika və strategiyasını qurmaqda mühüm və başlıca amillərdən biri oldu.

Bu gün Azərbaycanın əksər ərəb dövlətləri ilə (Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Suriya, Qətər, İordaniya və s.) gözəl dostluq və əməkdaşlıq münasibətləri var. Ölkəmizdə bir sıra ərəb ölkələrinin səfirlikləri fəaliyyət göstərir. Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığı, Misir, BƏƏ, Suriya, İordaniya, Liviya, Sudan və s. ərəb ölkələrində səfirlikləri var. 1994-cü ildə Heydər Əliyev Səudiyyə Ərəbistanı Krallığında səfərdə olmuş, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlığa dair Baş Saziş imzalanmışdır.

Azərbaycan müstəqillik qazandıqdan sonra İslam Əməkdaşlıq Təşkilatına üzv oldu. Heydər Əliyev müsəlman ölkələri arasında həmrəyliyi və əməkdaşlığı möhkəmlətməyi, sülh şəraitini təmin etməyi, islam mənəvi dəyərlərini, mədəniyyətini, ənənələrini qoruyub saxlamaq və inkişaf etdirməyi əldə rəhbər tutan bu beynəlxalq təşkilatla yaxından əməkdaşlıq etmək, onun vasitəsi ilə müsəlman dünyasının haqq işimizdə bizə dəstəyinə nail olmaq prinsiplərini xarici siyasətimizin vacib istiqaməti hesab edərək bu təşkilatın bütün imkanlarından səmərəli istifadə etmək zərurətini daim vurğulayırdı.

Azərbaycan Respublikasının İƏT-in beynəlxalq aləmdəki nüfuz və imkanlarından lazımi səviyyədə istifadə edə bilməsi istiqamətində ulu öndər Heydər Əliyevin 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanına rəsmi səfəri dönüş nöqtəsi oldu. 1994-cü ilin dekabr ayında ilk dəfə olaraq Heydər Əliyev İƏT-ə üzv ölkələrin Dövlət və Hökumət Başçılarının VII Zirvə toplantısında iştirak etdi. Toplantı Mərakeşin Kasablanka şəhərində keçirildi. 1997-ci ildə Heydər Əliyev Tehranda İƏT-in VIII Zirvə toplantısında iştirak etmiş, geniş məruzə ilə çıxış etmiş və çoxsaylı görüşlər keçirmişdir. Ulu öndərin orada söylədiyi nitqi və keçirdiyi görüşləri islam aləmində geniş reaksiyaya səbəb olmuşdur.

Ötən illər mütləq bir həqiqəti ortaya qoyub. Əsası ümummilli liderimiz tərəfindən qurulan müstəqil Azərbaycan Respublikasının Şərq siyasəti, daim yüksələn xətlə inkişaf edir, xalqımızın haqq səsinin ucaldılmasında və mənafelərinin qorunmasında daha da böyük rol oynayır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan əksər Şərq ölkələri ilə qarşılıqlı siyasi, iqtisadi, mədəni və digər əlaqələrini inamla inkişaf etdirir.

Şərq ölkələri ilə qurulan əlaqələr, hərtərəfli əməkdaşlıq Azərbaycan Respublikasının dövlətçilik siyasətinin mühüm bir hissəsi kimi daim təkmilləşməkdədir. Azərbaycan Respublikasının xarici Şərq siyasətində birinci yer Türkiyə Cümhuriyyətinə məxsusdur. Din, dil, soy bağlılığına söykənərək yüksələn xətlə inkişaf edən əlaqələrimiz bütün sahələrdə əməkdaşlıq və qardaşlıq bağlarının möhkəmlənməsinə şərait yaratmışdır. Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasət, gerçəkləşən görüşlər, işgüzar səfərlər, bağlanan müqavilələr nəticəsində Azərbaycan-Türkiyə arasında iqtisadi, mədəni, hərbi, elm və təhsil sahələrində əlaqələr durmadan inkişaf edir.

Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətdə türkdilli xalqların inteqrasiyası, o sıradan Türkmənistan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan respublikaları ilə qurulan hərtərəfli əlaqələr xüsusi önəm daşıyır. Türkdilli ölkələrin dövlət başçıları ilə görüşlər, imzalanan bəyannamələr, bağlanan siyasi, iqtisadi, mədəni, hərbi, hüquqi müqavilələr forma və məzmun baxımından mükəmməl və genişdir. Respublikamızın Prezidenti qazax, qırğız, özbək və digər türk xalqlarının görkəmli şəxsiyyətlərini qəbul edərək onların fəaliyyətini yüksək qiymətləndirir.

Azərbaycan Respublikasının dövlət siyasətində türkdilli ölkələr ilə qurulan əlaqələrdə beynəlxalq təşkilatlarda Azərbaycanın təmsilçiliyi xüsusi əhəmiyyətə malikdir. Belə ki, beynəlxalq qurum və təşkilatların, konfrans və digər tədbirlər çərçivəsində respublikamız türkdilli xalqlar ilə hərtərəfli və çoxşaxəli əlaqələrin inkişaf etdirilməsində ciddi addımlar atmışdır. Türkdilli ölkələrin Dövlət Başçılarının zirvə görüşləri, xüsusilə 2009-cu ildə Naxçıvan Muxtar Respublikasında gerçəkləşən IX Zirvə görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası haqqında sazişin imzalanması, Naxçıvan bəyannaməsinin qəbulu, 8 sentyabr 2008-ci ildə Azərbaycan və Türkmənistanın neft və qaz potensialı: energetika, iqtisadiyyat, ekologiya. Əməkdaşlığın strategiyası, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Təşkilatının fəaliyyətində Azərbaycan dövlətinin və onun Prezidentinin uğurlu siyasi fəaliyyəti türkdilli xalqların inteqrasiyasında mühüm əhəmiyyət kəsb edir. Türkdilli xalqların inteqrasiyası istiqamətində baş tutan digər önəmli hadisə - Türkdilli Dövlətlərinin Parlament Assambleyasının (TürkPA) təsisi və baş katibliyinin Bakıda yerləşdirilməsidir.

İran İslam Respublikası ilə qarşılıqlı faydalı qonşuluq münasibətlərinin saxlanması və inkişaf etdirilməsi Azərbaycan xarici siyasətinin prioritet istiqamətlərindəndir. 2005-ci ilin 17-19 mart tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfəri edib. 2007-ci ilin aprel ayında Prezident İlham Əliyev Koreya Respublikasına rəsmi dövlət səfəri etdi. Digər ölkələr ilə (Yaponiya, Pakistan, Hindistan, İndoneziya, Malayziya və s.) də əlaqələr yaradılır, səfirliklər açılır, qarşılıqlı səfərlər həyata keçirilir, müqavilələr və digər sənədlər imzalanır, müxtəlif sahələrə aid əməkdaşlıq edilir. Son iki ildə ölkə Prezidenti İlham Əliyev 27 dəfə xarici ölkələrə, o cümlədən Türkiyəyə (dəfələrlə), Qırğızıstana, İrana, Birləşmiş Ərəb Əmirliklərinə, Çinə, Qazaxıstana dövlət, rəsmi və işgüzar səfərlər edib.

Bu gün Azərbaycanın 38 Asiya və 23 Afrika ölkəsi ilə diplomatik əlaqələri var. 2013-cü ildə Azərbaycanın Vyetnamda səfirliyi fəaliyyətə başlayıb. Daha sonra Avstraliya, Fidji və Yeni Zelandiyadakı səfirlərimiz bu ölkələrdə öz etimadnaməsini təqdim edib. Bütün bu səfirliklər ölkəmizin milli maraqlarının təmin olunmasında, xarici siyasətin həyata keçirilməsində, iqtisadi əlaqələrimizin coğrafiyasının genişləndirilməsində, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsində, eləcə də respublikamızın xarici ölkələrdə təbliği, xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının və soydaşlarımızın hüquqlarının müdafiə edilməsi işində onların qarşısında qoyulan vəzifələri icra edirlər.

