Yeni Azərbaycan.-2016.-22 oktyabr-¹ 194.-S.2.

 

Azərbaycanın daxili və xarici siyasət kursu müstəqillik prinsipinə söykənir

 

Prezident İlham Əliyev: Müstəqil, ləyaqətli siyasət aparırıq, öz gücümüzə, xalqın dəstəyinə güvənirik

 

Nurlan Qələndərli

 

Regional güc mərkəzi olan Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir, ölkəmiz beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir. Şübhəsiz, bunun əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır. Daha dəqiq desək, məhz bu gün Azərbaycanın beynəlxalq münasibətlər sisteminin müstəqil, Cənubi Qafqaz regionunun isə ən güclü aktoruna çevrilməsinin əsasında Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu praqmatik siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır.

Eyni zamanda, Azərbaycan Respublikası beynəlxalq miqyasda milli iqtisadi inkişaf modelinə malik olan, dinamik inkişaf edən, həmçinin demokratik siyasi sistemə sahib olan dövlət kimi tanınır. Müstəqillik dövründə ölkəmizin iqtisadiyyatın tərəqqisi, demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində qazandığı uğurlar bu baxımdan müstəsna əhəmiyyət kəsb edir. Bu uğurların əsasında isə iqtisadi və siyasi islahatların paralel aparılması, bütövlükdə, həyata keçirilən rasional strateji kurs dayanır. Dolayısıyla, məhz müstəqillik prinsipinə əsaslanan daxili və xarici siyasət kursu milli maraqların qorunmasına xidmət edir.

 

Müstəqil Azərbaycanın strateji inkişaf paradiqmaları çoxşaxəlidir

 

Oktyabrın 17-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda çıxışı zamanı Prezident İlham Əliyev qeyd edib ki, biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyat yaşaya bilərik, uğurla yaşaya bilərik: “Bizim gözəlləşən şəhərlər, abadlaşan regionlar və dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı bunun əyani sübutudur. Biz gələcəkdə bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq. Xalqın iradəsi əsasında irəli gedəcəyik. Müstəqilliyimiz dönməzdir, əbədidir”.

Ümumiyyətlə, milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Ümumilikdə, müstəqil Azərbaycanın strateji inkişaf paradiqmaları çoxşaxəlidir. Bu paradiqmalar özündə kompleks məsələləri və istiqamətləri ehtiva edir.

Əlbəttə, Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər, ilk növbədə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin qanunauyğun nəticəsidir. Əsas etibarilə, iqtisadi inkişaf kursunun uğurla davam etdirilməsi hazırkı milli tərəqqini intensivləşdirən mühüm strateji faktorlardan biridir. Davamlı islahatların reallaşdırılması ilə yanaşı, bütün sahələrdə ardıcıl inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Ümumiyyətlə, ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Bununla yanaşı, ölkə iqtisadiyyatının davamlı tərəqqisinin ən bariz təzahürlərindən biri də regionların sosial-iqtisadi inkişafıdır. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Bütün bunlar isə, şübhəsiz, Azərbaycanın modernləşməsinə və tərəqqisinə xidmət edir.

 

İnstitusional islahatlar idarəetmənin səmərəliliyini artırır

 

İlk növbədə qeyd etmək lazımdır ki, ölkəmizdə mütəmadi surətdə həyata keçirilən institusional islahatlar yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini şərtləndirir. Ölkəmizdə hüquq qaydalarının möhkəmləndirilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın daha dolğun şəkildə təmin edilməsi məqsədilə ardıcıl islahatlar həyata keçirilir, qanunvericilik bazası müasir dövrün tələbləri nəzərə alınmaqla təkmilləşdirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycanda idarəçilikdə ciddi islahatlar, xoşagəlməz hallara qarşı mübarizə aparılır. Korrupsiya, rüşvətxorluq bizim uğurlu inkişafımızı əngəlləyən əsas bəlalardır. Bu istiqamətdə də institusional tədbirlərin görülməsi öz gözəl nəticəsini verməkdədir. Biz artıq dünyaya intellektual məhsul təqdim edirik, hətta ixrac edirik. “ASAN xidmət” bizim məhsulumuzdur. Artıq bu xidmətə 12 milyon müraciət olmuşdur, 4 milyona yaxın insan bu imkanlardan istifadə edir və indi başqa ölkələrdə bu təcrübə öyrənilir. Biz gələcəkdə də dünya bazarlarına şaxələndirilmiş ixrac imkanlarımızı təqdim etməliyik. O cümlədən intellektual məhsulun ixracı xüsusi əhəmiyyət daşıyır”.

