525-ci qəzet.-2016.-18 oktyabr-¹ 189.-S.7.

 

Azərbaycan mədəniyyəti müstəqillik yollarında

 

Kərim Tahirov

Azərbaycan Milli Kitabxanasının direktoru,

Əməkdar mədəniyyət işçisi, professor

 

Ölkəmiz öz dövlətçilik tarixinin çox şərəfli bir dövrünü yaşayır. 1991-ci ildə ikinci dəfə öz müstəqilliyinə qovuşan Azərbaycanı ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışından sonra davamlı islahatlar yoluna çıxardı. Artıq 25 ildir ki, Azərbaycan müstəqillik yollarında inamla addımlayır. Söz yox ki, qazanılmış uğurlar ulu öndərin ölməz ideyalarından güc alır. Ulu öndər Heydər Əliyev deyirdi: "Müstəqilliyi əldə etmək böyük nailiyyət olduğu kimi, onu yaşatmaq və əbədi etmək ondan da böyük nailiyyətdir, ondan da çətin bir işdir". Bu çətin və məsuliyyətli işi öz çiyinlərində irəliyə doğru aparan ulu öndər dəfələrlə bildirmişdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir.

Bu illər ərzində qazanılmış nailiyyətlər sırasında milli mədəniyyətin inkişafı da diqqətdən yayınmamışdır. Hələ sovetlər dönəmində hakimiyyətdə olduğu illərdə ümummilli lider Heydər Əliyev milli- mənəvi dəyərlərimizin qorunmasına, mədəni həyatımızın zənginləşməsinə böyük qayğı ilə yanaşırdı. Bu qayğının nəticəsində inkişaf edən Azərbaycan mədəniyyəti sonralar müstəqillik dövründə böyük mədəni quruculuq işləri üçün zəmin yaratdı. Ulu öndər deyirdi ki, “xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”.

90-cı illərin əvvəllərindən Azərbaycanda başlayan siyası böhran mədəniyyət sahəsində islahatların keçirilməsini ləngitsə də, bu istiqamətdə müəyyən işlər görülürdü. Mədəniyyət Nazirliyi bu sahənin dirçəldilməsi üçün yeni layihələr, proqramlar işləyib həyata keçirməyə başladı. 2000-ci ilin avqust ayında nazirliyin nəzdində mədəniyyət siyasəti şöbəsi yaradıldı. Əsas məqsəd milli mədəniyyətin nəzəri əsaslarının işlənib hazırlanması, beynəlxalq təşkilatlarla fəal əməkdaşlığın qurulması, mədəni quruculuq sahəsində xarici ölkələrin təcrübələrinin öyrənilməsi idi.

2001-ci ilin sonlarında Mədəniyyət Nazirliyi yaxın beş il üçün “Azərbaycan mədəniyyətinin dövlət İnkişaf Proqramı”nı işləyib hazırladı. 2002-ci il oktyabrın 10-da Avropa Şurasında Azərbaycan Respublikasının mədəniyyət siyasəti üzrə hazırladığı məruzə böyük maraqla dinlənildi. Burada milli-mənəvi dəyərlərimiz haqqında ilk dəfə beynəlxalq təşkilatın tribunasından ətraflı məlumat verilirdi. Bu, Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyası yolunda ilk uğurlu addımı idi.

2000-ci ildə ölkəmizdə ilk dəfə olaraq Rəssamlıq Akademiyası açıldı. Bu hadisəni yalnız mədəni həyatımız yox, həm də, bütövlükdə xalqımız üçün çox mühüm addımlardan biri hesab etmək olar.

Mədəniyyət siyasəti tədricən dövlətin prioritetlərindən birinə  çevrilməyə başladı. Avropa Şurasında edilən məruzədən sonra Azərbaycan mədəniyyətinin digər beynəlxalq təşkilatlarda da təmsil olunması vacib məsələ idi. UNESCO və İSESCO ilə əlaqələrin qurulması, sonralar bu əlaqələrin genişlənməsi milli mədəniyyətimizin dünyaya açılan pəncərəsi rolunu oynadı.

