Azərbaycan.-2016.-15 oktyabr.-227.-S.9.

 

Müstəqilliyi möhkəmləndirən hüquqi dövlət konsepsiyası

 

Qulam ŞÜKÜROV,

hüquqşünas

 

Dünya təcrübəsi göstərir ki, yeni, müasir və təkmil dövlətçilik modelinin olması, demokratik idarəetmə meyarlarının cəmiyyət həyatının ən müxtəlif sahələrində bərqərar olması çevik hüquqi mexanizmlərin yaradılmasından bilavasitə asılıdır.

Avratlantik məkana inteqrasiya kursu seçmiş Azərbaycanın qısa müddətdə demokratikləşmə sahəsində böyük nailiyyətlər qazanması da bilavasitə mülki cəmiyyət quruculuğuna hesablanmış məhkəmə-hüquq islahatlarının ölkənin sosial-iqtisadi inkişaf dinamikası və demokratik şüur səviyyəsi ilə uzlaşdırılması nəticəsində mümkün olmuşdur.

Bu günlərdə dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü tamam olacaq Azərbaycan Respublikasında ictimai-siyasi həyatın bütün sahələri üzrə hüquqi bazanın möhkəm təməllər üzərində qurulması, ədalət prinsiplərinə ciddi şəkildə riayət olunması sabitliyin, vətəndaş həmrəyliyinin və dinamik iqtisadi inkişafın başlıca təminatlarından biri kimi çıxış edir. Müasir Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldiyi ilk gündən bu reallığı düzgün müəyyənləşdirərək respublikada dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi, insan hüquq və azadlıqlarının maksimum dərəcədə qorunduğu, liberal ideyaların möhkəm təmələ çevrildiyi sivil cəmiyyətin yaradılması, demokratik ənənələrin ictimai şüuarda möhkəmləndirilməsi istiqamətində genişmiqyaslı islahatlar həyata keçirmişdir.

Sirr deyil ki, 1991-ci ildən 1993-cü ilin iyun ayınadək respublikanın üzləşdiyi böyük problemlər, ilk növbədə, xalqın dəstəklədiyi legitim hakimiyyətin, eyni zamanda, yeni ictimai-iqtisadi formasiyada dövlətin gələcək inkişaf yolunu düzgün müəyyənləşdirə biləcək qətiyyətli və müdrik siyasi rəhbərin olmaması ilə bağlı idi. Hələ 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının 12-ci maddəsində Azərbaycan xalqının müstəqil, dünyəvi, demokratik, hüquqi və unitar dövlət yaratma yolunu tutması fikri əksini tapmışdı. Konstitusiya Aktında hakimiyyətin və bütün təbii sərvətlərin xalqa mənsubluğu, mülkiyyətin bütün formalarının bərabərliyi, vətəndaşların seçki hüququnun, çoxpartiyalı sistemin təminatı, habelə insan və vətəndaş hüquq və azadlıqlarının ümumi prinsipləri də rəsmən elan edilmişdi. Lakin 1991-1993-cü illərdə bir tərəfdən ictimai-siyasi sabitliyin, qanunçuluğun kövrək xarakter daşıması, xalqla hakimiyyət arasında mənəvi-siyasi böhranın dərinləşməsi, qanunsuz silahlı qüvvələrin baş alıb getməsi, digər tərəfdənsə iqtisadi tənəzzülün dərinləşməsi bu məqsədlərin praktik surətdə gerçəkləşməsinə imkan verməmişdi.

1993-cü ilin iyununda, kifayət qədər mürəkkəb siyasi şəraitdə xalqın təkidli çağırışına biganə qalmayaraq Naxçıvandan Bakıya dönən, vəziyyəti sabitləşdirərək ölkəyə rəhbərlik missiyasını inamla həyata keçirməyə başlayan ulu öndər Heydər Əliyev qısa müddətdə ictimai-siyasi sabitliyin, qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsinə nail olmuş, sistemli surətdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyəti istiqamətində mühüm addımlar atmışdır. 1993-cü ilin 15 iyununda Heydər Əliyevin Azərbaycan Ali Sovetinin - parlamentinin sədri seçilməsi isə qanunverici orqanın cəmiyyətdəki nüfuzunu qaldırmış, onun fəaliyyətinin təkmilləşməsinə, ölkənin ictimai-siyasi həyatının sabitləşməsinə, habelə milli parlamentarizm ənənələrinin inkişafına böyük zəmin yaratmışdır.

Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına doğru uzanan mürəkkəb prosesin məhz 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyaya əsaslandığını xüsusi vurğulamağa ehtiyac yoxdur. Konstitusiyanın 158 maddəsindən 48-nin, yəni, üçdə birinin sırf insan hüquq və azadlıqları ilə bağlı olması ulu öndər Heydər Əliyevin demokratik dəyərlərə sadiqliyini bir daha təsdiqləyir. Azərbaycan Respublikasının ilk milli Konstitusiyasında BMT-nin 1948-ci il 10 dekabr tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquq və azadlıqları tam və əhatəli şəkildə təsbit olunmuşdur.

Konstitusiyanın qəbulundan sonra ümummilli lider Heydər Əliyev hüquq-mühafizə orqanlarının fəaliyyətinin yeni dövrün tələblərinə uyğunlaşdırılması üçün bir sıra mükəmməl qanunvericilik aktlarının qəbulunu təmin etmişdir. Bu məqsədlə 21 fevral 1996-cı il tarixdə Hüquq İslahat Komissiyası yaradılmış, Avropa Şurasının tövsiyələri nəzərə alınmaqla hazırlanmış Konstitusiya məhkəməsi haqqında, Məhkəmələr və hakimlər haqqında, Vəkillər və vəkillik fəaliyyəti haqqında, Prokurorluq haqqında, Polis haqqında, Əməliyyat-axtarış tədbirləri haqqında, Notariat haqqında və s. qanunların qəbulu məhkəmə-hüquq islahatlarının məntiqi yekunu olmuşdur.

Ötən əsrin 90-cı illərinin sonlarına doğru ulu öndər Heydər Əliyevin ən inamlı və prinsipial addımlarından biri də ölkədə söz, fikir və mətbuat azadlığının tam təmin edilməsidir. Ümummilli liderin 1998-ci il 6 avqust tarixli Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında fərmanı ilə kütləvi informasiya vasitələri üzərində senzura ləğv olunmuş, bu sahənin inkişafını stimullaşdıran bir sıra zəruri tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Avropa Şurasında xüsusi qonaq statusunda iştirakının 1996-cı il iyunun 28-dən etibarən təmin olunması milli qanunvericiliyin Avropa standartlarına yüksəlməsinə, təşkilatla əlaqə və dialoqun intensivləşməsinə zəmin yaratmışdır. Ulu öndər Heydər Əliyev Avropa Şurasına üzvlük naminə riskli və prinsipial addımlar atmaqdan belə çəkinməmişdir. Ulu öndərin 4 may 1995-ci il tarixli fərmanı ilə Əfvetmə institutunun bərpası və Prezident yanında Əfv komissiyasının yaradılması, 1995-ci ildən ölüm hökmü cəzası üzərində moratoriumun qoyulması, 1998-ci il fevralın 10-da isə bu cəzanın tam ləğv edilməsi deyilənləri bir daha təsdiqləyir. Şəffaf və demokratik əsasda fəaliyyət göstərən komissiyada ictimaiyyətin müxtəlif təbəqələrinin təmsilçiliyinə lazımi şərait yaradılmış, əfv fərmanlarının imzalanması və məhkumların bağışlanması müsbət ənənəyə çevrilmişdir.

Ümummilli lider Heydər Əliyevin 1998-ci ilin 22 fevral tarixli Azərbaycan Respublikasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında fərmanında insan hüquqlarının təminatı yönümündə həyata keçirilən islahatların konsepsiyası müəyyən edilmişdir. Azərbaycanın yeni inkişaf mərhələsinə adekvat olaraq insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 18 iyun 1998-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramıı təsdiq edilmişdir.

Həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatlarının məntiqi nəticəsi olaraq Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv seçilmiş, təşkilat qarşısında götürdüyü bütün öhdəlikləri vaxtlı-vaxtında icra etmişdir. 28 dekabr 2001-ci il tarixdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) haqqında Konstitusiya Qanununun qəbulu, 2002-ci ildə Ombudsman institutunun fəaliyyətə başlaması üçün maddi-texniki bazanın təşkili insan və vətəndaş hüquqlarının təmini istiqamətində respublikada həyata keçirilən hüquqi islahatların məntiqi davamı olmuşdur.