Çoxtərəfli diplomatiyamızın tərkib hissəsi kimi Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlər Şurası, ATƏT, Avropa Şurası, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, GUAM, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər bu kimi universal və regional beynəlxalq təşkilatların üzvü olaraq bu təşkilatlar çərçivəsində də fəal iş aparır. Etiraf olunmalıdır ki, bir çox hallarda məhz Azərbaycanın təklifləri bu təşkilatlar çərçivəsində əməkdaşlığın yeni formalarının müəyyən edilməsində başlıca rol oynayır.

Çoxminillik tarixində multikulturalizm və tolerantlığın nəinki mümkünlüyünü, hətta inkişafını sübut etmiş Azərbaycan bu xüsusda dünya üçün bir örnəkdir. Ona görə də Bakı bu gün sivilizasiyalararası dialoq və multikulturalizm mövzusunda aparılan qlobal müzakirələrin mərkəzi məntəqələrindən birinə çevrilmişdir.

Multikulturalizm siyasətimizin tərkib hissəsi kimi Azərbaycan diplomatiyasının yeni istiqamətləri meydana çıxmışdır ki, bu sırada da mədəni və humanitar diplomatiyamız diqqət çəkir. Bu xüsusda ölkənin birinci xanımı, Milli Məclisin deputatı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rolu xüsusilə qeyd edilməlidir. Dünyanın bir sıra ölkələrində Azərbaycan tərəfindən həyata keçirilən humanitar layihələr beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən böyük minnətdarlıqla qarşılanır. Buna nümunə kimi Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanda Qızlar məktəbinin təmiri, Misirdə məktəbin tikintisini qeyd etmək olar. Humanitar diplomatiya siyasətimizin sistemli şəkildə həyata keçirilməsi, qlobal səviyyədə aclıq və yoxsulluğa qarşı mübarizə aparılması, təbii və texnogen fəlakətlərdən əziyyət çəkən dövlətlərə yardım göstərilməsi məqsədilə Xarici İşlər Nazirliyi daxilində Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi təsis edilmişdir. BMT-nin müvafiq strukturları, Afrika İttifaqı və İslam Əməkdaşlıq Bankı ilə yaxından əməkdaşlıq edən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi Afrika qitəsində, Əfqanıstanda, Fələstində uğurlu humanitar layihələr həyata keçirmişdir və bundan sonra da bu nəcib missiya davam etdiriləcəkdir.

Coğrafi baxımdan Qərb ilə Şərqin kəsişməsində, zəngin neft-qaz ehtiyatlarına malik olan, dünyanın aparıcı dövlətlərinin maraqlarının kəsişdiyi bölgədə yerləşən Azərbaycan üçün xarici siyasətin düzgün seçilməsi ölkənin müstəqilliyinin qorunub saxlanmasında və möhkəmləndirilməsində başlıca amillərdən biri olaraq qalır. Bu gün müstəqil Azərbaycan dünyanın əksər ölkələri ilə qarşılıqlı siyasi, iqtisadi, mədəni və digər əlaqələrini inkişaf etdirir. Bu istiqamətdə Şərq ölkələri ilə qurulan əlaqələr, hərtərəfli əməkdaşlıq Azərbaycan Respublikasının dövlətçilik siyasətinin mühüm bir hissəsi kimi daim təkmilləşməkdədir. Bu siyasət milli mənafeni təmin edir, xalqın cari və strateji maraqlarına xidmət edir, ölkəmizin təhlükəsizliyinə qarşı yönələn istənilən təhdidə çevik müqaviməti təmin edir.