Azərbaycan.-2016.-19 oktyabr.-230.-S.6.

 

Müstəqilliyin şərəfli yolu

 

İsa HƏBİBBƏYLİ,

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik

 

XX əsrin 90-cı illərinin başlanğıcından etibarən Sovetlər İttifaqının dağılması ilə keçmiş müttəfiq respublikaların və Avropadakı sosialist ölkələrinin əsasında yeni müstəqillik qazanmış dövlətlərin hesabına dünya xəritəsinin bölgüləri və rəngləri dəyişmişdir. Şərqi Avropa, Baltikyanı, Qafqaz və Orta Asiyada yaranmış yeni müstəqil dövlətlərin demək olar ki, hamısı siyasi sistem olaraq respublika tipli demokratik hüquqi dövlət quruluşu yolunu seçmişlər.

Lakin həmin dövlətlərdən hər biri əhatə olunduğu coğrafiyanın problemlərinə, yaxud ölkəsinin etnik tərkibindəki müxtəliflikdən doğan gərginliklərə və ya bloklara qoşulmaq baxımından fərqli münasibətlərin daşıyıcısı olmaqlarına, habelə iqtisadi imkanlarına görə müəyyən dərəcədə qeyri-bərabər səviyyədə inkişaf edirlər. Ona görə də tanınmış siyasətçilər yeni müstəqil dövlətlərin inkişafını şərtləndirən faktorlardan bəhs edərkən siyasi lider amilini önə çəkirlər.

Ümumi ictimai rəy və obyektiv gerçəklik bundan ibarətdir ki, siyasi lider baxımından bəxti gətirən ölkələrdə dövlət müstəqilliyinin başlandığı illərin çətinlikləri və gərginlikləri daha qısa müddətdə başa çatmış və yeni siyasi sistem sürətlə formalaşdırılmışdır. Bu cəhətdən müstəqil Azərbaycan Respublikası həqiqətən bəxti gətirmiş şanslı ölkələrdən biri hesab olunur. Çünki dövlət müstəqilliyinin ən gərgin və mürəkkəb illərində taleyin hökmü ilə görkəmli dövlət xadimi Heydər Əliyevin Moskvadan Azərbaycana qayıdışı, əvvəlcə Naxçıvan Muxtar Respublikasına, az sonra isə bütövlükdə ölkəyə rəhbərlik etməsi dövlət quruculuğunun və ictimai-siyasi proseslərin məqsədyönlü şəkildə idarə olunmasına, irəli aparılmasına, inkişaf etdirilməsinə şərait yaratmışdır. Dünyanın böyük siyasətçilərinin şəksiz lider kimi qəbul etdikləri görkəmli dövlət xadimi Heydər Əliyev siyasi fəaliyyətinin bütün dövrlərində və mərhələlərində liderlik istedadı və bacarıqları ilə fərqlənmiş, ölkəmizdə və beynəlxalq aləmdə böyük şöhrət qazanmışdır. Sovetlər İttifaqı kimi dövrünün super dövlətlərindən olan nəhəng bir ölkədəki fəaliyyəti ilə Heydər Əliyev görkəmli siyasi xadim olaraq dünyanın diqqətini cəlb etmişdir: Azərbaycan xalqı ölkəyə siyasi rəhbərliyinin hər iki mərhələsində Heydər Əliyevi özünün böyük oğlu və qüdrətli rəhbəri olaraq qəbul etmişdir. Heydər Əliyevin adı və xidmətləri Azərbaycan xalqının ümummilli lideri səviyyəsində daim uca tutulur. Belə yüksək ad-sanı, yüksək ümumxalq etimadını o, Azərbaycan xalqına sədaqətlə xidmət etmək və ölkəsini, dövlətini, xalqını bütün çətinliklərdən keçirərək inkişaf etdirmək sayəsində qazanmışdır. Bu böyük dühanın yüksək dövlətçilik məharəti, uzaqgörənliyi, müdrikliyi, cəsarəti Azərbaycan xalqının tarixi-mənəvi təkamülündə, müstəqil dövlətçiliyin formalaşdırılmasında və inkişaf etdirilməsində misilsiz rol oynamışdır.