2003-cü ildən sonra yeni mədəniyyət siyasətinə uyğun olaraq dövlət tərəfindən çoxsaylı və mühüm əhəmiyyətli işlər görülmüşdür. Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərin mədəniyyət sahəsində başladığı islahatları uğurla davam etdirərək milli mədəniyyətimizin qorunması, təbliği istiqamətində  daha böyük nailiyyətlərə imza atdı. İlk növbədə, mədəniyyət siyasətinin həyata keçirilməsinin ən əsas vasitələrindən biri olan hüquqi cəhətdən mükəmməl, dünya standartlarını və milli özəllikləri nəzərə alan qanunların hazırlanmasına ciddi diqqət yetirilmişdir. Bir sıra qanunlar, o cümlədən “Mədəniyyət haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Turizm haqqında”, “Nəşriyyat işi haqqında”, “Muzeylər haqqında”, “Arxiv fondu haqqında”, “Memarlıq fəaliyyəti haqqında” qanunlar, bir sözlə, 2003-cü il də daxil olmaqla, 21 qanun Milli Məclisdə qəbul edilmiş və ölkə Prezidenti tərəfindən təsdiqlənmişdi.

Azərbaycan dövləti mədəniyyət sahəsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, o cümlədən, “Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında”, “Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında”, “Arxeoloji irsin qorunması haqqında” konvensiyalara qoşulmuşdur.

Azərbaycan UNESCO-nun nəzdindəki Ümumdünya İrs Mərkəzi ilə də uğurlu əməkdaşlıq etməyə başlamışdır. Bunun nəticəsi olaraq 2000-ci ildə Bakı şəhərinin tarixi mərkəzi İçərişəhər, Şirvanşahlar saray Kompleksi və Qız Qalası ilə birgə həmin mərkəzin siyahısına daxil edilmişdir.

2006-cı ildə struktur dəyişikliyi edildikdən sonra Mədəniyyət və Turizm Nazirliyi adlandırılan nazirlik dövlətlərarası müqavilələrə uyğun olaraq, Avropa, Asiya və İslam ölkələri, ABŞ və Latın Amerikası ilə beynəlxalq mədəniyyət proqramlarını həyata keçirir. Son vaxtlar nazirlik çoxtərəfli əməkdaşlıq çərçivəsində BMT, MDB, GUAM, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı, UNESCO, Dünya Turizm Təşkilatı, TÜRKSOY, İSESCO və digər beynəlxalq qurumlar vasitəsilə Azərbaycan mədəniyyətini dünyada təbliğ edir, eyni zamanda, dünya mədəni sərvətlərinin ölkəmizdə tanıdılması sahəsində əhəmiyyətli proqramlar həyata keçirir. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xüsusilə böyük xidmətləri vardır.

Bu gün mədəniyyət siyasətinin ən mühüm istiqamətlərindən biri millətlərarası və dinlərarası münasibətlərin düzgün qurulması məsələsidir. Azərbaycan Respublikası çoxmillətli və çoxdinli bir ölkədir. Bu ölkənin milli siyasəti müxtəlif millət, etnik qrup və dini azlıqların birgə yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşdirilib. Prezidentin təşəbbüsü ilə Bakıda keçirilən mədəniyyətlərarası dialoq və humanitar forumlar milli mədəniyyətimizi dünyaya sürətli inteqrasiya yoluna çıxardı.

Azərbaycan tarixən unikal çoxmillətli cəmiyyət olduğu üçün bu multimədəniyyətli, multietnik irsin bu gün də ölkədə qorunub saxlanması mədəniyyət siyasətinin prioritet istiqamətlərindəndir. Təsadüfi deyil ki, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili”  elan olunmuşdur.

Azərbaycan dünya mədəniyyətinə nadir incilər bəxş etmiş ölkələrdəndir. Bu gün həyata keçirilən məqsədyönlü, davamlı mədəniyyət siyasətimiz də Azərbaycanı dünya arenasına çıxarır və ölkəmizin dünyaya mədəni inteqrasiya prosesi uğurla davam edir.

Müstəqillik dönəmində digər sferalarında olduğu kimi, mədəniyyət sahəsində də dinamik inkişafla müşayiət olunmuş, yaddaqalan uğurlar əldə edilmişdir. Təsadüfi deyil ki, bu illər ərzində sahənin inkişafı naminə Prezident İlham Əliyev tərəfindən 500-dən çox fərman və sərəncam imzalanmışdır. Bu fərman və sərəncamlar mədəniyyət siyasətinin hüquqi-qanunvericilik bazasını yeni sənədlərlə zənginləşdirmiş və mədəniyyətimizin inkişafına güclü stimul vermişdir.

