Bakı xəbər.-2016.-18 oktyabr.-№186.-S.15.

 

Heydər Əliyev və Azərbaycanın müstəqillik konsepsiyası...

 

I yazı

İradə SARIYEVA

 

Azərbaycan Respublikasının dövlət müstəqilliyinə qovuşması üçün xalqımızın verdiyi mücadilələr, apardığı mübarizələr haqqında indiyə qədər çox müzakirələr açılıb. Xalqımızın mübarizə əzmi sayəsində ölkəmiz müstəqil dövlət olub.

1991-ci ilin 18 oktyabr tarixində Azərbaycanın Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktının qəbul olunması böyük tarixi hadisədir. Bilirik ki, 1993-cü ildən bəri hər il 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü kimi qeyd edilir.

Ölkəmizin öz suverenliyini qoruyub saxlamasında Azərbaycan Respublikasının sabiq Prezidenti, mərhum Heydər Əliyevin böyük əməyi, güclü siyasi iradəsi, yorulmaz fəaliyyəti önəmli rol oynayıb.

Heydər Əliyev hər zaman vurğulayırdı ki, Azərbaycanın müstəqilliyini qorumaq hər bir azərbaycanlının, Azərbaycan vətəndaşının borcudur. Onun "Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir!" - fikri həqiqətən də tarixi bir deyim və həqiqətdir. Azərbaycançılığın ruhundan doğan dövlət müstəqilliyimiz bizim üçün dünyada ən böyük sərvətdir.

Tarixçilər vurğulayır ki, Heydər Əliyevin memarı olduğu Azərbaycan dünyada mütərəqqi bir ölkə kimi tanınır.

Heydər Əliyev deyirdi: "Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır". Xalqımızın böyük oğlunun Azərbaycanla, onun müstəqilliyi ilə bağlı fikirləri hər zaman aktualdır. Heydər Əliyev bildirirdi: "Suverenliyimizi daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün, harada yaşamasından asılı olmayaraq, bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur".

Tarixçilər, fikir adamları qeyd edir ki, XX-XXI əsrlərin qovuşuğunda Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının nəticəsi, titanik siyasi fəaliyyətinin bəhrəsidir. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının əsas istiqamətləri kimi müəyyənləşdirdi.

Tarixçilər vurğulayır ki, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət gərginləşdi və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır, fərarilik artırdı. Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1993-cü ilin yayında isə Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı. Vətənin belə ağır günündə xalq Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Heydər Əliyev çox qısa zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.

Tarixçilər qeyd edir ki, Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıb. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılıb, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınıb, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunub.

Qeyd edilənə görə, Azərbaycanın daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanıb ki, bu da müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

Tədqiqatçılar bildirir ki, Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulub, ölkədə cinayətkarlığın qarşısı tam alınıb, bütün qanunsuz silahlı dəstələr ləğv olunub. Bu da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaradıb. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınıb, dövlət müstəqilliyi qorunub saxlanıb. Məhz buna görə də ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət alıb ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiya təşkil edirdi. Ondan sonrakı dövrdə də Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır.

Tədqiqatçıların yazdığına görə, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulub. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub. Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olub.

Böyük öndər demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb. Onun rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı.