Azərbaycan Respublikasında müstəqil dövlətçiliyin müasir inkişaf modelinin formalaşdırılması da görkəmli dövlət xadimi Heydər Əliyevin adı və fəaliyyəti ilə üzvi surətdə əlaqədardır. Türkiyə Cümhuriyyətinin doqquzuncu Prezidenti olmuş Süleyman Dəmirəlin dediyi kimi: Heydər Əliyev sovet idarəçilik sistemində böyük vəzifələrə gətirilmiş Azərbaycan xalqının inanıb güvəndiyi bir dövlət adamı idi. Azərbaycana rəhbərliyinin ikinci dövründə Heydər Əliyevin qarşısında mahiyyət və xarakteri etibarilə çox dəyişik və böyük vəzifələr durmuşdu. Qığılcımları alışmış vətəndaş müharibəsini ram etmək, ölkəsinin məngənəsində boğulduğu müharibədə atəşkəsə nail olmaq. Bu vəzifələr qan tökülmədən siyasətçi müdrikliyi və diplomat səriştəsi ilə həllini tapdı.

Siyasi plüralizmin, söz və fikir azadlığının bərqərar olduğu, bazar münasibətlərinə əsaslanan iqtisadi islahatların həyata keçirildiyi vətəndaş cəmiyyəti qurmalı idi. ...Müsbət nəticələri göz qabağındadır. Bu gün də düşünürəm ki, Heydər Əliyevin Azərbaycan xalqına buraxdığı ən önəmli miras müstəqil Azərbaycan və onun milli dövlətidir.

Sözün həqiqi mənasında Heydər Əliyevin Azərbaycana 35 il rəhbərliyi dövründə göstərdiyi tarixi xidmətlər, əldə etdiyi mühüm nəticələr müasir inkişafın Azərbaycan modelinin əsasını təşkil edir.

Sovetlər İttifaqı dövründə Heydər Əliyev sosializm prinsiplərinin əleyhinə getmədən Azərbaycan Sovet Sosialist Respublikasında iqtisadiyyatla yanaşı, həm də milli mədəniyyəti, ana dilini, ədəbiyyat və incəsənəti inkişaf etdirmiş, tarixi gerçəkliklərin xalqa çatdırılması üsullarını taparaq millətinin gözünü açmış, onu gələcək müstəqilliyə hazırlamışdır. Bu zaman onun uzaqgörən, müdrik bir dövlət xadimi kimi hadisələri və prosesləri tarazlı şəkildə inkişaf etdirib irəli aparması ölkədə sosializm ideyaları içərisində vətənpərvərlik, azərbaycançılıq düşüncəsini dərinləşdirməyə imkan yaratmışdır. Buna görə də Azərbaycan Respublikası müstəqil dövlət kimi fəaliyyət göstərdiyi ilk illərdə ölkəmizdə milli dövlətçilik ideologiyası formalaşdırmaq baxımından heç bir tərəddüd etmədən azərbaycançılıq yolu müəyyən edilmişdi. Sovetlər İttifaqı dövründə milli ideologiya sahəsində həyata keçirilmiş tədbirlər müstəqillik mərhələsində Azərbaycanı digər keçmiş müttəfiq respublikalardan bir addım qabağa salmışdı. Müstəqil dövlətçilik ərəfəsində, Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 17 noyabr 1990-cı il tarixli iclasında üçrəngli Azərbaycan bayrağını dövlət rəmzi kimi qəbul etdirməyə nail olması milli dövlətçilik ideologiyası baxımından Azərbaycanı ön mövqeyə çıxarmışdı. Çünki vaxtilə Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik rəmzi kimi qəbul edilmiş üçrəngli Azərbaycan bayrağının yenidən dövlət bayrağı səviyyəsində qəbul edilməsi hələ Sovetlər İttifaqının dağılmasından 11 ay əvvəl baş vermişdi. Bu, Azərbaycan tarixinin bütün zamanlar üçün çox şərəfli hadisəsidir. Bundan başqa, Heydər Əliyevin digər əksər müttəfiq respublikalardan fərqli olaraq Azərbaycan Sovet Sosialist Respublikasının rəhbəri kimi hələ 1978-ci ildə Azərbaycan dilini dövlət dili səviyyəsində respublikanın Konstitusiyasında ayrıca maddə kimi təsdiq etdirməsi də zamanı qabaqlayan hadisə idi. Bütün bunlar görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil dövlətçilik siyasətində mühüm yer tutan azərbaycançılıq ideologiyasının formalaşdırılmasında xüsusi əhəmiyyətə malik olan mühüm addımlar idi.

