Xalq qəzeti.-2016.-21 oktyabr.-232.-S.6.

 

Prezident İlham Əliyev: Əminəm ki, növbəti iyirmi beş il də sürətli inkişaf illəri olacaq

 

Səbuhi MƏMMƏDOV

 

Oktyabrın 18-də Azərbaycan xalqı dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümünü qeyd etdi. Belə əlamətdar tarixi gündə Prezident İlham Əliyev Rossiya seqodnya Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova Sputnik Azerbaydjan informasiya saytına müsahibəsində Azərbaycanın keçdiyi yol, əldə etdiyi siyasi-iqtisadi uğurlar, tərəfdaşlar ilə reallaşdırılan mühüm enerji-nəqliyyat layihələri, o cümlədən dünyada müşahidə olunan tendensiyalar, habelə qonşu dövlətlərlə münasibətlər, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin həllində yaranmış real vəziyyət, eləcə də Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər haqqında proqram xarakterli cavablar vermişdir. Dövlət başçısı müsahibəsində Azərbaycanın müstəqil, özünü təmin edən, milli köklərə əsaslanan, eyni zamanda, dünyəvi, çoxmillətli, çoxkonfessiyalı, uğurla inkişaf edən, yalnız öz gücünə arxalanan, qonşuları ilə yaxşı, mehriban münasibətlərə malik, dünya birliyinin etibarlı və layiqli üzvü olduğunu bir daha bəyan etmişdir.

 

Azərbaycan Prezidenti İlham Əliyevin Sputnik Azerbaydjan informasiya saytına geniş müsahibəsi bir sıra mühüm məsələlər barədə ətraflı məlumat almaq baxımından böyük əhəmiyyət daşıyır. Dövlət başçısının cavablarında istər regional, istərsə qlobal müstəvidə cərəyan edən proseslərə Azərbaycanın prinsipial mövqeyi açıqlanır, rəsmi Bakının bütün problem və təhdidlərə baxmayaraq, öz yolu ilə addımlamaqda israrlı olduğu nəzərə çatdırılır.

Ötən 25 il ərzində Azərbaycanın çox böyük inkişaf və təşəkkül yolu keçdiyini qeyd edən Prezident İlham Əliyev hazırda ölkəmizin, sözün tam mənasında, müstəqil, özünü təmin edən, milli köklərə əsaslanan, eyni zamanda, dünyəvi, çoxmillətli, çoxkonfessiyalı, uğurla inkişaf edən, yalnız öz gücünə arxalanan, qonşuları ilə yaxşı, mehriban münasibətlərə malik, dünya birliyinin etibarlı və layiqli üzvü olan dövlət olduğunu vurğulamışdır. Dövlət başçısı Azərbaycanın qarşısında üfüqlər açıldığını, ölkənin inamla irəlilədiyini və növbəti 25 ilin də xalqımız üçün sürətli inkişaf illəri olacağına əminliyini açıqlamışdır.

Müstəqilliyimizin 25 yaşı var və bu tarix baxımından o qədər də böyük müddət deyil. Lakin Azərbaycan xalqının həyatında böyük rol oynayan zəngin tarixə malik, Şərq və Qərb özəlliklərini özündə birləşdirən Bakı şəhərinin möhtəşəm görkəmi hər bir əcnəbi qonaqda təəccüb qarışıq rəğbət hissi doğurur, qısa müddət ərzində paytaxtımızın inanılmaz inkişaf yolu keçdiyi vurğulanır. Siyasi mərkəz statusu daşıması, böyük iqtisadi və investisiya potensialına malik olması Bakı şəhərinə bütün regiona multiplikativ effekt göstərməyə imkan verir.  İnkişaf etmiş infrastrukturu ilə Bakı şəhəri Avrasiyanın geosiyasi anlamda regional mərkəz kimi dövlətin, eləcə də regionun inkişaf vektorunun müəyyənləşdirilməsində böyük rol oynayır, cəmiyyətin qlobal tendensiyalarına müvafiq strukturlaşdırılmasına imkan yaradır. Ötən müddət ərzində Bakı şəhərinin sürətlə inkişaf edən müstəqil Azərbaycanın simvoluna çevrilməsi, təkcə məkan anlamında deyil, həm də sosial-mədəni aspektdə dəyişməsi dünya urbanoloqlarının diqqətindən yayınmır. Buna görə də, Rossiya seqodnya Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyovun Bakı şəhərinin möhtəşəmliyi barədə verdiyi gözlənilən suala Prezident İlham Əliyevin cavabı dövlət başçımızın vətəndaş kimi paytaxtımıza böyük sevgisini bir daha gözlər önünə gətirir. 