Tarixi təcrübə sübut edir ki, dövlət idarəetmə sistemində davamlı uğur və nailiyyətlərə yol açan vacib amillərdən biri də məhz siyasi varislik ənənələrinin təmin olunmasıdır. Müstəqil Azərbaycanın son 13 ildə Prezident

İlham Əliyevin rəhbərliyi altında ciddi uğurlara imza atması, sürətli iqtisadi inkişaf tempi ilə dünyada lider mövqelərini qoruyub saxlaması da məhz dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış mükəmməl mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində gerçəkləşmişdir. 2004-cü ildən Azərbaycan-Avropa Şurası birgə işçi qrupları yaradılaraq onun tərkibinə nüfuzlu beynəlxalq ekspertlər daxil edilmiş, çoxşaxəli fəaliyyət planı hazırlanıb həyata keçirilmişdir. Görülmüş tədbirlər nəticəsində Məhkəmələr və hakimlər haqqında qanun əsaslı şəkildə yenilənmiş, Məhkəmə-Hüquq Şurası haqqında yeni qanun, Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə, Hakim vəzifələrinə namizədlərin seçimi Qaydaları, Hakimlərin Etik Davranış Kodeksi, məhkəmələrdə işin şəffaf təşkili ilə bağlı digər mühüm sənədlər qəbul edilmişdir və hazırda uğurla tətbiq olunur.

Azərbaycan Prezidenti İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında sərəncamında isə Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi diqqətə çəkilmişdir. Bundan əlavə, dövlət başçısının müvafiq fərman və sərəncamları ilə 18 iyun tarixinin İnsan Hüquqları Günü elan olunması, eyni zamanda, Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyasının imzalanması, Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi demokratik və hüquqi dövlət quruculuğu sahəsində əldə etdiyimiz mühüm nailiyyətlərdəndir.

Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında İnsan Hüquqları sahəsində Milli Fəaliyyət Proqramı da məhz Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyasının tələblərindən irəli gələn mükəmməl sənəddir. Xatırlatmaq vacibdir ki, bu, dövlət başçısının insan hüquqları sahəsində imzaladığı ilk proqram deyildir. Cənab

İlham Əliyev hələ 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planını təsdiq etmiş, həmin sənədə əsasən, Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları, məhkəmələri və Baş Prokurorluğu normativ hüquqi aktların tətbiqi zamanı insan hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarəti gücləndirmişlər.

Xalqın siyasi iradəsinin təcəssümü olan 2016-cı ilin 26 sentyabr referendumu nəticəsində Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər zamanın tələbləri ilə uzlaşaraq insan hüquq və azadlıqlarına, habelə dövlət idarəçiliyi ilə bağlı bəzi normalara konstitusion status vermişdir. Ümumxalq referendumunda dəstəklənmiş Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Referendum Aktı ümumən insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsinə, dövlət idarəçiliyi mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir. Ümumxalq səsverməsi respublikada sosial-iqtisadi inkişafa paralel şəkildə hüquqi və siyasi islahatların genişləndirilməsinə də təminat yaradır. Bütövlükdə, Referendum Aktında vətəndaşları maraqlandıran çoxsaylı məsələlər (insan ləyaqətinin qorunması, özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ, bələdiyyələrin məsuliyyəti, fiziki və əqli qüsurlu şəxslərin hüquqlarının Konstitusiyada təsbit olunması, tanınması, bank-maliyyə sisteminin idarə olunması və sair) əks olunmuşdur.

Bütün bunlar bir daha göstərir ki, ulu öndər Heydər Əliyevin siyasi ideyalarını uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan hüquqi-siyasi və iqtisadi islahatlar postkeçid mərhələsində ölkədə modernləşmə xəttinin uğurla davam etdirilməsi üçün real zəmin yaratmışdır. Müstəqilliyinin 25-ci ildönümü tamam olan respublikamız qloballaşan dünyanın tərkib hissəsi kimi demokratik inkişaf yolunda inamla irəliləyir, yüksək iqtisadi inkişaf tempinə adekvat olaraq demokratik dəyərləri mənimsəyir. Ölkəmizin ildən-ilə artan sosial-iqtisadi imkanları deməyə əsas verir ki, Azərbaycan modernləşmə mərhələsini də tezliklə başa vuraraq dünyanın ən inkişaf etmiş dövlətləri ilə bir sırada dayanmaq imkanı əldə edəcəkdir.