Azərbaycançılıq anlayışı Azərbaycanda XIX əsrin axırlarından etibarən yaranmağa başlamışdı. Əvvəlcə Kəşkül və Kaspi qəzetlərində çap olunmuş publisist məqalələrdə azərbaycanlı, Azərbaycan milləti, Azərbaycan xalqı ifadələri işlədilmiş, müəyyən qısa açıqlamalarla xalqa çatdırılmışdır. XX əsrin əvvəllərində böyük demokrat yazıçı Cəlil Məmmədquluzadə ədəbiyyatda azərbaycançılıq anlayışını bədii obrazların və hadisələrin dili ilə səsləndirmişdir. Sovet hakimiyyəti illərində azərbaycançılıq - vətənpərvərlik mənasında ədəbiyyatda və incəsənətdə yaşadılmışdır. Beləliklə, azərbaycançılığın dövlət ideologiyası səviyyəsində bəyan olunması Azərbaycanın çoxəsrlik tarixində görkəmli dövlət xadimi Heydər Əliyevin xidmətidir. Əslində, ölkəmizdə azərbaycançılıq ideyaları müstəqillik uğrunda siyasi mübarizə meydanlarına Heydər Əliyevin tarixi addımlarının işığında daxil olmuşdur. Dövlət müstəqilliyi şəraitində Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi bir neçə mühüm tədbir ölkəmizin həyatında hadisəyə çevrilmişdir. Bu hadisələrdən biri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışarkən, hər ilin 31 dekabrının Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi haqqındakı 16 dekabr 1991-ci il tarixli sərəncamı idi. Azərbaycanın dövlətçilik tarixində ilk dəfə bu fərmanla Dünya azərbaycanlıları anlayışı böyük siyasətə gətirilmişdi. Hazırda Dünya Azərbaycanlılarının Həmrəylik Günü hər il 31 dekabrda həm ölkə miqyasında, həm də xarici ölkələrdə dövlət səviyyəsində qeyd olunur və dünya azərbaycanlılarının birliyinin, əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət edir.

Dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi də Heydər Əliyevin azərbaycançılıq təliminin əhəmiyyətli hadisələrindəndir. Bu, taleyin hökmü ilə dünyanın müxtəlif ölkələrində yaşayıb-işləyən, həmin ölkələrin vətəndaşları olan azərbaycanlıların möhtəşəm birlik və həmrəylik qurultaylarıdır. Dünya azərbaycanlılarının Bakı qurultayları azərbaycançılıq anlayışının sərhədlərini genişləndirən və 50 milyonluq Azərbaycan xalqını bir amal - Vətən amalı ətrafında birləşdirən dövlət əhəmiyyətli böyük hadisələrdir. Ulu öndər Heydər Əliyevin Dünya Azərbaycanlılarının I Qurultayında bəyan etdiyi kəlamlar bütövlükdə azərbaycançılıq konsepsiyasının ana xətlərini ifadə edən mühüm çağırışa çevrilmişdir: Hamımızın bir Vətəni var. Bu, müstəqil Azərbaycandır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə müstəqil dövlətçiliyin təməl prinsiplərindən biri olmuş azərbaycançılıq təliminin daha da inkişaf etdirilməsinə böyük töhfələr verir. Ölkəmizdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün keçirilməsinin ənənə halını alması, Dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi ənənəsinin uğurla davam etdirilməsi müasir cəmiyyətdə azərbaycançılıq şüurunu daha da dərinləşdirir. Prezident İlham Əliyevin aşağıdakı fikirləri artıq bu istiqamətdə ölkəmizdə mühüm nəticələrin əldə edilməsindən xəbər verir: Sevindirici haldır ki, xaricdəki həmvətənlərimiz arasında azərbaycançılıq ideyaları, milli-mənəvi dəyərlərimiz getdikcə daha dərin kök salır. Onlar məskunlaşdıqları ölkələrin ictimai-siyasi, mədəni və işgüzar həyatında mühüm mövqelərə sahib olmaqla yanaşı, həm də Azərbaycanın dünyaya təqdim olunmasına, maddi və mənəvi irsimizin təbliğinə, ölkəmiz əleyhinə yönəldilmiş təxribatların qarşısının alınmasına öz töhfələrini verirlər. Düşünürəm ki, diaspor qurumlarımız bu sahədəki səylərini bundan sonra da artırmalı, intellektual potensialı ilə maddi resurslarını birləşdirməli, xarici ölkələrdəki diplomatik korpuslarımızla əlaqələrini genişləndirməlidirlər.

Azərbaycançılıq hərəkatı üstündə köklənmiş diaspor quruculuğu da dövlət müstəqilliyimizin bəhrəsidir. Dünya azərbaycanlıları ilə əlaqə üzrə Dövlət Komitəsinin yaradılması və fəaliyyəti, habelə xarici ölkələrdə Azərbaycan və Türkiyə diaspor təşkilatlarının iş birliyinə nail olunması bu sahədə qazanılmış əsas uğurlardandır.

Ölkəmizdə dövlət səviyyəsində keçirilən Novruz bayramları, Muğam festivalları, Musiqi günü, Bakı şəhərində və respublikamızın regionlarındakı Aşıqlar Birliyinin fəaliyyətinin genişləndirilməsi, Xalça muzeyinin yenidən qurulması, Kitabi-Dədə Qorqud və Koroğlu abidələrinin Bakı şəhərində ucaldılması və sair kimi tədbirlər azərbaycançılıq ideologiyasını zənginləşdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan dilinin qloballaşma şəraitində fəaliyyət imkanlarının genişləndirilməsi haqqında sərəncamı dövlət dili olan ana dilimizin müasir mərhələdə daha da inkişaf etdirilməsinə geniş meydan açır. Dövlət siyasəti səviyyəsində həyata keçirilən multikulturalizm və tolerantlıq təlimi ölkəmizdə yaşayan bütün xalqların və etnik qrupların vahid ailədə birgə yaşayışını təmin edir. Çoxmədəniyyətliliyin sintezi və vəhdəti Azərbaycanda normal həyat tərzinin təzahürüdür. Prezident İlham Əliyevin 2016-cı ili ölkəmizdə Multikulturalizm ili elan etməsi ilə əlaqədar olaraq respublikamızda ardıcıl surətdə keçirilən tədbirlər geniş mənada azərbaycançılıq düşüncəsini daha da möhkəmləndirir.