Əlbəttə, səmərəli və təkmil idarəetmə mexanizminin yaradılması ictimai-siyasi sabitliyin təmin olunmasını da şərtləndirir. Sirr deyil ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilir. Başqa sözlə, Azərbaycanın milli gücünü artıran əhəmiyyətli amillərdən biri də möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda mövcud olan və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Azərbaycan vətəndaşları da son 13 il ərzində həyata keçirilən siyasəti dəyərləndirərkən ictimai-siyasi sabitlik amilinə xüsusi diqqət yetirirlər. Azərbaycan bu gün müasirləşən, sürətlə inkişaf edən, ictimai-siyasi sabitliyin mövcud olduğu bir ölkəyə çevrilib.

Azərbaycan beynəlxalq münasibətlər sistemində üstün nüfuza malik olan etibarlı strateji tərəfdaşdır

Bunlarla yanaşı, müstəqil iqtisadi siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında strateji tərəfdaş qismində mühüm rol oynaması Azərbaycanın beynəlxalq nüfuzunu artıran əhəmiyyətli faktorlar qismində çıxış edir. Təsadüfi deyil ki, ötən müddət ərzində həyata keçirilən rasional və praqmatik xarici siyasət kursunun fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində bir sıra əhəmiyyətli uğurlar əldə etməsi də ölkəmizin beynəlxalq nüfuzunun artmasına və xarici əlaqələrinin əhatə dairəsinin genişlənməsinə təkan verən mühüm faktor olub.

Ümumiyyətlə, çoxşaxəli, tarazlaşdırılmış xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Həyata keçirilən xarici siyasət sayəsində ölkəmiz ikitərəfli münasibətlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Bütövlükdə isə, müstəqil milli inkişaf Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu artıran əhəmiyyətli amildir. Ümumiyyətlə, sahib olduğu resurslardan səmərəli istifadə edərək qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdıran ölkəmiz həm beynəlxalq təşkilatlarda, həm də ayrı-ayrı əməkdaşlıq platformaları çərçivəsində öz mövqeyini gücləndirir. Bu isə Azərbaycanın pozitiv beynəlxalq imicinin möhkəmlənməsinə müstəsna töhfələr verir. Bəhs olunan çıxışı zamanı Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan dünya miqyasında böyük rəğbətə malik olan bir ölkədir: “İkitərəfli əlaqələr inkişaf edir, biz dünyada daha çox dostlar qazanırıq. Üzv olduğumuz bütün təşkilatlarda bizim sözümüzün böyük çəkisi var. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe daha çox beynəlxalq dəstək qazanır. Artıq dünya ictimaiyyəti bilir ki, reallıq nədən ibarətdir. Yəni bizim torpaqlarımız işğal altındadır. BMT Təhlükəsizlik Şurasının, digər təşkilatların qətnamələri icra edilmir. Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq əsasında həll edilməsi bizim prinsipial mövqeyimizdir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir”.

Sadalananlara paralel olaraq qeyd etmək lazımdır ki, respublikamız xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Azərbaycan öz təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır.

Şübhəsiz, Azərbaycanın həqiqi mənada müstəqil dövlət olması müasir beynəlxalq münasibətlər sisteminin suveren aktorları tərəfindən mütləq surətdə qəbul edilir. 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, quruma 2 dəfə uğurla sədrlik etməsi, həmçinin Avropa Şurası Nazirlər Komitəsinə sədrlik müddətini müvəffəqiyyətlə başa vurması ölkəmizin artan siyasi nüfuzundan xəbər verir. Dövlətimizin başçısı onu da qeyd edib ki, beynəlxalq münasibətlər istiqamətində bizim hörmətimizi əks etdirən tarixi hadisə bir neçə il bundan əvvəl baş vermişdir: “Biz BMT Təhlükəsizlik Şurasına üzv seçildik. Bu hadisə təkcə ona görə önəmli deyil ki, biz dünyanın ali orqanına seçildik və orada iki dəfə sədrlik etdik. Ona görə önəmlidir ki, dünyanın 155 ölkəsi bizə səs verdi, özü də çox ağır mübarizə şəraitində. Bəzi qüvvələr bizə qarşı birləşmişdi və imkan vermək istəmirdilər ki, Azərbaycan seçilsin. Yəni biz o yerə böyük çətinliklə sahib olduq. Bu da daha bir göstəricidir. Yəni dünya birliyi deyəndə biz bütün ölkələri nəzərdə tuturuq. Dünya birliyi bu gün bizi dəstəkləyir”.

