Bakı xəbər.-2016.-22 oktyabr.-№191.-S.13.

 

Tarixdə iz buraxanlar: Əhməd Yəsəvi

 

Fazil QARAOĞLU,

 professor

 

Əhməd Yəsəvi Orta Asiya türkləri arasında islamiyyəti yayan ən tanınan alimlərdən biri olub. Doğum tarixi məlum olmayan Əhməd ibn Məhəmməd, "Piri Türküstan, Həzrəti Türküstan, Həzrəti Sultan, Hacı Əhməd, Xoca Əhməd, Qul Əhməd" ləqəbləri ilə də tanınıb. Türküstanın Yəsi şəhərində anadan olduğuna görə Yəsəvi deyə məşhur olub. 1194-cü ildə Yəsidə vəfat edib. Vəfat etmə tarixi haqqında başqa rəvayətlər də vardır.

Kiçik yaşlarından etibarən atasından dərs alan Əhməd Yəsəvi böyük alim Baba Arslanın tələbəsi olub. Kiçik yaşlarından etibarən məşhurlaşan Əhməd Yəsəvi atası Arslanın vəfatından sonra Buxaraya gedərək Əhli-sünnət alimlərinin ən böyüklərindən olan Yusufi Həmədanidən mənəvi elmləri öyrənib. Müəlliminin vəfatından sonra Buxarada qalıb və tələbə yetişdirməklə məşğul olub. Bir müddət sonra tələbələrin tərbiyə və yetişdirilməsini Yusufi Həmədaninin ən böyük tələbəsi olan Əbdülxaliq Göndüvaniyə həvalə edərək Yəsiyə dönüb.

Vətənə döndükdən sonra türklərə islamiyyətin əmr və qadağalarını başa salmağa, tələbə yetişdirməyə davam edib, tələbələri gündən-günə çoxalıb. Onun böyüklüyü və qiyməti qısa bir zamanda Türküstan, Maveraünnehr, Xorasan və Xarəzmə qədər yayılıb. Beləcə, Əhməd Yəsəvi yaşadığı zamanda olan alimlərin və övliyaların ən böyüklərindən və ən üstünlərindən biri olub. Onun dinə olan bağlılığı səbəbilə sözləri və tövsiyələri çaşıb yoldan azanlara qısa bir zamanda təsir edib. Yetişdirdiyi tələbələrin hər biri bir məmləkətə gedərək islamiyyəti öyrədərək təbliğ edib. Onun dərgahı kasıb, yetim və çarəsizlər üçün sığınacaq yeri olub. Şöhrətinin yayılması və kəramətlərinin ortaya çıxması onu çəkə bilməyən insanların dedi-qodularına səbəb olub.

Əhməd Yəsəvi zamanında Türküstana ilk türk-islam dövlətlərindən biri olan qaraxanlılar hakim idi. Məhz bu dövlət zamanında Əhməd Yəsəvi Müqəddəs İslam dininin yayılmasını təmin edib. Onun dərin mənalı sözləri və tövsiyələri əhalisi köçəri olan qazax-qırğız məmləkətlərində təsirli olub. Əhməd Yəsəvi təkkə ədəbiyyatının ilk təmsilçilərindən biri idi.

Əhməd Yəsəvi vaxtının çoxunu Allah Təalaya ibadət etməklə və tələbələrinə dini elmləri öyrətməklə keçirərdi. Özünün və tələbələrinin ehtiyaclarını qarşılamaq üçün sənətlə məşğul olardı. Hər kəsə yaxşılıq edər, kimsəyə sıxıntı yaratmazdı. İnsanların səadəti və qurtuluşu üçün çalışardı.

XI əsrdən etibarən Səlcuq oğullarının Oğuz elindən Anadoluya girmələri sadəcə "qılınc gücü" ilə olmadı. Bu torpaqların fəthi, həqiqətdə, könüllərin fəthidir.

Coğrafiyada məsafə tanımayan bir hərəkətliliyin təmsilçisi olan türk milləti getdiyi hər yerdə bir "xilaskar" olaraq qarşılandı. Xristian xalqları türklərin gəlişinə bir bayram havasında şənləndilər. Səlcuq ordularının Urfaya hakim olmalarını, xristian tarixçilərinin dediklərinə görə, xristianlar "Tanrıya şükr ayinləri" (dini təntənə) ilə bayram etdilər.