Azərbaycan Respublikasında müstəqil dövlətçiliyin ən mühüm təməl şərtlərindən biri də demokratik hüquqi dövlət quruculuğunun uğurla davam etdirilərək daha da möhkəmləndirilməsindən ibarətdir. Azərbaycanın demokratik ziyalıları ölkəmizin gələcək inkişafını həmişə respublika-cümhuriyyət tipli dövlət quruluşuna nail olmaqda görmüşlər. Görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin 1917-ci ildə bəyan etdiyi aşağıdakı fikirlərində də geniş mənada xalqımızın müstəqil dövlətçilik arzuları ifadə olunmuşdur: Padşahlıq taxtından yıxılan Nikolayın idarəsi dağılandan sonra Rusiya məmləkətində yaşayan millətləri və o cümlədən biz müsəlmanları məşğul edən tək bircə məsələdir: həmin məsələ cümhuriyyət məsələsidir. ...Cümhuriyyət, yəni latınca Respublika elə bir hökümətə deyirlər ki, orada məmləkətin iradəsi camaatın öz əlində və ixtiyarındadır. ...Camaat dedikdə Vətənin sahibidir. ...Məmləkət müəyyən qanunlar gücü ilə idarə olunur. O qanunları yazan və təsdiq edən millətin məbusları, yəni vəkilləridir. Məmləkətin rəisinə Prezident deyilir. Prezidenti ya millət özü seçir, ya parlaman, yəni millət vəkilləri seçir. Prezident məmləkəti idarə etməyə özünə köməkçi hesabına vəkillər təyin edir. ...Prezident millətin yanında cavabdehdir.

XX əsrin əvvəllərində, 1918-1920-ci illərdə Şərqdə ilk dəfə olaraq Azərbaycanda Demokratik Respublikanın - Xalq Cümhuriyyətinin qurulması və cəmi 23 ay olsa da, fəaliyyətini davam etdirməsi ilə ölkəmizdə demokratik-hüquqi dövlət quruculuğunun əsası qoyulmuşdur. Sovetlər İttifaqının çökməsi və milli azadlıq hərəkatının genişlənməsi əsasında 18 oktyabr 1991-ci il tarixdə İstiqlal Bəyannaməsinin qəbul edilməsi ilə ikinci dəfə Azərbaycanda müstəqil demokratik dövlətin qurulması bərqərar olmuşdur. Yeni qurulmuş Azərbaycan Respublikası müstəqil dövlət kimi demokratik hüquqi dövlət quruluşunu seçdiyini bəyan etsə də, XX əsrin sonlarının mürəkkəb ictimai-siyasi vəziyyətində müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəlməsi ilə ölkəmiz müstəqil dövlət kimi varlığını qoruyub saxladı və daha da inkişaf etdirdi. Ulu öndər Heydər Əliyev yeni Azərbaycanın dövlət quruculuğunu belə görürdü: Biz Azərbaycanda demokratik respublika, vətəndaş cəmiyyəti quraraq, sivilizasiyalararası cəmiyyət uğrunda mübarizə apararaq ümumi dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki, Azərbaycan xalqının bu barədə həm tarixi, həm də müasir potensialı olduqca böyükdür. Bunların hamısından istifadə olunarsa, Azərbaycan həm tam müstəqil dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət olacaqdır.

Ümumxalq referendumu əsasında 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə hüquqi-demokratik dövlət quruculuğunun daim inkişaf etdirilməsinə tam təminat verir. Tarixə Heydər Əliyev Konstitusiyası kimi daxil olmuş Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi-demokratik dövlət quruluşuna və ölkə vətəndaşlarının geniş hüquqları və azadlıqlarına dair müddəalar öz əksini tapmışdır. Azərbaycan Respublikasında hüquqi-demokratik dövlət quruculuğu artıq formalaşmış bir sistemə çevrilmişdir. Ölkəmizdə vətəndaşların söz, məlumat, dini etiqad azadlığı tam təmin olunur. Demokratik dəyərləri şərtləndirən ən mühüm vasitələrdən biri olan müstəqil mətbuatın, azad sözün, fikir azadlığının təmin edilməsi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsində Azərbaycanda demokratik dövlət quruculuğu inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev azad, demokratik cəmiyyətin inkişaf etdirilməsini müstəqil dövlət kimi varlığının əsas məsələsi hesab edərək deyir: Əgər Azərbaycanda azad cəmiyyət formalaşmasa, bizim iqtisadi uğurlarımızın gələcəyi olmayaraq, ancaq müvəqqəti xarakter daşıyacaqdır. Ona görə də son illər ərzində Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin... Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur.