140 ildən çox tarixi, böyük ənənələri olan Azərbaycan teatrı istər qanun bazasının təkmilləşdirilməsi, istər teatr binalarının abadlaşdırılması, istərsə də tamaşaçı maraqlarının qorunması baxımından irəliləyiş gücünü itirmir, əksinə, müasirlik prinsiplərini qoruyaraq tarixin bugünkü sınağından üzüağ çıxmağı bacarır. Dövlətin teatra olan qayğısının nəticələrindən danışarkən, ilk növbədə, qanunvericilik bazasının gücləndirilməsi ilə bağlı görülən işləri qeyd etməliyik. Belə ki, 29 dekabr 2006-cı ildə “Teatr və teatr fəaliyyəti haqqında” Qanunun qəbul edilməsi, dövlət başçısının “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 19 fevral tarixli sərəncamına uyğun olaraq 2009-cu il 18 may tarixli sərəncamı ilə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının təsdiq edilməsi Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunmasına, qlobal və milli dəyərlərin təbliğinə, dünya mədəniyyətinə inteqrasiyasına, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsinə yönəlib.

Azərbaycan musiqi sənətinin inkişafı, dünyada təbliği, musiqiçilərin yaradıcılığının dəstəklənməsi istiqamətində də bir sıra layihələr həyata keçirilmişdir. Ötən dövr ərzində bu sahədə keçirilən respublika və beynəlxalq əhəmiyyətli konsertlərin, festivalların, müsabiqələrin sayı 1500-dən çox olmuş, Azərbaycan musiqi mədəniyyəti üçün irimiqyaslı, nüfuzlu, rəngarəng layihələr, tədbirlər həyata keçirilmişdir. Heydər Əliyev Fondunun silsilə tədbirləri, xarici ölkələrdə Azərbaycan mədəniyyəti günləri, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı, Rostropoviç Beynəlxalq Musiqi Festivalı, Bakı Caz Festivalı, görkəmli mədəniyyət xadimlərinin yubileyləri ölkəmizin getdikcə artan nüfuzu və potensialının mədəniyyət sahəsindəki təzahürüdür. Azərbaycan bunun sayəsində dünyanın musiqi mərkəzlərindən birinə çevrilmişdir.

Bu illərdə Azərbaycan rəssamlarının əsərləri Almaniya, ABŞ, Rusiya, Türkiyə, İran, Fransa, İsveçrə, İtaliya, Niderland, Sloveniya, Misir, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Ukrayna, Moldova, Özbəkistan, Braziliya, Çin, Avstriya, Portuqaliya və s. kimi ölkələrin ən nüfuzlu sərgi salonları, muzey və qalereyalarında nümayiş etdirilmişdir.

Muzey işi də əsaslı şəkildə yenidən qurulmuşdur. 26 avqust 2014-cü il tarixdə Azərbaycan Xalça Muzeyinin yeni binasının açılış mərasimi keçirilmişdir. Orijinal üslubda inşa olunan bina bükülmüş xalçanı xatırladır. Hazırda muzeyin sərgi və fondlarında 10 mindən çox eksponat və əşya saxlanılır.

Ölkəmizdə hər sahədə davam edən islahatlar, şübhəsiz ki, mədəni irsin qorunmasına dair işlərdən də yan keçməmişdir. Belə islahatlardan biri də bu sahədə xüsusi Dövlət Proqramının təsdiq olunmasıdır. Dövlət Proqramının müvəffəqiyyətlə həyata keçirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi yanında Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2014-cü il tarixli fərmanı ilə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılmışdır.