Siyasi elmlər namizədi İlham İsmayılov Heydər Əliyev və Azərbaycanın Müstəqillik Konsepsiyası" məqaləsində yazır: "Yaxın tarixi təcrübəmiz real şəkildə sübut etdi ki, əgər müstəqillik həqiqi mənada xalqa xidmət edirsə, millətə öz milli həyatını sərbəst, özünəməxsus şəkildə qurmaq imkanı verirsə, yalnız bu halda o, milli inkişafın ən müqəddəm şərti hesab oluna bilər. Ümummilli lider Heydər Əliyevin vaxtilə söylədiyi "Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" - deyimini bu gün də həyəcansız xatırlamaq mümkün deyil. Ona görə ki, xalqımızın əsrlər boyu uğrunda mübarizə apardığı, lakin əsl milli dəyər mahiyyətini bugünkü uğurlarımızda daha real dərk etdiyi müstəqillik idealında cəmiyyətimizin qarşılaşdığı məşəqqətli, faciəli anlar, ağrılı günlər öz izini qoyub. Ulu öndərin bu həyat manifesti bizdə ölçüyəgəlməz qürur hissi doğurur, çünki bu optimizmdə onun rəhbərliyi ilə milli varlığımızın taleyüklü problemlərinin həlli yolunda atılan uğurlu addımları, milli tərəqqiyə mane olan neqativ əyintiləri vaxtında təmkin və qətiyyətlə aradan qaldırmaq əzmi və bacarığı, elin qüdrətindən mayalanan milli təfəkkürün yaradıcı potensial təcəssümünü tapıb. Məhz buna görə Heydər Əliyevin müstəqillik konsepsiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar fonunda xüsusi aktuallıqla səslənir.

Doğrudur, ümummilli lider milli müstəqillik probleminə həsr edilmiş xüsusi elmi əsərlər yazmayıb. Lakin özünün bütün siyasi karyerası boyu xalqımızın müstəqilliyə yetmək istəyini dərindən duymuş və müdafiə etmiş, bu taleyüklü milli problemin məzmun və mahiyyətinə dərindən nüfuz etmiş, bu amalı özünün fəaliyyət kredosuna çevirib. O, istər dərin məzmunlu çıxışlarında, istərsə də xalqla keçirdiyi görüşlərdə səsləndirdiyi ideyalarla müstəqillik konsepsiyasının nəzəri-praktiki əsaslarını yaradıb. Bu konsepsiyada milli dövlətçilik ideyaları ilə həmin ideyaları həyata keçirən müdrik siyasətin obrazının dialektik vəhdətini görürük.

Sxolastik düşüncə tərzini kəskin tənqid edən Heydər Əliyevin müstəqillik konsepsiyası mühüm nəzəri-praktik model kimi milli reallıqlarımızın və bu reallıqların xarici faktorlarla şərtlənməsinin analitik, yaradıcı dərkinin məhsuludur. Odur ki, biz Heydər Əliyevin müstəqillik konsepsiyasının formalaşmasının ilkin şərtləri olan xarici və daxili faktorlara toxunmaq istərdik.

Kontinental imperiya olmuş Sovetlər İttifaqının dağılmasından sonra "soyuq müharibə", "qorxunun tarazlığı", "nüvə qışı" kimi düşüncələri narahat edən metaforik ifadələrin qlobal siyasi şüurdan hələ tam psixoloji mənada sıxışdırılmadığı bir beynəlxalq şəraitdə Azərbaycan Respublikasının dünya inteqrasiya proseslərinə qoşulması hakimiyyətə qayıdışının ilk günlərindən ulu öndərin başlıca və ardıcıl dövlətçilik idealı olub".

İ.İsmayılov qeyd edir ki, konsepsiyanın beynəlxalq dəyərindən söhbət salarkən belə bir tarixi paraleli xüsusi göstərmək lazımdır ki, Heydər Əliyev milli varlığımızın təminatı olan müstəqillik konsepsiyasını işləyərkən sabiq Fransa prezidenti F.Mitteranın Avropa konfederasiyası, ABŞ prezidenti C.Buşun (ata) bütöv demokratik Avropa, Almaniyanın xarici işlər naziri Q.Qenşerin Avropada yeni dünya nizamı haqqında konseptual mülahizələri irəli sürülürdü. Deməli, Azərbaycan üçün o dövrdə öz müstəqilliyini təsdiq etdirmək dünya birliyinə tədricən inteqrasiya etmək zərurəti idi. Alim vurğulayır ki, bu mənada müstəqillik konsepsiyasını zamanın konkret sosial-siyasi vəziyyət məcrasında nəzərdən keçirmək lazımdır: "Məsələ burasındadır ki, konsepsiyanın işləndiyi ziddiyyətli dövrdə, yəni Azərbaycanda 80-ci illərin sonu və 90-cı illərin əvvəlində fərdi, ictimai və milli şüur haçalanmışdı. Kütləvi şüurda qarşıdurmaya və başdan-başa dağıdıcılığa olan meyl sosial həyatın təşkilinin pozitiv prinsiplərini üstələyirdi. Sovet rejiminin struktur böhranının tələblərini analitik təhlil edən Heydər Əliyev görürdü ki, 1989-cu ildən başlayaraq yenidənqurmanın əsas problemlərinin həllinin uğursuzluğa düçar olması nəticəsində ölkə uçurum qarşısındadır.