Azərbaycanlıların Bakını çox sevdiklərini xatırladan dövlət başçısı paytaxtımızın bugünkü görkəm alması üçün görülmüş işlər barədə qısa məlumat vermiş, şəhərin tarixi simasına xələl gətirmədən, köhnəlmiş infrastrukturun yenilənməsindən danışmışdır. ...Biz çox mürəkkəb bir məsələni həll etməli idik şəhərin tarixi simasına xələl gətirmədən onu vətəndaşlar üçün rahat, daha gözəl etməli idik. Fikrimcə, biz buna nail olmuşuq, çünki Bakıda tarix və müasirlik çox ahəngdar şəkildə birləşir. Siz köhnə, orta əsr şəhərindən çıxıb, sözün həqiqi mənasında, yolun o tayına keçməklə 16 kilometr uzunluğunda sahili, geniş prospektləri, yaraşıqlı binaları olan müasir meqapolisə düşə bilərsiniz. Prezident İlham Əliyev Mühit şüuru formalaşdırır deyimini xatırlatmaqla diqqətə çatdırmışdır ki, insanın ətrafındakı gözəllik onun əhvalını yüksəldir, dünyagörüşünü formalaşdırır, onu intizamlı edir. Buna görə, şəhərdə təmizlik də bu dəyişikliyin nəticəsidir.

Bu, bir reallıqdır ki, dünyada qütbləşmə prosesləri gedir və qloballaşma birləşdirici layihə kimi artıq dərin böhran keçirir. Böyük güc mərkəzlərinin maraqlarına uyğun davranmağa çalışmaları, inkişaf meyillərini öz milli maraqları çərçivəsində müəyyənləşdirməyə can atmaları dünyanın bir çox regionlarında münaqişə ocaqlarının yaranmasına gətirib çıxarmış və bu münaqişələrin daha qorxulu miqyas almasına təhlükəli zəmin yaranmışdır. İraq, Əfqanıstan və Suriyada, eləcə də Yaxın Şərq regionunun digər ölkələrində müşahidə edilən qarşıdurma və silahlı münaqişələrə də getdikcə daha çox dövlətin qatılması bu təhlükəni hər keçən gün artırır. Belə mürəkkəb və amansız geosiyasi şəraitdə ayırıcı yox, birləşdirici addımlara dəstək verilməsi Azərbaycanın milli maraqlarının təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu mənada Prezident İlham Əliyevin Parçala və hökm sür tendensiyası və Avrasiya İqtisadi İttifaqı barədə verilən suala cavabı dünyanın bir sıra siyasi dairələrinin uzun müddətdir həyəcanla müzakirə etdiyi mövzuya aydınlıq gətirməsi baxımından mühümdür. Bu gün Azərbaycanın indiki vəziyyətdə özünü prinsipcə kifayət qədər inamlı hiss etdiyini, ölkəmizin, xüsusən iqtisadi sahədə, elə siyasi sahədə də 25 illik inkişafının yekununun buna əyani misal olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev əlavə etmişdir ki, son on üç ildə ölkədə ÜDM-in həcmi üç dəfə artmış, yoxsulluq səviyyəsi 2003-cü ildəki 49 faizdən bu il 5 faizə endirilmişdir. Azərbaycanda yoxsulluğun sosial hadisə kimi artıq olmadığını, işsizliyin isə 5 faiz təşkil etdiyini vurğulayan dövlət başçısı qeyd etmişdir ki, ölkənin böyük valyuta ehtiyatları var. Hətta neftin qiymətinin düşdüyü bu il də Neft Fondunun valyuta ehtiyatlarının toplandığını açıqlayan Prezident İlham Əliyev valyuta ehtiyatlarının artdığını bildirmiş, belə nəticəyə nail olunmasını xərclərə qənaət etməklə və qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə əlaqələndirmişdir.

Həm iqtisadi, həm də siyasi vəziyyətin Azərbaycanı qane etdiyini vurğulayan dövlət başçısı əlavə etmişdir ki,  dünya dəyişir, yeni təhlükələr və yeni təhdidlər yaranır. Sabitliyin pozulmasının yeni mənbələrinin, yeni potensial risk ocaqlarının yarandığını deyən Prezident İlham Əliyev belə şəraitdə ənənəvi tərəfdaşlarla sıx qarşılıqlı əlaqələrin qurulmasının mühüm əhəmiyyət daşıdığını nəzərə çatdırmışdır: Bu gün Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkələrlə bizim iqtisadi əməkdaşlığımızın, elə siyasi əməkdaşlığımızın da formatı kifayət qədər möhkəmdir. Əlbəttə, inteqrasiya yolu ilə getmək üçün motivasiya lazımdır. Bu, iqtisadi, sosial, siyasi və hər hansı başqa motivasiya ola bilər. İndi biz bu istiqamətdə işləyirik.

Rusiyanın Azərbaycan üçün prioritet tərəfdaş olduğunu qeyd edən dövlət başçımız xüsusilə vurğulamışdır ki, Avrasiya İqtisadi İttifaqının üzvü olan bütün başqa ölkələrə nisbətən Rusiya ilə əmtəə dövriyyəmiz daha çoxdur və qarşılıqlı münasibətlərin, qarşılıqlı etimadın səviyyəsi çox yüksəkdir. Azərbaycan ilə Rusiya arasında azad ticarət zonası haqqında müqavilə var, yəni, belə məhdudiyyətlər də yoxdur. Bununla belə, hazırda Rusiya-Azərbaycan əlaqələrində əlavə motivasiya axtarıldığını açıqlayan Prezident İlham Əliyev demişdir ki, rəsmi Bakı Avrasiya məkanında proseslərin necə cərəyan etdiyini maraqla müşahidə edir, çünki orada da hər şey rəvan deyil. ...Orada da özünəməxsus çətinliklər və müəyyən dərəcədə iradlar var. Buna görə də biz hamımız təhlil aparmalı, inteqrasiya etməliyik,--deyən dövlət başçısı Azərbaycanın davranış üslubunun şikayətlənməməkdən, problemlərini özü həll etmək və belə demək mümkündürsə, xarici bazara yalnız müsbət cəhətləri çıxarmaqdan ibarət olduğunu diqqətə çatdırmışdır.