 

Azərbaycan xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır

 

Azərbaycanın inkişafı, müstəqil siyasət həyata keçirməsi onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. Bu, eyni zamanda, ölkəmizə beynəlxalq aləmdə olan etimadı daha da artırır. Digər tərəfdən, ölkəmiz sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir çox nüfuzlu beynəlxalq mədəniyyət müsabiqələrinin, tədbirlərin respublikamızda keçirilməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir. Beləliklə, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi xarici siyasət kursu ilə xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan son illər ərzində dünya miqyasında multikulturalizm mərkəzinə çevrilib: “Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, dünya forumları, sivilizasiyalararası, humanitar, mədəniyyətlərarası dialoq forumları bunu göstərir. Biz nəinki ölkə daxilində bu məsələləri lazımi səviyyədə tənzimləyirik, eyni zamanda, bir çox ölkələr üçün yol göstəririk. Biz istəyirik ki, bu nümunədən istifadə etsinlər. Əgər etsələr, yenə də gərginlik azalar. Çünki bir çox hallarda müharibələr dini və məzhəb zəminində aparılır. İndi yan-yörə, hər tərəf alovlanır, yanır. Azərbaycanda sabitlik hökm sürür, inkişaf dinamikası güclənir. Bizim ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri özlərini rahat hiss edirlər. Onlar hamısı bizim qardaşlarımızdır, dəyərli vətəndaşlarımızdır. Bu da bir nümunədir. Bu, böyük bir sərvətdir. Biz bu sərvəti qoruyuruq. Ümumiyyətlə, ölkəmizi bütün bəlalardan qoruyuruq. Heç kimin işinə qarışmırıq və qoymuruq ki, kimsə bizim işimizə qarışsın. Ancaq xoş niyyət göstəririk. Ancaq hər bir məsələ ilə, xüsusilə bizi maraqlandıran məsələ ilə bağlı prinsipial mövqeyimiz həmişə ifadə olunur”.

Ölkəmiz gələcəyə əmin addımlarla irəliləyir

Bu da bir həqiqətdir ki, Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda əldə edilmiş möhkəm ictimai-siyasi sabitliyi və dinamik iqtisadi inkişafı gələcək tərəqqinin əsası kimi səciyyələndirir. Məhz sentyabrın 26-da ölkəmizdə keçirilən ümumxalq səsverməsinin nəticələri də vətəndaşların Prezident İlham Əliyevin siyasətinə dərin inam və etimad bəslədiyini göstərdi, eyni zamanda, Prezident İlham Əliyevin adı və fəaliyyətinin inkişaf və sabitliklə assosiasiya olunduğunu ifadə etdi.

Bütövlükdə, ölkəmiz Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə öz inkişaf yolunda əmin addımlarla irəliləyir. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Bizim siyasətimiz güzəştsiz siyasətdir. Biz prinsipial məsələlərlə bağlı keç kimə güzəştə getməmişik və getməyəcəyik. Müstəqil, ləyaqətli siyasət aparırıq, öz gücümüzə, xalqın dəstəyinə güvənirik. Xalq da bizim siyasətimizə öz dəstəyini göstərir. Bu yaxınlarda - ötən ay keçirilmiş referendumda Azərbaycan xalqı bizim siyasətimizə öz dəstəyini bir daha ifadə etdi. Referendumun nəticələrinin əsas mahiyyəti bundan ibarətdir. Biz düzgün yoldayıq. Bu yol inkişaf yoludur, müstəqillik yoludur. Ötən 25 ilin 23 ili şanlı tarix illəridir. Bu gün Azərbaycan dünya miqyasında müasir, sürətlə inkişaf edən, gözəl, qonaqpərvər, ləyaqətli ölkə kimi tanınır”.