Yeniliklərlə ayaqlaşan idarəçilik konsepsiyasının olmaması və rəhbərliyin açıq-aşkar zəifliyi və acizliyi ucbatından yenidənqurmanın "sosializmi yeniləşdirmək" kimi ritorik nəzəriyyəçiliyə aludə olmuş Moskva "memarları" tarixi məqamı ötürmüş, mərkəzin yeni orqanları isə səriştəli qərar qəbul etmək qabiliyyətini itirmişlər. Belə halda, onların fikrincə, kontinental imperiyanın iflası daha geniş miqyas, qlobal xarakter alacaq və bu, yeni demokratiyaların müstəqillik uğrunda mübarizəsinə qlobal təsir göstərəcəkdir. Sonralar dünya miqyasında baş verən qlobal transformasiya prosesləri, onların yeni demokratiyaların formalaşmasına təsiri ulu öndərin müdrik uzaqgörənliyini təsdiq etdi. Bəs Heydər Əliyevin müstəqillik konsepsiyasının yaşarlığı və həyatiliyi nədədir? Bunun nəzəri fikir tariximizdə yeri və önəmliliyini şərtləndirən amillər hansılardır?

Birincisi, özünün müstəqillik konsepsiyasını işləyərkən ulu öndər konkret və real cəmiyyətin iqtisadi, siyasi, sosial və mənəvi-əxlaqi sahələrinin bütün kompleks problem və qayğıları ilə bağlı real Azərbaycan gerçəkliyindən çıxış edirdi. Lakin o həmişə "qlobal düşünüb lokal hərəkət etmək lazımdır" prinsipinə riayət edərək Azərbaycan xalqının müstəqilliyinin qorunmasını dünya hadisələri məcrasında həll etməyə çalışıb. Təcrübəli dövlət başçısı diplomatiyanın belə bir ümdə prinsipindən çıxış edib ki, daxildə aparılan nadan və səriştəsiz siyasət ölkənin nəinki dünya birliyinə daxil olmasına mane olur, daha çox, məsələn, Azərbaycanın nümunəsində götürsək, xaricdə onun başına gələn müsibətlərə laqeyd münasibət yaradır. Xalqımız cəbhəçilərin hakimiyyətdə olduğu dövrdə ölkəmizdə baş verənlərin timsalında bunun şahidi olub. Dünya proseslərindən kənarda qalmağın xalqın tarixi şüuruna, onun milli identifikasiyasına vurduğu mənəvi ziyanı başa düşmək çətin deyil. Daxildə isə bu, xalqın etimad hissini öldürmək, onun dövlətçiliyinə olan inamını şərəfsizcəsinə qırmaq deməkdir. Bu mənada Heydər Əliyevin əqidəsincə, milli müstəqillik millətin mədəniyyətini, iqtisadiyyatını, elmini, incəsənətini inkişaf etdirməklə özünürealizə və özünütəsdiq üçün şərait yaratmaq və bununla başqa dövlətlərdən asılılığı minimuma endirmək deməkdir, çünki prinsipcə, bütün dünya dövlətləri inteqrasiya şəraitində bir-birindən asılıdır".