Prezident İlham Əliyev müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış son vəziyyət barədə da ətraflı məlumat vermişdir. Kompromis mümkündürmü və hansı şərtlərlə mümkündür?--sualına dövlət başçısının cavabı rəsmi Bakının məsələyə çox həssas yanaşdığını və Cənubi Qafqaz regionunu təhdid altında saxlayan münaqişənin qısa zamanda həll edilməsinə çalışdığını bir daha təsdiqləmişdir.  Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu xatırladan Prezident İlham Əliyev bütün beynəlxalq təşkilatların münaqişə ilə bağlı düzgün qətnamələr qəbul etdiyini, lakin 20 ildən çoxdur bu qətnamələrin icra olunmadığını diqqətə çatdırmışdır. Dövlət başçısı problemin həll edilməməsinin səbəbini belə izah etmişdir: Bunun nə üçün həll edilməməsinin əsas səbəbi odur ki, Ermənistan həll olunmasını istəmir. Çünki həll etmək nə deməkdir? Həll etmək Ermənistanın zəbt etdiyi ərazinin işğaldan azad olunması deməkdir. Ermənilərin bunu etmək istəmədiklərini, status-kvonu dəyişməz saxlamağa can atdıqlarını deyən Prezident İlham Əliyev bildirmişdir ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir.

Dövlət başçısı Azərbaycanın münaqişəyə dair siyasətini də açıqlamışdır. Azərbaycanın ərazi bütövlüyünün müzakirə mövzusu olmadığını qətiyyətlə vurğulayan dövlət başçısı ağlabatan kompromisin mümkünlüyünü də bildirmişdir: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan tərəfindən investisiya layihələrinin həyata keçirilməsi, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənardakı ərazilərin azad edilməsi şərti ilə iki xalq arasında dinc qarşılıqlı fəaliyyət. Bunun hazırda üzərində işlənilən və vasitəçilərin də irəli sürdüyü təkliflərlə həmahəng olduğunu qeyd edən Prezident İlham Əliyev əlavə etmişdir ki, Ermənistanın Minsk qrupu yaradıldığı andan aparılan danışıqlar prosesinin azacıq da olsa irəliləməsinə müxtəlif  yollarla mane olması münaqişənin nizamlanmasının qarşısını alır. Dağlıq Qarabağın erməni əhalisinin orada yaşamasınım əleyhinə olmadığını bildirən dövlət başçısı münaqişənin Ermənistana heç nə qazandırmadığına da diqqət yönəltmişdir: Azərbaycanla münasibətlər normallaşdırılmadan bu regionda inkişaf ola bilməz, onlar daim müəyyən təzyiq altında yaşayacaqlar, fikirləşəcəklər ki, birdən nə isə ola bilər.

Regionda sülh istədiyini nəzərə çatdıran Prezident İlham Əliyev Azərbaycanla Ermənistanın münaqişəyə fərqli münasibətini belə xarakterizə etmişdir: Biz regionda sülh istəyirik və bizim mövqeyimiz kifayət qədər konstruktivdir. Lakin biz öz ərazilərimizi istəyirik. Ermənistan sülh istəyir, amma o, özgə ərazilərini qaytarmaq istəmir. Fərq, bax, bundadır.

Azərbaycan Prezidenti İlham Əliyev müsahibəsində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə münasibətləri barədə danışmış, iki lider arasında yaranmış xoş və konstruktiv dialoqun hər iki dövlətin əlaqələrinə müsbət təsir göstərdiyini bildirmişdir. Rusiya lideri ilə münasibətlərinin qarşılıqlı etimada əsaslandığını açıqlayan dövlət başçısı əlavə etmişdir ki, son 3 ildə cənab Putinin Azərbaycana 3 dəfə səfər etməsi Rusiyanın Azərbaycana xüsusi münasibət göstərdiyini təsdiqləyir. Mən ona çox böyük hörmət bəsləyirəm, o, olduqca yüksək şəxsi keyfiyyətlərə malik, layiqli insandır. O, çox səmimi insandır, həmişə sözünün üstündə durur. O, böyük ölkənin, iki super dövlətdən birinin rəhbəridir, lakin bununla belə ünsiyyətdə çox sadə və çox səmimidir,--deyən Prezident İlham Əliyev xüsusilə vurğulamışdır ki, bütün təzyiqlər və hücumlar Rusiya liderindən yan keçir. Buna görə də, onların heç bir səmərəsi yoxdur və olmayacaq.