Müstəqillik illərində Azərbaycanda böyük uğurla həyata keçirilmiş Konstitusiya islahatları ölkəmizdə müstəqil dövlət quruculuğunun daha da inkişaf etdirilərək möhkəmləndirilməsinə xidmət etmişdir. Bu mənada 26 sentyabr 2016-cı ildə yüksək mütəşəkkil səviyyədə keçirilən referendum Azərbaycan xalqının ölkəmizin Prezidenti İlham Əliyevin dövlətçilik kursuna tam dəstəyini ifadə edir.

Çoxpartiyalı sistem də müstəqil Azərbaycan Respublikasının həyatında mühüm yer tutur. Müstəqilliyin başlanğıc illərində ölkəni xaosdan, ictimai-siyasi burulğanlardan xilas edib, müstəqilliyi qoruyub saxlamaq və daha da inkişaf etdirmək ideyaları işığında meydana gəlmiş Yeni Azərbaycan Partiyası dövlətimizin ictimai-siyasi həyatında böyük əhəmiyyətə malik yer tutur. Öz ideyaları ətrafında Azərbaycan xalqının mütləq əksəriyyətini birləşdirən Yeni Azərbaycan Partiyası demokratik yolla keçirilən seçkilər əsasında Milli Məclisdə böyük çoxluğa sahibdir. Bununla yanaşı, Azərbaycanda iqtidar partiyası ilə bərabər, müxalifətçi siyasi partiyalar da fəaliyyətlərini davam etdirirlər. Azərbaycan Respublikasının Milli Məclisində iqtidar partiyasının üstünlüyü ilə yanaşı, siyasi müxalifət partiyalarını təmsil edən deputatlar sərbəst şəkildə özlərinin fikir və mövqelərini ifadə edirlər. Siyasi plüralizm müstəqil Azərbaycan Respublikasının demokratik inkişafının əsas prinsiplərindən biri kimi qorunub saxlanılır və inkişaf etdirilir.

Ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, qarşılıqlı etimad və əməkdaşlıq prinsiplərini əsas tutur. Əsası görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil xarici siyasət xətti düşünülmüş prinsiplər əsasında uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bildirdiyi kimi, xarici siyasətdə bizim prioritetlərimiz kifayət qədər dəqiq ifadə edilmişdir. Biz istəyirik və çalışırıq ki, bütün ölkələrlə çox səmimi, rəvan, proqnozlaşdırıla bilən münasibətlərimiz olsun və hesab edirəm ki, buna nail olmuşuq. Biz etibarlı tərəfdaşıq. Biz özümüzü təmin edən ölkəyik və buna görə də hansısa beynəlxalq maliyyə mərkəzlərindən, yaxud siyasi mərkəzlərdən asılı deyilik.

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarda çoxtərəfli əməkdaşlıq funksiyasını ardıcıl olaraq həyata keçirir. Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının, ATƏT-in, İslam Konfransı Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin üzvü olan Azərbaycan Respublikası dünyada beynəlxalq birliyin qarşılıqlı əməkdaşlığının inkişaf etdirilməsinə sanballı töhfələr verir. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkəmizin xarici siyasət sahəsindəki əsas uğurlarından biridir.

İqtisadiyyat sahəsində də müstəqil Azərbaycan dövləti özünəməxsus inkişaf modeli formalaşdırmışdır. Bazar iqtisadiyyatı ölkəmizin iqtisadi sahədəki inkişafının əsas strategiyasını müəyyən edir. Görkəmli dövlət xadimi Heydər Əliyevin möhkəm siyasi iradəsi və böyük uzaqgörənliyi sayəsində 20 sentyabr 1994-cü ildə imzalanmış Əsrin müqaviləsi müstəqil Azərbaycan dövlətinin iqtisadiyyatında mühüm yer tutan neft strategiyasının əsasını təşkil edir.