Bütün bunlar nəyə görə belə olurdu? Bəli, türklər, qılınc fəthindən əvvəl könülləri fəth edirdilər. Türkün fəth üfüqündə olan "qızıl almaya" çatmaq üçün hərəkət edən türk orduları qarşılaşdıqları insanlara "öldürüləcək canlılar" kimi baxmırdılar, onları Allahın yaratdığı müqəddəs varlıqlar olaraq görürdülər. Onlar yaradılanları Yaradandan ötrü sevir, bütün millətlərə bir gözlə baxırdılar. Beləliklə, min ilə yaxın bir zamandır Qərb türklərinin Anadolu yaylağında var olmalarının, Bosniyada "bir türkün uğrunda" insanların şirin canlarından keçmələrinin səbəbi türkün könül fəthi ilə izah olunur.

"Əvvəl könüllərə girmək" prinsipinin türk şüuruna yerləşdirilməsi Əhməd Yəsəvinin işi idi. Türklərdə "təsəvvüf" yolunu başladan bu böyük insan İslam inamı ilə daha da durulaşan millətimizin sevgi çaylarını bol-bol coşdurdu... Və türklər getdikləri yerləri bu çaylarla suladılar...

Türkün fəth tarixində könüllərin qazanılmasında vəzifələrini yerinə yetirən iman ərlərinə "Xorasan ərənləri" deyirdilər. O Xorasan ərənləri bütün Türküstanın mənəvi xanı olan Əhməd Yəsəvidən elm alıb, dil öyrəniblər. Anadoluda Tartukun, Yunusun, Hacı Bəktaşinin, Avropada Saru Saltukun sevgi çaylarının mənbəyi Əhməd Yəsəvi olub.

Sadəcə türklərmi heyran idi bu Türküstan Sultanına? Farslar belə bu böyük türk günəşinə "Pir-i Türküstan" deyərək, haqlarını ona təslim ediblər.

Kimdir bu Əhməd Yəsəvi?

O, Türküstanda ona Müqəddəs İslamı oyandırma vəzifəsi həvalə olunan, təsəvvüf düşüncəsinin bilgilərini qeyri-adi bir tərzdə təbliğ edən, insanı insan etmək üçün çalışan və Allah eşqi ilə yüksək səviyyəli bir insan olub.

Əhməd Yəsəvinin dünyaya gəlişi türk-islam mədəniyyətinin yeni bir səhifəsinin açılmasına səbəb olub. Əhməd Yəsəvi o böyük təriqətini Yəsidə quraraq, türk könüllərinin Allah yolunda eşq atəşilə tutuşub-yanmasına cani-könüldən səy göstərmişdir. Türklərin yaşadıqları o ucsuz-bucaqsız çöllərə Əhməd Yəsəvinin mənəvi iqlimi hakim olub.

Əhməd Yəsəvinin soyu onun qızı Gövhər Şahnaz tərəfindən davam etdirilib. Gövhər Şahnazın övladları əsrlər boyunca Əhməd Yəsəvinin nəvələri olmaq kimi bu qüruru çox böyük sevinclə yaşayıblar. Əsrlər sonra bu böyük insanın Anadolu türklüyü içərisində yenə çox fərqli və yüksək bir mövqeyə sahib olan nəvəsi dünya çapında bir şöhrət qazanıb. Bu insan qiymətli səyahətnaməsi ilə məşhur olan Övliya Çələbi idi.

Əhməd Yəsəvi o gözəl türkcəsi və könüldən gələn o möhtəşəm ifadələri ilə türklərdə təsəvvüf ədəbiyyatının ilk nümayəndəsi idi. Şeirlərinin yer aldığı "Divani-hikmət" ondan sonra təsəvvüf şairlərinə nümunə olub. Yunuslar, Abdal Musallar, Hacı Bəktaşilər onun kimi yazıb, onun kimi danışmağa səy göstəriblər.

Yəsəvinin qurduğu təriqət Xorasanda çıxan Heydərilik, Anadoluda inkişaf edən Babailik, Bəktaşilik kimi bir çox türk təriqətlərinə zəngin mənbə olub. Bundan başqa, Nəqşibəndlik üzərində də Yəsəviliyin təsiri olduğu bilinir...

Ədəbiyyat tarixçilərinin bu böyük insana verdikləri qiymət - əladır.