Müstəqillik illərində kino sahəsinin inkişaf etdirilməsi, bu istiqamətdə fəaliyyətin müasir tələblər səviyyəsində qurulması, ayrı-ayrı studiyaların işinin əlaqələndirilməsi və nəzarətin gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Kinematoqrafiyanın istehsalat, texniki, informasiya, hüquqi və maddi bazasının möhkəmləndirilməsi, eləcə də maarifləndirmə işinin gücləndirilməsi məqsədilə Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş və kino tariximizdə ilk genişmiqyaslı sənəd olan “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın müstəsna əhəmiyyəti var. Hazırda icrası davam edən həmin proqram çərçivəsində bir sıra iri layihələr, mühüm məqsədyönlü tədbirlər həyata keçirilir.

Kino sahəsində yüksək ixtisaslı kadrların yetişdirilməsi, bu sahənin gələcək inkişafının qarantıdır.  Son illər kino peşələri üzrə yüksəkixtisaslı kadrların çatışmazlığını nəzərə alaraq, bir sıra gənclər təhsil almaq üçün nazirlik tərəfindən Rusiya, Türkiyə, Kanada və İngiltərəyə göndərilmişdir.

Bu gün ölkəmizdə kitabxana-informasiya sahəsində aparılan islahatlar, görülən işlər nəticəsində respublika kitabxanaları istər informasiya resurslarının zənginliyi, istər binalarındakı şərait, istərsə də müasirlik baxımından dünyanın qabaqcıl ölkələri ilə müqayisə edilə bilər. Hazırda kütləvi kitabxanalar şəbəkəsinə 3000-ə yaxın kitabxana daxildir. Respublikanın kitabxana fondlarında 40 milyona qədər kitab, jurnal, qəzet və digər informasiya daşıyıcıları mühafizə olunur. Kitabxana-informasiya sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Prezidenti tərəfindən 20 aprel 2007-ci il tarixdə “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması barədə”, 6 oktyabr 2008-ci il tarixdə “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə müvafiq sərəncamlar imzalanmışdır.

Dövlət Proqramının uğurla yerinə yetirilməsinin nəticəsi olaraq ölkəmizin aparıcı kitabxanalarının dünya miqyasına çıxışı təmin olunmuş, elektron kitabxanalar vasitəsilə Azərbaycan reallıqlarının, həqiqətlərinin, bugünkü iqtisadi və sosial inkişafın əsas konturlarının dünya miqyasında daha geniş təbliğinə nail olmaq, Azərbaycan haqqında təsəvvürlərin genişləndirilməsini təmin etmək məqsədilə beynəlxalq kitab sərgilərində iştirakımızın miqyası genişləndirilmiş, iki ildən bir Azərbaycanda da beynəlxalq kitab sərgilərinin keçirilməsi bir ənənə halını almışdır.

Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələrinin genişləndirilməsi sahəsində bir sıra layihələr gerçəkləşdirilmiş, dünyanın öncül kitabxanaları ilə qarşılıqlı əməkdaşlığa dair memorandumlar imzalanmışdır, Avropa Milli Kitabxanaları Konfransı, Avrasiya Kitabxanalar Assambleyasının iclasları Bakıda keçirilmiş, Azərbaycan Prezidentinin sərəncamı ilə Milli Kitabxananın 90 illik yubileyi keçirilmiş, onun maddi-texniki bazası möhkəmləndirilərək dünya kitabxanaları səviyyəsinə çıxarılmışdır. Milli Kitabxananın təcrübəsində mütərəqqi yeniliklər tətbiq olunmuş, dünyada ilk olaraq gecə-gündüz, ilin bütün fəsillərində, fasiləsiz fəaliyyət göstərən Mədəniyyət və Turizm Nazirliyi ilə Milli Kitabxananın birgə layihəsi olan “Açıq Kitabxana” sərbəst mütaliə mərkəzi yaradılmışdır. İnsanların ölkəmiz haqqında hərtərəfli məlumat əldə etməsinə şərait yaratmaq məqsədilə xarici ölkələrin milli kitabxanalarında “Azərbaycan guşələri” təşkil olunmuş, burada Milli Kitabxananın elektron resurslarından onlayn istifadəni təmin edəcək “Virtual oxu zalları”nın yaradılmasına başlanılmışdır.

Göründüyü kimi, müstəqillik illərində  Azərbaycanda mədəniyyət siyasəti uğurla həyata keçirilmiş, bu gün də milli-mənəvi irsimizin qorunması, təbliği, gələcək nəsillərə çatdırılması üçün davamlı iş aparılır.