Beynəlxalq əhəmiyyətə malik olan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz xətti Əsrin müqaviləsinin mühüm nəticələridir. Bununla yanaşı, ölkəmizdə neft gəlirləri hesabına qeyri-neft sektorunun inkişaf etdirilməsi siyasəti uğurla həyata keçirilməkdədir. Qloballaşma dövrünün bazar iqtisadiyyatındakı özünəməxsusluqları Azərbaycanda iqtisadi sahədə neft gəlirlərindən asılı olmamaq siyasətini meydana çıxarmışdır. Hazırda bu istiqamətdə aparılan məqsədyönlü dövlət siyasəti aqrar sahənin, turizmin, nəqliyyat sektorunun, xidmət sahələrinin inkişaf etdirilməsinə ciddi təkan verir. Azərbaycan Respublikasının iqtisadiyyatında özəl sektorun yeri və rolu artmaqda davam edir. Şaxələndirilmiş çoxprofilli iqtisadiyyat modeli ölkə iqtisadiyyatını irəli aparır. İllərdən bəri müvəffəqiyyətlə həyata keçirilən regionların iqtisadi inkişafı proqramları ölkəmizin hərtərəfli tərəqqisində mühüm rol oynayır.

Milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilərək möhkəmləndirilməsi müasir Azərbaycanın inkişaf strategiyasında xüsusi yer tutur. Millilik amili, mənəvi zənginlik, davamlı adət-ənənələrin yaşadılması, soykökə bağlılıq, milli-tarixi yaddaşa qayıdış və müasirlik yeni dövr Azərbaycan vətəndaşının əsas simasını təcəssüm etdirir. Müasir Azərbaycan cəmiyyəti bəşəri dəyərlərə sadiq qalmaqla milli-mənəvi dəyərlər əsasında inkişaf etdirilir. Milli dövlətçilik rəmzlərinin: ölkə himninin, dövlət bayrağının, respublikanın gerbinin, dövlət dilinin daim uca tutulması hər bir vətəndaşın şərəfli və məsuliyyətli borcuna çevrilməsinin bariz nümunəsidir. Yüksək milli-mənəvi dəyərlərə və dövlət rəmzlərinə malik olmaq Azərbaycanda dövlət müstəqilliyinin real nəticəsi və təntənəsidir.

Göründüyü kimi, Azərbaycan Respublikası müstəqil dövlət kimi özünəməxsus inkişaf modeli, siyasi-iqtisadi və mədəni yüksəliş konsepsiyası əsasında irəliyə doğru tarixi yolunu davam etdirməkdədir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xətti ölkəmizdə ardıcıllıqla və yaradıcılıqla davam etdirilir. Heydər Əliyev siyasi kursu və ölkəmizin Prezidenti İlham Əliyevin modernləşmə xətti yeni Azərbaycanı uğurla böyük gələcəyə doğru aparır. Müstəqil dövlətçiliyin Azərbaycan modeli müasir inkişafın əsas hədəflərini özündə əks etdirir və daha işıqlı sabahlara çatmaq üçün real təminat verir. Prezident İlham Əliyevin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında 12 oktyabr 2016-cı il tarixli sərəncamında deyildiyi kimi, nüfuzu beynəlxalq miqyasda ilbəil möhkəmlənən Azərbaycan dünya ölkələri içərisində öz layiqli yerini tutmuşdur. Formalaşmış güclü dövlətçilik sisteminə və zəngin yeraltı və yerüstü sərvətlərə, ən başlıcası isə inkişaf etmiş insan kapitalına malik olan Azərbaycan Respublikası müstəqil dövlətçiliyin müasir inkişafına əyani sübutdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın görkəmli lideri kimi ölkəmizi böyük inamla daha uğurlu sabahlara doğru aparır.

Müstəqil Azərbaycanın mükəmməl dövlətçilik modeli yeni müstəqillik qazanmış ölkələr üçün də nümunədir.