Türk xalqı necə tanıyır, necə bilir Piri Türküstanı? Heç vaxt itirmədən ifadə etmək lazımdır ki, türklər tarixi həqiqətlərə və insanların dastanlaşdırdığı həyat hekayələrinə hörmətlə yanaşırlar. O kişi şərəfli və kəramətli bir islam böyüyüdür. Əhməd Yəsəvi də böyüklüyünü, Allahın övliyası olduğunu ifadə edir. Kəramətlərlə, qeyri-adi davranışlarla bəzəyərlər onu. Bu davranış və vəziyyət bir mənada türklərin gözündə ucalmış bir şəxsiyyətin xalqın xəyalında yaşamasının ifadə şəklidir.

Türk xalqının hafizəsində əbədi yer alan Əhməd Yəsəvinin həyatı nəql olunarkən Arslan Baba, Şeyx Yusif Həmədan önəmli yer alırlar onun o mənalı həyatında... Əhməd Yəsəvi qeyri-adi hadisələrin qəhrəmanı olaraq göstərilir. Belə vəziyyət təsəvvüf mədəniyyəti üçün təbiidir. Kəramət xüsusilə xalqın nəzərində səmimi inamın təbii bir nəticəsi qavramına gəlir. Digər tərəfdən, türk xalqının könlündə yaşayan Əhməd Yəsəvinin həyatı inanan insan üçün həqiqətdən uzaq deyildir.

Əhməd Yəsəvi əlinin əməyi ilə qazanıb yaşamışdır. O, ibadətdən artıq qalan saatlarında taxtanı yonaraq qaşıq, çömçə düzəldər, onları satar və qidasını təmin edərdi. Ona gələn hədiyyələri isə kasıblara paylayardı. Rəvayətə görə, Əhməd Yəsəvi düzəltdiyi qaşıq və çömçələri heybədə bir öküzün belinə qoyub bazara göndərərmiş. Alıcılar heybədən aldıqları qaşıq və çömçələrin pulunu yenə heybəyə qoyarmışlar. Birisi pulunu ödəmədikdə öküz onu gözdən qoymaz və adam pulunu ödəyənə qədər onun arxasınca düşərmiş.

Bir gün Teymur xan Əhməd Yəsəvini yuxusunda görür və ondan qələbə sevinci alır. Qələbəsi gerçəkləşdikdə o, Əhməd Yəsəvinin qəbri üstündə möhtəşəm bir türbə tıkdirir. Bu Türbə bütün görkəmi ilə hələ də durur. Yəsi şəhəri adətən bu türbə ilə tanınır. Teymur xanın tikdirdiyi bu türbə sonralar Özbək elinin xanları tərəfindən təmir etdirilərdi.

Əhməd Yəsəvinin türbəsi son zamanlarda Türkiyə Cumhuriyyəti tərəfindən təmirə alınıb. Bu türbə özbək və bütün Orta Asiya türkləri tərəfindən tez-tez ziyarət edilir.

Məscid və dərgahı ilə görkəmli qübbələr Əhməd Yəsəvinin ululuğuna yaraşan bir görünüşdədir.

Əhməd Yəsəvi türk ədəbiyyatının inkişafına zəmin hazırlayıb və Yunus Əmrə kimi şairlərin yetişməsinə səbəb olmuşdur. Onun söylədikləri bəzi hikmətləri qeyd etmək istərdik:

"Ey dostlar! Qəti olaraq cahil olanlarla dostluq etməyin!"

"Könlündə Allah Təalanın eşqini daşıyanlar dünya ilə tamamən əlaqələrini kəsmişlər. Bunlar xalq içərisində Haqq ilə olurlar. Bir an belə Allah Təalanı unutmazlar."

"Kafir belə olsa, heç kəsin qəlbini qırma. Qəlb qırmaq Allah Təalanı incitmək deməkdir".

"Könlü qırıq, zavallı və qərib birini görsən, yarasına məlhəm qoy, onun yoldaşı və yardımçısı ol".

Əhməd Yəsəvinin dərin mənalı sözləri və hikmət adlı şeirləri "Divani hikmət" adlı əsərində toplanmışdır. Söhbət tərzinə və sadə türkcə ilə söylənən hikmətləri qısa zamanda şərqdə Çin hüdudlarından qərbdə Aralıq dənizi və Mərmərə sahillərinə qədər yayıldı. Əslində "Divani hikmət" əsəri islamiyyəti və islam əxlaqını öyrədən bir əxlaq və din kitabıdır.

İslama və türklüyə unudulmaz xidmətlər edən bu atamızı rəhmətlə xatırlayırıq. Ruhu şad olsun.